Kufə əhli nə üçün İmam Hüseyni (ə) köməyə çağırdı amma ona kömək etmədi? Əksinə ona qarşı düşmən qoşunu ilə əlbir oldu?
Bu sualın cavabını düzgün şəkildə anlamaq üçün o zamanlar Kufədə hakim olan ab-havanı yetərincə aydınlaşdırmaq lazımdır. Hər şeydən öncə unutmamalıyıq ki, Həzrət Əlinin (ə) xilafəti zamanı ona dayaq olmuş Kufə əhli ilə İmam Hüseynin (ə) qiyamı dövründə yaşayan kufəlilər arasında əsaslı fərqlər mövcud idi.
İmam Əlinin(ə) xəlifəliyi zamanı da, şiələr çoxluq təşkil etmirdilər. Buna Siffeyn döyüşündə ondan üz çevirən böyük bir kütlə, xəvaric də sübutdur.
Təkcə bunu qeyd etmək kifayətdir ki, Həzrət Əlinin (ə) xilafəti dövründə şiələr çoxluq təşkil etməsələr də, hərdəmxəyal kufəliləri döyüşə səsləyən və xalq arasında cəsur döyüşçü kimi tanınan cəsarətli, qorxmaz şiə sərkərdələri var idi. Başqa aparıcı rol oynayan amil isə, az da olsa Kufə əhli içərisində zalıma baş əyməyən, döyüş əhval-ruhiyyəli, dinini dünyaya satmayan bə`zi kufəlilərin mövcud olması idi. Onlar da, şiələr kimi İmam Əliyə (ə) xalqı döyüşmək üçün həvəsləndirməkdə kömək edirdilər. Məhz belə qüvvələrin nüsrəti sayəsində qorxaq, tənbəl və riyakar camaat olan kufəlilər öz daxili təşvişlərinə qalib gəlməyi bacararaq, ruh düşgünlüyünü kənara atıb, Həzrət Əliyə (ə) dayaq olmağa çalışırdılar. Yoxsa kufəlilər olduqca qorxaq, dünyapərəst və ikiüzlü bir camaat idi. Necə ki, Həzrət Əli (ə) buyurur: «Yazıqlar olsun sizə. Sizi danlamaqdan bezdim. Axirət əvəzində dünya yaşayışına razı oldunuzmu? Ucalıq əvəzinə alçaqlığa üstünlük verdinizmi? Sizi düşmənlərinizlə vuruşa çağırdığım zaman qorxudan gözləriniz bərəlir, sanki ölüm gəlib çatmış və sizi bəlalara uğratmışdır. Qəflətə dalmısınız, elə o qəflət də sizi sərxoş etmişdir...Heç bir şeyi dərk etmirsiniz. Nə qədər ki, bu belə davam edir, mənim sizə güvəncim yoxdur. Arxam, himayəçim deyilsiniz ki, sizə arxalanım, qolum-qanadım olmursunuz ki, sizə sığınım.Siz sarbanı itmiş dəvələrsiniz; bir yandan sürülüb bir yerə toplanır, o biri tərəfdən dağılırsınız..57
Nə qədər beli ağır yüklər altında əzilmiş cavan dəvələri yola gətirən bir adam kimi sizinlə əlləşib-vuruşum? Nə qədər bir köhnə paltarı təzələməyə çalışım; hər yanı cırılıb gedir. Bir tərəfdən tikirsən o, biri tərəfdən sökülür. Sayı az da olsa Şam ordusundan bir bölük silahlı adam gələn kimi hər biriniz evə girib, qapını bağlayır, siçan kimi deşiyə soxulursunuz. And olsun Allaha ki, yardım etdiyiniz hər kəs alçalmışdır. Kim sizinlə ox atsa, kirişi qırıq yayla ucluqsuz ox atmışdır. And olsun Allaha ki, siz evlərinizin qabağında çoxsunuz, bayraqların altında isə azsınız. Doğrudan da sizi nizam-intizama nə sala bilər? Əyriliyinizi nə düzəldə bilər?58
Ey kufəlilər, sizdə olan üç şeylə, sizdə olmayan iki şeyə görə dərdlərə düşdüm, qəmlərə batdım; qulaqlarınız var, amma sanki karsınız. Danışırsınız, amma güya lalsınız. Gözləriniz var, elə bil korsunuz. Döyüşdə azad igidlər kimi dəyanətiniz yoxdur. Bəla gələndə siz güvənməli adam deyilsiniz.59
Deməli Kufə camaatı çətin islah olunan, hər an ziddiyyətlə dolu yeni bir qərara gələn, eyni halda öz maddi mənfəətlərini hər şeydən üstün sayan insanlar idi.
Kufəlilərin bu xisləti yalnız İmam Əli (ə) və digər İmamlarımıza qarşı olmamışdır. Həqiqətdə Həzrət Əlidən (ə) öncə yaşamış xəlifələr də eyni rəftarla üzləşmışlər. Necə ki onlardan biri deyir: «Bundan böyük müsibət harada var ki, yüz min nəfərlik cəmiyyətlə birlikdə olasan, amma nə başçıları onlardan razı olsun nə də onlar başçılarından.»60
Bə`zən özlərini hamıdan ağıllı, dindar hesab edən, heç kimi bəyənməyən cahil kufəlilər döyüşün ən həlledici anlarında belə utanmadan Həzrət Əliyə (ə) qarşı vəfasız çıxaraq, onu düşmən müqabilində çətin vəziyyətdə qoymuşlar. Və döyüşdə məğlubiyyətə səbəb olmuşlar. Hər dəfə bir-birindən fərqli, təzad dolu fikirlərə düşən, sabit və davamlı iradəyə malik olmayan kufə əhlinin İmam Həsəni (ə) də, döyüş meydanında tənha buraxmalarını unutmaq olmaz.
Gördüyünüz kimi vəfasız Kufə əhli hətta şiələrin aparıcı rol oynadığı və bə`zi ləyaqətli kufəlilərin öndə getdiyi bir zamanda da, Məhəmməd peyğəmbərin (s) ən əziz, hamıdan çox sevdiyi şəxslərlə də, iki üzlü və riyakarlıqla davranmışlar.
Müaviyənin xilafəti zamanı isə onsuz da e`tibarsızlıq və sədaqətsizlikdə “ad qazanmış” kufəlilər daha da, alçalaraq qorxaq, dünyapərəst və cahil insanlara çevrildilər. Belə ki, Müaviyə sülh müqaviləsini tapdalayaraq onlara şiddətlə zülm etməyə başladı. Qəddarlığı ilə tanınmış Ziyadı Kufəyə vali tə`yin etdi. Ziyad onlarla amansızca davranır, müxtəlif işgəncələr verir, heç bir qayda-qanuna baş əyməyərək insanda ikrah hissi oyadan özbaşınalıqla rəftar edirdi. Kufə əhli səhvlərini anlasalar da artıq gec idi.61 Sülh müqaviləsi bağlanmış, kufəlilər tərk-silah edilmiş və Şam qoşunları şəhərdə möhkəmləndirilmişdi. Beləliklə də, onlar zülmə boyun əyməyə məcbur oldu. Kufə valisi Ziyad isə Müaviyyəyə təkcə qarşı çıxanları deyil, hətta ona məhəbbət bəsləməyənləri də, ən ağır cəzalara məhkum edirdi.62
Əhli-beytə eşqi olan hər kəs, əvvəlcə xilafətin hamıya tə`yin etdiyi maaşdan məhrum edildi.63 Sonra isə Həzrət Əliyə (ə) hörmət bəslədiyi ehtimal verilən müsəlmanların evi xarabalığa çevrilir, özü və ailəsi inanılmaz işgəncələrə mə`ruz qalaraq, həbs edilirdi. 64 Əhli-beytin (ə) fəziləti haqqında hədis söyləmək qadağan edilmiş, hər namazdan və məscidlərdəki xütbələrdən sonra Həzrət Əliyə (ə) lə`nət oxumaq vacib olunmuşdu. 65 Lə`nət oxumayanların əli-ayağı kəsilir, dili boğazından çıxarılır, dar ağacına asılırdı. Ümumiyyətlə harada şiə tapırdılarsa min cür əzab-əziyyətlə öldürürdülər.66
Şiələr isə günahsız olaraq qətlə yetirilir, malı, canı, namusu tapdalanırdı. Onlarla xüsusi qəddarlıq və vəhşicəsinə rəftar olunurdu. Çoxsaylı şiələr məcburi surətdə Kufədən uzaqlara sürgün edildi. Demək olar ki, Kufədə daha şiənin tanınmış şəxsiyyətlərindən heç kim qalmamışdı... 67
İllər beləcə keçirdi... Kufə əhli də, Müaviyənin düşünülmüş siyasəti nəticəsində ikiüzlü, qorxaq, dünyapərəst və mənfəətpərəst insanlara çevrilmişdi. Əli (ə) -ın dövründə az da olsa tapılan cəsur kufəlilərdən əsər-əlamət belə yox idi. Zülmə boyun əymiş bu müsəlmanlar Müaviyə öldükdən sonra kiminsə onları qurtaracağını gözlədilər. Onlar can və mallarını təhlükəyə atmadan asan bir qurtuluş ümüdündə idilər. Sanki Tanrı onlara mələk qoşunu göndərərək, möcüzə xəlq edib, Yezidi məğlub etməli idi.
Amma Müaviyənin ölümündən sonra süni şəkildə cür`ətlənən bu insanlar azadlıq yolunda vuruşa hazır olduqlarını iddia edir, özlərinə layiqli rəhbər axtarırdılar. Elə o zaman, İmam Hüseynin (ə) Yezidə bey`ət etmədiyini eşidib, çoxsaylı məktublar yazaraq onu Kufəyə də`vət etdilər. İş o yerə çatdı ki, orta hesabla gündə altı yüz, bütünlükdə isə on səkkiz min də`vət məktubu İmam Hüseynin (ə) əlinə yetişdi. 68 Kufəlilər İmamı də`vət edərək, son damla qanlarına qədər onunla birgə vuruşacaqlarını, onu əsla tərk etməyəcəklərini söylədilər.
Müaviyənin amansız zülmündən sonra çox az sayda şiənin mövcud olduğu Kufədə, inad dolu məktubları yazanlar kim idi?
1-Onların bə`zisi Həzrət Əliyə (ə) düşmən münasibət bəsləyən, lakin Müaviyə nəslinə daha çox nifrət edən xaricilər (xəvaric) idi. Və sadəcə olaraq rəqiblərindən birini aradan götürmək niyyətində idilər.
2- Bə`ziləri tayfa və qəbilə rəhbərləri idi. Onlar Kufəni Dəmeşq əvəzinə yenidən paytaxt edərək öz keçmiş nüfuzlarını geri qaytarmaq istəyirdilər. Elə bunun üçün də inqilabın Kufədə olmasını arzu edirdilər. Tayfaları da onlara tabe idi.
3-Məktub yazanların bir hissəsi keçmiş vəzifə sahibləri idi. Bu adamlar da, yenidən varlanmaq ümidində idilər.
4-Bir qism müsəlmanlar isə Bəni-Üməyyə tərəfdarları olsa da xilafətin onlara məhəl qoymadığını ə`namlar bəxş etmədiyni gördükdə, qisas almaq niyyətilə məktubu imzaladı. Onlar da, hakimiyyətin devriləcəyi təqdirdə mənsəb sahibi olacaqlarını düşünürdülər.
5-Böyük bir hissə isə sadəcə olaraq Əli övladlarını xilafətə layiq bilir, Bəni-Üməyyədən üstün sayırdı. Çünki Həzrət Əlinin (ə) ədalətli hökumətinin şirinliyini unutmamışdılar. Bunlar əzilmiş xalq kütləsi idi.
6-Bəzi Bəni-Üməyyə nəslindən olan müsəlmanlar da Yezidi dəstəkləyir, amma çox saylı kütlənin əleyhinə çıxmaqdan qorxaraq, məktubu imzalayırdı. Bununla bərabər gizli şəkildə Yezidə məktub yazaraq onu Kufədəki vəziyyətdən xəbərdar edirdi. 69
7-Bu arada fəqət şiə adlanan çox kiçik bir qrup İmam Hüseynin (ə) imamətinə e`tiqad bəsləyərək, onun birbaşa Allah tərəfindən xilafətə layiq görüldüyünə inanır, bu yolda sidq ürəklə hər şeyini fəda etməyə hazır idilər.
Gördüyünüz kimi kufəlilər vahid hədəfə qulluq etmir, Həzrət Hüseyni (ə) yalnız öz maddi mənafelərini tə`min etmək üçün arzulayırdılar. Bunu yetərincə anlayan Yezid qəddarlıqda atasından heç də geri qalmayan Abdullah ibn Ziyadı Kufəyə vali tə`yin etdi. Bu kufəliləri qorxutmaq üçün birinci zərbə idi.
İbn Ziyad isə 500 atlı götürüb, Bəsrə şəhərinin ən nüfuzlu adamları ilə birgə özünü İmam Hüseynə (ə) oxşadaraq, Kufəyə daxil oldu. On minlərlə insan onu İmam zənn edərək qarşılamağa çıxdı. Onun Həzrət Hüseyn (ə) olmadığını görən Kufə əhli şok halına düşdü. Bu isə onları İmamın (ə) gələcəyindən naümid etmək və hakimiyyətin qüdrətini anlatmaq üçün ikinci zərbə oldu. İbn Ziyad ilk olaraq xalqı qorxutmağı qarşısına məqsəd qoydu və buna bir-neçə yolla nail oldu. O, Bəni-Üməyyənin keçmiş qüdrətinin yıxılmadığını inandırmaq üçün və guya dövlətin üsyançılardan əsla qorxmadığını bildirmək məqsədilə əmrlər verdi. O, hər kəsdən çox qəbilə başçılarının dünyapərəst olduğunu bilirdi. Elə buna görə də ilk əmri «Hər qəbilə başçısı ki, xilafətin müxalifinə öz tayfasında pənah verə və hətta dövlətə tanıtdıraraq, təslim etməyə öz evinin önündə dar ağacına asılaraq e`dam olunacaq» idi.70 Sonra İbn Ziyad camaatı qorxutmaq üçün Şəbs ibn Rəbi kimi muzdurlardan da yetərincə bəhrələndi.71 Ümumiyyətlə Kufədə iyirmi minə yaxın silahlı adamlar var idi ki, «Həmra» adlanırdı. Bu silahlı insanlar pul və mal müqabilində muzdlu şəkildə hər bir cinayətə əl atırdılar. İbn Ziyad öz çirkin niyyəti yolunda onlardan da, kifayət qədər istifadə etdi.72
İmam Hüseynin (ə) elçisi Müslim ibn Əqilin ətrafına toplaşmış bə`zi qorxaq müsəlmanlar, “İmam gəlməyəcək” deyə təşvişə düşərək, ondan ayrıldı.
Yezidin gizli tərəfdarları da öz növbəsində aşkarcasına İbn Ziyadın cəbhəsinə keçərək, onun dayağını möhkəmləndirdi.
İbn Ziyad xalqı cümə məscidinə toplayaraq onlara xütbə oxudu. Kufəlilərin bə`zisini qorxaq, bəzilərinin isə tamahkar olduğunu bilən İbn Ziyad əvvəlcə özünü onlara "mehriban ata" kimi tanıdaraq, Yezidə kömək edənlərin maaşlarının artırılacağını və qiymətli ənamlar veriləcəyini dedi. Vəzifəpərəst və dünyapərəst qəbilə başçılarına, həmçinin xilafətdən “küsmüş” Bəni-Üməyyə tərəfdarlarına çoxlu bəxşişlər və`d etdi. 73
Belə ki, Kufədən qaçaraq İmam Hüseynə qoşulan İbn Ayzi şəhərin vəziyyəti haqqında belə məlumat verirdi: «Qəbilə başçılarına və nüfuzlu adamlara böyük məbləğdə rüşvət verildi. İnan ki, onların anbarları əla buğda ilə doldurulmuş kisələrlə aşıb-daşır. Onların hamısı İbn Ziyadla dost olaraq sənin əleyhinə döyüşməyə hər an hazırdırlar.»74
Unutmaq olmaz ki, Kufəlilərin dolanışığı o zaman yalnız dövlət tərəfindən təyin olunmuş «əta» adlanan maaşda idi. Bu maaşı “ürəfa” adlı mənsəbə təyin olunmuş şəxslər verirdi. Onlarda əhalinin siyahısı var idi. Siyahiyə uyğun olaraq əta paylanırdı. Və elə bunun vasitəsi ilə də dövlət kimin üsyan etdiyinə nəzarət edə bilirdi. Bununla da üsyançıları maaşdan məhrum etmək asan bir iş idi. (Həzrət Əlinin (ə) dövründə bu maaş hamıya eyni miqdarda ədalətlə bölünsə də, digər hakimiyyət də olanların zamanında xilafət, hökumət tərəfdarlarına çox, müxaliflərə isə yox həddində verilirdi.) Aclıq və maddi çətinlik içərisində yaşayan böyük bir müsəlman kütləsi maaşlarının kəsiləcəyini və ya artırıla biləcəyini duyduqda dinini dünyaya satma ehtimalı böyük idi. Elə buna görə də, İbn Ziyad 75 Yezidə qarşı çıxanların maaşlarını kəsməklə, bütün mal-dövlətlərinin əllərindən alınacağını söyləməklə hədələdi. O, kəskin şəkildə İmam Hüseynə (ə) kömək edənlər rəhm etməyəcəyini dedi. Onsuzda qəlblərinə qorxu düşmüş kufəlilər, Şam qoşunlarının yolda olduğunu, yaxın günlərdə şəhərə gəlib çatacaqlarını eşitdikdə, vəhşətə gələrək, məscidi tərk etdi.
Hələ Müaviyə dövründə yüksək təchizatlı Şam qoşunlarının onlara verdiyi işgəncələri yada salan kufəlilər qorxaraq, üsyan niyyətlərinin olmadığını bildirdi.
Beləliklə də kufəlilər qorxu və tamah səbəbinə İbn Ziyada məğlub oldular. Yaltaq insanlar ona yaxınlaşmaq üçün sanki yarışa girişmişdilər. Dünyaya qul olan şəxslərdən başqa nəticə gözləmək də olmazdı. Bu qorxaq adamların bə`zisi hətta Kərbəlada İbn Ziyadın qoşununda yer aldığı zaman döyüşü kənardan izləyərək; «Allah Hüseynə (ə) kömək ol!» deyə ağlayırdı. 76 Bə`ziləriisə Yeziddən daha çox bəxşiş və hədiyyə almaq üçün Hüseyni (ə) öldürmək uğrunda bir-birilərini irəliləmək üçün canfəşanlıq edirdilər. Bir sözlə, onlar İmam Hüseyni (ə) öz dünya mənafelərini təmin etmək üçün Kufəyə çağırdı və elə dünya arzularına yetmək üçün də, onu tənha qoyaraq, düşməninə dəstək oldular.
Kufəlilər Hüseynin (ə) haqq yolda olduğunu çox gözəl anlayırdılar. Amma qorxu və dünya malı onlara Hüseynə (ə) kömək etməyə icazə vermədi. İbni Abdullah Aizinin söylədiyi kimi «Kufəlilərin qəlbi Hüseynlə (ə), amma qılıncları isə ona qarşı idi.»77
Necə ki, İmam Hüseyn (ə) Kərbəlada onlara müraciətlə buyurdu: «Siz məni də`vət etmədinizmi? İndi hamınız mənə qarşı çıxmışsınız. Mənim nəsihətlərimə qulaq asmaq istəmirsiniz. Bunun səbəbi haram maldan sizə bəxşiş və`d edilməsi və qarnınızı haramla doldurmanızdır. Ona görə də qəlbləriniz möhürlənmişdir. »78
Dostları ilə paylaş: |