Əbül Üla Gəncəvi (1096-1159) Gəncədə doğulmuş, ömrünün sonunu Şirvanşahlar sarayında keçirmiş və Şirvanşah hökmdarlarına bir cox qəsidələr həsr etmişdi. O, Məliküşşüəra (şairlər-şairi) titulunu almışdı. Azərbaycan intibah ədəbiyyatının görkəmli nümayəndələrindən biri Fələki Şirvani idi. Şairin taleyi uğursuz olmuş, həbsdə “Həbsiyyə“ qəsidəsini yazmışdı. Onun yaradıcılığında humanizm ideyaları güclüdür. XII əsrdə yaşamış şair İzzəddin Şirvaninin şerlərində insanla təbiət təsvirinin vəhdəti əsas yer tutur.
XII əsr ədəbiyyatında özünəməxsus yeri olan Mücirəddin Beyləqani Eldənizlər sarayında yaşamış, ömrünü Təbrizdə başa vurmuşdu. O, Eldənizlər hökmdarlarına bir sıra qəsidələr həsr etmişdi. Onun yaradıcılığında dövrün haqsızlıqlarından bəhs edilir. Gəncədə yaşamış şair Qivami Gəncəvi, bir məlumata görə, Nizaminin qardaşı və ya əmisi oğludur. Onun şeirlərində saray həyatına nifrət, sadə xalqa məhəbbət, haqq-ədalətə rəğbət başlıca yer tutur.
Təbrizli Qətran Təbrizi (1012-1086) Rəvvadilər və Şəddadilər sarayında yaşamış, onların hökmdarlarına çoxlu qəsidələr həsr etmişdi. Onun şeirlərində dövrün tarixi hadisələrinə xeyli yer verilmişdir. 1042-ci ildə baş vermiş Təbriz zəlzələsi haqqında şeir buna misaldır. Onun şeirlərində təbiət təsvirlərinə də geniş yer verilir. Farsca yazsa da, şeirlərində tez-tez Azərbaycan türk sözləri işlətmişdir.
Azərbaycan intibah dövrünün görkəmli nümayəndələrindən biri Məshəti Gəncəvidir. Onun rübailərində real insan, onun arzuları, duyğuları, sevgi və məhəbbəti, sadə peşə adamlarının əməyi öz əksini tapmışdır.
İntibah dövrünün nurlu simalarından biri Əfzələddin Xaqani Şirvanidir (1126-1199). Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə poema yazan şair şeirin qəsidə janrına üstünlük vermişdir. İlk təhsilini əmisindən almışdı. Kiçik yaşlarından şeir yazmağa başlayan Xaqani tezliklə Şirvanşahların sarayına düşür, Xaqani təxəllüsünü də bu dövrdə götürür. Lakin tezliklə saray həyatından uzaqlaşır. O, Şirvanşah tərəfindən həbs edilir və həbsxanada “Həbsiyyə“ adlı silsilə şerlərini yazır. Şair İraqa və Məkkəyə ziyarətə gedir. 1176-cı ildə Kəbə ziyarətindən qayıdarkən Təbrizə gəlir və ömrünün axırına qədər burada yaşayır. 17 min beytdən ibarət şeir divanının, “Mədain xarabaları“,“Töhfətül-İraqeyn“ kimi iri həcmli əsərlərin müəllifidir.
Azərbaycan intibahının ən yüksək zirvəsində Nizami Gəncəvi (1141-1209) dayanmışdı. Nizami Gəncədə dünyaya gəlmiş və bütün ömrünü burada keçirmişdir. Nizaminin “Xəmsə“ adlanan beş ölməz poeması – “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” dünya mədəniyyətinin ən gözəl incilərindəndir. O “Sirlər xəzinəsini” (1175) səlcuq hakimi Fəxrəddin Bəhramşaha həsr etmişdi. 20 hekayətdən ibarət olan bu əsərin mövzusu həyatın müxtəlif sahələrindən alınmışdır. Müəllif bu hekayətlərində hökmdarları haqq və ədalətə çağırır, onların zülmlərini üzlərinə söyləyir. Onun 1181-ci ildə yazdığı “Xosrov və Şirin” əsərində əsas yeri məhəbbət mövzusu tutur. 1188-ci ildə Şirvanşah I Axsitanın sifarişi ilə yazılmış “ Leyli və Məcnun” poemasında iki gəncin ilahi məhəbbətinin faciəsindən bəhs edilir. Şair 1197-ci ildə “Yeddi gözəl” poemasını yazır. “Xəmsə” “İsgəndərnamə” poeması ilə tamamlanır. “Şərəfnamə” və “İqbalnamə” adlı iki hissədən ibarət olan əsər qiymətli tarixi salnamədir. Nizami bu əsərdə insanların min illər boyu arzuladığı ədalətli cəmiyyət ideyalarını ümumiləşdirib özünün ideal cəmiyyət fəlsəfəsini əsaslandırmağa çalışmışdı.
Dostları ilə paylaş: |