Bakıda Sovet Hakimiyyətinin elan edilməsi. 1917-ci il oktyabrın 25-də Rusiyanın paytaxtı Petroqradda (1914-cü ilin oktyabrından Peterburq şəhərinin adı dəyişdirilərək Petroqrad olmuşdur) bolşeviklər dövlət çevrilişi etilər və 1917-ci ilin martında yaradılan Müvəqqəti Hökumət devrildi. Elə həmin gün, Petroqradda keçirilən II Sovetlər qurultayında V.İ.Leninin başçılıq etdiyi bolşeviklər partiyası Rusiyanı Sovet respublikası elan etdi.
Cənubi Qafqazda Sovet hökuməti 2 noyabr 1917-ci il tarixdə yalnız Bakıda elan olundu. Cənubi Qafqazın yerdə qalan əraziləri Sovet hakimiyyətini qəbul etmədi. Stepan Şaumyan Bakı Soveti İcraiyyə Komitəsinin sədri seçildi. Bolsevik adı altında gizlənən S.Saumyan daha cox erməni şovinistlərinin planlarını həyata kecirirdi.O, bu məqsədlə azərbaycanlılara qarsı bütün qüvvələri səfərbərliyə aldı. Bolşeviklər daşnak və digər sağ partiyalarla əməkdaslıq etmək vasitəsilə Bakıda mökənlənməyi üstün tutdular.Onlar hər vasitə ilə Azərbaycanı və azərbaycanlıları Rusiya ictimaiyyətinin gözündən salmaq istəyirdilər. Siyasi hegemonluğa nail olan bolşeviklər 1917-ci ilin dekabrında mövcud seçki qaydalarını öz xeyrinə dəyişdirərək Bakı Şəhər Dumasına seçkilərdə yerlərin çoxunu tutdular.
Cənubi Qafqazı sovetləşmədən qorumağa çalışan siyasi partiyalar 1917-ci il noyabrın 11-də Tiflisdə Müşavirə keçirdilər və Rusiyadakı bolşevik hökumətini tanımaqdan imtina etdiklərini bildirdirdilər. Noyabrın 15-də Tiflisdə Xüsusi Cənubi Qafqaz Komitəsi ləğv edildi, əvəzinə Zaqafqaziya (Cənubi Qafqaz) Komissarlığı yaradıldı. 1917-ci il noyabrın 15-də Zaqafqaziya Komissarlığı Abşeron yarımadasından savayı yerdə qalan indiki Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərində özünü “Müstəqil Zaqafqaziya hökuməti” elan etdi. Zaqafqaziya Komissarlığı Azərbaycan, gürcü və erməni nümayəndələrdən ibarət idi. Komissarlığın sədri, gürcü menşeviki Y.P. Gegeçkori təyin edildi. Azərbaycandan F.X.Xoyski, M.Y.Cəfərov, X.Məlik-Aslanov Cənubi Qafqaz Komissarlıgına daxil idilər.1917-ci il noyabrın 26-27-də Ümumirusiya Müəssislər Məclisinə kecirilən seçkilərdə Cənubi Qafqazda gürcü menşevikləri 11 yer, “Müsavat” partiyası 10 yer, daşnaklar 9 yer əldə etdilər. M.Ə.Rəsulzadənin rəhbərliyi ilə milli fraksiya yaradıldı.
Zaqafqaziya Komissarlığı sabitlik yaratmaq üçün bir sıra tədbirlər gördü.Birinci növbədə, 1917-ci il 05 dekabr tarixdə Ərzincanda Osmanlı dövləti ilə barışıq imzalandı. Hərbi əməliyyatlar dayandırıldı. Cəbhədən geri çəkilən rus qoşunları silah-sursatının Bakı Sovetinə təhvil verməyə başladı. 1918-ci ilin yanvarında Zaqafqaziya Komissarlığına aid Müsəlman korpusunun komandanı general Talışinski Bakıda həbs edildi. Bu Bakının müsəlman əhalisinin narazılığına səbəb oldu. Ermənilər bolşevik-müsəlman toqquşması yaratmaq istədilər, lakin ziyalıların səyi nəticəsində bu baş vermədi.
1917-ci ilin sonu – 1918-ci ilin əvvəllərində Cənubi Qafqazda ictimai – siyasi vəziyyətin yenidən gərginləşməsi Zaqafqaziya Komissarlığından ordu quruculuğuna diqqətin artırılmasını tələb edirdi. Cəbhədən qayıdan və vətəndaş müharibəsinin başladığı Sovet Rusiyasına qayıtmaq istəməyən rus silahlı qüvvələri bütün region üçün baş ağrısına çevrilmişdi. Cənubi Qafqaz Komissarlıgının qərarına əsasən azərbaycanlılardan ibarət hərbi birləşmə yaratmaq məqsədi ilə 1918-ci ilin yanvarında Şəmkirdə cəbhədən qayıdan rus əsgərləri tərkisilah edilib silahları azərbaycanlılara verildi. Nəticədə, daşnaklar rus və Azərbaycan əsgərləri arasında toqquşma törətdilər. ”Şəmkir hadisələri” zamanı həm azərbaycanlılar, həm də ruslar tərəfdən ölən və yaralananlar oldu. Daşnaklar bu hadisədən azərbaycanlıları Rusiya ictimaiyyətinin gözündən salmaq üçün istifadə etdilər.
