Xalq üsyanları. Səfəvilər dövləti Azərbaycanın sosial-iqtisadi və siyasi həyatına böyük yeniliklər gətirsə də, xalq kütlələrinin həyatını yaxşılaşdıra bilmədi. Şah bir sıra vergiləri azaltdı, I Təhmasib rəiyyətin 10-15 il yığılıb qalmış vergilərini ləğv etdi. Lakin az sonra vergilər yenidən artırıldı. Feodal zülmü, vergilərin ağırlığı, XVII əsrin ikinci yarısında üsyanlara səbəb oldu. 1667-ci ildə Çuxursəddə qacar və bayat tayfaları maaşların ödənilməməsinə görə qiyam qaldırdılar.Üsyanlardan ən böyüyü Təbriz sənətkar və yoxsullarının 1672-1673-cü illərdəki üsyanı idi. Darğa Allahqulu bəy Ustaclının zülmü üsyan üçün bəhanə oldu. Şahın göndərdiyi qoşun onlara divan tutub üsyanı yatırdı, şəhər meydanında 150 nəfər edam edildi. Hakimiyyət bəzi güzəştlərə də getməyə məcbur oldu: sənətkarların vergi borcları bağışlandı, Təbriz əhalisi divan vergisindən azad oldu, şəhər vergi toxunulmazlığı hüququ aldı.