Bakıda bolşevik-daşnak rejiminin yaradılması və onun anti-Azərbaycan siyasəti. Azərbaycanlılara qarşı 1918-ci il mart soyqırımından sonra Bakı Soveti Bakıda müvəqqəti üstünlük əldə etdi və öz bolşevik hakimiyyətini möhkəmləndirmək üçün bir sıra tədbirlər həyata keçirdi.İlk öncə, bolşevik və erməni yönümlü siyasi partiyaların mətbuat orqanlarından savayı, bütün yerdə qalan qəzet və jurnallar bağlandı. Erməni Milli Şurasından savayı, bütün milli şuraların fəaliyyəti qadağan edildi. 20 aprel 1918-ci il tarixdə F.Xoyskinin rəhbərlik etdiyi Bakı Şəhər Duması buraxıldı və şəhər təsərrüfatı bütünlüklə Bakı Sovetinin tabeliyinə keçdi. 25 aprel 1918-ci il tarixdə S.Şaumyanın başçılığı ilə Bakı Xalq Komissarlığı yaradıldı. Onun rəhbərliyi daşnakpərəst ermənilərdən təşkil olduğundan Xatisov (Xatisyan) kimi qatı daşnak onu “erməni sovet hakimiyyəti” adlandırdı. BXK Sovetinə 3 azərbaycanlı daxil idi – N.Nərimanov (şəhər təsərrüfatı komissarı), M.Əzizbəyov (quberniya komissarı) və M.Vəzirov (torpaq komissarı). BXK Soveti özünü Sovet Rusiyasının tərkib hissəsi hesab edir, Azərbaycanın nə müstəqillik, nə də muxtariyyət ideyasını qəbul etmirdi.
Bakı Xalq Komissarları Soveti 1918-ci ilin yazında bir sıra mürtəce xarakterli tədbirlər həyata keçirdi.1918-ci il mayın 1-də BXKS-nın bəyanatı qəbul edildi. Burada deyilirdi ki, BXKS köhnə hakimiyyət orqanlarını ləğv edir, əvəzində Sovet Rusiyasının nümunəsində yeni hakimiyyət orqanları yaradır.Fəhlə-kəndli milisi, şəhər, qəza və mahal xalq məhkəmələri yaradıldı. Daxili İşlər Komissarlığı yanında Hərbi Tribunal təsis edildi, əksinqilabla mübarizə məqsədi ilə Fövqəladə Komissiya yaradıldı.BXK Sovetinin ordusu yaradılmağa başladı. Onun sayı 20 minə çatırdı və 70 %-i ermənilərdən ibarət idi. Sosialist tədbirləri adı altında neft sənayesi, banklar və Xəzər Ticarət Donanması milliləşdirildi. Azərbaycan sərvətləri (neft, düyü, pambıq və s.) Sovet Rusiyasına daşınırdı.Əvəzində Sovet Rusiyasından Bakıya-bolşeviklərə silah-sursat və taxıl gətirilirdi.
Bakı Xalq Komissarları Soveti mahiyyət etibarı ilə anti-Azərbaycan siyasəti yürüdən antidemokratik, qondarma qurum idi. Sovet Rusiyasının müstəmləkəçilik siyasətini davam etdirirdi. Milli dayağa malik deyildi və sosial bazası zəif olduğundan çox qala bilməzdi.
Dostları ilə paylaş: |