Dinc əməyə keçid. Azərbaycan müharibə zonasında olmasa da, onun xalq təsərrüfatı 1941-1945-ci illərdə böyük ziyan çəkmişdi. Təkcə bunu göstərmək kifayətdir ki, 1941-ci ildə 22,5 mln. ton olan neft istehsalı 1945-ci ildə 11 mln. tona enmişdi. Lakin müharibədən sonrakı ilk beşillikdə (1946-1950) xalq təsərrüfatının bərpası və inkişafı sahəsində xeyli böyük işlər görüldü. Müharibədən sonrakı 10 il ərzində 108 yeni iri sənaye müəssisəsi tikildi, məhsul istehsalı isə 1948-ci ildə müharibədən əvvəlki səviyyəyə çatdırıldı. Neft sənayesində yeni texnika və texnologiya tətbiq edildi. 1948-ci ildə dünyada ilk dəfə açıq dənizdə neft-mədən estakadası quruldu. 1949-cu il noyabrın 7-də Neft daşlarında ilk dəniz neft quyusu fontan vurdu. 1955-ci ildə Azərbaycanda 5 min metr dərinliyi olan ən dərin neft quyusu qazıldı. Lakin bu ildən başlayaraq mərkəzin Azərbaycan neftinə marağı azalmışdı, çünki Uralda və Sibirdə zəngin neft yataqları kəşf edilmişdi.