Azərbaycan nefti uğrunda mübarizənin yeni mərhələsi. 1917-ci il noyabrın 2-də Bakıda hakimiyyət S.Şaumyan başda olmaqla bolşevik-daşnak güruhu tərəfindən qəsb edildikdən sonra Azərbaycan nefti uğrunda mübarizənin mühüm mərhələsi başlandı. Bolşeviklərin Bakı neftinə sahib olmaları, sovet hökumətinin müharibədən çıxdığını bəyan etməsi Antanta ölkələrini hərəkətə gətirdi. ABŞ, Böyük Britaniya və Fransa hökumətlərinin maddi və mənəvi yardımları ilə Tiflisdə Cənubi Qafqaz millətçilərinin nümayəndələrindən ibarət seym və komissarlıq yaradıldı. Bu qurumlar Bakıda yaradılmış sovet hökumətinin əleyhinə idi.
Bakı neftini ələ keçirən bolşeviklər möhkəmlənib Tiflisə hücum etməyi planlaşdırırdılar. Bu məqsədlə Bakıda və Azərbaycanın müxtəlif yerlərində türk və müsəlman əhalisinə qarşı kütləvi qırğınlar törədildi. Qırğınların törədilməsində başlıca məqsəd Azərbaycanın müstəqilliyinin elan edilməsinə yol verməmək, milli qüvvələri əzmək, Bakı neftini əldən verməmək idi. Qırğınların törədilməsində bolşevik Rusiyasının, Antanta ölkələrinin və digər antiazərbaycan, antiturk qüvvələrin mənafeləri üst-üstə düşürdü;
1917-ci ilin noyabrından 1918-ci ilin mayınadək Cənubi Qafqazda böyük dövlətlər arasında mübarizə əsasən Bakı nefti uğrunda getmişdir. Bolşevik Rusiyası ilə Almaniya bloku ölkələri arasında Brest-Litovskda danışıqlar başlayan kimi Antanta ölkələri Bakı neftinə yiyələnmək üçün tədbirlər həyata keçirdilər. İmzalanmış sənədlərə əsasən Cənubi Qafqaz Böyük Britaniyanın nüfuz dairəsinə elan edildi. Lakin bu zaman ingilislərin Bakı neftinə yiyələnmək üçün geniş imkanları mövcud deyildi. Onların hərbi hissələrini Mesopotamiyadan Bakıya gətirməsi demək olar ki, mümkünsüz idi. Ona görə də müttəfiqlər antibolşevik elementlərlə əməkdaşlığa üstünlük verirdilər.
Brest-Litovsk və Ərzincan barışıqlarından sonra rus ordusunun Qafqaz cəbhəsində geri çəkilməsi regionda Almaniya bloku ölkələrinin imkanlarını xeyli artırdı. Bu cəhətdən ən böyük şansı qazanmış ölkə Osmanlı imperiyası oldu. Cənubi Qafqaz əhalisinin böyük əhəmiyyətinin türk və müsəlman olması Osmanlı imperiyasının hərbi əməliyyatlar aparması imkanlarını artırırdı. Bununla belə, erməni silahlı dəstələri ona qarşı çıxaraq dinc türk və müsəlman əhaliyə qarşı kütləvi qırğınlar törədirdilər.
Osmanlı imperiyası ilə müttəfiq olmasına baxmayaraq, Almaniya türklərin Bakıya təkbaşına girməsinə və neftə sahib olmasına mane olmağa çalışırdı. Keçirilən Trabzon və Batum konfranslarında bu xətt özünü aydın şəkildə göstərirdi. Konfranslarda Bakı nefti haqqında açıq-aşkar bir şey deyilməsə də, dəmiryolu və s. məsələlər elə neftlə birbaşa bağlı idi.
Neftin Osmanlı imperiyasının əlinə keçəcəyini görən Antanta ölkələri erməni silahlı dəstələrini maliyyələşdirirdilər. Bu dəstələr isə türklərə və müsəlmanlara qarşı kütləvi qırğınlar törədirdilər. Almaniya bloku ölkələrini Bakıya buraxmamaq məsələsində bolşevik Rusiyasının, Antanta ölkələrinin və erməni silahlı dəstələrinin mövqeyi üst-üstə düşürdü.
Nərbi əməliyyatların aparılmasında neft başlıca amilə çevrildiyindən Bakı uğrunda mübarizədə böyük dövlətlərin siyasəti daha kəskin şəkildə toqquşmağa başladı. Bu isə Bakı neft sənayesinin mövcud vəziyyətinə mənfi təsir edirdi. Quyular dayanır, neft və neft məhsullarının daşınması aşağı düşürdü. Xəzər dənizi Rusiyaya neft daşınmasının başlıca yolu olduğu üçün onun üzərində nəzarət qazanmaq uğrunda mübarizə də kəskinləşdi.
Yaranmış şərait Zaqafqaziya seymində Azərbaycanın gürcü və erməni fraksiyaları ilə olan münasibətlərini kəskinləşdirdi. Belə vəziyyətdə Zaqafqaziya seyminin dağılacağı şəksiz idi.
Dostları ilə paylaş: |