1918-ci ilin yanvarında Sovet Rusiyası ilə Almaniya və onun müttəfiqləri arasında Brest-Litovsk sülh danışıqları davam edirdi. Sovet Rusiyasının nümayəndələrinin qeyri-müəyyən mövqeyi nəticəsində Brest-Litovsk sülh danışıqlarının növbəti mərhələsi də 1918-ci il fevralın əvvəllərində uğursuzluqla başa çatdı və tezliklə həm Almaniya, həm də Türkiyə qoşunları bütün cəbhələrdə əks hücuma keçdilər. Eyni zamanda Zaqafqaziya Komissarlığı hərbi mükəlləfiyyət haqqında Dekret imzaladı.
Qafqaz cəbhəsindəki keçmiş Rusiya qoşunları öz mövqelərini tərk edərək geri qayıtdıqdan sonra onları əvəz edən erməni və gürcü milli hərbi birləşmələri türklərin qarşısında dayana bilmirdilər və türk qoşunları 1918-ci ilin fevralın ortalarına Şərqi Anadolunun bir sıra vacib qalalarını düşmənlərdən təmizlədi. Heç bir nüfuza malik olmayan Zaqafqaziya Komissarlığı özünü buraxmaq məcburiyyətində qaldı. 1918-ci il fevralın 22-də Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatların yığıncağında Zaqafqaziya Seyminin yaradılması haqqında qərar qəbul edildi. 23 fevral 1918-ci il tarixdə fəaliyyətə başlayan Zaqafqaziya Seymi başda Y.H.Geqeçkori olmaqla Zaqafqaziya hökumətini təşkil etdi. Zaqafqaziya Seymi Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatlardan təşkil olunmuşdu və 3 fraksiyadan - Müsavat, Menşevik və Daşnak fraksiyalarından ibarət idi.
Azərbaycanlıların Müsavat fraksiyası Müsəlman partiyaları blokundan ibarət idi ki, bura 4 partiya və 44 deputat daxil idi. Fraksiyanın rəhbəri M.Ə.Rəsulzadə olmuşdur. Müsavat fraksiyası Zaqafqaziya Seymində Osmanlı dövləti ilə sülh şəraitində yaşamaq xəttini müdafiə edirdi. Daşnak fraksiyası ermənilərdən ibarət idi və Anadoluda “Türkiyə Ermənistanı” yaratmaq planı qurmuşdu. Ermənilər bu planın həyata keçməsində daha çox İngiltərəyə bel bağlayırdılar. Menşevik fraksiyasında gürcü deputatlar təmsil olunmuşdular. Gürculər xarici siyasət məsələlərində Osmalı dövlətinə ərazi iddiaları irəli sürür, daha çox Almaniyaya meyl edirdilər.Seymin qarşısında duran əsas məsələlərdən biri Türkiyə ilə yaxınlaşan sülh danışıqları üçün hüquqi baza yaratmaq idi.
03 mart 1918-ci il tarixdə Sovet Rusiyası ilə Almaniya arasında Brest-Litovsk sülhü bağlandı.Bu sülhün şərtlərinə görə 1877-1878-ci illərin Rusiya –Osmanlı müharibəsinə qədərki sərhəd xətti bərpa edilməli idi. Rus qoşunları Şərqi Anadolunu tərk etməli, Qars, Ərdəhan və Batum Osmanlı dövlətinə qaytarılmalı idi. Eyni zamanda, rus qoşunları Osmanlı ərazilərində və sərhəddə yerləşən erməni silahlı birləşmələrini tərkisilah etməyi də öhdəsinə götürmüşdü. Bu müqavilə daşnakların “Türkiyə Ermənistanı” planlarını alt-üst etdi.Lakin Zaqafqaziya Seymi bu məsələ ilə bağlı ziddiyyətli qərarlar qəbul edirdi – bir tərəfdən, Zaqafqaziyanı müstəqil dövlət elan etməkdən imtina edən Seym, digər tərəfdən xarici ölkələrlə, o cümlədən “Üçlər İttifaqı”nın üzvləri ilə sülh bağlamaq səlahiyyəti olduğunu bildirirdi və Türkiyə ilə sülh danışıqları aparmaq üçün yaradılan siyasətçilər qrupu martın 12-də Trabzona gəldi.
1918-ci il martın 14-də Trabzonda başlayan sülh konfransında Türkiyə ilə Zaqafqaziya Seymi nümayəndələri arasında razılıq əldə olunmadı. Seymin erməni və gürcü nümayəndələri Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür, 03 mart 1918-ci il Brest sülhünün şərtlərini tanımaqdan boyun qaçırırdılar. Zaqafqaziya Seymi Türkiyəyə qarşı hərbi əməliyyatlara hazırlaşırdı. Azərbaycan fraksiyası Osmanlı ilə güzəştli sülh bağlamağı və müharibə olarsa, azərbaycanlıların Osmanlıya qarşı vuruşmayacaqlarını bəyan etdi. 22 mart 1918-ci il tarixdə Cənubi Qafqaz Seyminin gürcü və erməni fraksiyası Osmanlıya qarşı müharibə elan edilməsini təklif etdi. 1918-ci ilin martında Cənubi Qafqada siyasi gərginlik son həddə çatmışdı.
Dostları ilə paylaş: |