6.2.Azərbaycan Ərəb xilafətinin tərkibində.
Cavanşirin öldürüldüyü 681-ci ildə, xəlifə I Müaviyə də dünyasını dəyişdi və bundan sonra xilafətdə hakimiyyət uğrunda mübarizə kəskinləşdiyindən ərəblər Albaniyada baş verənlərə qarışa bilmədilər. Lakin VIII əsrin əvvəllərindən xilafət yenidən Albaniyanın daxili işlərinə qarışmağa başladı.Bunun səbəblərindən biri də Albaniyanın tamamilə Bizans yönümlü siyasət aparması idi. Belə ki, Alban kilsə patriarxı Nerses Bakurun dövründə (688-704) dualarda daha çox Bizans imperatorunun adı çəkilir, Xilafətin hökmləri rədd edilirdi. Alban patriarxlığının ləğv edilməsinə çalışan erməni katalikosu bu fürsəti əldən vermədi və patriarx Bakurun siyasəti haqqında xəlifəyə məktub yazdı və albanları cəzalandırmağı xahiş etdi.
Məktub Əməvilər sarayında narahatlıq yaratdı və tezliklə xəlifə Əbdülməliyin göstərişi ilə Albaniyaya qarşı cəza qoşunu göndərildi. 705-ci ildə sərkərdə Məhəmməd ibn Mərvanın qoşunları Albaniyanı işğal etdi və ərəblər Albaniyanın müstəqilliyinə son qoydular. Bu hadisədə alban hökmdarlarının Bizansyönümlü siyasət aparması əsas səbəb olmuşdu. Bununla da, 705-ci ildə Albaniya bir dövlət kimi siyasi səhnədən silindi. Sonuncu alban çarı olan Şeruyyə ailə üzvləri ilə birlikdə həbs edildi, Dəməşqə aparıldı və 3 il həbsdə saxlanıldıqdan sonra edam edildilər.Bu hadisədən sonra Azərbaycanı tutmaq uğrunda Xəzər-Ərəb qarşıdurması yenidən qızışdı.100 ilə yaxın davam edən bu qarşıdurmada gah ərəblər, gah da xəzərlər uğur qazanırdılar. 707-708-ci illərdə Cənubi Qafqaza canişin təyin olunmuş Məhəmməd ibn Mərvan qardaşı oğlu Məsləməni Xəzərlərə qarşı göndərdi. Xəzərləri Dərbənddən şimala qovan Məsləmə geri - əmisinin yanına qayıtdı. 709-732-ci illərdə fasilələrlə Cənubi Qafqaza canişin təyin olunan Məsləmə ibn Əbdulmalik şimalda Bələncərə qədər irəliləyərək xəzər türklərini məğlub etdi. 722-725-ci illərdə Cənubi Qafqaz canişini Məsləmənin qardaşı Əl-Cərrah təyin olundu.Əl-Cərrah da xəzərlərə qarşı uğurlu yürüş təşkil etdi. 730-cu ildə Xəzər xaqanının oğlu Barsbəyin başçılıq etdiyi 300 minlik xəzər ordusu bütün Azərbaycanı ələ keçirib Savalan dağı yaxınlığında ərəb ordusunu darmadağın etdi. Daha da cənuba irəliləyən xəzərləri ərəblər yalnız Hilat şəhəri yaxınlığında dayandıra bildilər. Əks-hücum nəticəsində ərəblər xəzərləri bütün Azərbaycandan qovub Dərbənddən şimala sıxışdıra bildlər. 737-ci ildə Mərvan ibn Məhəmməd Alan qapıları (Dəryal dərəsi) vasitəsilə xəzərlərin arxasına keçdi,onlara sarsıdıcı zərbə vurub Dərbənd vasitəsilə Azərbaycana qayıtdı. VIII əsrin 90-cı illərində 100 minlik Xəzər qoşunu yenə Azərbaycana soxulub ölkəni qarət etsə də, xəlifə Harun ər-Rəşidin qoşunları tərəfindən geri oturduldu. Beləliklə, Azərbaycan uğrunda gedən 100 illik Xəzər-Ərəb savaşı Ərəb xilafətinin xeyrinə başa çatdı, ərəblər Azərbaycanda möhkəmlənərək öz ənənəvi siyasətini həyata keçirməyə başladılar.
