Imishli com saytı təqdim edir. QƏŞƏm nəCƏfzadə MƏqaləLƏR



Yüklə 125,79 Kb.
səhifə2/3
tarix02.12.2016
ölçüsü125,79 Kb.
#612
1   2   3

Mağazaya gəldi Gülər:
– Əmi, mənə çörək ver,
Bir də dəftər.
– Buyur, qızım.
– Bəs saqqızım?
– Saqqız üçün
Pul qalmadı.
– Əmi, deyən düz olmadı
qoy çörək də, 
qoy dəftər də burda qalsın.
İndi elə hesabla ki, 
Saqqız üçün xırda qalsın.

Evlərinin yanındakı dükanlara gedən uşaqların həmişə gözü xərclənən puldan geri qayıdan xırdadadır. Bu təbii, poetik məqami şairin alıcı gözləri göydə tutub.


Xalq yazıçısı Elçin «Azərbaycan uşaq ədəbiyyatı» məqaləsində yazır: «Zaqreb Simpoziumunda Rumun yazıçısı Tiberd Utaq bir hadisə danışdı. Mənim dostumun qızı televiziya ilə göstərilən olimpiya oyunlarına baxırdı. Gimnast Konsilyaçinin çıxışından sonra qız atasına dedi: «Ata, bu qız gözəl quş ola bilərdi…» Elçin elə oradaca haqlı olaraq qeyd edir ki, məncə, bu gözəl misaldır. Bu kiçik və işıqlı bənzətmə bir daha sübut edir ki, xüsusən «uşaq ədəbiyyatının estetik simasından çox şey asılıdır».
Həmin uşağın təfəkkür qanadları daim əşyalar üzərində qanad çalır, nəfəs alır, dəyişir, kiçilir, həm də böyüyür.
Sevimli şairimiz Fikrət Sadığın uşaq yaradıcılığı öz təbiiliyi ilə seçilir. Onun «Sehirli əlifba» kitabı balaca oxucular üçün çox gözəl əyani vəsaitdir. F.Sadığın şeirlərindəki sonluqlar uşağın başına gələn hadisənin ümumi nəticəsindən doğur:

– Bəs bu nədir?
– Bu quşlur.
– Niyə bura qonmuşdur?
– Dən yeyirdi.
– Dən nədir?
– Mən də görə bilmədim
quş hamsını dənlədi.

Burada ədəbi fakt, ədəbi hadisə var. Ala dağdan, qara dağdan gələn söz yığını yoxdur.


Bu günkü uşaq şeirimizdə göz acışdıran yalandan uşaq güldürmək, sevindirmək istəyi kimi işıldayan ifadələr, tükrürpədici pafos, uşaqları böyük kimi danışdırmaq, yalançı vətənpərvərlik duyğuları süni şəkildə baş alıb gedir. Uşaqların dünyagörüşünə, duyğu və düşüncələrinə süni maska taxmaq, onları daim odlu-alovlu, qalib göstərmək özündən adam düzəltmək kimi şeylərdir. Uşaq həmişə beş ala bilmir, iki alan bir uşağın kədəri, qorxaq bir uşağın həyəcanı daha təbiidir, daha gur – guruldayan, nər – nərildəyən şeirlərin əzəməti məsum uşaqların üzünə taxılmış maskadır. Əslində bu maska müəllifin özüdür.
Təsadüfi deyil ki, xalq şairi R.Rza 1967-ci ildə çap olunmuş «Mənim fikrimcə» kitabında haqlı olaraq yazır ki, həyat hadisələrin nə şəraitdə, nə zaman ortaya çıxması haqqında son dərəcə inandırıcı və gözəl material verir. R.Rza haqlıdır. Həyatın özünü şeirə gətirmək lazımdır. Ona əl vurdunsa, uçulub-dağıtdısa, daha heç nə.
Özünəməxsus ədəbi dəsti-xətti olan Sərvaz Hüseynoğlu son illər uşaq şeirimizin maraqlı nümunələrini yaratmışdır. Onun uşaq şeirləri sadə, oynaq, lakonik yığcam və mənalıdır. Sərvaz uşaq aləminə enməyi, onunla qaynayıb qarışmağı, düşündüklərini və müşahidə elədiklərini uşaqların zövqü, təfəkkürü boyuna ustalıqla biçməyi bacaran şairlərimizdəndir. O uşaq şeirlərində rəsmə, görüntüyə daha çox diqqət yetirir. Bu mənada onun uşaq şeirləri tablonu xatırladır:

Tamaşadı, baxanların
gözü doymayır
dəcəl dolu özü çalıb,
özü oynayır.

Ədalət Əsgəroğlunun son illər çap olunmuş «Böyürtkən kolu», «Elşadın dəcəlliyi», «Aytəkin və Günəş», «Xəzər», «Zirvələr» və başqa şeirləri müasir uşağın esetik zövqünün məhz təbiət parametləri ilə üzvü surətdə bağlanmasını göstərir.


«Böyürtkən kolu» şeirində İftixar böyürtkən yemək istəyir. Elə birini yeyən kimi tikanlar onu cırmaqlayır. İftixar ağlasa da, qışqırsa da, tikanlar onu buraxmır, nəticədə köynəyi cırılır:

Dartındı, köynəyini,
Cırdı düz ortasından.
Tək bircə böyürtkənin,
Hayfını çıxdı ondan.

Məncə, maraqlı lövhədir.
Sevinc Nuruqızı son illərdə çıxan 2 toplusu, «Çərpələng, sarı qız», «Düz və vız» kitabları ilə balaca oxucularını sevindirib. Məncə, Sevinc 2 kitabı çıxmasına baxmayaraq, hələ də çox şeirlərində 70-80 – ci illərə mənsub olan əlamətlərlə əlləşir. Bəzən elə naşılıq edir ki, təbiilik tamamilə pozulur. «Alma ağacı» şeirinə fikir verək:

Kamran ərklə söylədi
Alma ağacı, salam.
Küskün ağac dilləndi
Yox halım, salam alam.

Əvvəla, Kamranla ağac arasında olan bu cür münasibət qeyri- səmimidir. Uşaq ağacla belə danışmaz və ağac da ona bu cür savab verməz. Bu şeirdəki metofora uğursuzdur. İkincisi, müsbət keyfiyyətləri zorla obrazın canına doldurmaq olmaz.


Bu il Dayandur Sevginin «Mən bilmirəm ayılığın yolunu» adlı yeni şeirlər kitabı işıq üzü görüb. Topluya şairin uşaqlar üçün yazdığı şeirləri də daxil edilib. Bədii obrazlığa, yüksək əxlaqi keyfiyyətlərə, zəngin dilə malik olan aşağıdakı şeir ata-övlad məhəbbətini səmimi şəkildə oxucuya çatdırır.

Ay nurundan pay alıb,
Ay kimi təmiz balam!
Saçları xurmayıdı,
Gözləri dəniz balam!

Etiraf etməliyik ki, uşaq şeiri yazmaq çox çətindir. Belinski deyirdi ki, uşaq şairi olmaq lazımdı. Vaxti ilə uşaq olmaq çətindir deyən tənqidçi Allo Marçenko ilə mübahisə edən S.Mixaylov, M. Trilyayeva və L. Razqon birlikdə məqalə yazaraq deyirdilər ki, Allo Marçenko ilə razılaşmaq olmaz. Uşaq olmaq, xoşbəxt olmaq, şən olmaq, şirin olmaq deməkdir.


Xalq yazıçısı Elçin «Azərbaycan uşaq ədəbiyyatı» məqaləsində üçlüyün arqementlərinə qarşı öz haqlı sualını qoyur: «Məgər uşaq çətinliyi məfhumunun özündə uşaq xoşbəxtliyi yoxdurmu? Bəli, uşaq xoşbəxt olmaqla, şən olmaqla, şirin olmaqla bərabər, həm də çətindir».
Yenə də Elçinin haqlı sözü: «Uşaqlar üçün yazmaq da çətindir» və Elçinin haqlı nəticəsi: «lakin bədii çətinlik olmayan yerdə bədii qələbə də yoxdur».
Ötən beş ildə yaranan uşaq ədəbiyyatımıza nəzər salanda aydın bir həqiqəti olduğu kimi dərk edirəm. Uşaq ədəbiyyatı yaranır. Amma XX əsrin əvvəllərində yaranan xalq təfəkkürünə söykənən ədəbiyyata hələ çata bilmir. Elə bil ki, uşaq şeirimizin əsas hissəsi on illiklər ərzində hadisələri eyni cür təqlid edir, obraza eyni əlamət və xüsusiyyətlər verir. Elə bil 90-cı illərin uşaqları 70-80-ci illərin uşaqlarıdır. Uşağın topu, ata-anası, bacı-qardaşı, dağ-daş, ot-çiçək, ay, günəş, it-pişik və ətrafımızı bürüyən əşya və canlılar uşaqlara eyni üslubda təsir edir və uşaqlar da onlara eyni prizmadan münasibət göstərirlər, elə bil heç nə dəyişmir. Görəsən uşaqlar dünyaya onilliklər boyu eyni baxışlarlamı baxacaqlar? Şübhəsiz, uşaqlar elektron, İnternet zamanında yaşayırlar. Elə bil şeirimizdəki uşaqların təfəkkür hərəkəti hələ sabitdir. Onlar hələ dünyaya çıxmağa qorxur. Şairlərimiz onların iç dünyalarına, düşüncələrinə ictimai sosial məzmun verməlidir. Mənə elə gəlir ki, bu məsələ gecikir. Görkəmli türk şairi İsmayıl Uyaroğlunun neçə illər bundan qabaq yazdığı uşaq şeirlərinə diqqət yetirsək bu məzmunu aydın görərik:

Qar qardaş,
Atamın pulu yox
Mənə palto ala…
Nə olar, məni anla.

Artıq bu şeirdə sosial problem səciyyə daşıyır. Uşaq hiddətlənir. Məgər bizdə hiddətlənən kasıb uşaq yoxdurmu?


Yenə həmin şeirdən:

Mənim üçün doğ, günəş,
Küçəyə çıxarmır anam məni
Sən olmasan. 

Uşağın acı taleyi artıq böyük poeziya nümunəsidir. Bəzən bizim uşaq şeirlərimizin əksəriyyətində zəif və bayağı təsvirlərlə xoşbəxt uşaq obrazı yaradılır. Yuxarıda göstərdiyimiz şair isə kasıb bir uşağın timsalında poeziya nümunəsini ortaya qoyur. Ədəbiyyatımız üçün bizə ikincisi lazımdır. Bəzən bizdə kütləvi şəkildə qorxmaz, döyüşkən, hər şeydən başı çıxan kollektiv uşaq obrazları bu gün də Qarabağı almağa hazırdılar. Hələlik bu fikir uşağın öz yaşının düşüncəsi deyil. Bu yaşlı bir şairin zorla uşağın qəlbinə, dilinə pərçim elədiyi və guya bununla da cəmiyyətdə vətənpərvərlik işinin çox mütəşəkkil getdiyini göstərmək faktıdır.


Murad Köhnəqalanın 10 avqust 2001-ci il tarixdə «Yeni Azərbaycan» qəzetinin ədəbiyyat əlavəsində 3 uşaq şeiri dərc olunub. Bu şeirlərin gözəlliyi və orjinallığı orasındadır ki, xalq ruhunda yazılıb. Murad burada qeyri-adi bir şey kəşf eləməyib. Sadəcə olaraq folklordan bəhrələnib:


Yatanda tərli oğlum,
Kitab dəftərli oğlum,
Sabah-sabah durubdu,
Vərəqlərin cırıbdı.
Lay lay, Laay lay
Di yat dana
İndicə səni qaldırıb yerə vuracam
Yoo, Yoo,
Sənnən döyüləm, sənnən döyüləm,
Pişik göynən gedir, onnanam,
Ay pişik, get balam yatsın.

Muraddan daha fərqli üslubu olan gənc şair S.Babullaoğlunun 2002-ci ildə «Yeni Azərbaycan» qəzetinin ədəbiyyat buraxılışında dərc edilmiş «Oğlumla söhbət» şeiri müasir uşaq şeirimizdə tamamilə ayrı bir xətdir. Deyək ki, Murad birbaşa xalqdan öyrəndi. S.Babullaoğlunun şeiri isə xalqdan bəhrələnməklə bərabər, səlis Azərbaycan dilində bizimlə danışan yeni Avropa düşüncəsidir, Ya da min il bundan qabaqkı öz düşüncəmiz, daha dəqiq desəm Dədə Qorqud zamanın bədii içidir:



– Sən kimsən?
– Sənin atan.
– Bəs Fəridin atası kimdi?
– Yoxdu.
– Nədən?
– …

Bu şeir də H.Cavidin «Məktəbli qız» şeiri kimi qədimdir. Qədim olduğu üçün müasirdir. Keçmiş olduğu üçün gələcəkdir.


Yenə Səlimin şeirində:


– Ata, Allah kimdi?
– O səni, ananı, babanı, 
nənəni, hamını yaradıb.
– Səni də?
– …

Və yaxud:




– Onlar nə edirlər, ata?
– Daş yığırlar.
– Niyə?
– Bir-birinə vuracaqlar.
– Niyə?
– Düşməndirlər.
– Niyə?
– Bir-birini sevmirlər.
– Niyə?
– …

Əslində uşağın suallarının hamısı ən tutarlı cavablardır. Atanın savabı isə sual… Uşağın suallarında müasir sivilizasiya yerləşib.


Ötən beş ildə uşaq nəsri və dramaturgiyası da xeyli inkişaf yolu keçib. Hüseyn Abbaszadənin, İsmayıl Vəliyevin, Əli Səmədlinin maraqlı kitabları, dövri mətbuatda isə hekayə və nağılları çap olunub. 
Bu dövrdə ən məhsuldar nasirimiz Əli Səmidli «70 ilin sevinci», «Çinarlı şəhərim» kitablarını çox nəfis şəkildə nəşr etdirib, körpə fidanlarımızın ixtiyarına vermişdir. Bundan əlavə Əli Səmədli dövrü mətbuatda uşaq hekayələri, nağılları və publisistik yazıları ilə çıxış edib. Uşaq ədəbiyyatımızın təbliğ olunmasında əlindən gələni əsirgəməyib. Qurultayqabağı uşaq kitabxanalarında bir sıra tədbirlər keçirib və mən də xoşbəxtəm ki, həmin görüşlərin işirakçısı olmuşam.
İstedadlı yazıçı Aygün Həsənoğlunun ötən 5 il ərzində «Şəkər villası» qəzetində «Küsəyən dişlər», «İki damla yaş», «Şar» nağılları dərc edilib. «Oxu bülbül və yaxud hər kəsin öz nəğməsi» əsəri gənc tamaşaçılar teatrında səhnəyə qoyulub. Bu dövr ərzində Aygün xanım «Səməni», «Xallı kəpənək», «Qara sandıq» dram əsərlərini yazıb. «Səməni» dramını səhnələşdirilməsi üçün Gənc Tamaşaılar teatrına təqdim edib. Aygün Həsənoğlunun nağıl və hekayələrində, dramlarında ədəbi-bədii sujetlər, orjinal uşaq taleləri diqqət çəkir. 
Aygünün başqa bir yaşıdı Aygün Bünyadzadə özünəməxsus nağılları, tərcümələri ilə xeyli iş görüb. Tofik Mahmud adına mükafata layiq görülüb. Aygün «Şəkər villası» qəzeində, «Günəş», «Göyərçin», «Elli» jurnallarında ədəbi-bədii uşaq əsərləri ilə fəal ıxış edrək, artıq öz imzasını istedadlı bir nasir kimi təsdiqləyib. «Qar dənəcikləri necə yarandı», «Küçüklərin məcaraları», «Necə oldu ki, fəsillər meydana gəldi», dünyanın səfil uşaqlarına həsr olunmuş «Küçə fənəri» bu illər ərzində balaca oxucuların ixtiyarına verilib.
İstedadlı yazıçı Şəlalə Əbil son üç ildə «Sonradan sonra», «Teorem» kitablarını çap etdirməklə yanaşı, «Ulduz», «Azərbaycan» jurnallarında, «Ədəbiyyat qəzeti», «Ədalət», «Yeni Azərbaycan» qəzetlərində maraqlı hekayələri ilə çıxış etdi. Nasirin yaradıcılığında qadın və uşaq obrazı yeni estetik dəyərlərlə üzə çıxdı. «Ala çatı» hekayəsində dişi qaşınanda həmişə bələyinin bağını dişinə çəkməyə adət etmiş körpə bir gün ala çatıya oxşayan ilanı dişinə aparıb sıxır və ilan onu çalır. Beləliklə, həyatla uşağın ilk tanışlığı başlayır. «İtki» hekayəsində itən nədir? Atasının iş yerinə gedən Murad əlini atasının işlətdiyi kraskaya bulaşdırır ki, qonşusu Kərəmi heyrətləndirsin. Lakin ailəyə pul lazımdır. Muradın atası başı daz xozeynə boyun bükərək əvvəlcədən pul verməsini xahiş edir. Xozeyinsə kobuddur. Elə bu an Murad əlində atasının əlinin əsdiyini və əsə-əsə kiçildiyini görür. O, dərk etdi ki, nəsə itirdi. Ona görə də evə çatan kimi hirslə əlinə yaxdığı kraskanı qoratmağa çalışır.
Təəssüflər olsun ki, müasir ədəbiyyatımızda uşaq ədəbi tənqidi yox dərəcəsindədir.
Bir neçə kəlmə də ibtidai sinif dərsliklərində gedən uşaq əsərləri barədə; ibtidai uşaq dərsliklərinə vətənpərvərliyin təbliği xatirinə çox zəif şeirlər salınıb. Bu da uşaqlarda rabitəli nitqin inkişafına çox mənfi təsir göstərir. Professor Y Kərimovun tərtib etdiyi 3-cü sinfin oxu dərsliyində Nizami Paşa Saraclının «Bakı-Təbriz-Ankara» şeiri verilib:

Bilir dost, bilir yağı,
Durublar sacayağı
Bir-birinin dayağı
Bakı-Təbriz-Ankara.

Burada şagird hansı ədəbi mətləbi anlaya bilər və bu şeir şairin öz kitabında olsa yenə başqa məsələ, təəssüflər olsun ki, balalarımızın dərsliyindədir. Bu şeirin yerinə publisistik bir yazı olsa daha yaxşıdır, nəinki bu cür mənasız söz yığını.


Y.Kərimovun tərtib etdiyi 2-ci sinfin oxu dərsliyində M. İsmayılın «Dünya bizim evimizdir» şeirindəki qafiyəsizliyi görən kimi şagirdlər çaş-baş qalırlar. Böyüyəndə yanlışlıq ömür boyu onları tərk etməyəcək:

Böyüklər, əl-qol (at)mayın,
Xəyanətə yol (aç)mayın,
Siz üsündə (dalaş)mayın,
Dünya bizim evimizdir.

Uşaq dərsliyində hər şey düz olmalıdır.


N.Kazımovun 4-cü sinif üün tərtib etdiyi dərslikdə Nazir Nəcminin «Qadın əlləri» şeiri başdan-ayağa sözcüklərdən ibarətdir. Şair qadın əllərinə müraciətlə deyir:


Şimşək olursunuz uca dağlardan,
O vaxtkı dağları endirirsiniz.

Bu nə deməkdir?


Heç bir fikir bildirməyən bu misralardan şagirdlər görəsən nə anlayırlar? Yenə həmin dərslikdə Eldar İbrahimin «Şəhid Nəğmələri» şeirində «Ağı deyir necə səs» misrası uyarında deyil. Səs ağı deməz. Həmin şeirdən başqa bir misal:

Cənazələr yol edir,
Bir-birindən qüdrətli,
Güclü çiyinlər üstə.

Qüdrət çiyinə şamil edilə bilməz. Bax, burda uşaq çaşır, zövqü korlanır, sonradan onun şeir zövqünü formalaşdırmaq çətin olur.


İndiki zamanda çox vacib ədəbi sahələrdən olan uşaq ədəbiyyatına göstərilən qayğı yetirəncə deyil. Kimdən uşaq şeirinin əhvalını xəbər aldım, kefi pozuldu. Qayğısızlıqdan gileyləndi.
Bebəliklə, sözümün sonunda müasir uşaq ədəbiyyatımızın əsas problemlərini aşağıdakı kimi qruplaşdıra bilərəm:
• Bu günkü uşaq şeiimiz xalq ruhundan, xalqın intonasiyasından uzaq düşüb. Uşaq şeirimiz folklora qayıtmalıdır. Və təbii şəkildə uşaq düşüncələrinə ictimai-sosial məzmun verilməlidir;
• Ən böyük problemlərdən biri də uşaq və böyük ədəbiyyatının arasında kəskin fərq qoyulmasıdır. Bu fərq pedoqoji tərəfi saxlanılmaqla aradan qaldırılmalıdır;
• Bugünkü uşaq şeirimizin fəlsəfəsi çatmır.
• Bugünkü uşaq ədəbiyyatımızın dili bərbad vəziyyətdədir. Ədəbiyyat hər şeydən əvvəl canlı dildən ibarətdir;
• Bugünkü uşaq əəbiyyatımız folklordan qidalanıb dünyaya çıxmalıdır. Müasir dünyanın məzmununu şirə kimi canına çəkib, canlı danışıq dili ilə uşaqlara çatdırılmalıdır;
• Ən ciddi problemlərdən biri də uşaqları böyük kimi danışdırmaqdır. Uşaq uşaq kimi düşünməlidir;
• Süni vətənpərvərliklə üfürülmüş kütləvi uşaq obrazlarına son qoymaq lazımdır. Uşaq ədəbiyyatımız öz ilkinliyinə, təbiiliyinə qayıtmalıdır;
• Uşaq yazıçısına, ədəbiyyatına xüsusi qayğı olmalıdır;
• Tarixi qəhrəmanlarımız, itirdiyimiz yer-yurd, torpaq, çay, dağ – bir sözlə Dərbənd, Göyçə, Təbriz, Borçalı, Qarabağ, Göyçə gölü, Zəngəzur, Qərbi Azərbaycan haqqında, S.Vurğun, R.Rza, Ə. Kərim, İ Əfəndiyev və başqa sənətkarlarımız haqqında qısa, maraqlı hekayələr yazılmalıdır;
• Əsas problemlərdən biri də oxucu problemidir. Bu gün uşaq mətbuatının orta məktəblərdə oxucusu yoxdursa, deməli, biz oxucu yetişdirmirik, deməli, gələcək ədəbiyyatımızı oxuyan olmayacaq. Bu məsələ ilə ciddi məşğul olmaq lazımdır;
• Bizdə uşaq ədəbi tənqidi yoxdur. Alimlərimiz bu sahəyə xüsusi diqqət yetirməlidirlər;
• Uşaq ədəbiyyatının çapı məsələsi hamımızın ürəyini göynədir. Hörmətli Anar müəllim, nə yaxşı ki, sizin gərgin əməyinizin nəticəsində xalqımızın ən böyük arzusu həyata keçdi. Cənab Prezident İlham Əliyev 2004-cü ildə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutalan əsərlərin siyahısını təsdiq elədi və nə yaxşı ki, həmin siyahıda uşaq ədəbiyyatına geniş yer ayrılıb. Belə ki, bu ildən balaca oxucularımız, elə böyüklərimiz də A.Səhhətin, A.Şaiqin, Sabirin, S.S.Axundovun seçilmiş əsərlərini və Azərbaycan uşaq antologiyasını 3 cilddə oxuya biləcəklər.
Məncə, uşaq şeiri şairin ilhamının əsas göstəricisidir. Yalançı pafos, süni qəhrəmanlıq, sözçülük ona yaddır. Böyük poeziyanın əsas təməli uşaq təbəssümünə, uşaq yalvarışına, uşaq təmizliyinə söykənir. Sözümü İsmayıl Uyaroğlunun aşağıdakı şeiri ilə itirirəm:

Hər silah ayrı bir səslə partlar:
Tapança: dann,
Tüfəng: bumm,
Top: gumm,
Bomba: bomm…
Amma öldürdükləri körpələr
Harasında olursa dünyanın
Eyni ağrıyla bağırar:
– Ah… 

Gəlin bu «ah»ların qeydinə qalaq…



Qəşəm Nəcəfzadə

Ədəbiyyat qəzeti”


06. 02. 2004


***





ƏLİ KƏRİMİN «İLK SİMFONİYA»SI

Əli Kərimin ilk simfoniyası insan qəlbinin ən dərin qatlarına nüfuz etmək və insanın gündəlik həyatında, iş və hərəkətlərində, duyğu və düşüncələrində ən kiçik mikroskopik cizgiləri özünəməxsus sənətkar dəqiqliyi ilə aşkar etmək və onun poetik obrazını yaratmaq unudulmaz şairimiz Ə.Kərimin yaradıcılığında gündəlik hadisəyə çevrildi və Ə.Kərim harda, necə yaşayırdısa, sevgiyə, insana, ətraf mühitə necə baxırdısa bu yaradıcılıq meyarı onu tərk etmirdi. Şair bütün yaradıcılığı boyu hadisələrin, əşyaların içini, daxili aləmini izləyirdi. 
Məhz onun «İlk simfoniya» adlı poeması da insanın mənəvi aləminin gözəgörünməz hallarının obyektiv sənətkar və zaman məsələlərinin, həm də bu proseslərdə üzə çıxan insanın sənət tərbiyəsinə yönəldilən nurlu bir qəlbin işığını təşkil edir. Poemada bəstəkar İlhamın «Damcılar» əsərinin poetik tərkibi hələ kənddə yaşadığı zaman malın qabağına çıxarkən, quzeydə əriyən qarın sıra-sıra damcılarının poetik müşahidəsindən və həm də bundan qabağa xalq arasında «dama-dama göl olar» məsəlindən doğur və bu gün İlhamın yaradıcılıq süzgəcindən keçərək, özünün milli kökü, qüruri ilə zaman və dinləyicilər qarşısında imtahan verib bərait qazanır.

İlham yazır, yaradır «Damcılar» əsərini,
İlham susur, oxuyur, gen açır əllərini,
Damcı damçıya çatdı,
Damcı dərya yaratdı
Damcı coşdu, çağladı
Kür oldu, Araz oldu.

Dayaz hisslərin, bayağı mahnıların müəllifi olan Azad təpədən-dırnağa İlhamın əksi olaraq, o qədər də dərin musiqi zövqü olmayan dinləyicilərin müvəqqəti başını aldadır. Haqlı olaraq müəllif İlhamın dilində Azadı hay-küyçü, ucuzluğun, dayazlığın sinonimi kimi səciyyələndirir və Azadın sənətinə pərəstiş edən Nigar çox asanlıqla «ucuz», «dəyaz», «hay-küy» sözlərinin içərisində öz «Azad»ını tapır.



Yaxşı ey… Bəsdir ey… Bilirəm ki, sən,
Hay-şaray deyəndə Azad deyirsən.

Azadın daxili aləminin bir cizgisi də onun musiqi sənəti yollarında öz canını qoymuş, ömrü musiqi ömrünə bənzəyən ağsaçlı qoca professora münasibətində üzə çıxır.



Sən qoca kişisən, get evində yat,
Professor soruşdu: – Nə dedin, Azad?

Bəs səbəb nədir ki, musiqisi xalqla bağlı olmayan, kökü bayağı, ötərki hisslərdən ibarət olan Azad bu qədər məşhurlaşmışdır? Aydındır ki, onun «çatma qaşları, gur saçları», boyu-buxunu yelbeyin qızlar üçündür və əgər İlham professorun dediyi kimi «sənətdə tərsdirsə», Azad isə yaltaq, tez razılaşan, ətəkdən yapışan, boyun bükəndir. Və olsun ki, onun şöhrətinin əsas miqyası elə bundadır.


İlham isə heç bir yardımçı qüvvəyə arxalanmayan, bütün bəstəkarlara nümunə ola biləcək bir bəstəkardır. O, tamaşaçı auditoriyası ilə səhnə arasındakı yolu uzun, həm də çətin bir yol hesab edir və bu yolun çətinliyi ilə üzvi surətdə bağlanır.

Çox yolar keçmişəm bu ana qədər,
Hələ indiki tək yorulmamışam.

İlhamın sənətinin möcüzəsi çox dərindir və xalqın «Muğam» ruhu ilə bağlı olduğundan qalib gəlir. Həmişə dərin duyğuların suyu şirin və gur olur. İlhamın əsərləri də belədir. Poemanın sonunda Ə.Kərim həqiqətin (İlham) yalanla qarşılaşması səhnəsini elə canlı, elə qabarıq vermişdir ki, oxucu bəlkə bu səhnəni oxumasa da, görəsə də, eşitməsə də öz içindən, öz daxili bütövlüyündən bu ali müqəddəs döyüşün səsini eşidir. Azad «İlk simfoniya»nın əlindən bilmir ki, hara qaçsın:



Bağladı radionu…
Qonşulardan gəldi səs.
Qonşudan xahiş etdi,
Kəsdilər radionu.
Götürdü heyrət onu,
«İndi hardan gəldi səs»
o neyləsin indi bəs. 

Poemada Nigar hələ öz yerini apa bilməyən, hisslərin əlində balıq kimi çırpınan, hələ nəyin yaxşı, nəyin pis olduğunu dərk etməyən, «gəlişi və gedişi gözəl» olanları möcüzə hesab edən bir qızdır. O, əri İlhamı olduğu tək görmür. Əgər onun ürəyində Azadın «Nəğmələr»i yer tutursa, İlhamı görə bilməz. O, elə düşünür ki, əri İlham Azada paxıllıq edir və Azad İlhamdan yaxşı bəstəkardır. Əgər belədirsə, bəs nə üçün rəfiqəsi Qəmər İlhamın əsərlərini tərif edir. Nigar belə qənaətə gəlir ki, Qəmərin musiqi zövqü aşağıdır. Çünki o, adicə bir müəllimədir.



Bəs Qəmər deyirdi, o axşam Qəmər,
Gözəldir İlhamın yazdığı əsər.
Eh, Qəmər adicə bir müəllimədir,
Onun musiqidən qandığı nədir?

Sahil bağında Nigar Azadla qol-qola gedərkən İlham onların qabağına çıxır. Nigar bilmir ki, nə etsin. Şair bu lövhələri İlhamın güclü həqiqət, Nigarın isə həqiqətin işığından utanıb gizlənməsi və az da olsa özünün danlanması üzərində qurmuşdu:



ki, gizlənə,
Redikülün dalında,
Əlindəki əzilmiş
Xırda gülün əlində.

Nigar öz həyatının təkərini qəflətən geri döndərmişdir. O, İlhamı atmışdır. Bütünlüklə özünü inkar etmişdir.

Dedi, Allah, ay Allah,
Mənə də bax, ay Allah
Allah, bu mən deyiləm,
İlham, bu mən deyiləm,
Anam, bu mən deyiləm.

İnsan həyatında hardasa qəflətən baş verən müdhiş bir dəqiqənin poetik möcüzəsidir bu misralar! Bircə dəqiqə kimisə aldadıb və həmin dəqiqədəcə yalanının üstü açılması və həmin yalanın üstünü əllərilə, baxışlarınla, qışqırığınla örtməyə çalışmağın nə qədər sərtdir, qətidir. Məhz insan ömrünün həmin o bircə dəqiqəsini Ə.Kərim Nigarın ömründə kəşf etmişir:



Burda duran bu pis qız,
Bir axmağın biridir.
Ölüm onun muzdudur,
Qəbir-onun yeridir.

Nigarın yad evdən İlhama yazdığı məktub peşmançılığın bir qırıq parçasıdır. Onun zaman və oxucu qarşısında intim etirafıdır. Bu məktub ürəyin qanı ilə, daxili aləmin titrəyişi ilə yazılmışdır:



Salam könlü qan olan,
Məndən nigaran olan.
Vəfasızam, pis qızam,
Uzaqlarda yalqızam.
Gündüzüm qəm, gecəm qəm,
Yaşayıram hardasa,
Heç özüm də bilmirəm,
Yəqin deyirsən ölmüş,
Ölməmişəm mən ölmüş.

Poema başdan-başa bədii obrazlarla, müəyyən söhbət əsasında obrazın tez-tez öz daxilinə əl atması, lirik düşüncəsi, intim ailə münasibətləri ilə zəngindir:

Ən sevimli bir an kimi,
Dalğalandı ağ ətəyi.
Uzaqlarda gözdən itdi,
Bir parça ağ duman kimi.

Görün İlhamın gözündə Nigar necə əbədiləşir və şair demir ki, Nigarın alma gözləri, ipək saçları və yaxud ay üzü ilhamın ağlını başından almışdır. Şair göstərir ki, Nigar şirin bir an kimi, şirin bir dəqiqə kimi gəldi, keçdi İlhamın yaddaşına hopdu. Həm də bu sevimli an Nigarın daxilinə nüfuz edir. 


Poemanın sonunda İlhamın «İlk simfoniya»sı öz qüdrəti ilə dünyanı başına götürür. Bu mənəvi qələbədir. Bu min illərin və həm də xalq ruhunun tarixi qələbəsidir.

Simfoniya susmayır,
Simfoniya çağlayırdı.
Elə bu vaxt uzaqda,
Yerə dikib gözünü,
Qucaqlayıb dizini,
Bir gözəl ağlayırdı.

Ə.Kərimin «İlk simfoniya» əsəri də belədir. O, öz tilsimlərini, qapılarını, nöqtələrini, bir-bir oxucuların üzünə açır və oxucuların mənəvi kamilliyinin inkişafına müsbət təsir göstərir.


Bəli, bundan sonra da dünyaya təzə-təzə oxucular gələcək və bu əsərdə yeni-yeni nöqtələr kəşf edəcək, məqalələr yazacaqdır və əsl Ə.Kərimi olduğu tək görəcəklər.
Yüklə 125,79 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin