Məktəb və mədrəsələr. Elm. Azərbaycanda müstəqil dövlətlərin yaranması iqtisadi inkişafla yanaşı, mədəniyyətdə də yüksəlişə şərait yaratdı. Dövrün əsas təhsil müəssisələri mədrəsələr idi. Onlar şəhərlərdə, ayrı-ayrı məhəllələrdə fəaliyyət göstərirdilər. Tədris ərəb dilində aparılır, əsasən, Quran öyrədilir, həm də bir sıra dünyəvi elmlər haqqında məlumat verilirdi. Mədrəsələri bitirən imkanlı gənclər şərqin iri mədəniyyət mərkəzlərində öz təhsillərini davam etdirirdilər.
Azərbaycan Şərq intibahı adlanan mədəni oyanışın mərkəzlərindən biri idi. Azərbaycan alimləri ümummüsəlman elminin inkişafında böyük rol oynayırdılar. Onların arasında görkəmli filosoflar, filoloqlar, astronomlar, hüquqşünaslar, təbiblər və s. var idi. Məkki ibn Əhməd əl-Bərdəi, Səid əl-Əzdi, Əbdüləziz Bərdəi islam hüququnun mahir biliciləri idilər. İbn Sinanın şagirdi olmuş Bəhmənyar ibn Mərzban Azərbaycani şərq və yunan fəlsəfəsinin dərin bilicisi idi və bir sıra fəlsəfi əsərlərin müəllifidir. Onun əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə edilmişdir. Digər Azərbaycan filosofu Eynəlqüzzat Miyanəçi həm bir sıra fəlsəfi əsərlərin, həm də bir çox şirin rübailərin, incə lirik şerlərin müəllifidir. O, 32 yaşında ruhanilər tərəfindən qətlə yetirilmişdir.
Dövrün görkəmli şəxsiyyətlərindən biri olan Xətib Təbrizi ( 1030-1109 ) ilk təhsilini Təbrizdə almış, sonra Şərq ölkələrinə səyyahətə çıxmış, Bağdadın “Nizamiyyə “ mədrəsəsində 40 il fəaliyyət göstərmişdir. O, bir sıra elm sahəsi ilə məşğul olmuş, daha çox filoloq kimi tanınmışdı. Uzun müddət yad ölkələrdə yaşasa da, öz ana dili – Azərbaycan türk dilini unutmamışdı. XII əsrin görkəmli alim-astronomu Fazil Fəridəddin Şirvani həyatının 30 ilini astronomiyaya həsr etmişdi.
Ədəbiyyat. IX-XII əsrlərdə Azərbaycan ədəbiyyatında iki cərəyan: şifahi xalq yaradıcılığı və peşəkar ədiblərin yazdığı klassik ədəbi nümunələr mövcud idi. Şifahi xalq yaradıcılığının ən gözəl nümunəsi “Kitabi-Dədə Qorqud“ dastanıdır. Xalq içərisində yaranmış bu dastan el sənətkarları - ozanların dilində el-el, oba-oba gəzir və cilalanırdı. Onun ilkin orta əsrlərdə konkret bir şəxs tərəfindən yazıya alınması Azərbaycan türk dilinin qədim yazılı ədəbiyyat ənənəsinə malik olduğuna sübutdur.
Xalq ədəbiyyatından fərqli olaraq, yazılı ədəbi nümunələr ayrı-ayrı feodal saraylarında və şəhərlərdə meydana çıxırdı. Bu dövrdə fars dili ərəb dilini üstələmişdi, fars dilində olan ədəbi nümunələr çoxluq təşkil edirdi. Bu, bir tərəfdən, Azərbaycan feodal hakimlərinin ərəb və fars dilinə üstünlük vermələrindən və sifarişlərindən, feodal saraylarında hökmranlıq edən ədəbi mühitlə bağlı idi. Digər tərəfdən, Azərbaycan şairlərinin Şərq ölkələrinin ədəbi mühiti ilə sıx əlaqədə olub ənənəyə əməl etdiklərindən irəli gəlirdi.
Tanınmış dilçi və ədəbiyyatşünas Ömər Gəncəvi bir sıra gözəl şerlərin də müəllifidir. Bütün ömrünü qürbətdə yaşamış şairin şerlərində vətən həsrəti əsas yer tutur.
Dostları ilə paylaş: |