Nəyə görə İmam Hüseyn (ə) qiyama başladıqda öncə Məkkəyə gedib sonra isə oranı tərk etdi?
İmam Hüseyn (ə) Mədinəni tərk etmək məcburiyyətində qaldıqda ailəsi və yaxınları ilə birlikdə Məkkəyə tərəf yola düşdü. İmamın (ə) başlanğıcda digər şəhərlərə yox məhz Məkkəyə getməsi bir sıra dini, ictimai, siyasi və coğrafi səbəblərə görə idi ki, onların bəzisini nəzərinizə çatdırırıq:
1- Məkkə şəhəri İslamın ən müqəddəs şəhərlərindən sayılır. Bu şəhərdə Allahın evi Kəbə yerləşdiyi üçün Tanrı bu məkanın həmişə əmin-amanlıqda qalmasına əmr etmişdir. Necə ki, Qurani-Kərimdə buyurur: «Bu şəhərə daxil olan hər kəs əmniyyətdə qalmalıdır.»34
Elə bu prinsipə əsasən İmam Hüseynin (ə) Məkkə şəhərini başqa şəhərlərə tərcih verməsi daha məntiqə uyğun sayılırdı.
2- İmam Hüseyn (ə) Mədinəni tərk etdiyi zaman xalqın çoxu Müaviyənin ölümündən və Yezidin hakimiyyətə gəlməsindən xəbər tutmamışdı. Bu xəbəri ümumi xalqa çatdırmaq üçün Məkkə şəhəri kimi böyük, giriş-çıxışlı və yüksək əmniyyətli bir şəhərə ehtiyac duyulurdu. İmam Hüseyn (ə) bu ehtiyacı aradan qaldırmaq üçün Məkkə şəhərinə getdi. Həmçinin Məkkədən Kufə və Bəsrə kimi böyük şəhərlərlə rabitə saxlamaq daha asan idi.35
3- Məkkə şəhəri ziyarət şəhəri olduğuna görə ölkənin bütün yaxın və uzaq məntəqələrindən insanlar Kəbə evini ziyarət etmək üçün bu şəhərə təşrif gətirirdilər. Və xüsusi ilə də İmam Hüseynin (ə) Məkkə şəhərinə daxil olduğu vaxt vacib «həcc» əməlini yerinə yetirmək zamanına bir neçə ay qalırdı. İmam Hüseynin (ə) bu fürsətdən istifadə edib milyonlarla həcc ziyarətinə gələn insanlara öz qiyamının məqsədini bəyan etməsi zəruri idi.
Bunlardan əlavə İmam Hüseyn (ə) Məkkə şəhərinə getdiyi zaman hələ Kufə şəhərindən dəvət almamışdı. Təbiidir ki, belə olan halda İmamın (ə) Məkkə kimi əmniyyətli bir şəhərə getməsi daha məntiqə uyğun sayılırdı.
Nəhayət İmam Hüseyn (ə) hicrətin 60-cı ili Şaban ayının üçündə Məkkə şəhərinə daxil oldu.36 Və Kufə şəhərinə gedənə qədər öz moizə və çıxışları ilə Məkkə camaatını və bu şəhərə gələn hacıları İslam qanunlarını dirçəltməyə dəvət etdi.
İmam Hüseyn (ə) hicrətin 60-cı ili Zilhiccə ayının səkkizi Məkkə şəhərini tərk edib Kufəyə tərəf yola düşdü.37 Və hamının zehnində belə bir sual qaldı ki, nəyə görə İmam Hüseyn (ə) həcc əməlini yerinə yetirməyə bir gün qalmış Məkkə şəhərini tərk etdi? Bu sualın cavabını isə belə açıqlayırıq:
1- İmam (ə) Məkkə şəhərində qan tökülməsini istəmirdi:
İmam Hüseynin (ə) bəzi söhbətlərindən məlum olur ki, o Həzrət dövlət muzdurlarının onu qətlə yetirmək istəmələrindən xəbərdar idi və İmam (ə) heç bir halda bu şəhərdə qan tökülməsini istəmirdi. İmam (ə) Məkkə şəhərinin İslam aləmində müqəddəs və əmniyyətli məkan olduğu üçün öz şəhadətinin də bu şəhərdən kənarda olmasını arzulayırdı. Necə ki, İmam Hüseyn (ə) İbni Abbasla söhbətində belə buyurur: «Mən istəyirəm ki, məni Məkkədə yox başqa şəhərdə şəhadətə yetirsinlər və mən belə bir şəhadəti arzulayıram.»38
Həmçinin O, Abdullah ibn Zubeyrə buyurdu: «And olsun Allaha ki, mənim üçün hər bir məkanda qanımın tökülməsi Məkkə şəhərində şəhid olmaqdan daha sevimlidir.»39
Məlumdur ki, İmam Hüseynin (ə) Məkkə şəhərində və ya Kərbəla çölündə şəhadətə yetişməsinin o Həzrətin dini vəzifəsini yerinə yetirməsində və mənəvi məqamında heç bir rolu yox idi. O Cənabın Məkkə şəhərinə bu qədər diqqət göstərməsi İslam dəyərlərinin qorunub saxlanması üçün olmuşdur. Baxmayaraq ki, bu mənfur işi zalım cinəyətkarlar həyata keçirəcəkdirlər.
