18.4. AXC-nin xarici siyasəti
Xarici siyasətdə əsas iki istiqamət vardı: 1) beynəlxalq aləmdə AXC-nin tanınmasına nail olmaq; 2) qonşu dövlətlərlə mehriban münasibətlər yaratmaq.
Birinci istiqamətdə AXC hökuməti ilk günlərdən fəaliyyətə başladı. 1918-ci ilin mayın 29-da dünyanın tanınmış ölkələrinə radioqramma göndərildi və AXC-nin yaranması onların diqqətinə çatdırıldı.
Birinci Dünya müharibəsindən sonra qalib dövlətlər müharibədən sonrakı dünyanın vacib məsələlərini həll etmək üçün Parisdə sülh konfransının cağrılmasına qərar verdilər. 7 Dekabr 1918-ci ildə Azərbaycan parlamentində Paris sülh konfransında iştirak edəcək nümayəndə heyətinin tərkibi seçildi və 28 dekabrda təsdiqləndi. Bu tərkibə Ə.Topçubaşov (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Ə.Şeyxülislamov, Əhməd bəy Ağayev, M.Məhərrəmov, C.Hacıbəyli və M.Mehdiyev daxil oldu.Ə.Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti 1919-cu ilin 08 yanvar tarixində Parisə yola düşdü və ilk olaraq 1919-cu il yanvarın 20-də İstanbula gəldi. Lakin burada Parisə yola düşmək üçün Fransa hökumətindən üç ay yarım icazə gözləməli oldu. Nümayəndə heyəti yalnız aprelin 22-də ingilislərin köməyi ilə Parisə yola düşə bildi və may ayında Parisə catdı.02 may 1919-cu ildə nümayəndə heyəti Parisə gəldi, ABŞ, Fransa, İngiltərə və İtaliya dövlət başçıları ilə görüşlər keçirdi.
1918–1920-ci illərdə AXC-nin xarici siyasətinin əsas məqsədi Azərbaycanın müstəqilliyinin gerçəkləşməsindən ibarət idi. Azərbaycan hökuməti Azərbaycanın müstəqilliyinin tanınması və qorunub saxlanmasında Qərb ölkələrinin himayəsini əldə etmək işinə birinci dərəcəli əhəmiyyət verirdi. Azərbaycan hökuməti Ə.M. Topcubaşovu geniş səlahiyyətli səfir təyin etmişdi. Verilən mandata görə Ə.M.Topcubaşov Azərbaycanın maraqları ilə bağlı geniş səlahiyyətlərə malik idi. O, İstanbulda olan müddətdə Ukrayna, İran, Rusiya, ABŞ, İtaliya, İsveç, Hollandiya, Ermənistanın rəsmi nümayəndələri ilə görüşmüş, fikir mübadiləsi etmiş və onlara memorandum təqdim etmişdi. Memorandumda Qafqazın coğrafiyası, onun çar Rusiyası dövründə inzibati bölgüsü, regionun demoqrafik vəziyyəti, Azərbaycan respublikasında mövcud vəziyyət, aparılan quruculuq işləri, erməni probleminin mahiyyəti, mart soyqırımı, Qarabağ məsələsi barədə məlumat verilir, Azərbaycan Respublikasının müstəqil yaşamağa haqqı olduğu əsaslandırılırdı.
ABŞ prezidenti V.Vilson AXC-nin tanınmasının əleyhinə çıxdı. 28 may 1919-cu il tarixdə AXC-nin nümayəndə heyətinin V.Vilsonla görüşü oldu. Ona memorandum təqdim edildi. Vəziyyəti yerində araşdırmaq üçün general Xarbordun Cənubi Qafqaza göndərilməsi qərara alındı. 29 avqust 1919-cu ildə ABŞ-ın Ermənistandakı Ali Komissarı Haskel Naxçıvan, Şərur və Dərələyəzdə ABŞ general – qubernatorluğunun yaradılması fikrini irəli sürdü. 24 oktyabr 1919-cu ildə Naxçıvan general-qubernatorluğu və onun başçısı polkovnik E.Delli elan olundu. AXC hökumətinin və yerli əhalinin sərt mövqeyi nəticəsində ABŞ burada general –qubernatorluq yarada bilmədi.
