XVII FƏSİL
AZƏRBAYCAN XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ
Plan
XX əsrin əvvəllərində Şimali Azərbaycanın sosial-iqtisadi və siyasi vəziyyəti. Çarizmin milli-qirğın siyasəti
Şimali Azərbaycanda milli-siyasi partiyalar və təşkilatlar. Azərbaycanlı deputatların Dövlət Dumasında fəaliyyəti
Azərbaycan Birinci Dünya müharibəsi dövründə.
Bakı Soveti və onun anti-Azərbaycan siyasəti. Azərbaycanlılara qarşı 1918-ci ilin 31 Mart soyqırımı
Cənubi Azərbaycan XX əsrin əvvəllərində.
XX əsrin əvvəllərində Azərbaycan mədəniyyəti
17.1.XX əsrin əvvəllərində Şimali Azərbaycanın sosial-iqtisadi və siyasi vəziyyəti. Çarizmin milli-qirğın siyasəti
XX əsrin əvvəllərində Rusiya imperiyasında sənaye kapitalizminin inhisar mərhələsinin inkişafı dünya iqtisadi böhranı ilə bir dövrə düşmüşdü. 1900-1903-cü llərdə ölkədə 3 mindən çox sənaye müəssisəsi bağlanmışdı, 200 mindən artıq adam işsiz qalmışdı. Böhran Azərbaycan iqtisadiyyatına, xüsusilə neft sənayesinə güclü təsir etmişdi. Neft hasilatı 1901-ci ildəki 667,1 mln.puddan 1903-cü ildə 601,5 mln. puda enmişdi. Böhran neft istehsalı və emalı ilə məşğul olan şirkətlərin vəziyyətinə ciddi təsir göstərmişdi. 1903-cü ildə 170 şirkətdən ancaq 153-ü fəaliyyət göstərirdi.
Böhran illərində işsizlik sürətlə artmağa başladı. 1901-1903-cü illərdə Bakı fəhlələrinin təxminən 30 faizi işdən çıxarılmış, neft sənayesindəki fəhlələrin sayı 35,9 min nəfərdən 26,8 min nəfərə enmişdi. Böhran illərində istehsalın təmərküzləşməsi xeyli güclənmişdi. 1901-ci ildə Bakıda 146 şirkətdən 5 ən iri şirkət (Nobel qardaşları birliyi, Rotşild, Mantaşev və Xəzər – Qara dəniz birliyi, Bakı neft cəmiyyəti) bütün neft istehsalının 42,5 %-ni öz əlində cəmləşdirmişdi. Rusiyanın daxili bazarlarında satılan neftin 50 %-i, xaricə göndərilən neftin 70 %-i bu şirkətlərə məxsus idi. Neft sənayesindəki durğunluğun səbəbləri yeni geoloji kəşfiyyat quyularının qazılmaması, mövcud quyuların resurslarından ancaq 48% istifadə olunmasında, mədənlərin texniki cəhətdən təkmilləşdirilməsi və yeni texnologiyanın tətbiqi ilə sahibkarların az məşğul olması və s. ilə əlaqədar idi. Neft sənayeçiləri istehsalı azaldır və neftin qiymətini durmadan artırırdılar. Bir neçə il ərzində neft məhsullarının qiyməti 8 dəfə artırılmışdı. 1901-1913-cü illərdə Azərbaycanda neft hasilatı 33 %-dən çox azalmışdı. Bu isə Rusiyanın dünya neft istehsalında birinciliyi itirməsinə səbəb olmuşdu. Böhranın əlamətləri neft sənayesi ilə bərabər mexaniki istehsal, metallurgiya, ipək emalı sənayesi, pambıqtəmizləmə sənayesi, gön-dəri, şərab istehsalı, tütünçülük, balıqçılıq, duz istehsalı sahələrində də özünü göstərirdi. Böhranın iri şəhərlərin ticarət dövriyyəsinə mənfi təsir göstərməsinə baxmayaraq, bütövlükdə Azərbaycanda ticarətin həcmi artmışdı. Şəhərlərdə maliyyə-kredit və bank müəssisələri yaradılırdı. Ölkənin müxtəlif yerlərində 34 bank və bank şöbələri, 80-dən çox borc-əmanət kassaları var idi. Bakıdakı iri ticarət səhmdar banklarının sahibləri arasında H.Z.Tağıyev, M. Nağıyev başda olmaqla milli burjuaziyanın nümayəndələri təmsil olunmuşdular.
