Azərbaycan nefti beynəlxalq münasibətlərdə. 1917-ci ilin ortalarından etibarən Azərbaycan neftinin beynəlxalq münasibətlərdə tutduğu yerdə yeni dövr başlayır. Bakı nefti uğrunda mübarizənin kəskinləşməsinə təsir edən amillərdən biri hərbi əməliyyatların aparılmasında yanacağa olan tələbatın artması ilə bağlı idi. Hərbi texnika istehsalı artsa da, neft və neft məhsulları çatışmırdı. Belə şəraitdə Bakı neftinin əhəmiyyəti döyüşən dövlətlər üçün xeyli artırdı.
1917-ci ildən başlayaraq xarici dövlətlərin Azərbaycan nefti uğrunda mübarizəsinin güclənməsinin əsasını başlıca olaraq bu amillər təşkil edirdi: Xəzər dənizini və Bakını tutmaq, orada hərbi-siyasi, iqtisadi və dəniz bazasını yaratmaq, Bakı neftini nəzarətdə saxlamaq, bolşeviklərin əleyhinə olan elementlərlə əməkdaşlıq etmək, Mərkəzi Asiya və Hind okeanına gedən yollara sahib olmaq və s. Bu istiqamətdə Antanta ölkələri daha ciddi praktik addımlar atmağa başladılar.