Ərəblər Azərbaycanı özününküləşdirmək, onu xilafətin ayrılmaz hissəsinə çevirmək siyasəti yürüdürdülər və bu məqsədə çatmaq üçün islamlaşma və ərəbləşdirmə tədbirləri həyata keçirilirdi. İslamlaşma siyasəti ehtiyatla aparılırdı. Yerli əhalinin rəğbətini qazanmaq üçün ərəblər onlarla mülayim davranır, tutduqları əraziləri müqavilələr əsasında idarə edir, bir çox məsələlərdə güzəştə gedirdilər. Yerli əhali ilə bu cür rəftar normaları hələ xəlifə Əbu Bəkr tərəfindən tövsiyə edilmişdi. Ərəblər vergi, mülkiyyət,torpaq və sair məsələlərdə Sasani imperiyası dövründəkindən daha mütərəqqi qərarlar qoymuşdular ki, bu da yerli əhali arasında onlara və onların təbliğ etdiyi yeni dinə - İslama qarşı xoş münasibət formalaşdırırdı. Ərəb işğalı ərəfəsində Cənubi Azərbaycanda əsasən zərdüştlük, Şimali Azərbaycanda isə xristianlıq, zərdüştlük və bütpərəstlik yayılmışdı. Dini müxtəliflik ölkədə, xüsusən Albaniyada tez-tez daxili sabitliyin pozulmasına səbəb olurdu. Ərəblərin gətirdiyi islam dini əvvəlki dini etiqadlarla müqayisədə daha humanist, ədalətli, gələcəyə ümidverici, obyektiv idi. İslam insanların etnik mənsubiyyətinə, irqinə,cinsinə görə fərq qoymur, hamını Allah qarşısında bərabər sayır, insanları pis əməldən çəkinməyə, xeyirxahlıq etməyə, kasıbların, kimsəsizlərin əlindən tutmağa, halal zəhmətlə yaşamağa çağırırdı. Məhz bu cəhətlərinə görə islam dini zərdüştlüyün və bütpərəstliyin daha çox yayıldığı Cənubi Azərbaycanda, Muğanda, Mildə, Kür və Araz çayı boyunca daha sürətlə yayılmağa başladı. Şimali Azərbaycanın Dağlıq Qarabağ, Balakən-Şəki, Qəbələ-Şamaxı kimi dağlıq ərazilərində xristianlıq kök saldığından bu ərazilərdə islamın yayılması zəif gedirdi.Ərəblər yerli əhalinin dini inanclarına, xüsusən xristianlığa hörmətlə yanaşırdılar. Çünki müqəddəs Qurana görə xristianlar da kitab əhli sayılırdılar və tək Allaha inanırdılar. Xristian əhalisindən vəzifə sahibi olmaq istəyən feodallar, daha geniş imtiyazlara malik olmaq istəyən tacirlər İslam dinini qəbul edirdilər.
Xilafət Azərbaycanda ərəbləşdirmə siyasəti də həyata keçirirdi və bu siyasətin tərkib hissəsini köçürmə siyasəti təçkil edirdi. Möminlər uzaq ölkələrdə savaşmaqla bərabər, həm də hicrət edib burada yerləşməli idilər. Onlar üçün bu müqəddəs borc işi sayılırdı.
