Azərbaycanlıların partizan və antifaşist hərəkatında iştirakı. Azərbaycanın oğul və qızları işğal olunmuş Sovet və Qərbi Avropa torpaqlarında partizan və müqavimət hərəkatında faşistlərə qarşı partizan dəstələrinə qoşulmuşlar. İsmayıl Əliyev Smolenskidə Liza Çaykina adına partizan briqadasının qərərgah rəisi idi. 1943-cü ildə Məmməd Əliyevin başçılığı ilə 50 nəfər faşislərin əsir düşərgəsindən qaçaraq Krımda xüsusi partizan dəstəsi yaratmışdılar. Polkovnik Ələkbər Əliyev 1942-ci ildə Belarusiyanın Borisov şəhərində fəaliyyət göstərən “Dyadya Kolya” partizan birləşməsinin qərargah rəisi idi. 1944-cü ildə Suvorov adına partizan dəstəsinin komandiri olmuşdur.
Azərbaycanlılar Avropada partizan və müqavimət hərəkatında da fəal iştirak edirdilər. 1942-ci ilin yazında Polşada Rodezi həbs düşərgəsində Hadi Qiyasbəyli və Mirzəxan Məmmədov antifaşist təşkilatı yaratdılar ki, onların fəaliyyəti nəticəsində əsirlər düşərgədən qaçıb partizanlara qoşulurdular.
1942-ci ildə Fransada əsir düşərgəsindən qaçan Əhmədiyyə Cəbrayılov “Armed Mişel (Xarqo)” adı ilə Fransa müqavimət hərəkatında iştirak etmiş, De Qoll onu şəxsən hərbi medalla təltif etmişdi ki, bu medal paradda ona generaldan qabaq getmək hüququ verirdi. Büxenvald həbs düşərgəsində igidliyi ilə şöhrət qazanmış A.Ağayev əsirlər arasında iş aparırdı.
1942-ci ilin avqust ayında yaralanaraq əsir düşmüş Mehdi Hüseynzadə əsirlikdən qaçmış, İtaliya və Yuqoslaviyada “Mixaylo” adı ilə kəşfiyyatçı kimi şöhrət qazanmış, ələ keçməmək üçün özünü öldürmüşdü. 1957-ci ildə ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Əli Babayev İtaliyada Qaribaldi adına partizan batalyonunun komandiri olmuş, İtaliyanın hərbi igidliyə görə gümüş medalına layiq görülmüşdür. Vilayət Hüseynov İtaliya faşist diktatoru Mussolinin həbs edilməsində iştirak etmişdir.
1945-ci il mayın 9-da faşist Almaniyası, sentyabrın 2-də isə Yaponiya təslim oldu. SSRİ müharibədə qalib gəldi, İkinci Dünya müharibəsi qurtardı. 121 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər şöhrət ordeninin hər üç dərəcəsinə layiq görüldü, 176 min nəfər müxtəlif orden və medallarla təltif edildi.
Dostları ilə paylaş: |