XX FƏSİL
AZƏRBAYCAN İKİNCİ DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDƏ
Plan
İkinci Dünya müharibəsinin başlaması, Azərbaycan işğalçı dövlətlərin planlarında
Azərbaycan milli diviziyaları
Azərbaycan arxa cəbhədə, Bakı nefti
Azərbaycan mühacirəti müharibə illərində, Azərbaycan milli legionlarının təşkil olunması
Cənubi Azərbaycanda milli - demokratik hərəkat(1941-1946-cı illər).
İkinci Dünya müharibəsi illərində Azərbaycanın mədəni həyatı
20.1.İkinci Dünya müharibəsinin başlaması, Azərbaycan işğalçı dövlətlərin planlarında.
1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya hücum ilə İkinci Dünya müharibəsi başladı. 1941-ci il iyunun 22-də faşist Almaniyası SSR-yə hücum etdi və Böyük Vətən müharibəsi başladı. Almaniya SSR-ni tutmaq üçün ildırımsürətli müharibə planı hazırlamışdı ki, bu plan “Barbarossa” adlanırdı. Planın adı Müqəddəs Roma imperiyasının imperatoru I Fridrix Barbarossanın şərəfinə belə adlandırılmışdır. Plan 1940-cı il iyulun 21-də general Fridrix Paulyusun rəhbərliyi altında hazırlanmağa başlanmış və həmin il 18 dekabrda Vermaxtın ali baş komandanı Adolf Hitlerin 21 nömrəli direktivi ilə təsdiq edilmişdir. Plana görə 3 ay ərzində SSRİ-nin Avropa hissəsini tutmaq planlaşdırılırdı.
Əməliyyat 1941-ci il 22 iyun tarixində 4,5 milyon nəfərlik alman ordusunun hücumu ilə 2 900 km-lik SSRİ sərhədi boyunca icra edilməyə başlamış, bu hadisə tarixə ən böyük hücum əməliyyatı kimi daxil olmuşdur. Əməliyyata həmçinin 60 000 texnika və 750 000 at cəlb olunmuşdu.
“Barbarossa” planına uyğun olaraq 22 iyun 1941-ci ildə SSRİ-yə hucum üçün Almaniya və onun müttəfiqlərinin 190 diviziyası (ö cümlədən 19 tank və 14 mühərrikli diviziya) cəmləşdirilmişdi. Onları dörd hava donanması, eləcə də Rumıniya və Finlandiya aviasiyası dəstəkləyirdi. Hücum üçün cəmləşdirilmiş qoşunlar 5,5 mln əsgər, 4300 tank, 47 min səhra topları və minaatanları, 5000 döyüş təyyarəsindən ibarət idi. Almaniya üç istiqamətdə hücum hazırlamışdı. Şimal ordular qrupu 29 alman diviziyasından ibarət idi və Memeldən (Klaypedadan) Qoldapa qədər zolağda hərəkət etməli idi.Mərkəz ordular qrupu hamısı alman olmaqla 50 diviziya və 2 briqadadan ibarət idi və Qoldapdan Pripyat bataqlıqlarına qədər zolağda, Cənub ordular qrupu isə alman, rumın, macarlardan təşkil olunan 57 diviziya və 13 briqadaan ibarət idi və Pripyat bataqlıqlarından Qara dənizə qədər zolağda hərəkət etməli idi.Məqsədinə müvafiq olaraq, Şimal ordu qrupu Leninqrad, Mərkəz ordu qrupu Moskva və Cənub ordular qrupu isə Kiyev istiqamətində hərəkət etməli idi.
Finlandiya və Norveçdə, 5-ci hava donanması və fin aviasiyasının dəstəyi altında, cəmi 21 diviziya və üç briqada olmaqla, alman "Norveç" ordusu və 2 fin ordusu cəmləşmişdi. Onlar şimaldan Murmansk və Leninqrada çıxmalı idilər. 24 diviziya rezervdə saxlanılırdı. Həmin plana əsasən, faşist ordusu ildırım sürətilə qışa qədər Arxangelski – Həştərxan xəttinə çıxmalı idi. 1941-ci ilin sonlarında almanların Moskva ətrafındakı döyüşlərdə geri oturdulmasından sonra əməliyyatın tam uğursuz olduğu məlum oldu.
Cənub ordu qrupları Kiyevi tutduqdan sonra Qafqazı və Bakını ələ keçirməli idi. Almaniyanın Qafqazı tutmaq planı “Edelveys” adlanırdı.
Azərbaycan Almaniyanın işğalçılıq planında xüsusi yer tuturdu. Azərbaycanda Komissarlıq idarə forması yaradılmalı və bu Komissarlıq Tiflisdə yerləşən Qafqaz reyxkomissarlığına tabe olmalı idi. Almaniya Sovet dövlətini məğlub etdikdən sonra türk xalqları yaşayan ərazilərdə Almaniyadan asılı olan “Böyük Türküstan” dövləti yaratmağı planlaşdırırdı. Almaniya Bakı neftini ələ keçirmək, Cənubi və Şimali Azərbaycanı bu dövlətin tərkibinə daxil etmək, hərbi məntəqəyə çevirmək niyyətində idi.
ABŞ və Böyük Britaniya dövlətləri də Qafqazı tutmaq üçün “Vilvet” planını hazırlamışdılar. Bu plana əsasən, Sovet qoşunları Stalinqrada aparılmalı, Qafqazda onların qoşunları yerləşdirilməli və bu yolla Qafqazı SSRİ-dən ayırmaq istəyirdilər.
Sovet rəhbərliyi isə azərbaycanlılara inamsız yanaşır, Krım tatarları,çeçenlər, inquşlar və Qafqazın sair müsəlman xalqları kimi, azərbaycanlıların da Qazaxıstan və Mərkəzi Asiyaya köçürməyi düşünürdü. Lakin M.C.Bağırov Stalini inandıra bildi ki, bu tədbir Bakıda neft hasilatını iflic edəcək, ölkənin müdafiəsinə ağır zərbə vuracaqdır və beləliklə Azərbaycan əhalisinin kütləvi deportasiyası təhlükəsi sovuşdu.
Dostları ilə paylaş: |