Ərəblərin torpaq siyasəti. Ərəb xilafəti dövründə Azərbaycanda aşağıdakı torpaq mülkiyyət formaları var idi:1) divan (dövlət və yaxud xəlifə) torpaqları; 2) xassə (xəlifə sülaləsinə mənsub torpaqlar); 3) iqta (kəsik torpaq) öz-özlüyündə bağışlanan və müvəqqəti iqta formalarına bölünürdü; 4) yerli feodallara məxsus mülk torpaqları; 5) dini idarələrə, müqəddəs yerlərə, mədrəsələrə məxsus vəqf torpaqları; 6) kənd əhalisinə məxsus icma torpaqları.
Xəlifə mülkləri bütünlüklə onun şəxsi ixtiyarında olmaqla yanaşı, məzmunca dövlət (divan) torpaqları bölməsinə yaxın idi. Əməvilərin hakimiyyəti dövründən başlayaraq genişlənməkdə olan bu torpaqların idarə olunması üçün bir neçə divan yaradılmışdı.
İqta torpaqları Xilafətin sosial-siyasi həyatında aparıcı yer tuturdu və dövlətə xidmətə görə ayrı-ayrı şəxslərə verilirdi. Xilafətdə hakim sinif, ordu və qoşun başçıları, dövlət məmurları, hətta bütövlükdə ordu özü iqta torpaqları hesabına saxlanılirdılar. Çox geniş yayılmış olan müvəqqəti iqtalar vəzifəyə yeni qoyulan məmurlara, hərbçilərə verilirdi. Sonuncu tutduğu vəzifədən götürüldükdə, iqta torpağı da geri alınaraq, yeni qulluq adamına verilirdi.
Bağışlanan (xüsusi) iqtalar Xilafət qarşısında çox böyük xidmətlərə görə verilirdi. İqtanın bu növü irsi səciyyə daşıdığı üçün iqta alan yüksək nüfuzlu qulluq adamı (ordu baş komandanları, canişinlər, əmirlər və başqaları) torpağın tam səlahiyyətli sahibinə çevrilirdilər. Buna görə, belə iqta qulluğa görə verilən torpaq deyil, bağışlanan irsi torpaq idi. Abbasilər dövründən başlayaraq, bağışlanan iqta şərti torpaq xüsusiyyətlərini get-gedə itirir və irsi feodal mülkü şəklinə keçirdi. İqtanın məzmunca bu yönümdə dəyişikliyə uğraması işğal olunmuş ölkələrdə ayrı-ayrı mülklərin (Azərbaycanda Rəvvadilər nəslindən olan ərəb feodallarının Təbriz mülkü, Məzyədilərə verilmiş olan Şirvan və Gəncə malikanələri, haşimilərin Dərbənd mülkü və başqaları) yüksəlməsinə gətirib çıxardı. İqta torpaq təsisatından doğan mərkəzdənqaçma hərəkatı Xilafət hökmranlığının siyasi baxımından dağılması ilə sona yetdi.
Dostları ilə paylaş: |