2- İmam (ə) həcc zəvvarlarını heyrətləndirmək istədi:
Bildiyimiz kimi həcc ziyarəti İslam dininin ən çətin, eyni zamanda böyük əhəmiyyət daşıyan mədəni, ictimai və siyasi ibadəti sayılır. Kəbə evi tarix boyu insanların Allaha yaxınlaşma məkanı olmuşdur. Hətta İslamdan qabaqkı dinlər də bu evin Allaha məxsus olduğunu söyləmişdilər. İslam dini gəldikdən sonra isə həcc ziyarətinə xüsusi əhəmiyyət vermiş və imkanı olan surətdə həcc əməlini tərk edən müsəlmanı kafir saymışdır. Elə bu inanc əsasında müsəlmanlar əsirlər boyudur ki, dünyanın hər hansı bir güşəsində olmalarına baxmayaraq öz ölkə və şəhərlərindən Kəbə evinin ziyarətinə gəlir və həcc əməlini yerinə yetirməklə öz bəndəçiliklərini Tanrı qarşısında nümayiş edirlər.
Əhli-beyt İmamları (ə) da bu ziyarətə xüsusi əhəmiyyət vermiş və heç bir zaman həcc əməllərini yerinə yetirməyin mənəvi ləzzətindən doymamışlar. Məxsusən, İmam Hüseynin (ə) bu əməlləri yerinə yetirməyə olan məhəbbəti müsəlmanların arasında məşhur olmuşdu. Hətta tarixçilərin yazdığına əsasən o Həzrət həcc səfərinə daha çox savab qazanmaq üçün iyirmi beş dəfə piyada getmişdir.40 Lakin İmamın (ə) həccə bu qədər eşq bəsləməsinə baxmayaraq, o Həzrət həcc əməllərinin başladığı vaxtda Kəbə evini tərk edib Kufəyə tərəf yola düşdü və bu işi ilə bütün zəvvarları heyrətdə qoydu. Allahın evinin ziyarətinə gələnlərin hamısı soruşurdular: «Nə üçün İmam Hüseyn (ə) bu qədər həcc əməllərini sevən halda onu tamamlamadan Məkkə şəhərini tərk etdi? Görəsən İmam Hüseyn (ə) Yezidlə beyət etmədiyinə görə dövlət muzdurlarının o Həzrəti terror edəcəklərindən xəbərdar olduğu üçünmü həcc əməllərini yarımçıq qoydu? Axı necə ola bilər ki, Peyğəmbər balası Kəbə evində terrora məruz qalmasından amanda deyil? Bu necə İslam hakimiyyətidir ki, bu ölkədə nə Allahın evinin hörməti qorunur, nə də onun Peyğəmbərinin?» Və bu kimi suallar zəvvarların dilində gəzirdi. Bu da Yezidin qəsb etdiyi dövlətin hələ başlanğıcdan xalq tərəfindən xətərə düşməsi demək idi.
Beləliklə, İmam Hüseynin (ə) Məkkə şəhərini tərk etməsinin səbəbi ilk növbədə müqəddəs şəhərdə qan tökülməsinə mane olaraq, Tanrı evinin hörmətini qorumaq olmuşdur. Lakin onun həcc mövsümündə belə addım atması bu məsələni xalqa çatdırmaq və Yezidin hökümətinin terrorist olmasını onlara bildirmək üçün idi.
İmam Hüseyn (ə) Kərbəlada şəhid olacağını bilirdimi?
İmam Hüseyn (ə) Kərbəlada şəhid olacağına qiyam etmədən öncə xəbərdar idi. Və Allahın dinini qorumaq üçün hər şeyini qurban verməkdən başqa bir yolun olmadığını anlayırdı.
Ən əsası budur ki, o, həzrət Allah tərəfindən hər İmama əta olunmuş “qeyb-elmi” vasitəsilə bunu bilirdi. 41
Bundan əlavə İslam peyğəmbəri Həzrət Məhəmməd (s) dəfələrlə İmam Hüseynin (ə) şəhid ediləcəyini tam təfsilatı ilə bəyan etmişdi. 42 Kərbəla müsibəti barəsində nəinki Həzrət Əlinin (ə) ailəsi, hətta Bəni Haşim qəbiləsi də, bilirdi. 43 Belə olduqda isə İmam Hüseynin (ə) xəbərsiz olmasını söyləmək düzgün olmazdı. Qardaşı İmam Həsən (ə) də, vəfatından əvvəl ona belə söyləmişdi: «Ey qardaşım! Heç bir müsibət sənin qətlə yetiriləcəyin günə bənzəməz. Özünü Məhəmməd (s) ümməti sayan otuz minlik qoşun sənə hücum edər, öldürər, ailəni əsir tutarlar...»44
Onlar kufəlilərin vəfasız, e`tibarsız olduğunu söyləyərək, hətta kufəlilərin İmamı (ə) qətlə yetirmək haqqında artıq düşmənlərlə fikir ortaqlığına gəldiklərini də, xəbər vermişdilər. İmam (ə) isə onlara şəhid olacağını bildiyini buyurmuş və bu yolun ən düzgün seçim olduğuna tə`kid etmişdir.
Abdullah ibn Abbas İmam Hüseynin (ə) hüzuruna gələrək, belə demişdi: «Ey əmim oğlu! Mən sənin ayrılığına dözə bilmərəm. Qarşına məqsəd qoyduğun bu səfərdə, sənin şəhid olmağına və ailənin əsir düşməyinə qorxuram. Çünki iraqlılar vəfasız adamlardır. Onlara inanmaq olmaz... Əgər İraq xalqı məktubda yazdıqları kimi həqiqətən də səni istəyirlərsə, onda əvvəlcə şəhər valisini, öz düşmənlərini oradan qovsunlar. Sonra isə sən Kufəyə gedərsən. Sən Hicazın böyüyüsən, Məkkə, Mədinə əhalisi sənə çox ehtiram edir. Sən elə bu Məkkədə qal. Əgər Məkkədən getməkdə israrlısansa, yaxşı olar ki, Yəmənə gedəsən. Çünki atan Əlinin (ə) orada çoxlu şiələri var. Bundan əlavə Yəmən geniş, möhkəm qalaları, uca və əlçatmaz dağları olan bir məntəqədir.” İmam (ə) ona təşəkkür edib buyurdu: “And olsun Allaha, bunlar qanımı tökməyincə məndən əl çəkməyəcəklər. Məni qətlə yetirdikləri üçün Allah onlara elə bir şəxsi hakim edəcəkdir ki, zillətlə yaşayacaqlar...»45
Abdullah ibn Zübeyrin onu saxlamaq qəsdi ilə söylədiyi təklifin cavabında da İmam Hüseyn (ə) belə buyurdu: «Ey Zübeyrin oğlu! Əgər Fərat çayının kənarında dəfn olunsam, mənim üçün Kə`bə astanasında öldürülməkdən daha yaxşıdır.»46
Məhəmməd Hənəfiyyə də, İmama Kufəyə getməməyi məsləhət görərək dedi: «Qardaş! Sən Kufə camaatının atan Əli (ə) və qardaşın Həsənə (ə) qarşı sədaqətsizliyinin şahidi oldun. Qorxuram ki, səninlə bağladıqları əhdi-peymana xilaf çıxsınlar. Yaxşı olar ki, oraya getməyəsən və Məkkədə qalasan. Yaxud da Yəmənə get.»
İmam ona belə cavab verdi: «Allahın rəsulu (s) yuxumda buyurdu: «Hüseyn (ə), qiyam et! Çünki Allah bunu istəmişdir. Allah sənin şəhid olmanı və ailənin əsir düşməsini iradə etmişdir.»47
Abdullah ibn Cəfər, Ömər ibn Əbdürrəhman, o dövrün məşhur ərəb şairi Fərəzdəq, bə`zi köçəri ərəblər də kufəlilərin hiyləsindən İmamı (ə) xəbərdar etmiş, « kufəlilərin qəlbi səninlə, amma qılıncları sənin əleyhinədir» kimi ibarətlərlə vəziyyətin ciddi olduğuna işarə etmişlər. İmam Hüseyn (ə) də öz növbəsində bütün bunları bildiyini buyurmuşdur. 48
Deməli, o həzrət öz şəhadətinə tam agah idi. Bə`zi mənbələrə istinadla İmam Hüseynin (ə) Kərbəlaya hərəkət etməzdən qabaq Məkkə şəhərindəki nitqi də, buna əsaslı sübutdur: «Şükür Allaha layiqdir! Allah nə istəsə o da baş verəcəkdir. Allahın istəyi olmadan hökm verməyə qadir olan heç bir qüvvə yoxdur. Allahın rəsuluna (s) salamı olsun.
Qızların boynuna boyunbağı lazım olduğu kimi insan övladına da ölüm vacibdir və ondan qaçıb qurtarmaq olmur. Yaqub peyğəmbər (ə) oğlu Yusifin (ə) görüşünə necə həvəsli idisə, mən də ata-babamı görməyi o qədər arzulayıram. Mənim üçün bir qətlgah təyin olunmuşdur və mən orada düşəcəyəm. Sanki çöl yırtıcılarının (Kufə qoşunu) Nəvasis və Kərbəla arasında yerləşən vadidə mənim bədən üzvlərimi tikə-tikə edərək, ac qarınlarını və boş xurcunlarını doldurduğunu öz gözlərimlə görürəm... Agah olun! Kim bizim yolumuzda öz qanından keçməyə, Allahla görüşmək və canını şəhadət uğurunda qurban verməyə hazırdırsa, mənimlə gəlsin. Mən inşallah sabah sübh Kufəyə doğru hərəkət edəcəyəm.»49
Dostları ilə paylaş: |