İmam Hüseyn və Aşura qiyamı



Yüklə 1,08 Mb.
səhifə1/25
tarix21.04.2017
ölçüsü1,08 Mb.
#15182
  1   2   3   4   5   6   7   8   9   ...   25

İmam Hüseyn və Aşura qiyamı


Müəlliflər

İlahiyyat elmləri doktoru Tofiq Əsədov İlahiyyat elmləri doktoru Əfzələddin Rəhimov

Diqqət: Müəllif hüququ qorunur!

Müqəddimə


İslam ideologiyasına əsasən, İmam Hüseynin (ələyhis-səlam) səhabələri ilə birlikdə şəhid olması, qadın və uşaqlarının əsir düşməsi, və bütün əmlakının düşmən tərəfindən qarətə mə`ruz qalması, məğlubiyyət demək deyil. İslama görə məğlubiyyət, insanın hədəfinə, məqsədinə və qarşısına qoyduğu səhih ideyaya yetişə bilməməsidir. Halbuki, İmam Hüseynin (ə) cinayət və fəsada bulaşmış xilafətə qarşı üsyanı, İslamı dirçəltmək, müsəlmanları qəflətdən oyatmaq, haqqı batildən ayırmaq və dinimizin ən önəmi göstərişi olan «əmr be-məruf» və «nəhy əz-münkər» pirinsipinə əməl etmək olmuşdur. Şübhəsiz ki, o Həzrət (ə) tarixdə misli görünməmiş əziyyət və müsibətlərə qatlansa da, öz hədəfinə çatmağı bacardı. Bununla da istədiyi qələbəni əldə etməyə nail oldu. Müsəlmanların İmam Hüseynə (ə) matəm tutub ağlaması isə o Həzrətə (ə) və yaxınlarına olan zülüm və işgəncələrə xatirdir. Sözsüz ki, bu matəmlər həmişə davam edəcək. Necə ki, müqəddəs peyğəmbərimiz Həzrət Muhəmməd (salamullahi ələyhi və alihi və səlləm) buyurmuşdur: «Doğrudan da Hüseynin şəhadəti mö`minlərin qəlbində elə bir hərarət yaradacaq ki, o hərarət heç bir zaman soyumayacaqdır.»

Əziz Peyğəmbərimizin (s) söylədiyi bu hədisin həqiqəti, imam Hüseynin (ə) şəhadətindən bu günə qədər islam dünyasının hər bir guşəsində müşahidə etdiyimiz kimi, bundan sonrakı əsrlərdə də müşahidə olunması danılmazdır. Allaha şükürlər olsun ki, biz azərbaycanlılar da, digər müsəlmanlar kimi, həmişə İslam Hüseynə (ə) möhtəşəm şəkildə əzadarlıq etmiş və xatirəsini əziz tutmuşuq. Hətta, Məhərrəm, Səfər aylarında Kərbəla şəhidlərinin hörmətinə şadlıqları və toy-büsatları tərk edərək, sevgi və sayğımızı o Cənaba (ə) izhar etməyə çalışmışıq. Ümidvarıq ki, Mehriban Allah bundan sonra da bizləri İmam Hüseyn (ə) və onun müqəddəs yolundan ayrı salmayacaq.


Nəyə görə İmam Hüseyn Yezidə qarşı qiyama qalxdı?


İmam Hüseynin (ə) Müaviyənin ölümündən sonra Yezidin hökumətinə qarşı qiyama qalxmasının üç əsas amili var idi:

Birinci: Yezidin İmamdan (ə) beyət tələb etməsi:

İmam Hüseyn (ə) Müaviyənin cinayətlərini və məkrli fəndlərini xalqa açıqlasa da, Müaviyə öz məsləhətinə görə İmamı (ə) öz qarşısında toxunulmaz bir mövqe sanırdı. Müaviyə bu siyasətini ömrünün axırınacan davam etdirdi.

