İmam Hüseyn və Aşura qiyamı


Səhabə və tabein İmam Hüseyn(ə) müsibətində göz yaşı tökmüşlərmi?



Yüklə 1,08 Mb.
səhifə15/25
tarix21.04.2017
ölçüsü1,08 Mb.
#15182
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

Səhabə və tabein İmam Hüseyn(ə) müsibətində göz yaşı tökmüşlərmi?


Bir çox səhabələr, hələ Həzrət Peyğəmbər (s) diri ikən onunla birgə Aşura müsibətinə ağladıqlarını, keçmiş bəhslərimizdə qeyd etdik. 264 Burada isə onların bəzisinin adını bəyan edirik:
1- İbn Abbas

Səbt ibn Cövzi deyir: «İmam Hüseyn (ə) şəhid olduqdan sonra İbn Abbas daim ağlayırdı. Hətta axırda gözləri tutuldu.»265

İbn Abbas Həzrət Əli (ə) ilə Siffeyn yolunda Kərbəla ərazisində burada baş verəcək dəhşətlərə əvvəlcədən ağlamış, göz yaşı tökmüşdür.”266

2- Ənəs ibn Malik

İbn Ziyadın sarayında olmasına baxmayaraq haqsızlığa dözməyən Ənəs ibn Malik ağlayaraq ona e`tiraz edib, «Hüseyn (ə) hamıdan çox Peyğəmbərə (s) oxşayırdı, sən isə onu şəhid etdin!» söylədi. 267



3- Zeyd ibn Ərqəm

Zeyd ibn Ərqəm zülmkar vali İbn Ziyadın sarayında, onun Hüseynə (ə) qarşı etdiyi iyrənc hərəkətlərinə şiddətlə e`tiraz edərək, ağlayıb söylədiyi kəskin nitqlə hamını kövrəltmişdi. «Zeyd ibn Ərqəm valiyə belə deyir: «Əlindəki çubuqları Hüseynin (ə) dodaqlarından kənara çək! Peyğəmbərin (ə) övladını təhqir etmək olmaz. Sən (kəsilmiş başına) çubuqla vurduğun Hüseynin (ə) dodaqlarını Peyğəmbərin (s) dəfələrlə öpdüyünü görmüşəm.» Sonra isə ağlamağa başladı. İbn Ziyad hiddətlənərək ona dedi: «Sakit ol! Əgər səhabə olmasaydın səni yetərincə kötəkləməyə əmr edərdim.» Amma Zeyd ibn Ərqəm qorxmadı və cəsarətlə ayağa qalxaraq fəryad etməyə başladı: «Ey camaat! Allahdan başqasına bəndəlik etdiniz! Hüseyni (ə), Fatimənin (s) övladını öldürüb, «Mərcanənin oğlunu» özünüzə ağa seçdiniz. Allaha and olsun ki, o sizin yaxşılarınızı öldürəcək. Pis insanları sizə hakim edəcək. Sizi öz quluna çevirəcək...» Sonra üzünü İbn Ziyada çevirərək dedi: «Ey İbn Ziyad! Peyğəmbərin (s) müsəlmanlara dönə-dönə tapşırdığı əmanətlə gör necə rəftar etdin?! »268



4- Rəbi ibn Xeysəm

“Rəbi ibn Xeysəm Həzrət İmam Hüseynin (ə) şəhadətini eşitdikdə hönkürərək ağlayıb belə dedi: «Elə cavanları şəhid etdilər ki, Peyğəmbər (s) onları gördüyü zaman olduqca mərhəmət və məhəbbətlə davranırdı. Öz mübarək əllərilə onlara yemək verər və qucağına alardı.»269



5- Cabir ibn Abdullah Ənsari

Cabir İmam Hüseynin (ə) şəhadətini eşitdikdən sonra öz dostları ilə birgə Kərbəlaya tərəf yola düşdü. Fərat çayında qüsl alıb, paltarlarını dəyişdikdən sonra, ayaqyalın, mərsiyə deyə-deyə İmamı (ə) ziyarət etməyə getdi. Özünü mübarək qəbrin üzərinə ataraq, ağlamaqdan huşunu itirdi. 270



6-Həsən Bəsri

İmam Hüseynin (ə) şəhid olduğunu eşidən Həsən Bəsri şiddətlə ağlayıb, fəryad edərək belə deyirdi: «Xar olsun öz Peyğəmbərinin nəvəsini öldürən ümmətə! Allaha and olsun, qiyamət günü İmam Hüseynin (ə) babası və atası İbn «Mərcanə»dən (İbn Ziyaddan) intiqam alacaqdır!»271



7- Ümmü Sələmə Peyğəmbərin (s) həyat yoldaşı

İbn Abbas deyir: «Yatmışdım, Ümmü Sələmənin evindən gələn vay-şivən səsi məni ayıltdı. Peyğəmbərin (s) evinə sarı yürüdüm. Çoxsaylı kişi və qadının ağladığını gördüm. Səbəbini soruşduqda isə Ümmü Sələmənin səsini eşitdim, deyirdi: «Ey Əbdül-Mütəllib qızları, gəlin birgə ağlayaq. Allaha and olsun ki, sizin rəhbərinizi və behişt cavanlarının sərvərini şəhid etdilər...»272

Peyğəmbərin (s) həyat yoldaşları Ümmü Sələmənin evində əzadarlıq mərasimləri qurmuş, Peyğəmbərin (s) məscidini qara parçalarla bükmüşdülər. 273

8- Ümumiyyətlə Aşura müsibətindən sonra İslam xilafətinin bütün böyük şəhərləri matəmə bürünmüşdü. Mədinə, Məkkə, Şam, Kufə, Yəmən və sair... 274

İmam Sadiq (ə) buyurur: «Aşura vaqiəsindən sonra Bəni-Haşim tayfasının qadınlarından heç biri sürmə çəkmədi, saçlarını bəzəmədi. Heç bir evdən «qonaqlıq ocağının tüstüsü» çıxmadı. Onlar İbn Ziyad ölənədək bu işə davam etdilər...”275

Nə üçün İmam Hüseynin (ə) düşmənlərini lə`nətləyirik? Bəlkə Allah onları qiyamət günü bağışlayacaq? Və nəyə görə onun düşmənlərini lə`nətləməklə xalqı da lə`nət oxumağa adət etdiririk? (“Gəlin insanpərvər və humanist olmağa çalışaq” deyiriksə, o zaman 1400 il bundan əvvəl baş vermiş bir hadisənin cinayətkarlarına qarğış yağdırmağın nə mənası var? Məgər İslam barışıq və dostluq dini deyilmi?)


İnsan təkcə «yaxşı və pisi dərk etmə» qabiliyyətinə deyil, bununla yanaşı daxili hisslərə və duyğulara da malikdir. Məsələn, sevginin qarşısında nifrət, şadlığın qarşısında qəm və dostluğun müqabilində düşmənçilik hissləri dayanmışdır. Təbiidir ki, əgər toy məclislərində gülüb şənləniriksə, yas məclislərində qəmlənməliyik. Səxavətli və pak insanlara sevgi bəsləyiriksə, zalim və qəddarlara qarşı amansız olmalıyıq.

Bir qədər fikirləşin! Əgər pis və yaxşı arasında fərq qoyulmazsa, o zaman ədalət bərqərar olarmı? Sizcə Kərbəla müsibətində yalnız ağlayıb sonra isə sakit qalıb «biz humanist insanlarıq» deyə bu faciənin amillərinə lə`nət oxumamaq nə qədər düzgün sayıla bilər? Əgər belədirsə onda nə səbəbə Allah-taala qəm-qüssə ilə birgə nifrət, qəzəb və bu kimi hissləri yaratmışdır? Məlum məsələdir ki, sonsuz hikmət sahibi olan Allah heç vaxt bihudə və faydasız bir şey xəlq etməz. Deməli, bu hisslərin hər birinin insan yaşayışında müəyyən rolu vardır. Elə buna görə də, dinimiz dostluq dini olmağına baxmayaraq bizlərə kafirlərdən uzaqlaşmağa və qərəzli kafirlərə qarşı barışmaz mövqedə dayanmağa əmr edir. Qurani-Kərim buyurur: «Dünyada kafirlərlə həmsöhbət olanlar, cəhənnəm odunda bir yerdə yanarlar.»