XX əsrin əvvəllərində Azərbaycanın kənd təsərrüfatının əsasını əkinçilik və maldarlıq təşkil edirdi. Birinci Dünya müharibəsi ərəfəsində 1,3 mln. desyatin əkin sahələrinin yarıdan çoxunda buğda, arpa və düyü əkilirdi. 1903-cü ildə Azərbaycanda 40 mln.puddan çox, 1913-cü ildə isə 60 mln. puda qədər taxıl istehsal olunmuşdu.
Bu dövrdə texniki bitkilər əkini xeyli genişlənmişdi. Onların içərisində pambıqçılıq xüsusi olaraq fərqlənirdi. 1900-1913-cü illərdə pambıq əkini sahələri 19 min desyatindən 105 min desyatinə çatmışdı. Cənubi Qafqazda pambıq əkilən sahələrin 70 %-dən çoxu Azərbaycanın payına düşürdü. Azərbaycanın ipək sənayesinin əsasını təşkil edən baramaçılıqla 2200-dən çox kənd məşğul olurdu.1901-ci ildə ölkədə 182 min pud barama əldə edilmişdirsə, 1914-cü ildə bu rəqəm 260 min pudu keçmişdi. Cənubi Qafqazda becərilən baramanın 81 %-i Azərbaycanın payına düşürdü. Tütünçülük ən çox Zaqatala dairəsində, Nuxa, Cavanşir, Şuşa, Quba və Şamaxı qəzalarında inkişaf etdirilirdi. 1900-1914-cü illərdə tütün yarpağı istehsalı 24,5 min puddan 46 min puda çatmışdı. Kənd təsərrüfatının inkişafında mühüm yer tutan üzümçülük və bağçılıqla əsasən Yelizavetpol quberniyasının Şuşa, Yelizavetpol, Qazax, Ərəş qəzalarında, Bakı quberniyasının Göyçay, Bakı, Şamaxı qəzalarında məşğul olurdular. 1901-1913-cü illərdə Azərbaycanda üzümlüklərin ümumi sahəsi 24 min desyatindən 29 min desyatinə çatmışdı. Həmin dövrdə üzüm istehsalı 3 mln. puddan 6 mln. puda qalxmışdı.
Maldarlığın əsas növləri qoyunçuluq, iri buynuzlu mal-qara və atçılıq idi. 1903-cü ildə Azərbaycanda 3 mln. baş qoyun, 1,5 mln.– dan çox iri buynuzlu mal-qara var idi. İri mülkədar və qolçomaq təsərrüfatları yaradılmışdı. Maldarlıq təsərrüfatlarınn 12-13%-ni təşkil edən 5 minə qədər varlı maldarlıq təsərrüfatında bütün xırda buynuzlu heyvanların 60 %-i cəmləşmişdi. Lakin bu dövrdə ağır vergi və mükəlləfiyyətlər ödəyən kəndlilərin vəziyyətini çarizmin milli müsətəmləkə siyasəti, daha da ağırlaşdırırdı.
Azərbaycanda kəndlilərin pay torpağının azlığına baxmayaraq, çarizmin müstəmləkəçilik və ruslaşdırma siyasəti nəticəsində Rusiyadan buraya köçürülən kəndlilər yerli kəndlilərin hesabına torpaqla təmin edilirdilər. 1901-ci il martın 18-də Nazirlər Komitəsi Rusiyadan Mil və Muğan düzlərinə 40 min nəfərədək kəndli köçürmək haqqında qərar vermişdi. Köçürmə siyasəti zorla həyata keçirilirdi. 1908-1910-cu illərdə Azərbaycana 3 mindən artıq kəndli ailəsi köçürülmüşdü. Köçürülmüş kəndlilər yerli kəndlilərin torpaqları hesabına torpaqla təmin edilirdilər. 1911-ci ildə Muğana köçürülən min nəfər rus kəndli ailəsinə 5 min desyatin torpaq verilmişdi. 1912-ci ildə Bakı quberniyasında 60, Yelizavetpol quberniyasında isə 29 rus kəndi salınmışdı. Çarizmin köçürmə siyasəti yerli əhalinin torpaq hüququnun kobudcasına pozulması yolu ilə həyata keçirilmişdi. Nəticədə, köçürülən rus əhalisi ilə yerli azərbaycanlılar arasında düşmənçilik münasibəti yaranırdı. Xalqın etiraz səsləri silah gücünə susdurulurdu. Köçürmə siyasəti nəticəsində aztorpaqlı və torpaqsız kəndlilərin sayı ildən-ilə artırdı.