Nəhayət hicrətin 60-cı ilində Müaviyə ölərək cəhənnəmə vasil olur. Müaviyə öldükdən sonra onun oğlu Yezid hakimiyyət başına gəlir. O, dərhal Mədinənin hakimi Vəlid ibn Ötbəyə məktub yazaraq Hüseyn ibn Əlidən (ə) onun hökuməti üçün beyət almağı tələb edir. 1 O zaman ərəblər hakimiyyət, qiyam və bu kimi mühüm işlərində camaatdan və xüsusilə də tayfa başçılarından onların işlərinə razılıq vermələrini tələb edirdilər. Və bu cür bir əmələ «beyət» deyirdilər. Təbiidir ki, əgər bir şəxs hansısa bir hakimə beyət edirdisə artıq ona qarşı qiyama qalxmırdı. Çünki bu iş kişilikdən uzaq idi. 2 Elə bunun üçün də Müaviyə ölməmişdən qabaq Yezidin gələcək hökuməti üçün bir çox tayfa başçılarından və görkəmli şəxsiyyətlərdən beyət almışdı. Lakin bu çirkin hökumət üçün İmam Hüseyndən (ə) beyət almağa cürət tapmamışdı. Və hətta oğlu Yezidə də vəsiyyət etmişdi ki, əgər Hüseyn ibn Əli (ə) səninlə beyət etməsə artıq israr etmə. Yezid isə hakimiyyətə gəldikdən sonra atasının vəsiyyətinə qulaq asmayıb Mədinənin hakimindən İmamdan (ə) beyət almağı tələb etdi. Əks təqdirdə yəni İmam (ə) bu hökuməti qəbul etməyib, beyət etməyərsə başının vurulub Şama göndərilməsini əmr etdi. 3

Mədinənin hakimi İmamı (ə) yanına çağırtdırıb ondan Yezidin hakimiyyətini qəbul etmək üçün beyət istədi. İmam isə (ə) bu işə rədd cavabı verərək Yezidin müsəlmanlara xəlifə olmasını İslamın «fatihəsi» adlandırdı. Və sonda bu hökumətə qarşı qiyama qalxdı.

İmam Hüseynin (ə) məhz Yezidə qarşı olan qiyamına gəldikdə isə İmam (ə) bu qiyamın səbəbini belə açıqlayır: «Mən nübüvvət evindən və imamət ocağındanam. Mənə mələklər və İlahi rəhməti nazil olur. Allah bizim ailənin vasitəsi ilə fəth edib və bizim istəyimizlə tamamlayır. Yezid isə fasiq, şərabxor, cinayətkar və qatildir. Yezid açıq-aşkar şəkildə istədiyi bütün çirkin əməlləri etməkdən çəkinmir. Mənim kimi bir şəxs heç vaxt onun kimisi ilə beyət etməz.»4

Gördüyünüz kimi İmam Hüseynin (ə) Yezidi müsəlmanların xəlifəsi kimi qəbul etməyib ona qarşı qiyam etməsinin səbəbi Yezidin İslam hakiminə layiq olmayan işlərə aşkar şəkildə əməl etməsi olmuşdur. Tarixdə yazılanlara əsasən, Yezid səfeh, sarsaq və xudbin olmuşdur. O, şərab içir,5 zina edir və gününü it və meymun oynatmaqla keçirirdi.6 Günahsız insanları çox asanlıqla qətlə yetirirdi. Və o, bütün bu çirkin işlərini xalqın gözü önündə yerinə yetirirdi.

Yezidin İslam dininə, vəhy və qiyamət gününə belə etiqadı yox idi. O öz şərab məclislərində həmişə özünün qoşduğu bu şeri oxuyurdu:

«Doğrudan da Bəni-Haşim hakimiyyətlə oynadı

Bir halda ki, nə vəhydən bir xəbər var nə qiyamətdən.»7

Yezid hətta İslam dininin əsas qanunlarını tapdalamaqdan da çəkinmirdi. O öz şerlərinin birində deyir:

«Əgər şərab İslam dinində haramdırsa,

Biz onu xristian dininə görə içərik.»8

Ömər ibn Rəbiə deyir: «Yezid atasının zamanında həcc ziyarətinə gedir və həcdən qayıtdıqdan sonra yenə şərab içməyə başlayır.»9

Müaviyə ölməmişdən qabaq Bəsrə şəhərinin valisi Ziyad ibn Əbiyhə məktub yazıb ondan bəsrəlilərdən Yezidin gələcək hökumətinə beyət almasını tələb edir.

