İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Milli dövlətçiliyin möhkəm­lən­dirilməsi, iq­ti­sadi siyasət, mədəni quruculuq



Yüklə 0,94 Mb.
səhifə302/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   298   299   300   301   302   303   304   305   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

18.3. Milli dövlətçiliyin möhkəm­lən­dirilməsi, iq­ti­sadi siyasət, mədəni quruculuq.
AXC dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirdi. Ən böyük problem kadr çatışmazlığı problemi idi. 22 iyun 1918-ci il tarixdə ərzaq məhsullarının xaricə daşınmasının qarşısını almaq haqqında qərar qəbul olundu. Dövlətin simvolları qəbul edildi. 1918-ci ilin 24 iyununda Azərbaycan bayrağı ağ aypara və ağ səkkizguşəli ulduz əks olunan qırmızı parçadan hazırlandı. 26 iyun 1918-ci il tarixdə Milli Ordunun yaranması haqqında fərman verildi - “Əlahiddə Azərbaycan Korpusu” yaradıldı. İlk əvvəl­lər onun heyətinin sayı 1000 nəfərə yaxın olmuşdur və onların da yarısını çar Rusiyası dövründən Bakıda saxlanılan türk hərbi əsirləri təşkil edirdilər.İyunun 27-də Azərbaycan (türk) dili dövlət dili elan olundu. Vəziyyət nəzərə alınaraq dövlət idarələrində 2 il ərzində rus dilindən istifadəyə müvəqqəti icazə verildi. 11 iyul 1918-ci il tarixdə hərbi səfərbərlik elan edildi. 13 avqust 1918-ci il tarixdə Azərbaycan Vətəndaşlığı haqqında fərman imzalandı. 01 noyabr 1918-ci il tarixdə Hərbi Nazirlik yarandı. Hərbi Nazir F.Xoyski, onun müavini S.Mehmandarov təyin edildi, Gəncədə Hərbi məktəb, Şuşada isə Hərbi Feldşer məktəbi açıldı.

1918-ci il 09 noyabrda dövlət bayrağı yenisi ilə əvəz olundu ki, bu da yaranmış siyasi vəziyyətlə bağlı idi. Belə ki, Mudros barışığına görə, türk qoşunları Azərbaycanı tərk etməli idi və Antanta Ali Şurasının qərarına əsasən Azərbaycan 10 ay ərzinə İngilis qoşunlarının nəzarətinə verilirdi.Ənzəlidə qərarlaşan ingilis generalı Tomson Azərbaycana mənfi münasibətini sərgiləyərək bəyan etmişdi ki, “mən Türkiyənin intriqası nəticəsində yaranan dövləti tanımıram”. Bu səbəbdən AXC-nin bay­rağının dəyişdirilməsi gündəmə gəldi, çünki AXC bayrağı Osmanlı bayrağına bənzəyirdi. Yeni Azərbaycan bayrağı göy, qırmızı və yaşıl rəngli üç eyniölçülü parçadan ibarət idi. Ortadakı qırmızı rəngli parçada ağ aypara və ağ səkkizguşəli ulduz əks olunub. Üç rəngin açılımı belədir – türkçülük, müasirlik və islamçılıq. Bu üç rəng türk milli mədəniyyəti, müasir Avropa demokratiyası və islam sivilizasiyasını təcəssüm edirdi. Üçrəngli bayraq ilk dəfə 1918-ci ilin noyabrın 17-də ingilis generalı Tomsonun qarşılanma mərasimi zamanı Dəniz vağzalı binasını üzərində dalğalanmışdır.O vaxt hələ himn olmadığından, bayrağın qaldırılması zamanı Ü.Hacıbəyovun “Leyli və Məcnun “ operasından zərb muğamı “Heyrati”nin əsasında yazılmış musiqi parçası ifa olunmuşdur.

25 dekabr 1918-ci il tarixdə S.Mehmandarov hərbi nazir, Ə.Şıx­linski isə onun müavini təyin edildi. Baş qərargah rəisi isə Krim tatarı Süleyman bəy Sulkeviç təyin olundu.

1919-cu ilin martın sonunda Üçüncü hökumət istefaya getdi. Dördüncü Höku­mətin təşkili onun sədri Nəsibbəy Yusifbəyliyə həvalə edildi. Dördüncü hökumət 1919-cu ilin martından 24 dekabra qədər fəaliyyət göstərdi. Dördüncü Hökumət bir sıra tədbirlər həyata keçirdi. 11 iyun 1919-cu il tarixdə “Əksinqilab ilə Mübarizə Təşkilatı” yaradıldı. İdarəyə Məmmədbağır Şeyxzamanlı rəhbərlik edirdi. Daha sonra onu qardaşı Nağı Şeyx­zamanlı əvəz etmişdir. 1919-cu ilin yayında Azərbay­can Xəzər Donanması yaradıldı.