Çar höküməti 1912-ci il dekabrın 20-də “Cənubi Qafqaz quberniyalarında torpaqların məcburi sürətdə satın alınması haqqında” qanun qəbul etdi. Qanuna görə Azərbaycanda sahibkar kəndliləri 1913-cü il yanvarın 1-dən mükəlləfiyyət daşımaqdan azad olunurdular. Kəndlilər həmin vaxtdan onların xüsusi mülkiyyəti elan edilmiş pay torpağını məcburi şəkildə satın almalı idilər. İcarəyə verilən torpaqlar mülkədarın mülkiyyətində qalmalı idi. Kəndli çəmən, otlaq və meşə sahələrini satın ala bilməzdi, onlardan əvvəllərdə olduğu kimi, torpaq sahibinin razılığı ilə istifadə edə bilərdi.
Mülkədar torpaq üçün əvəz haqqını dövlət xəzinəsindən alır, dövlət xəzinəsi isə torpaq pulunu müəyyən müddət ərzində kəndlilərdən toplamalı idi.
1912-ci il aqrar qanunu Zaqatala dairəsi kəndlilərinə şamil edilmədi. Kəndlilərin haqlı narazılığını nəzərə alan hökumət 1913-cü il iyulun 7-də “Dağıstan və Zaqatala dairəsində feodal asılı münasibətlərin ləğv olunması haqqında” qanun qəbul etdi. Qanuna görə ləğv edilmiş mükəlləfiyyətlər əvəzində bəylərə və keşkəl sahiblərinə birdəfəlik mükafat olaraq 284 min manat verildi. Kəndlilərin əvəzində dövlətin sahibkarlara verdiyi bu borcu onlar 20 il ərzində xəzinəyə qaytarmalı idilər.
1912-1913-cü illərin aqrar qanunları sahibkar kəndlilərini pay torpaqlarının xüsusi mülkiyyətçisinə çevirməsinə, “müvəqqəti mükəlləfiyyətli” münasibətlərdən azad etməsinə baxmayaraq, onları uzun müddətə dövlət xəzinəsinin borclusu etmişdi. Bu qanunlar Azərbaycan kəndində kapitalist münasibətlərinin inkişafını və ictimai təbəqələşməni sürətləndirdi.
XX əsrin əvvəllərində kapitalist münasibətlərinin inkişafı Şimali Azərbaycanda əhalinin sosial tərkibinə ciddi təsir göstərdi. Şəhərlərdə sənaye və ticarət burjuaziyasının, xüsusilə də xırda burjuaziyanın xüsusi çəkisi artırdı. Şəhər əhalisinin nisbətən azsaylı təbəqələrini bəylər, ziyalılar və ruhanilər təşkil edirdilər. Bakının milyonçuları, sərmayədarları, neftxudaları, iri tacirləri Azərbaycanın sosial-siyasi həyatında mühüm rol oynasalar da, əsas ağırlıq kənd əhalisinin üzərinə düşürdü. Azərbaycan əhalisinin 76%-i kənd təsərrüfatı ilə məşğul olurdu. Kənddə sürətlənən sosial təbəqələşmə kəndlilərin arasından kənd varlılarının və qolçomaqların ayrılmasına səbəb olurdu. Çarizmin milli müştəmləkəçilik və köçürmə siyasəti, ağır vergilər, məmur özbaşınalıqları, torpaqsızlıq nəticəsində yoxsul kəndlilərin dolanışıq üçün şəhərə qetməsi – kəsbkarlıq kəndlilərin ictimai təbəqələşməsi prosesini daha da sürətləndirdi. Bir parça çörək üçün şəhərə axışan kəsbkarlar əvvəllər mövsümi işçi kimi qışda neft sənayesində ən ağır işlərdə çalışır, yaz-yay aylarında kəndə qayıdıb əkinçiliklə məşğul olurdular. Sonralar kəsbkarların bir çoxu şəhərdə daimi yaşamağa başlayır, Bakı fəhlələrinin sıralarına qoşulurdular.
Dostları ilə paylaş: |