FƏSİL V.
AZƏRBAYCAN XALQININ YARANIŞI.
Plan
1.Azərbaycan xalqının təşəkkülündə türk tayfalarının həlledici rolu
2.“Kitabi Dədə Qorqud" Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi kimi.
5.1.Azərbaycan xalqının təşəkkülündə türk tayfalarının həlledici rolu
Azərbaycan xalqı dünyanın ən qədim xalqlarından biridir. Azərbaycan türk dili Azərbaycan xalqının və onun milli mənsubiyyətinin əsas atributudur.Bu onu göstərir ki, Azərbaycan xalqının təşəkkülü prosesi hələ ən qədim zamanlardan Azərbaycanda yaşamış türk etnosları ilə başlı olmuşdur.
Sovet dövründə Azərbaycan xalqının təşəkkülü haqqında xalqımızın milli maraqlarına zidd olan «Altaydan çıxma» konsepsiyası uydurulmuş və müstəqillik illərinədək bu konsepsiya Azərbaycan tarix elmində diktat rolu oynamışdır . Bu konsepsiyaya görə, türk dili Altay dil qrupuna aid edilirdi və türklərin Altaydan çıxması nəzəriyyəsi irəli sürülürdü. Türk-Altay dil qohumluğunu sübut edə bilməyən sovet tədqiqatçıları başqa bir baxış ortaya qoydular ki, Altay xalqları türk leksikasını ünsiyyət vasitəsilə mənimsəmişlər.Bu fikir isə türklərin Altaya miqrasiya nəticəsində gəldiyini göstərir. Türklərin ilk vətənini ayırd etmək üçün dillərin yaranması tarixinə nəzər salmaq lazımdır.
Linqvist – alimlərin tərqiqatlarına əsasən Yer üzündəki ilk kök dilin müxtəlif ləhcələrə, dialektlərə parçalanması, indiki dil ailələri üçün protodillərin yaranması 12-14 min il əvvəl baş vermişdir. İnsanın harada meydana çıxdığını, ulu dilin harada təşəkkül tapdığını və harada dialekt parçalanmalarının baş verdiyini – protodillərin yarandığını nəzərə almadan bir sıra problemləri, o cümlədən türklərin ilkin beşiyi və ilkin miqrasiyalarının istiqaməti problemlərini düzgün həll etmək mümkün deyil.
Qədim türk dilinin kök dildən ayrılması, ulu dilin təşəkkülü və onun ilkin dialektlərə parçalanması prosesi e.ə VIII-III minilliklərdə baş vermişdir. Bu proses Ön Asiyada baş vermişdir və bütün ilkin miqrasiyalar buradan başlamışdır. Mezolitdə miqrasiyalar (e.ə.VIII-VII minilliklər) daha geniş vüsət almışdır. Elmi şəkildə sübut olunmuş müddəalar göstərir ki, türklərin Altayda artıb-çoxalıb qərbə hərəkət etməsi çox sonrakı, yəni erkən orta əsrlərə aid hadisələrdəndir və Altay türklərin ilkin beşiyi deyil, sonradan köçüb gəldikləri ərazidir. Bütün dil ailələrinin, o cümlədən türk dil ailəsinin də ilkin strukturu Ön Asiyada təşəkkül tapmışdır.
Prototürklərin (türklərin ən qədim əcdadlarının) bir qismi e.ə. IV minilliyin sonu - III minilliyin əvvəlində şərqə miqrasiya edərək Mərkəzi Asiya və Altayda məskunlaşmışlar.Məhz həmin dövrdə monqoloid irqinə aid Asiya xalqlarının türk dilini mənimsəməsi prosesi başlamışdır.Qədim türk etnoslarının bir qismi isə (kutilər, lullubulər, su, turukki tayfaları) Ön Asiyada qalaraq Azərbaycan ərazisindən İkiçayarasına enmiş, ilk və böyük sivilizasiyanın müəllifləri olan şumerlərlə yaxın ünsiyyətə girmiş və şumer dilinə təsir göstərmişlər. İlk şumerlər Azərbaycan əhalisi ilə siyasi, iqtisadi və mədəni əlaqələr yaratmışlar. E.ə. III-I minilliklərdə Azərbaycanda artıq türk etnosları yaşayırdı və ümumtürk leksikası əsasında antroponim və toponimlər meydana gəlmişdir. Türk etnoslarının Azərbaycan ərazisində - şumerlərin məskunlaşdığı İkiçayarasının qonşuluğunda yaşaması zəngin toponim və antroponimlər əsasında bir fakt kimi təsdiq olunur. Azərbaycan və bir sıra əcnəbi tədqiqatçıların araşdırmaları göstərir ki, şumer və türk dillərinin oxşarlığı təkcə qonşuluq əlaqələrinin nəticəsi deyil, həm də qohumluq əlaqələridir. Türklərin Azərbaycan ərazisində - Şumerlərin qonşuluğunda yaşaması, e.ə.III-II minilliklərdə Azərbaycan ərazisində toponim, etnonim və antroponimlərdə geniş iz qoyması «Altaydan çıxma» nəzəriyyəsini əsaslı şəkildə təkzib edir.
Altaydan türklərin hələ şərqə, qərbə miqrasiyası başlayana qədər, e.ə.III minillikdə türklərin şumerlərin qonşuluğunda yaşaması, elə həmin dövrdə İtaliyanın şimalında etrusklar - tursakaların minillik çarlıq yaratması danılmaz tarixi faktlardır. «Altaydan çıxma» nəzəriyyəsinin tərəfdarları türk tarixinə əvvəldən yox, ortadan baxmağa başlamışlar.Yəni, Altayda türklər artıb-çoxalıb böyük Mərkəzi Asiyanı bürüdüyü dövrdən neçə min il əvvəl Yaxın və Ön Asiyanın artıq türk məskəni olduğunu nəzərə almamışlar.
Beləliklə,belə bir qənaətə gəlmək olar ki, türklərin ən qədim (ilkin) məskənləri Altay deyil, Ön Asiyadır, türklərin ilk miqrasiyaları şərqdən qərbə deyil, qərbdən şərqə olmuşdur və türkmənşəli tayfalar Azərbaycanın ən qədim və əzəli sakinləri olmuşlar. Sonralar türksoylu tayfaların şərqdən qərbə kütləvi axınları başlamışdır. E.ə.VIII-VII əsrlərdə türkmənşəli kimmer-skit-sak tayfalarının gəlişi, eradan əvvəl başlamış və eramızın V əsrinin sonlarınadək güclü olmuş, sonralar da davam etmiş hun türklərinin gəlişi və XI-XIII əsrlərdə səlcuq türklərinin Azərbaycana yürüşləri Azərbaycanda etnik xəritəni dəyişməmiş, yalnız ən qədimindən Azərbaycanda yaşayan yerli türk əhalisinin mövqelərinin daha da güclənməsinə, Azərbaycan türk dilinin təşəkkülünə xidmət etmişdir.
Azərbaycan ərazisində qədim türklərin mövcudluğunu gəlmə türkləri də nəzərə almaqla aşağıdakı kimi ümumiləşdirmək olar:
1. Kuti, lullubi, turukki, su, kas, uti, mağ, alban, qarqar və s. türk etnoslarının cəmləşdiyi Aratta, Lullubi, Kuti, Manna, Maday, Atropatena və Albaniyanın qədim yerli tayfaları;
2.E.ə.VIII-VII əsrlərdə Mərkəzi Asiyadan geri- Azərbaycan ərazilərinə qayıdan kimmer, skif, sak tayfaları;
3.E.ə. I minilliyin sonu, eramızın I minilliyində Qafqazın şimalından və qismən İranın şərqindən keçib gələn hunlar, gərgərlər, biçənəklər (peçeneqlər), qıpçaqlar,oğuzlar, bolqarlar, suvarlar (savirlər), oranlar, çollar, Qərbi Türk xaqanlığı tayfaları, xəzərlər və başqaları;
4.XI-XIII əsrlərdə şərqdən gələn səlcuq oğuzları, şimaldan gələn qıpçaqlar.