1919-cu il iyulun 21-də Azərbaycan Respublikasının Müəssislər Məclisinə seckilər haqqında Əsasnamə qəbul edildi. Əsasnamə 4 fəsildən, 116 bənddən ibarət idi. Əsasnaməyə görə Müəssislər Məclisinə seckilərdə cinsindən, dilindən, milliyyətindən asılı olmayaraq 20 yaşına catmış bütün Respublika vətəndaşları iştirak edə bilərdilər. Seckilər 1920-ci il aprelin 20-nə təyin edilsə də, Respublikada, o cümlədən Bakıda daxili siyasi vəziyyətin mürəkkəbləşməsi buna mane oldu.

Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra ordunun yaran­ması məsələsini ən mühüm məsələ kimi irəli sürmüşdü. 1919-cu ildə 25 mindən ibarət ordu yaratmaq vəzifəsi qarşıya qoyulmuşdu. Ordunun yaradılması ilə bağlı 1919-cu il ücün nəzərdə tutulmuş dövlət büdcəsindən 399,4 mln. manat ayrılırdı ki, bu da büdcənin 24%-nə bərabər idi.

Milli Ordu yaratmaq işinin sürətləndirilməsini ölkənin hərbi-siyasi vəziyyətinin kəskinləşməsi də tələb edirdi. Belə ki, 1919-cu ilin mayın 25-də general Denikinin “Könüllü ordusu” tərəfindən Petrovsk (indiki Maxaçqala) və Dərbənd tutuldu. Bu da Azərbaycanda böyuk həyəcana səbəb oldu. Bakıda Xüsusi Dövlət Müdafiə Komitəsi yaradıldı. Onun tərkibinə N.Yusifbəyli, X.Məlikaslanov, A.Səfikürdski, S.Mehman­darov, M.Y.Cəfərov daxil oldu­lar. İyunun 11-də bütün Azərbaycanda hərbi vəziyyət elan edildi. Dövlət Müdafiə Komitəsinə ümumi səfərbərlik həyata kecirmək, ölkədə hərbi, müharibə vəziyyəti elan etmək, digər fövqəladə tədbirlər görmək səlahiyyəti verildi. Azərbaycan hökuməti başa düşürdü ki, Denikinin yürüşünün son məqsədi Azərbaycanı və kecmiş Rusiya imperiya­sının digər hissələrini geri qaytar­maqdır. Cənubi Qafqazın təhlükəsizliyini təmin etmək ücün Azərbaycan hökuməti 1919-cu il iyunun 16-da Gürcüstan ilə hərbi müqavilə bağladı. Həmin müqaviləni Tiflisdə F.X.Xoyski və S.Meh­mandarov imzaladılar. Müqa­vilədə hər iki dövlət öz üzərinə belə bir öhdəlik götürürdü ki, bunlardan hər hansı birinə hücum edilərsə, özlərinin bütün hərbi silahlı qüvvələri ilə buna qarşı çıxacaq, öz dövlətlərinin suveren hüquqlarının və müstəqilliyinin qorunmasına yönəlmiş diplomatik danışıqlar aparacaqlar. Ölkədə yaranmış gərgin vəziyyət Azərbaycan hökumətini ordu quruculuğu işində qəti addımlar atmağa sövq edirdi.

