Edqar Allan Po. "Qızıl ölümün maskası" (Amerika novellalarından bir yarpaq)
Gülər Sadıqovanın təqdimat və tərcüməsində dünya ədəbiyyatından hekayə
Edqar Allan Po 19 yanvar 1809 – cu ildə Bostonda anadan olmuş, 7 Oktyabr 1849 – cu ildə Baltimorda vəfat etmişdir. Amerikalı yazıçı və şairdir. Özü Amerikanın romantik cərəyanının öndə gedənlərindən biridir. ABŞ-ın ilk qısa hekayə yazarlarından olan Poe müasir mənada qorxu, həyəcan növlərinin də atasıdır. Bu gün çox insanlar tərəfindən ABŞ-ın böyük yazıçılarından hesab olunsa da Poe həyatdaykən tez-tez alçaldılmış və səhv başa düşülmüşdür.
Qızıl ölümün maskası
“Qızıl ölüm“ çoxdandır şəhər əhlini qırırdı. Heç bir hücum belə qorxunc, belə öldürücü olmamışdı. Kəskin sancılar, baş fırlanmaları, sonra da gözləri boğan qanaxmayla ölüm. Qurbanın bədənində, xüsusilə üzündə görünən qızılı ləkələr onu dostlarının köməyindən, sevgisindən uzaqlaşdıran xəstəliyin ilkin izləri idi. Xəstəliyin üzə çıxması, güclənməsi və bitməsi yarım saatlıq işdir.
Amma kral Prospero xoşbəxt idi, ürəklıydi, ağıllıydı. Ölkəsindəki xalqın yarıdan çoxu xəstəlikdən qırıldıqca saraydakı cəngavərlər və ledilər arasından sağlam və şən olan min nəfəri hüzuruna çağırdı. Onlarla birlikdə qala kimi bir monastra, uzaqlara getdi. Çox möcüzəli, böyük və qəribə tikiliydi bu monastr. Kralın qeyri – adi zövqündən xəbər verirdi. Hündür, güclü divarlarla əhatə olunmuşdu. Qapılar dəmirdən idi. Gələnlər qapılardan içəri girdikdən sonra dəmirçilər çağrıldı və qapılar tamamilə bağlandı. Məqsəd, içərdəkilərin ümidsizlik və ya hər hansı çılğınlığa tutulub çölə çıxmaq və ya içəri girməsinin qarşısının alınması idi. Monastr ərzaqla tam doldurulmuşdu. Bu tədbirlər görüldükdən sonra saraylılar meydan oxuya bilərdilər hücuma. Qoy çöldəki dünya öz başına çarə qılsın. Bu dövrdə yas tutmaq, sızlamaq axmaqlıqdı. Kral əyləncə, kef üçün nə lazımdısa hamısını toplamışdı bura: musiqiçilər vardı, müğənnilər vardı, rəqqaslar vardı, gözəllər vardı, şərab vardı. İçəridə bütün bunlar və etibarlılıq vardı. Çöldə isə „Qızıl ölüm“.
Monastra yerləşəndən beş, ya da altı ay sonra, „Qızıl ölüm“ün bir az durğunlaşdığı dövrdə Kral Prospero ağlın almayacağı qədər gözəl və böyük maskarad təşkil etdi. Hər cür duyğunu oyadacaq bir tədbir idi bu. Amma əvvəl sizə salonları göstərim. Bunlar hamısı aşağı mətəbədə yerləşirdi, biri də kralın öz otağı idi. Otaqlar hamısı iç – içə, qarışıq idi. Qapıları kənara çəkmək mümkün olsaydı ortada uzun dəhliz aşıları. Kralın qeyri adi, gözəl şeylərə olan düşkünlüyünün nəticəsi idi bu. Sağdakı və soldakı divarların ortasında qotik pəncərə, otağın giriş çıxışını izləyən qapalı dəhlizə açılırdı. Burdakı pəncərələrin şüşələri rəngli idi amma döşəmənin rənginə görə hərdən boğuq rəng alırdı. Qərb istiqamətdəki otaq mavi döşənmişdi, pəncərələrin şüşələri də mavi idi. İkinci salonun pərdələri və yeri qırmızı rəngdəydi, elə pəncərələr də. Üçüncü otaq başdanbaşa yaşıl, dördüncü narıncı, beşinci ağ, altıncı isə bənövşəyi rəngdə idi. Yeddinci otaqdakı əşyalar isə qara rəngdə idi. Amma yalnız bu otaqda pəncərələrin şüşəsinin rəngləri otağın rənginə uyğun gəlmirdi. Bu otaqdakı şüşələr qızılı rəndə idi. Qızılı bir az da qan rənginə çalırdı. Yeddi otağın heç birində nə lampa işığı, nə də şamdan vardı. Sadəcə dəhlizin hər otağa baxan pəncərəsinin qarşısında üç ayaqlı dəmir sütunun üzərində şamlar yanır, süzülərək qarşıdakı otağı işıqlandırırdı. Bu şam işığı yeddinci otaqdakı qırmızı pəncərəyə düşüb elə əcaib mənzərə yaradırdı ki qonaqların ancaq bəziləri içəri girməyə ürək edirdi.