Azəpbaycan nümayəndələri Paris konfransında Vilsondan Azərbaycanın istiqlaliyyətinin tanınması, Vilson prinsiplərinin Azərbaycana aid edilməsi, Azərbaycanın Millətlər Liqasına qəbul olunması, ABŞ-la Azərbaycan arasında diplomatik və iqtisadi əlaqələrin bərqərar edilməsi xahiş edirdilər. Lakin prezident Vilson sülh konfransının dünyanın kicik hissələrə parcalanmasının əleyhinə olduğunu bildirmiş və Azəpbaycan nümayəndələrinə konfederasiya ideyasını müdafiə etməyi məsləhət görmuşdu. Azərbaycan, Gürcüstan və Dağlılar respublikasının nümayəndə heyətləri konfransın rəhbərlərinə göndərdikləri bütün memorandumlarda Qafqazda konfederasiya ideyasına müsbət yanaşdıqlarını qeyd etmişdilər. Lakin ermənilər ərazi sərhəd məsələsinə daha cox əhəmiyyət verir və konfederasiya ideyası əleyhinə təbliğat aparır, Qafqazdakı vəziyyət barədə Avropa və ABŞ ictimaiyyətində yanlış təsəvvür yaradırdılar. Azərbaycan və Gürcüstan nümayəndələrinin etirazına baxmayaraq, ermənilər Türkiyənin 7 şərq vilayətini, kecmiş İrəvan quberniyası, Tiflis və Yelizavetpol quberniyalarının cənubunu və Qars torpaqlarını tələb edirdilər. Azərbaycan nümayəndə heyəti ermənilərin təbliğatına qarşı Avropa və Amerikanın özündə əks-təbliğat işini təşkil etməyə məcbur oldu.
Azərbaycan nümayəndələri ingilis, fransız dillərində bir necə kitabça hazırlayıb çap etdirmiş, Avropada və Amerikada yayılmasını təşkil etmişdilər. Bu kitabçalarda Azərbaycanın tarixi, əhalisinin antropologiyası və etnik tərkibi, təsərrüfatı, Azərbaycan Respublikasındakı vəziyyət, ermənilərin təcavüzkar hərəkətləri haqqında məlumatlar verilirdi.
Azərbaycan nümayəndə heyətinin ən əhəmiyyətli təbliğat işlərindən biri «Paris sülh konfransına Qafqaz Azərbaycanı sülh nümayəndəliyinin tələbləri» adlı kitabın hazırlanması idi.
Kitabda Azərbaycanın tarixi haqqında dəyərli məlumatlar verilirdi. Bu sənəd üç mühüm tələb ilə bitirdi: 1) sülh konfransı Azərbaycanın müstəqilliyini tanısın; 2) nümayəndə heyəti sülh konfransının işinə cəlb olunsun; 3) Azərbaycan Respublikası Millətlər Liqasının üzvlüyünə qəbul edilsin.
Azərbaycan nümayəndə heyətinin diplomatik fəaliyyəti nəticəsində ona olan soyuq münasibət dəyişdi. 1919-cu il 12 noyabrda İngiltərənin baş naziri Lloyd Corc Böyük Britaniya parlamentində Azərbaycan Xalq Cümhuriyyətinin və Gürcüstanın müstəqilliyinin tanınmasını mümkün saydı. 1920-ci il yanvarın 11-də Antanta Ali Şurasına daxil olan ölkələr AXC-nin müstəqilliyini tanıdılar. AXC de-fakto dünya birliyinin üzvü oldu. 1920 – ci ilin baharına Bakıda 20-dən artıq xarici dövlətin diplomatik nümayəndəliyi yaradılmışdı
Dostları ilə paylaş: |