1919-cu ilin ortalarında Azərbaycan hökuməti Fransa, Polşa, İngiltərədən silah almağa cəhd etdi. Lakin bu cəhdlər boşa cıxdı. 1919-cu ilin sentyabrında general İ.Usubovun başcılığı ilə nümayəndə heyəti İtaliyaya göndərildi. Oradan 25 min dəst yeni geyim, 25 min dəst köhnə geyim alınması tapşırılmışdı. İtaliya hökuməti Azərbaycana hələlik avtomobil, aeroplan, projektor, odeyal, yataq vasitəsi sata biləcəyini bildirdi və onların arasında kontrakt bağlandı. Lakin həmin mallar Azərbaycanın sovetləşməsi ərəfəsində gətirildiyi üçün Azərbaycan ordusu ondan istifadə edə bilmədi, Qırmızı Orduya qismət oldu.1919-cu ilin sonlarında Azərbaycan ordusu iki piyada və bir süvari diviziyalarından ibarət idi. Birinci piyada diviziyanın qərargahı Gəncədə yerləşirdi. Bu diviziyanın rəisi general - mayor Cavad Şıxlinski idi. İkinci piyada diviziyasının qərərgahı Bakıda idi. Rəisi general - mayor İ.Usubov idi. Gəncədə yerləşən süvari diviziyasına general-mayor Teymur Novruz oğlu başcılıq edirdi. Səlim Sultanovun rəhbərlik etdiyi xüsusi süvari diviziyası,Yunis Şəkərovun atıcı batalyonu ücüncü süvari diviziyasının tabeliyində idi. Gəncədə birinci və ikinci artilleriya briqadaları yerləşmişdi. Azərbaycan ordusunda bu dövrdə 3 zirehli qatar, 4 hərbi təyyarə, 6 zirehli avtomobil, 2 hərb gəmisi var idi. Yaranmaqda olan yeni hissələri zabit kadrları ilə təmin etmək üçün Gəncədəki hərbi məktəb Bakıya köçürülmüş, yenidən qurulub genişləndirilmişdi. Bundan başqa İstehkamçılar məktəbi, Şuşada hərbi feldşer məktəbi, hərbi dəmiryol məktəbi də təsis edilmişdi. 1920-ci il üçün ordunun şəxsi heyətini 40 minə çatdırmaq planlaşdırılmışdı. Orduya könüllü və məcburi 19-24 yaşlı gənclər götürülürdü. İngilis hərbi hissələrinin Cənubi Qafqazı tərk edən vaxt (1919, avqust) öz silahlarının xeyli hissə­sini Azərbaycan ordusuna verməsi, Gürcüstanın Azərbaycana müəyyən qədər silah satmasına baxmayaraq, ordunun texnikaya artan tələbatı ödənilməmişdi. Hərbi sursatlara olan ehtiyacı ödəmək üçün Hərbi Nazirlik hərbi zavod yaratmaq fikrində idi. Çünki mövcud olan emalatxanalarda dəzgahlar, fəhlə alətləri, təmir üçün lazımı materiallar çatışmırdı. Ona görə də, bu emalatxanalar bəzən kicik tələbləri də ödəyə bilmirdi. Hərbi nazirlik bu emalatxanaları birləşdirib hərbi zavoda çevirmək qərarına gəldi.Zavodun layihəsi, ştatları, xərcləri 1920-ci il fevralın 23-də parlamentdə təsdiq edildi. Lakin bu zavodun yaradılması üçün böyük qüvvə və külli miqdarda və sait lazım idi.

