Vəqf torpaqları. Xilafətdə, xüsusilə, qılınc gücünə tutulmuş bir ölkə olan Azərbaycanda vəqf torpaqları böyük idi. Vəqf torpaqlarının gəliri yalnız Xilafətin müqəddəs şəhərlərinin, müxtəlif dini müəssisələrinin tikintisi üçün xərclənmirdi. Azərbaycanda və ondan kənarda saxlanılan qoşunların əsgərləri qazilər sayıldığından, onların da xərci vəqf torpaqlarından ödənilirdi. Məsələn, Şirvanın (Bakının) neft və duz mədənləri VIII-IX yüzillər boyunca Dərbənd əhalisinə-əslində buradakı ərəb qarnizonuna vəqf verilmişdi. Ayrılmaz (müsadirə olunmaz) sayılan vəqf torpaqları müsəlman ruhani idarəsinin ixtiyarında idi. Bu torpaqlardan xəzinə üçün xərac yığılmır, vergi ödənilmirdi, onların alqı-satqıya qoyulması da qadağan olunmuşdu.