Elə həmin bu otağın cənub divarında böyük, fildişi saat asılmışdı. Saatın əqrəbləri fırlandıqca yeknəsaq, boğuq səs çıxarırdı. Hər saat başı saat güclü zəng çalırdı. Amma bu zəng səsi elə qəribə, elə dəhşətli çalınırdı ki, hər altmış dəqiqədən bir orkestr musiqini dayandırır, rəqs edənlər bir anlıq durğunlaşırdı. Hətta ən coşqunların belə rənginin saraldığını, yaşlıların əllərini alınlarına qoyub düşüncəyə daldıqlarını görmək olurdu. Zəng səsləri susduqda isə yenə qəhqəhələr eşidilir, çalğıçılar bir anlıq bir-birlərinə baxıb belə axmaq hisslərə daldıqlarına görə özlərini qınayırdılar. Və sanki bir daha belə olmayacağına söz verircəsinə pıçıldaşırdılar. Amma altmış dəqiqəlik vaxt keçdikdə ( ki, bu uçan zamanın üç min altıyüz saniyəsi deməkdir) saatın zəngi səsləndikdə yenə eyni hisslər, eyni didərginlik, eyni dalğınlıq başlayırdı. Bunları bir yana qoyaq maskarad həqiqətən olduqca gözəl keçirdi. Bu kralın necə də gözəl zövqü varmış. Bu rənglər, dini əşyalar necə də uyğun idi bir-birinə. Bəzilərinə görə bu kral dəli idi. Amma yaxınları onun dəli olmadığına inanırdı. Buna qətiyyətlə inana bilmək üçün ona toxunmaq, onu duymaq, görmək lazım idi. Maskaradın keçirilməsinə özü nəzarət etmiş, otaqları özü hazırlatmış hətta qonaqların geyimləri ilə belə özü məşğul olmuşdu. Maskalar həqiqətən əcaib idi. Parlaq, heyrətamiz. Balda Hernanidən tutmuş hər kəs vardı. Əlləri, ayaqları biçimsiz, müxtəlif vəzifələr daşıyan, çiçəkli, yarpaqlı fiqurlar vardı. Ancaq bir dəlinin xəyal gücündən doğabiləcək dekorasiya idi bu. Otaqlardan otaqlara kölgələr gəzirdi. Qonaqların kölgələri rəngdən rəngə düşərək avara ruhları xatırladırdı.
Budur, zəngli saat yenidən çalmağa başladı. Avara ruhlar bir anlıq durdular, musiqi kəsildi. Və budur, yenə əvvəlki vəziyyət. Gülüşlər, şənlik, coşqunluq.
Yeddinci otağa maskalılardan heç kim girmir artıq. Çünki gecəyarısı olmuşdu. Və qırmızı pəncərələrdən süzülən al rəngli işıq qara xalıda oynayır, dəhşətli mənzərə yaradırdı. Üstəlik o qəribə saat da bu otaqdaydı.
O biri otaqlarsa dopdoluydu. Orda həyatın nəbzi dəlicəsinə çalırdı. Elə bu anlarda bayaq dediyim kimi musiqi dayandı. Vals oynayanlar yerlərində dondular. Hər şey bayaqkı didərgin vəıziyyətə düşdü. Bəlkə də saat son dəfə, həm də on iki dəfə vuracaqdı deyə hər kəs qulaq asmağa başladı. Amma hələ zəng səsləri bitmədən hər kəsin nəzəri daha əvvəl nəzərə çarpmamış yeni qonağın üzərində dayandı. Yeni qonaq barədə danışılanlar əvvəl qulaqdan qulağa yayıldı, sonra adamlar arasında heyrətli səslər yüksəldi, sonra bu səslər mırıltıya, ən sonda isə qorxu, hürkü və iyrənməyə çevrildi. Açığı bütün qəribəliklərin olduğu bir yerdə yeni qonağın geyiminin heyrət doğurması təəccüblüdür. Əslində maskaraddakı geyimlər olduqca dəhşətli və əcaib idi. Yeni gələn qonağınsa əynində hər kəsi dəliyə döndərən geyim vardı. Nəticədə bütün qonaqlar yeni gələnin geyimində heç bir zarafat, heç bir incəlik olmadığı qənaətinə gəldilər. Qonaq sısqa, alçaq boyluydu. Başdan ayağa kəfənə bürünmüşdü. Üzünə, gözlərinə ən yaxından baxan belə onu bir cəsəddən fərqləndirə bilməzdi. Amma yenə də bütün bunları yaxşı qarşılaya bilərdi, dəli kimi əylənən qonaqlar. Yeni qonaq “„Qızıl ölüm“ü” təmsil etməsəydi. Üstü başı qan idi, alnı, üzünün hər yeri o dəhşətli qızıl rənglə rənglənmişdi. Kral Prospero qonağı gördükdə (qonaq vals oynayanların arasında geydiyi geyimin xarakterinə uyğun ağır və ciddi addımlarla gəzirdi) əvvəlcə diksindi və iyrənən sifət aldı, sonra isə hirsindən qıpqırmızı qızardı.
Yanında duran saraylılara dönərək, “Kimdir bu?” deyə bağırdı. “ Bizə bu çirkin oyunu oynamağa kim cəsarət edə bilər? Tutun onu və maskasını çıxarın. Çıxarın ki, səhər bürclərdən kimi asacağımızı bilək!”
Kral Prospero bu sözləri deyərkən mavi otağındaydı. Səsi bütün yeddi otaqda əks səda verdi. Çünki kral gənc, güclü idi. Musiqi o hələ əlini yelləyərkən dayanmışdı.
Kral bir neçə solğun saraylılarla birlikdə mavi otaqda dayanmışdı. O danışanda yanındakı saraylılar qonağa qarşı bir neçə addım atdılar.Amma onsuz da yaxında olan qonaq özü qərarlı və ağır addımlarla krala yaxınlaşdı. Ətrafdakılarda elə dəhşətli qorxu yaratmışdı ki, heç kəs onu tutmağa cəsarət etmədi. Və qonaq aralarında bir metr qalana qədər kral Prosperoya yaxınlaşdı. Ətrafdakılar onların olduğu yeri boşaldaraq divarlara çəkildilər. Qonaq ağır addımlarla mavi otaqdan bənövşəyi otağa keçdi. Ordan yaşıla, yaşıldan narıncıya ordan da ağa və sonda qara otağa. O anda hirsdən və bir anlıq qorxaqlığın verdiyi utancdan dəliyə dönən kral qaçaraq altı otağa keçdi. Onun arxasınca heç kim getmədi. Hər kəs qorxudan donmuşdu. Kralın əlində xəncər vardı. O qaça – qaça qonağa arxadan yaxınlaşdı. Onunla üz – üzə gələn anda qışqırtı eşidildi və kral əlindəki xəncərlə birgə xalının üstünə yıxıldı. Ümidsizlikdən doğan dəhşətlə hər kəs qara otağa atıldı. Fildişi saatın kölgəsində dimdik, tərpənmədən duran qonağı tutdular. Amma tutduqları məzar geyiminin altında bədən olmadığını gördükdə dəhşətə gəldilər.
Beləliklə „Qızıl ölüm“ öz varlığını büruzə verdi. Bir oğru kimi girmişdi monastra. Və qonaqlar nəşələrinin qanlı gölməçəsində yıxılır və yıxıldıqca da ölürdülər. Sonuncu qonaq öldükdən sonra fildişi saat da canını tapşırdı. Şamdanlardakı alovlar söndü. Qaranlıq çürümə, „Qızıl ölüm“ hamını qorxunc qoynuna aldı.
E-mənbə / link: http://bizimki.org/category/tercume
Dostları ilə paylaş: |