SəRBƏst iŞ Fakültə: Nəqliyyat və logistika İxtisas-Nəqliyyat mühəndisliyi Müəllim:Əliyev Eldar



Yüklə 22,27 Kb.
tarix27.03.2022
ölçüsü22,27 Kb.
#54274
Birinci Rus İran müharibəsi


AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ

SƏRBƏST İŞ

Fakültə:Nəqliyyat və logistika

İxtisas-Nəqliyyat mühəndisliyi

Müəllim:Əliyev Eldar

Tələbə: Rafil Tarverdiyev

Qurp :101a1

Fənn: Azərbaycan tarixi.

Birinci Rus İran müharibəsi



Birinci Rus-Qacar müharibəsi — 10 iyun 1804–12 oktyabr 1813-cü illərdə Rusiya və Qacarlar imperiyası arasında olmuşdur.Rusların Azərbaycanı ələ keçirmək üçün etdiyi hərbi Muharibədə Qacarların bu torpaqları qorumaq üçün etdikləri savaşdır

Azərbaycan xanlarının heç birinin, ölkələrini birləşdirməyə nail olmadıqları və xanlıqlar arasında ara müharibələri geniş vüsətdə davam etdiyi bir zamanda əslən Azərbaycan türkü olan – Qacarlar tayfasından olan Ağa Məhəmməd xan Qacar Cənubi Azərbaycan ərazisində vahid dövlət yaratmaq üzrə idi. Kərim xan Zəndin ölümündən sonra Şiraza üz tutan Ağa Məhəmməd xan Qacar Astrabada gəldi. Burada möhkəmlənib uzun və qanlı mübarizələrdən sonra İsfahanı, Yəzdi, Kermanı, Şirazı özünə tabe edə bildi. Ağa Məhəmməd xan Gilanda əvvəlcə Hidayət xanın, sonra isə öz doğma qardaşı Murtuzaqulu xanın şiddətli müqavimətinə rast gəldi.

Gəncənin əlverişli geosiyasi mövqedə yerləşdiyini nəzərə alan Rusiya həmin ərazini ordunun dayağı kimi istifadə edərək Azərbaycanın digər xanlıqlarını da işğal etmək üçün bu ərazini seçir. Rus ordusunun komandanlığı Gəncəni "İranın şimal əyalətlərinin açarı" adlandırırdı. General Sisianov yazırdı ki, Gəncə qalası özünün əlverişli coğrafi mövqeyi ilə Azərbaycan ərazisində xüsusi rol oynayır, ona görə də Rusiya üçün onu tutmaq ən önəmli məsələdir.

Cavad xana təslim olmağı bir neçə dəfə təklif edən Sisianov hər dəfə rədd cavabı aldı. 1803-cü il noyabrın 20-də general Sisianov Tiflis istiqamətindən Gəncəyə tərəf hərəkətə başladı, qoşun dekabr ayında Gəncə qalasına gəlib çatdı. Qalanı almağın çətin olduğunu başa düşən Sisianov, müəyyən hazırlıqdan sonra, 3 yanvar 1804-cü ildə səhər saat 5-də hücum əmri verdi və ağır döyüşdən sonra ruslar qalanı aldılar. Bu döyüşdə Cavad xan və iki oğlu qəhrəmancasına həlak oldu. Gəncə müharibəsində yaralılardan başqa, iki mindən çox adam həlak olmuşdu, on səkkiz minədək adam isə əsir tutulmuşdu. Bu işğaldan sonra Gəncə şəhərinin adı Aleksandrın arvadı Yelizavetanın şəhərinə dəyişərək Yelizavetpol qoyuldu.

Gürcüstanın, Şimali Azərbaycanın bir hissəsinin Rusiya tərəfindən işğalı Qacar və Türkiyənin, habelə onların arxasında duran İngiltərə və Fransanın narahatlığına səbəb oldu. XIX əsrin birinci yarısında yaşamış Azərbaycan tarixçisi A.Bakıxanovun yazdığına görə, "İran rusların sürətli müvəffəqiyyətlərinə dəhşətlə baxırdı. İran şahı 70 minlik qoşununu Zaqafqaziya sərhədlərində cəmləşdirdi". Şah sarayı Rusiya ilə müharibəyə hələ 1801-ci ilin yazından – İngiltərə ilə müqavilə bağladıqdan sonra hazırlaşırdı. Elə həmin ilin sentyabrında Ənzəlidə sahil istehkamları quruldu. Fətəli şah Zaqafqaziyanı tutmağa hazırlaşaraq, əvvəlcə Gürcüstan və Gəncə ilə həmsərhəd olan bütün xanlıqların ərazilərini ələ keçirmək niyyətində idi. O, bu məqsədlə 1802-ci ilin iyulunda 20 minlik qoşunu sərhədə göndərməyi qərara aldı. Fətəli şah Avropa kralları və imperatorlarına məktubla müraciət edərək kömək almağa çalışdı. Lakin Qacarlarının daxilində baş vermiş çaxnaşmalar və İngiltərə tərəfindən real köməyin olmaması davakar əhvali-ruhiyyəli şah sarayına soyuducu təsir göstərirdi. İngiltərə isə I Pavelin öldürülməsindən və xüsusən də Fransa qoşunlarının Suriya və Misirdən getməsindən belə qənaətə gəldi ki, Hindistana yürüş planı Napoleonun Şərq siyasətinin gündəliyindən çıxarılmışdır və şaha köməyə ehtiyac qalmayıb. Ona görə də İngiltərə vəd verməkdən uzağa getmirdi. Bununla belə o, İranı Rusiya ilə müharibəyə qızışdırırdı. İran sarayı Rusiya ilə müharibəyə hazırlaşaraq Gürcüstanı Rusiyaya qarşı birgə çıxışa cəlb etmək məqsədilə öz nümayəndələrini buraya göndərdi. Zaqafqaziyanın hər yerinə şahın Gəncə və Gürcüstan üzərinə yerimək niyyətindən xəbər verən, xanlardan itaət və kömək göstərilməsini tələb edən fərman göndərildi. O yazırdı ki, taxt-tac varisi Abbas mirzənin 50 minlik ordusu Rusiyaya birləşdirilmiş vilayətləri qoparıb almaq üçün Zaqafqaziyaya yeridiləcəkdir. Kızılyaradək bütün ölkələri "kafir ruslardan" təmizləyəcəyinə lovğalıqla bəyan etmiş şahın özü də başlıca qüvvələrlə birlikdə Abbas Mirzənin qoşunlarının ardınca hərəkət etməyə hazırlaşırdı. 1804-cü ilin mayında Fətəli şah başda olmaqla İranın yuxarı feodal təbəqələri rus qoşunlarının Zaqafqaziyadan çıxarılmasını tələb etdi. Tələb rədd olundu və 1804-cü il iyulun 10-da Rusiya ilə İran arasında diplomatik əlaqələr kəsildi, 10 il davam etmiş Rusiya-İran müharibəsi başlandı.

Azərbaycanın yerli əhalisinin Rusiya-İran müharibəsinə münasibəti eyni cür deyildi. Azərbaycanın bəzi feodal hakimləri, habelə feodalların da bir hissəsi öz hakimiyyətlərini itirməkdən qorxaraq, müharibəyə öz xilaskarı kimi baxır və şah İranın qalib gələcəyi təqdirdə öz hakimiyyətlərini saxlayacaqlarını düşünərək, ona kömək etməyə hazır idilər və imkan daxilində kömək göstərirdilər Həm daxildən, həm də xaricdən törədilən sonsuz müharibələrdən xilas yolu axtaran və bunu Rusiyanın sayəsində əldə edə biləcəyini zənn edən əhalinin bir hissəsi isə rus qoşunlarına kömək göstərmək istəyirdi. Ümumiyyətlə isə əhali nə İranın, nə də Rusiyanın istilasına məruz qalmaq istəmir, öz xanlarına müraciət edərək, istilaçılara qarşı mübarizədə onlara hər cür kömək göstərməyi vəd edirdilər.

Müharibənin başlanğıcında Zaqafqaziyadakı rus qoşunlarının komandanlığı müharibə aparmağın hücum planını seçdi. İlk döyüş 1804-cü il iyulun 2-də İrəvan xanlığının ərazisində Üçkilsə divarları yanında baş verdi. 12 topu olan 3600 nəfərlik piyada, süvari eskadronu və 2 kazak yüzlüyündən ibarət rus qoşunu 20 minlik İran qoşunu ilə qarşılaşdı. Rus qoşunları gürcü süvari dəstələrinin köməyi ilə üstünlük qazandılar.1805-ci il iyunun ortalarında Qacarların qoşunları Qarabağa daxil oldu. İyulun 26-da şah qoşunları rus qarnizonun yerləşdiyi Şahbulaq qalasını mühasirəyə aldı.

İkinci döyüş İrəvan yaxınlığında, Qəmərli kəndinin yanında baş verdi, 1804-cü il iyulun 29-dan 30-na keçən gecə rus qoşun dəstəsi ilə İran qoşunlarının böyük birləşməsi arasında qanlı döyüş oldu. Rus qoşunları tutduqları mövqeləri qoruyub saxlaya bildilər. Lakin azuqənin çatışmazlığı, qoşunların azlığı, habelə İran qoşunlarının kiçik rus dəstəsi yerləşmiş Gəncəyə tərəf irəliləməsi üzündən sentyabrın 4-də rus qoşunları İrəvandan geri çəkildi.

Gəncənin alınması, rus qoşunlarının sonrakı müvəffəqiyyətləri Azərbaycan xanlıqlarının istilasının sürətlənməsində mühüm rol oynadı. General Sisianov hələ 1804-cü ilin əvvəlində mayor Lisaneviçi Qarabağa İbrahimxəlil xanın yanına göndərərək ondan Rusiya təbəəliyinə keçməyi tələb etdi. İbrahimxəlil xan İran qoşunlarının hücumunun qarşısını almaq üçün Sisianovdan hərbi kömək xahiş edib, Rusiyaya kömək göstərmək və ona sadiq qalmaq vədi verdi. Qarabağ xanının Rusiya ilə yaxınlaşmasından həyəcana düşmüş İran sarayı İbrahimxəlil xanın oğlu Əbülfəth xanı 500 nəfərlik dəstə ilə Qarabağa göndərdi. Lakin İbrahimxəlil xan onu düşməncəsinə qarşıladı və onun dəstəsini Dizax yaxınlığında əzdi.

Qarabağ xanının bu qələbəsindən sonra Sisianov onun xahişinə görə Qarabağa mayor Lisaneviç başda olmaqla dəstə göndərdi. Eyni zamanda o, Rusiya təbəəliyini qəbul etmək barədə cavabı sürətləndirməyi tələb etdi. İbrahimxəlil xan xanlığını qoruyub saxlamaq məqsədilə Sisianovla görüşməyə razılıq verdi. General Sisianov Gəncə yaxınlığındakı Kürək çayının sahilinə gəldi və düşərgə saldı. İbrahimxəlil xan da buraya gəldi və 1805-ci il mayın 14-də Sisianovla görüşdü. Görüşdə müqavilə imzalandı. Bu müqaviləyə əsasən xan. Onun varisləri və xanlığın bütün əhalisi Rusiya təbəəliyinə qəbul olunur və onların üzərinə rus çarına sadiq qalmaq təhəddüdü qoyulurdu. Çar isə, öz növbəsində, bu xan sülaləsinin hüquqlarını "bütün zamanlar üçün" təsdiq edirdi, lakin hər dəfə xan varisləri çar tərəfindən təsdiq olunmalı idi. Xan öz nəvəsini əmanət verməyi boynuna götürdü. O, Tiflisdə qalmalı idi. Xanlığın daxili idarəsi xanın ixtiyarında saxlanıldı. Lakin o, rus qarnizonunu Şuşaya buraxmağı və onu zəruri şeylərlə təmin etməyi öz üzərinə götürdü. Xan hər il öz gəlirlərindən Rusiya xəzinəsinə 8000 çervon ayırmağı öhdəsinə götürdü.

Bəzi xanlıqlar tərəfindən Rusiya hakimiyyətinin döyüşsüz qəbul edilməsi faktı çarizmin burada işğalçı məqsədlər güdməməsi kimi qəbul edilməməlidir. İlk zamanlar bəzi xanlıqların daxili muxtariyyət hüququnun saxlanılmasına gəldikdə isə bu, öz qarşısında İngiltərə və Fransanın həvəsləndirdiyi İran və Türkiyə kimi rəqibləri görərək, Zaqafqaziyada böyük ehtiyatla hərəkət etməyə can atan çarizmin müvəqqəti tədbiri idi. Müharibənin elə ilk ilində şah sarayının İngiltərəyə bəslədiyi ümmidlər özünü doğrultmadı. İngiltərə bu illərdə Rusiyanın iştirakı ilə yeni antinapoleon koalisilasını yaratmağa çalışırdı. İngiltərə Rusiya-İran müharibəsini qızışdıraraq, öz müttəfiqinə — İrana münasibətdə ikiüzlü siyasət yürüdürdü: İran tərəfindən 1801-ci il müqaviləsinin şərtlərinə əməl olunmasını tələb edərək, özünü elə aparırdı ki, guya ki, onun özü müttəfiqlik borclarından azaddır. İngiltərənin belə siyasəti onunla nəticələndi ki, 1804-cü ilin payızında İran şahı Rusiya əleyhinə Fransa ilə ittifaq bağlamağa hazır olması barədə Napoleona məktub göndərdi. Napoleon bundan istifadə etməyi qərara aldı və İstanbuldakı fransız səfirinə İranla danışıqlara başlamaq barədə göstəriş verdi. 1805-ci il yay kompaniyasının gedişində İran qoşunları iyunun ortalarında Qarabağa soxuldular və onu talan etdilər. Hələ bu yaxınlaradək laləzar torpaqlar olan hər yerdə indi ancaq kəndlərin xarabalıqları, geniş tut bağlarının qalıqları, bir də atılmış və baxımsız qalmış tarlalar görünürdü.

Pirqulu xan Əsgəranı tutdu və Qarabağın içərilərinə irəlilədi. 1805-ci ilin iyunun 26-da şah qoşunlar, polkovnik Koryagin başda olamqla azsaylı rus qarnizonunun yerləşdiyi Şahbulağı mühasirəyə aldılar.Abbas Mirzə qalanın təslim olmsını tələb etdi. Koryagin vəziyyətin çıxılmazlığını görərək, qalanı iyulun 8–də təslim etməyə razılaşdı, özü isə iyulun 7-nə keçən gecə dəstəsi ilə düşmənin xəbəri olmadan qalanı tərk etdi. Abbas Mirzə rus dəstəsinin gizlicə oradan çıxmasını bilən kimi onu təqib etməyə başladı, lakin ona hücum etməyə cürət etmədi. Şahbulaqdan şimaldakı Muxrat qəsrində dayanmış Koryaginə kömək gələndə şah qoşunları geri çəkildilər. Koryaginin dəstəsi Gəncəyə gəldi və burada Kotlyarevskinin dəstəsi ilə birləşdi.İyulda İran qoşunları Qazaxa soxuldular. İran qoşunlarının komandanı yerli əhalinin köməyinə ümid bəsləyirdi. O, kətxudalara bəyanatla müraciət edərək, Qazax sakinlərini Rusiyaya qarşı üsyana çağırdı. Koryagin 570 nəfərlik dəstə ilə döyüş əməliyyatları meydanına tələsdi və iyulun 27-də Zəyəm yaxınlığındakı İran düşərgəsinə hücum etdi.İran qoşunlarının 1805-ci ilin yay hərbi kompaniyasındakı Azərbaycanda öz mövqeyini daha da möhkənləndirmək, Şirvan. Bskı və Quba xanlarını tabe etmək imkanı verdi.

Hələ Qarabağ və Şəki xanlıqları ilə müqavilələr bağlanan dövrdə Sisianov Rusiya hakimiyyətini qəbul etməyi şirvanlı Mustafa xandan da tələb etmişdi. Şirvan xanı qonşu Azərbaycan xanlıqları üzərində onun hakimiyyətinin tanınması şərti ilə bu tələblə razılaşdı. Mustafa xan illik bac verməkdən boyun qaçırır, daxili idarədə özünün müstəqilliyi barədə təminat və özünə daimi məvacib təyin olunmasını tələb edirdi. Sisianov isə özünün irəli sürdüyü şərtlərlə Rusiya hakimiyyətini qəbul etməyi tələb edirdi və danışıqların heç bir şey verməyəcəyinə əmin olduqdan sonra 1805-ci ilin noyabrında Mingəçevir yaxınlığında Kürü keçərək Şamaxıya doğru yeridi. Onun 10 topu olan dəstəsi 1100 piyadadan vəm süvarilərdən ibarət idi.General Sisianov Şirvana doğru hərəkət edərkən İbrahimxəlil xandan kömək tələb etdi və o da 1500 süvari ilə birlikdə öz böyük oğlu Mehdiqulu ağanı göndərməyə məcbur oldu. Rus qoşunlarının yaxınlaşdığını eşidən Mustafa xan Sisianovun tələbini qəbul etmək qərararına gəldi, xanlığın xarici əlaqələr hüququnun Rusiyaya verilməsinə, ildə 10 min çervon bac ödəməyə, xanlığın hüdudları daxilində ticarətin təhlükəsizliyini təmin etməyə və s. razılaşdı. Bununla belə xan danışıqlardan boyun qaçırdı, təbii qala və möhkəm sığınacaq olan Fitdağda mövqeyini möhkəmləndirdi. Sisianov qoşunlarını Şamaxının lap yaxınlığına çəkməyə başladı. Rus qoşunları Fitdağa yaxınlaşdı. Öz vəziyyətinin çıxılmazlığını görən xan Rusiya təbəəliyinə keçməyərazı oldu. Mustafa xan və Sisianovun 1805-ci il dekabrın 27-də imzaladıqları müqavilə əvvəlcə bağlanmış iki müqavlə ilə eyni idi.Qarabağ və Şəki xanlıqlarının Rusiya hakimiyyəti altında keçməsi haqqındakı müqavilərlə eyni olan bu müqavilədə rus qoşunlarının Şamaxıda mütləq yerləşdirilməsindən danışılmırdı. Şamaxı xanlığının illik bacı 7 min çervon məbləğində müəyyənləşdirildi. Şamaxı xanlığı öz ərazisindən keçən karvanların təhlükəsizliyini təmin etməyə borclu idi. Xan, həmçinin, Kür sahilində — Cavadda möhkəmləndirilmiş rus məntəqəsinin tikilməsinə icazə verməsi ilə də razılaşırdı.

Azərbaycanın ən iri xanlıqlarından birinin – Şamaxı xanlığının tabe edilməsi çar Rusiyası üçün bütün Şimali Azərbaycanın ələ keçirilməsində mühüm əhəmiyyətə malik idi. Şamaxı xanlığı digər xanlıqlar arasında mərkəzi mövqe tuturdu, böyük iqtisadi,siyasi və hərbi-strateji əhəmiyyətə malik idi.



Ədəbiyyat siyahısı

1.Nuriyeva İradə Tofiq qızı. AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək). Ali məktəblər üçün dərslik. – Bakı: Mütərcim, 2015. – 336 səh.

 2. AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan — XXI əsrin ilk onilliklərinədək), Ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri),  “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016
Yüklə 22,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin