16.2. Şimali Azərbaycanın iqtisadi həyatında kapitalist münasibətlərinin meydana gəlməsi.
İslahatdan sonrakı dövrdə Şimali Azərbaycanın kənd təsərrüfatında kapitalist münasibətlərinin inkişafı. İslahat ölkədə məhsuldar qüvvələrin inkişafı üçün əlverişli şərait yaratdı. İri maşınlı sənaye ilə yanaşı, kənd təsərüfatı da yeni kapitalist əsasları üzərində qurulmağa başladı. Burjua islahatı nəticə-sində Azərbaycan kəndində bir sıra yeniliklər baş verdi. Kürboyu ərazi pambıqçılıq, Şəki, Şirvan, Şuşa və Naxçıvan ipəkçilik, Quba və Zaqatala bağçılıq, Lənkəran və Şəki çəltikçilik sahəsində ixtisaslaşdı. Bağçılığın inkişafına kömək məqsədilə H.Z.Tağıyev tərəfindən Mərdəkanda bağçılıq məktəbi açıldı.
Kənd təsərrüfatında yeni əmək alətləri ilə yanaşı, maşınların da tətbiqinə başlanıldı. Bu sahədə 1850-ci ildə Tiflisdə yaradılmış “Qafqaz kənd təsərrüfatı cəmiyyəti” və onun yerlərdəki şöbələri mühüm rol oynadı. Ənənəvi alətlərlə yanaşı, varlı kəndlilər məhdud şəkildə olsa da, taxıldöyən, samandöyən maşınlardan da istifadə edirdilər. Azərbaycanda yeni becərmə üsullarının yayılmasında H.Zərdabinin 1875-1877-ci illərdə nəşr etdirdiyi “Əkinçi” qəzeti mühüm rol oynadı.
Azərbaycanda süni suvarma olmadan əkinçiliyi inkişaf etdirmək mümkün deyildi. Torpaqların suvarılması işini qanun-qaydaya salmaq üçün 1890-cı il dekabrın 3-də “Sudan istifadə haqqında Əsasnamə” qəbul edildi, Qafqaz su müfəttişliyi yaradıldı. Su üzərində xüsusi mülkiyyət ləğv edildi. Suyu bölüşdürən inzibati şəxslər mirab və cuvar adlanırdı.
İslahatdan sonra əkinçilikdə yenə də əsas yeri taxılçılıq tuturdu. Azərbaycanda istehsal olunan taxılın bir hissəsi Rusiya bazarlarında satılırdı.
Rusiya toxuculuq sənayesinin ehtiyacını nəzərə alaraq, barama istehsalına xüsusi diqqət yetirilirdi. 1887-ci ildə Tiflisdə “Qafqaz ipəkçilik stansiyası” açıldı. Onun yerlərdə şöbələri var idi. İpək qurdunun bəslənilməsinin öyrədilməsinə başlanıldı.
Rusiya toxuculuq sənayesini boya maddəsi ilə Azərbaycanda istehsal edilən boya bitkisi – marena təmin edirdi. Lakin 1869-cu ildə daş kömürdən süni boya- alizarinin alinmasından sonra boya bitkisinin becərilməsi azaldı.
Pambıqçılıq kənd təsərrüfatının gəlirli sahələrindən biri idi. Azərbaycanda sənaye pambıqçılığı 1880-ci illərdən inkişaf etməyə başladı. Bu sahədə muzdlu əməkdən geniş istifadə edilirdi. Tütünçülük Azərbaycanda yeni sahə idi, əsasən, Zaqatala, Quba və Şəkidə becərilirdi.
XIX əsrin son rübündə Kür-Araz çayları boyunda biyan kökü istehsal edilirdi ki, bundan alınan cövhərdən yeyinti və əczaçılıqda geniş istifadə edilirdi. Kənd təsərrüfatının digər sahələri olan üzümçülük və maldarlığın da inkişafı nəzərə çarpırdı.
XIX əsrin ikinci yarısında Azərbaycan kəndliləri iki qrupa bölünürdü: dövlət və sahibkar kəndliləri. Dövlət kəndliləri ümumi kəndlilərin 80 faizə qədərini təşkil edirdi. Çarizmin müstəmləkəçilik siyasəti nəticəsində yerli bəylər dövlət kəndlilərinin torpaqlarını tez-tez zəbt edirdilər. Torpaqsız və aztorpaqlı kəndlilər ağır şərtlərlə torpaq icarəyə götürürdülər və bəylərdən müvəqqəti asılı vəziyyətdə idilər. Hakim sinif həm öz şəxsi ixtiyarında olan, həm də pay torpaqları şəklində kəndlilərə verilən torpaqların sahibi idi. Onlar pay torpaqları hesabına öz torpaqlarını artırırdılar. Sahibkar kəndliləri aztorpaqlılıqdan və torpaqsızlıqdan əziyyət çəkirdilər. Çar hökuməti ən yaxşı torpaqları köçürmə fonduna ayırırdı. XIX əsrin 60-70-ci illərində çarizmin Şimali Azərbaycana köçürmə siyasəti gücləndi. Azərbaycanda yeni rus kəndləri: Yelizavetpol, İvanovka, Borisovka, Qalitsino, Andreyevka, Zubrovka, Petrovka, Prişib və s. salındı.
Azərbaycan kəndi kaptalist inkişafına cəlb edildikcə, köhnə feodal münasibətlərinin süqutu prosesi gücləndi. Bu özünü torpaq üzərində feodal mülkiyyətinin dağılmasında daha qabarıq göstərirdi. Daha varlı kəndlilər mülkədar və xəzinədən aldığı torpağı özünün xüsusi mülkiyyətinə çevirirdi. Bu proses zəif olsa da, daimi bir prosesə çevrilmişdi. Azərbaycanda kapitalizmin inkişafı torpağın alınıb-satılmasında, icarəyə verilməsində, girov qoyulmasında özünü göstərirdi. Burjua torpaq mülkiyyətinin meydana çıxması ilə torpaq getdikcə bahalaşırdı. Ticarət əkinçiliyinin inkişafı kənddə burjualaşmanı gücləndirdi.
Kapitalist münasibətlərinin inkişafı Azərbaycan kəndində təbəqələşməyə təkan verir, yeni tipli kəndli əhalisinin meydana gəlməsini stimullaşdırırdı. Kəndlilər içərisində varlanaraq qolçomaqlara çevrilən varlı kəndlilər, yoxsullaşaraq muzdurlara çevrilən yoxsul kəndlilər formalaşırdı. Kəndlilərin təbəqələşməsi ilə kənd icmaları dağılır, fərdi torpaq sahələri artırdı.
Dostları ilə paylaş: |