Öz hərbi-siyasi ağalığını bərkitmək üçün Xilafət Azərbaycana ərəb əhalisini köçürməyə başladı. Suriya, Kufə, Bəsrə və başqa yerlərdən qoparılıb köçə qalxmış ərəb mühacirləri bölük-bölük bütün Araz-Kür ovalığına axışırdılar. Onlar bərəkətli torpaqları asılı kəndlilərlə birlikdə tutur, oturaq yaşayışa keçirdilər. Xilafət Azərbaycanda ərəb əsgər ailələrini və təqaüdə çıxmış əyanları, hərbçiləri yerləşdirməkdə daha çox maraqlı idi. Bir tərəfdən dövlət xəzinəsi onlara çəkdiyi xərclərdən azad olurdu, digər tərəfdən işğal olunmuş ərazidə Xilafətin sosial-hərbi dayaq nöqtələri yaradılırdı. Ərəblərin Azərbaycanda yerləşdirilməsi hələ VII əsrin ortalarından başlamışdır. İlk köçkünlər Ərdəbildə yerləşdirilmişdilər. Sonralar Bərdə, Beyləqan, Şamaxı, Şəmkir, Aran, Muğan, Şirvan ərazilərində də ərəblər məskunlaşdırıldı. Öz ailələri ilə birlikdə yaşayan ərəb hərbçiləri yerli əhalinin hesabına saxlanılırdılar. Təkcə sərkərdə Məsləmə Dərbənd şəhərində 24 min ərəb yerləşdirmişdi. Ərəb köçkünlərə istədikləri qədər torpaq verilir, bəzi hallarda bütün kəndlər onlara bəxşiş edilirdi, yerli sakinlər isə onların işçilərinə çevrilirdilər. Mühacir ərəblər yerli əhaliyə yuxarıdan-aşağı baxır, özlərini imtiyazlı kimi aparırdılar. Ərəblərin Azərbaycanda məskunlaşdırılması Abbasilər sülaləsinin hakimiyyəti illərində də davam etmişdi. Bu dövrdə Azərbaycana daha çox Yəmən ərəbləri köçürülürdü. Köçürmə siyasətinin başlıca məqsədi strateji əhəmiyyətə malik Azərbaycanda Xilafət hakimiyyətinə dayaq yaratmaq, xəzərlərə qarşı sərhədləri bərkitmək, yerli əhalini itaətdə saxlayıb vergilərin aramsız toplanmasını və islamın yayılmasını təmin etmək idi. Bu siyasət son nəticədə Azərbaycanda demoqrafik durumun dəyişilməsinə, yerli əhalinin ərəbləşdirilib assimilyasiya edilməsinə, bir sözlə buranın bir ərəb yurduna çevrilməsinə yönəlmişdi. Lakin ərəb köçkünləri üzərinə qoyulan bu vəzifə həyata keçirilmədi. Ərəb dilinin nəsildən nəslə keçməsini təmin etmək mümkün olmadı. İşğalçı köçkünlər Ərəbistanın mədəniyyət mərkəzlərindən ayrı düşdülər. Azərbaycandakı ərəb yaşayış ”adacıqları” oturaq yaşayışa keçərək, yerli əkinçilik mədəniyyətinə və ənənələrinə bağlandılar. Onlar getdikcə Azərbaycan türklərinin dilinə, adət-ənənələrinə, bütün yaşayış və davranış dünyasına qovuşaraq türkləşdilər, bir sözlə özləri assimilyasiyaya uğradılar. Akademik Y.E.Bertelsin yazdığına görə, Azərbaycanda kök salan ərəblər artıq XII yüzillikdə xeyli dərəcədə öz dillərini itirmiş, yəni yerli əhaliyə qaynayıb qarışmışdılar və bu proses artıq XII əsrdə tam başa çatmışdı. Hal-hazırda ərəb məskunlaşmasından bu günümüzə yalnız bir çox yaşayış məntəqələrinin adı qalmışdır ki, onlara da Şirvanın aran hissəsində daha çox rast gəlinir. İndi Orta Asiya, Əfqanıstan və bəzi başqa yerlərdən fərqli olaraq, Azərbaycanda ərəbcə danışığı qalan bir kənd belə yoxdur.
Dostları ilə paylaş: |