1918-ci ilin iyun ayında Azərbaycanda hərbi vəziyyət elan edildi. Müsəlman korpusu «Əlahiddə Azərbaycan korpusu» adlandırıldı. Burada xidmət etmək üçün zabit kadrları hazırlamaq üçün qısa müddətli kurslar açıldı, məcburi hərbi mükəlləfiyyət haqqında fərman verildi. Bütün bunların kifayət etməyəcəyini nəzərə alaraq Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Türkiyə hökumətinə bir diviziya həcmində yardım gostərilməsini xahiş etdi. Bu da 1918-ci il 4 iyun müqaviləsində öz əksini tapmışdı. Gəncəyə beşinci Qafqaz diviziyası göndərildi. Daha sonra Karpat cəbhəsindən götürülmüş 15-ci Çanaqqala diviziyası da Gəncəyə gəldi. Azərbaycan korpusu ilə birlikdə bu hərbi hissələr Qafqaz İslam Ordusu adı altında birləşdi. Bunun da komandanı Nuru paşa idi. Lakin 30 oktyabr 1918-ci ildə Yunanıstanın Mudros şəhərində Böyuk Britaniya ilə Türkiyə arasında bağlanan sazişə görə türk qoşunları tutduqları bütün əraziləri tərk etməli idi.Tezliklə Osmanlı hökumətinin başçısı Əhməd İzzət paşa Qafqaz İslam Ordusunun Cənubi Qafqazdan geri dönməsi barədə əmr verdi. Qafqaz İslam Ordusunun komandanı Nuru paşa 5887 saylı əmr imzaladı. Bu əmrə görə Osmanlıya qayıtmaq istəməyən Qafqaz İslam Ordusunun əsgər və zabitləri Azərbaycan Xalq Cümhuriyyətinə xidmətə keçirdilər. Ancaq ingilis qoşunlarının komandanı general Tomson Nuru paşanın bu qərarını etirazla qarşıladı və bütün türk hərbçilərindən Azərbaycanı tərk etməyi tələb etdi. Yalnız Azərbay­can vətəndaşlığını qəbul edən Nuru paşa və onun silahdaşları Azərbaycanda qaldılar, hökumətə xidmət edəcəklərini bildirdilər. Mudros sazişinin 11-ci bəndinə əsasən Azərbaycan ingilislərin nüfuz dairəsi elan edilir, 15-ci bəndinə əsasən isə Azərbaycanın dəmir yolları və neft mənbələri ingilis komandanlığının ixtiyarına keçirdi. Noyabrın 17-də ingilis qoşunları Bakıya daxil oldular. Tomson özünü Bakının general - qubernatoru elan etdi. Şəhər polisi, liman, neft sənayesi, maliyyə idarələri, mətbuat üzərində nəzarət qoyuldu. Noyabrın 22-də Tomsonun tələbi ilə Azərbaycan korpusunun qərərgahı Gəncəyə köcürüldü. Dekabrın 25-də general S. Mehmandarov hərbi nazir, bir necə gün sonra isə Ə.Şıxlinski onun müavini təyin olundu. 1918-ci il noyabrın 15-də təşkil edilən baş qərargahın rəisi isə Süleyman Sulkevic təyin edildi. Qərargah şöbələrinin zabit kadrları ilə təmin edilməsi problemini həll etmək üçün Azərbaycanda olan rus zabitlərindən istifadə etmək qərara alındı. Türk əsgər və zabitləri ruslarla əvəz edilirdi. Azərbaycan hökuməti çox çətin bir vəziyyətə düşmüşdü. Öz kadrları yox idi. Nuru paşanın vaxtı ilə yaratdığı hərbi məktəbin müdavimləri də ordunun təşkilinə cəlb edilirdi.

Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan hökuməti və parlamenti xalqın milli dövlətinin yaranmasını əbədiləşdirmək üçün elm, təhsil, xalq maarifi və səhiyyə məsələlərinin inkişafını da diqqət mərkəzində saxlayırdı.

AXC yarandığı ilk gündən maarif işlərinə xüsusi fikir ver­mişdir.1918-ci il 30 iyun qərarına əsasən Gəncədə Xalq Maarif Nazirliyinin dəftərxanası təşkil edildi. N.Yusifbəyli maarif naziri təyin edildi. Nazirliyin 1918-ci il 28 avqust qərarına görə bütün məktəblərdə tədris Azərbaycan dilində keçirilməli idi. Başqa millətlərdən olan uşaqlar üçün rus dilində məktəblər açılması nəzərdə tutulmuşdu. Bu məktəblərdə Azərbaycan dilinin tədrisinə xüsusi əhəmiyyət verilirdi. Ana dilinin həftədə 4 dəfə tədrisi nəzərdə tutulmuşdu. 1918-ci il 22 sentyabr sərəncamına görə məktəblərin milliləşdirilməsi oldu. Müəllimlərə olan ehtiyacı ödəmək üçün 1918-ci ildə Gəncədə, Şəkidə, Zaqatalada qısa müddətli pedaqoji kurslar təşkil edildi və 150 nəfər kurslara qəbul edildi. Bundan əlavə, Nazirlik Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsinin müstəqil bir seminariya kimi Qazaxa köcürülməsi haqqında qərar qəbul etdi. Kadrlar hazırlamaq üçün 1918-ci ildə Göy­çayda, Ağdamda, Nuxanın Qutqaşen kəndində ali ibtidai məktəb­lərin açılması haqqında qərarlar qəbul edildi.1918-ci ildə Zaqatalada 25 ibtidai məktəb açmaq üçün Nazirlik 100 min manat pul ayırmışdı.1919-cu ilin yayında Bakı, Gəncə, Şəki, Şuşa, Qazax, Qusar, Salyan, Zaqatalada qadın və kişilər üçün pedaqoji kurslar açıldı.

1918-ci ildə Türkiyə ilə bağlanan 4 iyun müqaviləsinə görə Nazirlik Türkiyədən 50 müəllim dəvət etmişdi. 1919-cu ilin oktyabrın əvvəllərində həmin müəllimlər Azərbaycana gəlib müəllimlik fəaliy­yətinə başlamışdılar. Azərbaycan dilində dərsliklərin yazılması və nəşri üçün də xüsusi komissiya ayrılmışdı. Türkiyədən də dərsliklər alınırdı. Azərbaycan hökuməti ali təhsilin təşkili və yüksək ixtisaslı kadrların hazırlanmasını ən əsas vəzifə hesab edirdi. Bakı Universitetinin, Konservatoriyanın, Pedaqoji İnstitutun, Gəncədə Kənd Təsərrüfatı İnstitutunun açılması planlaşdırılırdı.

Siyasi şəraitin əlverişsizliyi və maliyyə cətinlikləri uzundən yalnız bir ali məktəbin – Bakı Universitetinin yaradılması üçün imkan əldə edildi. Azərbaycan Xalq Maarifi nazirinin müavini Həmidbəy Şahtaxtinski görkəmli rus alimi, Cənubi Qafqaz Univer­sitetinin rektoru Razumovskiyə müraciət edərək Bakı Universitetinin təşkili üçün yaradılan komissiyaya kömək göstərməsini xahiş etmişdi. 1919-cu il mayın 19-da komissiya təsdiq edildi və Razumovski onun sədri secildi. Mayın 31-də isə komissiya Bakı Universitetinin yaradılması haqqında qanun layihəsini, Universitet nizamnaməsini, Universitet xərclərini Xalq Maarif nazirliyinə təqdim etdi.

Universitetin açılması məsələsi mübahisələr doğurdu. Əhrar, İttihad, bitərəf müsəlman qrupu Universitetin rus dilində açılmasının əleyhinə çıxdılar. Universitetin yaradılması işində M.Ə.Rəsulzadə, H.Ağayev, Ə.Pepinov, S.Ağamalı oğlu, C.Hacinski, M. Şahtaxtinski fəal iştirak edirdilər. Onlar öz yazıları, çıxışları ilə Universitetin rus dilində açılmasının əleyhdarlarına tutarlı cavab verərək göstərdilər ki, Bakıda Universitetin açılması zəruridir və rus dilində açılacaq Univer­sitet tədricən milliləşdiriləcək, türkləşdiri­ləcək, Azərbaycan dövlətinə, türk mədəniyyətinə xidmət edəcəkdir.

1919-cu il sentyabrın 1-də parlament Bakı Universitetinin yaradılması haqqında qanunu qəbul etdi. Həmin iclasda 1919/20-ci tədris ili üçün xarici ölkələrin ali məktəb­lərinə 100 abituriyent və tələbə göndərilməsi haqqında qətnamə qəbul edildi. Bu tələbələr üçün Maarif Nazirliyinin sərəncamına dövlət xəzinəsi vəsaitindən 7 mln. rubl. ayrıldı: Avropaya göndərilən hər bir adam üçün hər ay 400 frank təqaüd, 1000 frank da yol xərci, Rusiyaya göndərilən hər bir adam üçün hər ay 3 min rubl təqaüd, 3 min də yol xərci. Hökumət təqaüdündən istifadə edən tələbələr təhsil müddəti qurtardıqdan sonra hökumətin müəyyən etdiyi yerdə 4 il xidmət etməli idi.100 nəfərdən 10-u İngiltərəyə, 23-ü İtaliyaya, 45-i Fransaya, 9-u Türkiyəyə, 13-ü Rusiyaya göndərilməli idi.

Qanuna görə, Universitetin bütün fakültələrində Azərbaycan türk dilinin keçilməsi məcburi idi. Qəbul zamanı Azərbaycan vətəndaşlarına üstünlük verilirdi. 1919-cu ilin 15 noyabr günü Universitetdə birinci dərs günü elan edildi. Bakı Dövlət Universitetinin açılması Azər­baycan hökumətinin mədəniyyət sahəsindəki böyuk qələbəsi idi.

1919-cu il oktyabrın 1-dən Qarabağın erməni məktəbləri üzrə xüsusi müfəttişlik yaradıldı və R.N.Şahnazarov müfəttiş təyin edildi. Nazirlər Şurası Qarabağda yaşayan ermənilərin mədəniyyət, xalq maarifi sahəsində öz müqəddəratını təyin etməsi üçün şərait yaratmış, bunu hüquqi cəhət­dən əsaslandıraraq 23 maddədən ibarət əsasnamə təsdiq etmişdi. Əsasnaməyə görə Qarabağda olan erməni məktəblərinə Nazirlər Şurasının rəhbərliyi altında muxtariyyət verilirdi.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   298   299   300   301   302   303   304   305   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin