İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə334/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   330   331   332   333   334   335   336   337   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Milli hökumətin süqutu. Cənubi Azərbaycan Milli hökumətinin uğurları İran hökumətini çox təşvişə salmışdı, çünki demokratik tədbirlərin İranın başqa əyalətlərinə də yayılacağından qorxurdular. Buna görə İran hökuməti Cənubi Azərbaycan Milli hökumətini boğmağa çallışırdı. Amma bu mənfur niyyəti həyata keçirmək üçün əvvəlcə Sovet ordusunun Cənubi Azərbaycandan çıxarılmasına nail olmaq lazım idi. 1946-cı ilin yanvarından ABŞ və İngiltərənin dəstəyini qazanan İran “Cənubi Azərbaycan” məsə­ləsinin BMT-də baxılma­sına nail oldu. Uzun müzakirələrdən sonra BMT 1946- ilin martında Sovet qoşun­larının İrandan mayın 8-dək çıxarılması haqqında qərar qəbul etdi. Qərar SSRİ tərəfindən həyata keçirildi. Sovet rəhbərliyi qoşunları çıxarmaqla Cənubi Azərbaycan Milli hökumətini İran rejimi ilə qarşı-qarşıya qoydu.

İran SSRİ ilə Cənubi Azərbaycanda neft axtarışı və çıxarıl­masının konsepsiyası haqqında müqavilə imzalamaqla SSRİ-nin “ Cənubi Azərbaycan “ məsələsində bitərəf qalma­sına nail oldu.

Mərkəzi hökumət 1946-cı il sentyabrın 1-də Azərbaycan üzərinə ümumi silahlı hücuma başladı. İranın irticaçı dairələrinin bəhanələrinin qarşısını almaq məqsədilə Azərbaycan əyalət əncüməni 1946-cı il noyabrın 12-dən başlayaraq Azərbaycan xalq qoşunlarının və fədai qüvvələrinin Zəncan vilayətindən çıxmasına göstəriş verdi. İran dövlət qoşunu Zəncan vilayətini işğal etdi. Zəncana həmçinin irticaçı mülkə­darların silahlı quldur dəstələri də gətirildi. Azərbaycanlılara qarşı qanlı qırğın başlandı.

İran baş naziri Qəvvam-əs-Səltənə noyabrın 21-də İranın XV məclisinə guya seçkilərin azadlığını təmin etmək üçün bütün seçki məntəqələrinə hökumət tərəfindən “nəzarət qüvvələri” adı altında qoşun göndəriləcəyini elan etdi və Azərbaycan əyalət əncü­məninin başçısı Şəbüstəriyə teleqram vurdu. Azərbaycan əyalət əncü­məni buna qəti etirazını bildirdi Göndərdiyi cavab teleqramında Şəbüstəri etiraz edərək yazırdı ki, əlahəzrət Azərabaycan xalqını öz deputatlarını məclisə göndərməkdən məhrum edir və bunda məqsəd demokratik hərəkatı boğmaqdır. Qoşun yeridilməsi demokratik hərəkata qarşı müharibə elan etməkdir. Seçkilər keçirtməyə nəzarət üçün qoşun deyil, mətbuat nümayəndələri gələ bilər. Şəbüstəri teleqramında ümid edirdi ki, İran hökuməti qarşılıqlı anlaşmaya zərbə vurmayacaqdır.

Amma belə olmadı. Güney Azərbaycana hücum edildi. Qəvvam-əs-Səltənə dinc yolla məsələni həll etmək vədinə xilaf çıxdı. İran qoşunları toplar, tanklar, minaatanlar və təyyarələrlə dekabrın 1-dən bütün cəbhə boyu şiddətli döyüşlərə başladılar. Azərbaycan fədailəri fədakarlıqla vuruşurdular. Mərkəzi hökumət cəbhəyə bütöv ordu və onlarca tank yeritdi. Azərbaycan əyalət əncüməninin göstərişi ilə dekabrın 11-də Azərbaycan xalq qoşunları və fədai qüvvələri döyüş meydanlarını tərk etdilər və geri çəkilməyə başladılar. İran qoşunlarının ilk dəstələri 50 kəndlini güllələyib cəsədlərini Qızıl Üzən çayına atdılar. Tanklar Ərdəbil vilayətində kəndləri viran qoydular. Təbrizdə binalardan tutmuş abidələrədək hər şey dağıdıldı. Azərbaycanın şəhər, rayon və kəndlərinin küçə və meydanları fədai meyid­ləri ilə doldu.12 dekabrda İran qoşunları Təbrizi ələ keçirdilər. Əhaliyə divan tutuldu. Milli hökumətin üzvləri və tərəfdarlarına qarşı təqiblər başladı.

Cənubi Azərbaycanın general-qubernatoru doktor Cavid və əncümənin sədri Şəbüs­təri həbs edildi, xalqa qarşı kütləvi terror baçladı. Cənubi Azərbaycan İran hərbçilərinin əlinə keçdi. Təkçə 1946-cı ilin dekabrın ikinci yarısında təxminən 25 min adam öldürüldü. Minə qədər ailə Araz çayını keçərək Şimali Azərbaycana gəldi. 1947-ci ilin sonunadək Cənubi Azərbaycanda 20 min nəfər həbs olundu, 17 min nəfər İranın havası ağır olan cənub-şərq vilayətlərinə sürgün edildilər.

Milli hökümətin rəhbəri S.C.Pişəvəri zor gücünə SSRİ-yə gətirildi. Sovet rəhbər­liyini satqınlıqda günahlandıran və İrana qayıtmaqda israrlı olan S.C.Pişəvəri 1947-ci il iyulun 12-də Gəncə-Yevlax yolunda müəmmalı avtomobil qəzasında həlak oldu.

1946-cı il dekabrın 20-dən sonra Cənubi Azərbaycandakı xalq hakimiyyəti devrildi. Azərbaycan Milli Demokratik hərəkatının qəddarcasına yatırılmasından sonra maarif və mədəniyyət sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş qanun və qərarlar ləğv edildi. Mərkəzi hakimiyyət Azərbaycan dilindən istifadə dairəsini xeyli məhdudlaşdırdı. Ana dilində çıxan kitablar yandırıldı. Təbriz universiteti və teatrı bağlandı, ana dilində radio yayımlarının və kinofilmlərinin nümayiş etdirilməsi qadağan olundu. Yenidən fars dilini rəsmi dövlət dili və ünsiyyət vasitəsi kimi yaymaq siyasətinə başlandı.

Təhsil sistemində Azərbaycan dili qadağan olundu. Bütövlükdə Cənubi Azərbay­canda orta, xüsusilə də ali təhsilə zərbə endirildi. Sonrakı illərdə Azərbaycanda yeganə təhsil ocağı kimi Təbriz universiteti saxlanılsa da, onun şəraiti aşağı səviyyədə idi. İran hakim dairələri Universitetdə azərbaycanlıların azlıq təşkil etməsinə və başqa şəhərlərdən gələnlərin sayının çox olmasına çalışırdılar. Yeridilən siyasət nəticəsində azərbaycanlılar Cənubi Azərbaycandan mühacirət etməyə başladılar. Təbriz universitetində təhsil alan azərbaycanlı tələbələrin alman, fransız və fars dillərini bilməsi məcburi olsa da, mərkəzi hökumət Azərbaycan dilini qadağan etdi.

Məğlubiyyətdən sonra İran hakim dairələrinin şovinist siyasəti Cənubi Azərbay­canda mədəniyyətə də ciddi zərbə vurdu. Demokratik hüquqlar uğrunda mübarizə ruhlu bədii və elmi nəşrlər qadağan edildi. Cənubi Azərbaycanın bir sıra şair və yazıçısı mühacirət etdi. Təqib edilən mütərəqqi şair və yazıçıların əksəriyyəti öz əsərlərini xarici ölkələrdə çap etdirməyə məcbur oldular.

Şah rejimi düşünülmüş şəkildə Cənubi Azərbaycan tarixi abidələrini məhv etməyə başladı və onlar fars abidələri kimi qələmə verildi. Rəssamların, sənət adamlarının qarşı­sına sədlər çəkildi. Mərkəzi hökumət radio və televiziyadan güclü ideoloji təsir vasitəsi və farslaş­dırma aləti kimi istifadə edirdi. Musiqiçilər təqib olunurdu. Azərbaycan dilindəki mətbuata kəskin zərbə endirildi. İran hakim dairələri azərbaycanlılara ölkənin bütövlüyünü parçalaya biləcək potensial bir qüvvə kimi baxmağa başladılar və onların assimilyasiya edilməsi siyasətini yeritdilər. Bu isə bütün sahələrə kəskin zərbə endirdi. Mərkəzi hökumət Cənubi Azərbaycanda eyni siyasəti sosial-iqtisadi sahədə də yeritməyə başladı. İrticanın hücumu Cənubi Azərbaycanın inkişafına zərbə vurdu.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   330   331   332   333   334   335   336   337   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin