6.3.Ərəb xilafətinə qarşı Xürrəmilər hərəkatı.Babək.
Xilafətə qarşı ilk çıxışlar.Ərəblərin vergi siyasəti, məmurların özbaşınalığı həm kəndlilərin,həm də yerli feodalların narazılığına səbəb oldu. VII əsrin ortalarında Xilafətin mərkəzində üsyanlar başladı. Daxili böhranın kəskinləşməsi, bununla bağlı olaraq yuxarıların hakimiyyət uğrunda mübarizəsi ona əlverişli şərait yaradırdı. Mərkəzdə hərəkatın əsas iştirakçıları xaricilər dini təriqətinə mənsub olanlar idi.Onlar xəlifənin xalq tərəfindən seçilməsini tələb edirdilər. Çıxışlar eyni vaxtda bir neçə ölkədə - Azərbaycanda, Orta Asiyada, Gürcüstanda və sair yerlərdə baş verdiyi üçün onu yatırmaq çətin idi. İlk olaraq Beyləqan və Bərdə əhalisi ayağa qalxdı. 748-ci ildə Beyləqanda baş verən üsyan tezliklə digər ölkələrə və şəhərlərə də keçdi. Qəssab Müsafirin başçılığı ilə üsyançılar şəhərdə hakimiyyəti ələ aldılar. Bu uğurdan ruhlanan üsyançılar Bərdəyə doğru irəliləyib ərəb qarnizonunu dağıtdılar. Bu qoşunun başçısı, Xilafətin Bərdədəki canişini Asim ibn Yezid öldürüldü. Əməvilər tərəfindən göndərilən cəza ordusu da onları üstələyə bilmədi. Üsyan geniş şəkil aldı. Azərbaycandakı üsyan ərəblər tərəfindən itaət altına alınmış xalqların VIII yüzilliyin 40-50-ci illərində olan azadlıq mübarizəsi ilə bir silsilə yaratmış oldu. Xilafətin böhranı sülalə çevrilişi ilə sona yetdi. Abbasilər öz siyasi rəqibləri – Əməviləri aradan götürdükdən sonra Xilafətə qarşı üsyanları amansızlıqla yatırtdılar. Beyləqanlılar darmadağın edildilər, üsyançılara divan tutuldu.
752-ci ildə Şəmkirin yerli kəndliləri şəhərlərdə onların hesabına yaşayan ərəb mühacirlərinə qarşı üsyana qalxdılar. İşğalçılara nifrət o qədər böyük idi ki, üsyançılar Şəmkiri tutub dağıtdılar. Abbasilər bu üsyanı da yatırtdılar. Xilafət üsyan ocaqlarını yatırdaraq Azərbaycanda uzunmüddətli sabitləşmə yaratmağa çalışırdı. Fəqət VIII yüzilliyin 90-cı illərinin başlanğıcında Ərdəbildə, Şirvanda və Aranda yeni üsyanlar baş verdi. Xəlifə Harun-Ər-Rəşidin dövründə üsyan baş verən yerlərin sayı 15-ə çatmışdı və yenə də ərəblərə qarşı xalq mübarizəsinin önündə Bərdə və Beyləqan gedirdi.
Dostları ilə paylaş: |