Anatomo-fizioloji xüsusiyyətləri. Yeni doğulmuş uşaqlarda böyrəklər embrion quruluşunda və böyük olur. Onlar böyüklərə nisbətən aşağıda yerləşirlər. 2-3 yaşında uşaqlarda süzmə prosesi aşağı səviyyədə keçir. Suyun miqdarı çox olanda, orqanizmdə mayenin ləngiməsi yaranır. Yeni doğulmuş uşaqların böyrəkləri sidiyi kifayət qədər qatılaşdırmaq xüsusiyyətinə malik deyildir. Sidiyin nisbi sıxlığı tədricən artır. 2-3 yaşlarında bu sıxlıq 1009-1016 olur.
Böyrək ləyəncikləri və sidik axarları nisbətən geniş olur, əzələ və elastik tellərinin kifayət dərəcədə inkişaf etməməsi nəticəsində onların divarları hipotoniyalı olur. Sidik axarlarının bükülməsi aydın aşkar olunur. Bütün bunlar sidiyin durğunluğuna və ləyənciklərdə iltihablı proseslərin inkişafına şərait yaradır.
Bir yaşa qədər uşaqlarda sidik kisəsi hündürdə yerləşir. İkinci ildə sidik kisəsi çanaq sümüyü nahiyəsinə enir. Yeni doğulmuş uşağın sidik kisəsinin tutumu 50 ml olur. Gün ərzində sidiyə getməyin sayı yeni doğulmuş uşaqlarda 20-25 südəmər uşaqlarda isə 15 dəfə olur.
Qızlarda sidik buraxan kanal oğlanlara nisbətən qısa olur. Anal deşiyinə yaxın yerləşən geniş və qısa uerta, qızlarda infeksiyalı böyrək xəstəliyinin yaranmasına səbəb olur.
Dostları ilə paylaş: |