Bundan əlavə yaşadığımız həyatda pisliklərə nifrət və lənət etmək əsl insani xislət olaraq, vacib sayılır. Gəlin diqqətlə fikirləşək. Heç kim insan həyatına zərərli olan mikroblarla humanist davranmağı düşünmək belə istəməz. Allah-taala elə bu səbəbə də insan bədəninə xüsusi «müdafiə sistemi» və onu mikroblar qarşısında davamlı edə biləcək maddələr bəxş etmişdir. Hətta on illər öncə belə bir xəstəliyə tutulmuş insan indi sağalsa belə, o xəstəliyə nifrət edir. Daim onu lə`nətləyir, ondan uzaq qalmağa çalışır.

Bədənin «müdafiə sisteminə» bənzəyən qəzəb, nifrət hissi də, bizim pislik və iyrəncliklərə qarşı mübarizəmizə dəstək verir. Deməli biz həmişə «mikrob»a bənzəyən nifaq əhlindən uzaq durmalı, onlara nifrət etməli, pis xasiyyətlərinin bizə sirayət etməsinə yol verməməliyik. Bildiyimiz kimi Qurani-Kərim bizə İbrahim peyğəmbərin (ə) və onun dostlarının davamçısı olmağa əmr edir. Lakin belə ki, bizə din düşmənlərilə rəftarımızda İbrahimi (ə) özümüzə ülgü götürməyi xüsusi şəkildə tə`kid edərək buyurur: «Gərək sizlər İbrahimin yolunu tutub, din düşmənlərinə olan ədavətinizi e`lan edəsiniz.»276

Bizim də İmam Hüseynin (ə) qatillərinə olan düşmənçiliyimiz, Həzrət İbrahim peyğəmbərin (ə) tutduğu yolu davam etməyimizdən irəli gəlir. Çünki İmam Hüseynin (ə) qatilləri həm dinin həm də insanlığın düşməni idi. Peyğəmbərin (ə) yerini zorla qəsb etmiş bu adamlar Allahın halalını haram edir, inanılmaz pozğunluq və əxlaqsızlıqla məşğul olurdular. Camaatın hüququnu tapdalayır, günahsız insanları görünməmiş amansızlıqla qətlə yetirirdilər. Onların Kərbəla müsibətində etdiyi vəhşiliklər barəsində keçən fəsildə mə`lumat verdik. Altı aylıq bələkdəki körpəyə su istərkən, onu rəhimsizcəsinə necə şəhid etdiklərini də söylədik. Allahın evi Kə`bəni oda çəkib və Mədinə kişilərini xüsusi amansızlıqla qıraraq, mindən çox qadının zorla namusuna toxunduqlarına da işarə etdik.

Biz pislik simvolu olan Yezidə lə`nət etməklə, həqiqətdə bütün zülm və iyrəncliyə nifrət edirik.

Necə ki, şeytana lə`nət etməklə, şeytani əməlləri lə`nətləyirik! Qurani-Kərim buyurur: «Şeytan sizin düşməninizdir. Siz də gərək onunla düşmənçilik edəsiniz.»277 Şeytanın üzünə gülmək, onunla dostluq etmək olmaz. Əks-təqdirdə insan şeytana çevrilər. Düşüncəli və məntiqli insan o kəsdir ki, Allahın dostları, pak əməlli insanlarla dostluq etdiyi halda, düşmənlərilə də düşmənçilik etsin. Belə ki, Qurani-Kərim buyurur: «Mö`minlər kafirlərə qarşı kəskin, öz aralarında isə mehribandırlar.»278 Bu dinimizin ən əsas göstərişlərdəndir.

Bir nöqtəni də unutmaq olmaz ki, Qurani-Kərim müxtəlif şəxslərə və qruplara otuz səkkiz dəfə lə`nət etmişdir. Onların bə`zilərini qeyd edirik:

Şeytana lə`nət olunur. Sad surəsi, 78-ci ayə: «Qiyamət gününə qədər sənə mənim lə`nətim olsun.»

Kafirlərə lə`nət oxunub. Əhzab surəsi, 64-cü ayə: «Allah kafirlərə lə`nət edib və onlar üçün cəhənnəmi hazırlayıbdır.»

Bəni-İsraildən olan kafirlərə. Maidə surəsi, 78-ci ayə: «Bəni-İsraildən kafir olan şəxslərə Davud və Məryəm oğlu İsanın dililə lə`nət oldu.»

Zalımlara lə`nət oxunub. Hud surəsi, 18-ci ayə: «Agah olun ki, Allahın lə`nəti zalımlara olur!»

Peyğəmbəri (ə) incidənlərə. Əhzab surəsi, 57-ci ayə. «Allahı və Peyğəmbəri incidənləri, Allah həm dünyada və həm axirətdə lə`nətləyibdir.»

Mö`mini öldürənə. Nisa surəsi, 23-cü ayə: «Hər kəs mö`mini bilərəkdən öldürsə, cəzası əbədi cəhənnəm əzabıdır. Allah ona qəzəb və lə`nət edər və onun üçün əzab hazırlamışdır.»

Bunlarla birgə yalançılar,279 günahsız şəxsə zina töhməti vuranlar,280 nifaq əhli, fəsad əhli281 və digər çirkin əməl sahibləri də lə`nətlənmişdir. Təkcə Həzrət Məhəmməd (s) 300-dən çox hədisdə xəbis və mənfurları lə`nətləmişdir.282 Onlardan bə`ziləri də keçən bəhslərdə işarə etdiyimiz kimi, birbaşa İmam Hüseynin (ə) qatillərinə ünvanlanmışdır. Əhli-sünnət məzhəbindən tanınmış din alimləri də, Yezidi və digər İmam Hüseyn qatillərini lə`nətləmişdir.

Əbul Fərəc ibn Cövzi Yezidi lə`nətləməyin düzgün olması barədə kamil bir kitab yazmışdır.283

Cahid yazır: «Yezid məl`undur! Hər kəs Yezidi lə`nətləməyə qarşı çıxsa özü də məl`undur!»284

Alusi: Yezid lə`nətlikdir. «Ona lə`nət etmək olmaz» deyən hər kəs Yezidə şərik sayılır.”285

Təftazi: “Yezidin lə`nətlik olmasında heç bir İslam alimi azca da olsa tərəddüd etməmişdir. Allah Yezidə və onun köməkçilərinə lə`nət etsin!”286

Bütün bunlardan əlavə bir məsələni də qeyd etmək yerinə düşərdi. Həzrət Məhəmməd (s) buyurur: «Hüseynlə (ə) düşmənçilik edən, mənimlə düşmənçilik etmişdir. Mənimlə düşmən olan isə Allahla düşmənçilik etmişdir.»287

Qurani-Kərim isə belə şəxslər barədə buyurur: «Allah və peyğəmbəri incidənləri Allah, həm dünyada və həm də axirətdə lə`nətləyibdir.»288

Deməli Uca Yaradanın özü də, Yezidi və onun kimi cinayətkarları lə`nətləyir.

Diqqət etmək lazımdır ki, sünni təriqətinin dörd şaxəyə bölünmüş məzhəblərindən biri olan Hənbəli məzhəbinin rəhbəri Əhməd ibn Hənbəl Yezidə lə`nət oxumağa birbaşa Qur`ani-Kərimin əmr etdiyini təsdiqləyir. Belə ki, oğlu Saleh ibn Əhməd atasından: «Ata xalq bizim Yezidə dostluq münasibəti bəslədiyimizi güman edir. Sən bu barədə nə düşünürsən?» deyə soruşduqda, Əhməd ibn Hənbəl oğluna belə cavab verdi: «Oğlum, heç Allaha imanı olan şəxs də, Yezidə dost münasibəti bəsləyərmi?»

Oğlu yenidən soruşdu: «Bəs nə üçün Yezidi lənətləmirsən?»

Əhməd ibn Hənbəl cavabında dedi: «Oğlum sən indiyə qədər mənim kimisə lənətlədiyimi görmüsənmi? Amma o ki, qaldı Yezidə, biz necə onu lənətləməyək ki, Allah-Taala öz müqəddəs kitabı Qur`ani-Kərimdə onu lənətləmişdir.»

-«Qur`anın hansı ayəsi Yezidi lənətləyir?»

-«Bax, bu ayədə: «Arzu edirsiniz ki, hökumətə və səltənətə yetişdikdən sonra yer üzərində fitnə-fəsad törədəsiniz?... Allah bu şəxsləri lənətləyibdir!»289 Oğlum, insanı qətlə yetirməkdən daha böyük bir fəsad ola bilərmi?»290


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin