Çaldıran döyüşü. I Səlimin əmrilə Osmanlı imperiyasının hər tərəfindən qoşun toplandı və 140 minlik qoşun döyüşə tam hazır vəziyyətə gətirildi. Onun qoşunu Osmanlı – Səfəvi sərhəddi olan Çaysu çayını keçib Ərzincana daxil oldu. I Səlim Şah I İsmayıla məktub yazıb onu döyüşə çağırdı. Şah I İsmayıl ona çox təmkinli cavab verdi və məktubun sonunda onu sultan kimi tanımadığını bildirdi. Döyüşü qışa qədər yubatmaq məqsədilə I İsmayıl qoşunlarını ölkənin içərilərinə çəkməyə başladı. Lakin Sultan I Səlimin Təbrizə hücum etmək fikrində olduğunu eşidib onunla döyüşə girmək qərarına gəldi. Sultan I Səlim Maku yaxınlığında Çaldıran düzənliyində mövqe tutdu.
Döyüşdən əvvəl keçirilən hərbi şurada Məhəmməd Ustaclı və Nurəli Xəlifə gecə hücuma keçib türklərin toplarını zərərsizləşdirməyi təklif etdilər. Lakin Şah I İsmayıl bunu qəbul etmədi və dedi: “Mən karvanbasan quldur deyiləm, qoy Allahın dediyi kimi olsun...”
1514-cü il avqustun 23-də Çaldıran düzündə iki qardaş türk dövləti arasında qanlı döyüş baş verdi. Döyüşdə qızılbaşlar mərdliklə vuruşurdular. Şah I İsmayıl təkbətək döyüşdə Osmanlı pəhləvanı Malçuqoğlunu yerə sərdi. Lakin döyüş Osmanlıların qələbəsi ilə başa çatdı. Hər iki tərəfdən döyüşdə həlak olanların sayı 5 minə çatırdı. Qızılbaşlar bir sıra görkəmli sərkərdələrini itirdi. Şah I İsmayıl yaralandı və çox çətinliklə döyüş meydanından çıxaraq qoşunlarının qalıqlarını geri çəkdi.
Qızılbaşları təqib edən Sultan I Səlim sentyabrın 6-da Təbrizə daxil oldu. Osmanlılar Təbrizi alsalar da, xalqın ciddi müqavimətinə rast gəldilər və burada cəmi 9 gün qala bildilər. Osmanlılar Təbrizi tərk edərkən çoxlu sənətkar ailəsini İstanbula apardılar.
Osmanlı qoşunlarının qələbəsini təmin edən başlıca səbəblər: Osmanlılar çoxluq təşkil edirdilər, odlu silaha malik idilər. Şah I İsmayıl özünə həddindən artıq güvənirdi. Çaldıran döyüşü nəticəsində Səfəvilər Ərzurum daxil olmaqla Şərqi Anadolunu və Şimali İkiçayarasını itirdi. I Səlim Ərzincanı, Diyarbəkiri ələ keçirdi. Səfəvilər Diyarbəkiri geri qaytarmağa cəhd göstərsələr də, buna nail ola bilmədilər. 1516-cı ildə Mardinin cənubunda Qoçhisarda baş vermiş döyüş Osmanlıların qələbəsi ilə başa çatdı. Şimalda Xarput və Bitlisdən Rakkaya qədər, cənubda Mosul Osmanlıların əlinə keçdi. Bağdad daxil olmaqla Ərəb İraqı isə Səfəvilərin əlində qaldı.
Dostları ilə paylaş: |