III-V əsrlərdə Azərbaycan xalqı və ümumxalq Azərbaycan dili təşəkkül tapmışdır və V əsrdən sonra gələn türklər Azərbaycan ərazisində tayfalarla və ya tayfa dilləri ilə deyil, hazır xalqla və onun artıq təşəkkül tapmış dili ilə qarşılaşmışlar. XI-XIII əsrlərdə səlcuq oğuzları Azərbaycana gələndə artıq Azərbaycan xalqı və onun dili vardı. Beləliklə, XI-XIII əsrlərdə Azərbaycana gələn səlcuqlar Azərbaycan dilinin formalaşmasında tamamlayıcı rol oynadılar.
Azərbaycan xalqının və onun dilinin təşəkkülü V əsrdə başa çatmışdır və bu prosesi şərtləndirən bir sıra amillər olmuşdur.
Əvvəla, ölkəmizin ərazisinə qohum türk tayfalarının mərhələli axını və onların dillərinin yerli etnosların dilləri ilə konsolidasiyası böyük gücə malik olmuşdur. Bir sıra türk tayfalarının (kutilərin, utilərin, albanların, kaspilərin və s.) yayılma arealının geniş olması, ölkənin həm şimal, həm də cənub bölgələrində məskunlaşmaları türk tayfa dillərinin ümumiləşməsi işini asanlaşdırmışdır.
Qeyd etməliyik ki, eramızın əvvəllərində şərqi və qərbi türk dilləri az-çox fərqlənsə də, indiki qədər əsaslı dil fərqləri yox idi. Fərqlər şivə fərqləri səviyyəsində idi, ona görə də ümumünsiyyət vahidinin təşəkkülü qarşısında heç bir maneə yarada bilmirdi. Yerli tayfalar bir-birinə qohum olduğu kimi, gəlmə hesab olunanlar da vaxtilə bu yerlərdən ayrılanlar idi. Şimalla cənub arasında möhkəm sərhədlərin olmaması, eyni tayfa daşıyıcılarının müxtəlif ərazilərdə məskunlaşa bilmə imkanları da tayfa dillərinin xalq dili kimi ümumiləşməsi xeyrinə idi.
Tayfa dillərinin ümumxalq dili şəklində formalaşmasında Azərbaycanın şimal və cənub ərazilərinin eradan əvvəlki son yüzilliklərdə və eramızın əvvəllərində - ilkin orta əsrlərdə daim birlikdə olmasının böyük təsiri olmuşdur. Tarixi faktlar göstərir ki, hələ İskəndərin işğalından əvvəl də şimalla cənub birlikdə olmuşdur. Atropatın rəhbərliyi ilə albanların İran qoşunları tərkibində İskəndərə qarşı müharibəsi də bunu təsdiq edir. İskəndərə qarşı vuruşan orduda midiyalılarla yanaşı, albanlar, sakasinlər, kadusilər də iştirak edirdilər. Atropat və Arşakilər sülalələri bu birliyi xeyli müddət davam etdirmişlər. Sasanilər imperiyası dövründə də şimal ilə cənub vahid Adurbadaqan canişinliyində birləşdirilmiş, sonralar ərəblər də bu strukturu saxlamış, pozmamışlar. Sasani imperiyasının süqutu dövründə - Xilafətin meydana çıxdığı ərəfədə vahid Azərbaycan xalqının və vahid Azərbaycan dilinin təşəkkülü artıq başa çatmışdı.
Dostları ilə paylaş: |