Ziyad onun məktubunun cavabında yazır: «Məktubunu aldım. Axı mən camaatı Yezidin beyətinə dəvət edərək onların rişxəndli suallarına necə cavab verim?! Onlar məndən Yezidin it və meymunbaz olduğu, qadın paltarı geyinib şərab içdiyi, gecə-gündüz rəqqasə qadınlarla əyləndiyi barədə soruşsalar nə cavab verim?»10

Yezid öz iyrənc əməllərindən utanmayıb hələ İmam Hüseyn kimi dahi bir şəxsiyyətdən öz hökuməti üçün beyət istəyirdi. Belə olan halda əgər İmam Hüseyn (ə) Yezidə beyət etsəydi, xalq İmam Hüseynə (ə) inandıqları üçün Yezidin bütün iyrənc, eybəcər əməllərini İslam dininə bağlayıb, İmam Hüseyn (ə) Yezidlə beyət edib və onu təsdiq edib deyə Yezidi dindar və onun hakimiyyətini dini hökumət sanacaqdılar. Bununla da İslam dini təhrifə uğrayacaqdı.

İmam Hüseyn (ə) İslamı təhrifdən qorumaq və müsəlmanları çaşqınlıqdan azad etmək üçün Yezidin hakimiyyətinə qarşı qiyam etdi.

İkinci: Kufəlilərin İmamdan (ə) kömək istəmələri:

Bəni-Üməyyənin zülm və cinayətindən təngə gəlmiş Kufə camaatı Müaviyənin ölümündən sonra İmam Hüseynin (ə) Yezidlə beyət etməyərək onun hakimiyyətinə qarşı çıxdığını eşitdikdə, İmama məktub yazıb onu özlərinə rəhbər seçdiklərini elan etdilər. İlk məktub hicrətin 60-cı ili, Ramazan ayının onunda İmamın (ə) Məkkədə Yezidin əleyhinə çıxışlar etdiyi zaman əlinə yetişdi. 11

Kufənin tanınmış və görkəmli şəxsiyyətləri ardıcıl şəkildə İmama (ə) məktub yazıb onun Kufəyə gəlməsini və onlarla birlikdə Yezidin xilafətini devirməyi xahiş edirdilər. Hətta bir gündə İmamın əlinə 600 məktub yetişirdi. Nəhayət on səkkiz min məktub Kufəlilər tərəfindən İmama (ə) yazıldı. 12

İmam Hüseyn (ə) kufəlilərin atasına və qardaşına vəfasız qalmalarını bilsə də, bu qədər məktublar yazıb kömək istəyən camaata da etinasız qala bilmədi. Üzərinə böyük bir məsuliyyət düşmüş İmam Hüseyn (ə) əmisi oğlu Müslimi Kufəyə göndərib orada olan vəziyyəti onun vasitəsi ilə yaxından öyrənməyi məsləhət gördü.

Müslim ibn Əqil İraqa yola düşdü. O, Kufə şəhərinə çatdığı zaman camaatın dəstə-dəstə sevinclə onun üzərinə axışdığını gördü. Müslim məscidə daxil olduqda minlərlə kufəli onun arxasınca məscidə girib onunla beyət etdilər.

Müslim qırx günə qədər Kufədə qalıb oranın vəziyyətini yaxından öyrəndikdən sonra İmama (ə) belə bir məzmunda məktub yazır:

«Bu şəhərdə istənilən qədər sizi sevən və arxanızda duran könüllülər var. Kufəlilər hər bir cəhətdən sizə kömək etməyə hazırdırlar. Artıq Məkkədə qalmayın və yeni hökumət təşkil etmək üçün Kufəyə gəlin. »13

İmam Hüseyn (ə) zil-həccə ayının səkkizinə qədər Məkkədə qalıb xalqı, Yezidin müsəlmanlara hakimiyyət etməyə səlahiyyəti olmadığı üçün ona qarşı çıxmağa çağırdı. Və sonra Kufəyə tərəf hərəkət etdi.

Yezid Müslimin Kufədə camaatı başına yığıb İmam Hüseynə (ə) kömək üçün beyət aldığından xəbərdar oldu. O, dərhal Kufənin hakimi Noman ibn Bəşiri, Müslimin fəaliyyətlərinin qarşısını ala bilmədiyi üçün icra hakimiyyətindən kənarlaşdırıb onun yerinə qəddar dostlarından olan Ubeydullah ibn Ziyadı təyin etdi. 14

Ubeydullah Kufə əhlinin qorxaq və ikiüzlü olduqlarını bildiyi üçün onları hədələyərək Müslimin ətrafından uzaqlaşdırıb və hətta onun əleyhinə qaldırdı. İş o yerə çatdı ki, İmam Hüseynə (ə) məktub yazıb onu Kufəyə dəvət etdilər, amma əllərinə silah götürüb İmamın yeganə nümayəndəsi Müslimi şəhid etdilər.15

İmam Hüseyn (ə) Kufəyə tərəf hərəkət etdiyi yolda, öz zamanının məşhur şairlərindən olan Fərəzdəq ibn Qaliblə üzbəüz gəldi. Fərəzdəq İmama(ə) ərz etdi: «Ey Peyğəmbər balası, niyə kufəlilərə etibar edirsən? Onlar sənin əmioğlu Müslimi və onun tərəfdarlarını öldürdülər. »

İmam (ə) Müslümün şəhadət xəbərini eşitdikdə buyurdu: «Allah Müslimə rəhmət etsin! O, Tanrıya qovuşdu. Və öz vəzifəsinə düzgün əməl etdi. Artıq bu vəzifə bizim boynumuzdadır. »

Sonra İmam Hüseyn (ə) belə bir məzmunda şer buyurdu:

«Əgər dünya gözəldirsə, deməli axirət daha da gözəldir.

Hər bir insan ölürsə, qılıncla ölmək şərəfdir. »16

İmam (ə) bu şeri oxuduqdan sonra yoluna davam etdi. Və İmam (ə) belə də etməli idi. Ona görə ki, İmamın (ə) Kufəyə getməkdən başqa çarəsi yox idi. On səkkiz min «kömək istəyirik», «bizə rəhbərlik et» və bu kimi məzmunlarda yazılmış məktubları cavabsız qoymaq olmazdı. Hətta bəzi kitabların yazdığına görə İmama (ə) yazılmış məktublarda qırx min imza var idi. 17

İmam Hüseyn (ə) öz vəzifəsinə əməl etdi. İmamın (ə) Yezidə qarşı qiyam etməsində rol oynayan əsas amillərdən biri Kufə əhlinin İmama (ə) yazdığı məktubları cavabsız qoymamaq idi. Hərçənd ki, kufəlilər İmama (ə) qarşı vəfasız çıxıb onun «Mənə kömək edən bir kişi yoxdurmu? » fəryadına cavab vermədilər.

Üçüncü: Yaxşılığa əmr etmək, pislikdən çəkindirmək:

İmam Hüseynin (ə) qiyamında daha önəmli rol oynayan amillərdən biri də, əmr beməruf (yaxşılığa əmr etmək) və nəhy əz münkər (pislikdən çəkindirmək) olmuşdur. Daha dolğun desək, İmam Hüseynin (ə) zalım hökumətə qarşı qiyam etməsinin əsl məqsədi, xalqı haqqa yönəltmək, İslam qanunlarını dirçəltmək və ölkədə islahat işləri aparmaqla zülmün, fəsadın və cinayətlərin kökünü kəsmək olmuşdur. Əslində onun (ə) Yezidlə beyət etməməsi və kufəlilərin dəvətini qəbul edərək onlara rəhbərlik məsuliyyətini öhdəsinə götürməsi də bu prinsip əsasında həyata keçmişdir.

Qurani-Kərim və dini rəvayətlərimizdə “əmr be məruf və nəhy əz münkər» məsələsinə olduqca çox əhəmiyyət verilmiş və imanı olan şəxsin bu işi tərk etməsinə Allahla düşmənçiliyə qalxmaq kimi baxılmışdır. 18

Qurani-Kərim «əmr be məruf və nəhy əzmünkərin» əhəmiyyəti barəsində buyurur: «Sizin daha yaxşı ümmət olmağınız, yaxşılığa əmr edib pislikdən çəkindirməklə əlaqədardır.» (Ali-İmran, 110)

Müqəddəs kitabımız bütün ümmətə bu əməli vacib etməklə yanaşı bunun iş üçün xeyriyyə cəmiyyətlərinin fəaliyyət göstərmələrini də tələb etmişdir. Necə ki, buyurur: «Gərək sizin aranızda bir qrup insanlar birləşərək xalqı xeyir işlərə dəvət edib, əmr beməruf və nəhy əzmünkər etsinlər... » (Ali-İmran, 104)

İslam dininin banisi Məhəmməd Peyğəmbər (s) bu haqda buyurur: «Tanrı dinsiz müsəlmanın düşmənidir». Bu zaman Peyğəmbərdən (s) soruşdular: Ey rəsulullah, məgər dinsiz müsəlman olar? Peyğəmbər (s) cavabında buyurdu: “Əmr beməruf etməyən müsəlman dinsiz sayılır. »19

Deməli İslam dininin prinsipinə əsasən, hər bir müsəlmanın dini və imanı onun zülmə qarşı mübarizəsi, xeyriyyə və islahat işlərində göstərdiyi səylərə bağlıdır. Və bu işi daha layiqincə yerinə yetirmək İmamın öhdəsinə düşür. Elə buna görə də İmam Hüseyn (ə) bu yolda özünün ən yaxınlarının şəhid olması və əzizlərinin əsir düşməsinə razı oldu.

İmam Hüseyn (ə) Mədinədən hərəkət etdiyi zaman qardaşı Məhəmməd ibn Hənəfiyyəyə belə bir vəsiyyətnamə yazır: «Qoy bütün dünya bilsin ki, mən nə şöhrət üçün, nə fəsad törətmək üçün və nə də istibdada görə qiyam etmədim. Mən islahat üçün ayağa qalxdım. Mən qiyam etdim ki, yaxşılığa əmr edib, pislikdən çəkindirəm. Və cəddimin və atamın sünnəsini (sözlərini və əməllərini) dirçəldim. »20

Həmçinin İmam (ə) öz söhbətlərinin birində buyurdu: “Ey camaat, bilin ki, Bəni-Üməyyə dudmanı Allahın əmrlərinə yox, şeytanın fərmanına itaət edir.

Bu dudman, İlahi qanunlarını ayaq altda qoyub, istədikləri cinayəti törətməkdən çəkinmirlər. Bəni-Üməyyə tayfası Allahın halalını haram, haramını halal etmiş və Əhli-beytə (ə) məxsus olan hüquqları özlərinə ixtisaslaşdırmışlar. Belə bir zamanda qiyam etmək hamıdan çox mənim öhdəmə düşür. »21

Gördüyünüz kimi İmam Hüseyn (ə) qiyamının əsas səbəbini islahat prinsipi əsasında həyata keçirtmişdir. O, dəfələrlə bu məsələyə toxunub xalqa belə müraciət edirdi: «Ey camaat Allahın Rəsulu (s) buyururdu ki, hər kim zalım sultanın Allahın haramını halal etdiyini, Peyğəmbərin (s) sünnəsinə qarşı çıxdığını, bəndələrə zülm edib və Tanrı əhdini sındırdığını görüb ona qarşı üsyan etməsə, Tanrı həmin zalım sultanın günahında onu da şərik edər... . »22

İqbal Lahuri deyir: «İmam Hüseyn (ə) düşünülmüş şəkildə, müsəlmanların izzətini, şərəfini qorumaq üçün şəhadətə hazır oldu.»23


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin