7. Bioloji və sosial amilləri, eləcə də insanın şəxsi fəallığını vəhdətdə götürən nəzəriyyə. Dialektik nəzəriyyə (XX əsr) məhz bu mövqedə durur. Bu nəzəriyyəyə görə, şəxsiyyətin inkişafında irsiyyət amili müəyyənedici, sosial amillər isə həlledici rol oynayır. İrsiyyətin müəyyənedici rolu onunla əlaqədardır ki, irsi imkanlar tərbiyə və mühitin iştirakı olmadan öz-özünə inkişaf edib qabiliyyətlərə çevrilə bilməz. Tərbiyə və mühit insanın təbii imkanlarını üzə çıxarıb inkişaf etdirə də bilər, onların inkişafına mane də ola bilər. Buna görə də hər bir uşağın təbii imkanlarını vaxtında (kiçik yaşlardan) üzə çıxarmaq və onların inkişafı üçün əlverişli şərait yaratmaq lazımdır. Əks halda cəmiyyət bir çox istedadlardan məhrum ola bilər.
Dialektik nəzəriyyə şəxsiyyətin inkişafında insanın şəxsi fəallığının da rolunu qəbul edir. İnsan mühitin və tərbiyənin passiv obyekti deyildir; o, mühitə fəal təsir göstərə bilər. Şəxsiyyətin formalaşmasında tərbiyə ilə yanaşı, insanın özünütərbiyəsi də mühüm şərtdir.
İnsan şəxsiyyətinin inkişafında bioloji və sosial amillərin rolunu toxumun cücərib inkişaf etməsi ilə müqayisə etsək, irsiyyəti toxuma, mühiti onun inkişafı üçün zəruri olan münbit torpağa və iqlimə, tərbiyəni isə bağbanın işinə bənzətmək olar ("Tərbiyə" ərəbcə "bəsləmək", "yetişdirmək" deməkdir).
Sual 6 Şəxsiyyətin formalaşmasının irsiyyətlə mühitlə izahı İnsan şəxsiyyəti bir çox amillərin təsiri və qarşılıqlı fəaliyyətinin nəticəsi kimi formalaşır. Bu prosesdə bioloji və sosial amillərin özünə məxsus rolu vardır.
İrsiyyətin rolu. İnsan bioloji varlıq kimi doğulur, buna görə də irsiyyət qanunu ona öz təsirini göstərir. İrsiyyətin maddi daşıyıcıları genlərdir. İrsən fiziki əlamətlər (qamət, sifət quruluşu, gözün və saçın rəngi və s.), habelə fizioloji əlamətlər (sinir sisteminin tipi, sinir hüceyrələrinin miqdarı və s.) nəsildən-nəslə keçir.
Bəzi empirik faktlar əsasında qabiliyyətlərin irsən keçməsi haqda müəyyən rəylər irəli sürülür. Məsələn, dünya şöhrətli bəstəkarlardan 16, Ü.Hacıbəyovun 4 nəslinin öyrənilməsi əsasında bu nəsillərdə çoxlu musiqiçi olduğu müəyyən edilmişdir. Lakin bu fikri təkzib edən digər faktlar da vardır. Belə ki, A.S.Puşkinin 256 nəvə, nəticə və kötükcəsi içərisində heç bir şair və yazıçı olmamışdır.
İnsan nə hazır qabiliyyətlə, nə də "ağ lövhə" kimi doğulur. O, müəyyən təbii imkanlarla dünyaya gəlir. Təbii imkanlara sinir sisteminin və beyin quruluşunun xüsusiyyətləri, analizatorlar sistemi (görmə, eşitmə, danışıq aparatı və s.) daxildir. İnsan genləri və onların mutasiyaları ilə kombinasiyaları həddən artıq çox olduğu üçün (insanın hər bir hüceyrəsindəki xromosomlarda təxminən 20 min gen olur) tam eyni irsi imkana malik olan iki adam tapmaq çətindir.
İnsanın təbii imkanları dəyişməz deyildir. Onlar həyat şəraitinin, tərbiyə və mühitin təsiri ilə dəyişə bilər.