İmtahan Sualları Pedaqogika 1.Pedaqogika elminin təşəkkülu və inkişafı Pedaqogika ən qədim elmlərdəndir. Elmlər sırasında onun özünəməxsus yeri vardır. Pedaqogika yunan sözüdür. O, payda və qoqos sözlərinin birləşməsindən meydana gəlmişdir. Mənası uşaq ötürəndir. Qədim Yunanıstanda varlıların uşaqlarına baxan, onları məktəbə müşayiət edən şəxsə paydaqoqos demişlər. Zaman ötdükcə həmin sözün mənası dəyişmiş, o, uşaqların tərbiyəsi ilə bağlı sözə, fikrə çevrilmiş və sonralar bir elm kimi təşəkkül tapıb inkişaf etmişdir. Bəşər cəmiyyətinin yaşaması və inkişafı üçün ən mühüm zəruri amillərdən biri də yeni nəsil tərbiyə etməkdir. Bu, qazanılmış mənəvi, sosial-tarixi təcrübənin, bilik və bacarıqların yeni nəslə verilməsi yolu ilə həyata keçirilir. İnsan cəmiyyətinin yarandığı ilk mərhələlərdə tərbiyə nəsihətlər, öyüdlər, nümunələr şəklində böyüyən nəslə verilmişdi. Məsələn: «iki dinlə, bir söylə», «an söyüdii sevər, ağıllı-öyüdü», «nə əkərsən, onu biçərsən» və s. Zaman keçdikcə ictimai həyatın zənginləşməsi, dəyişməsi əldə edilmiş təcrübəni ümumiləşdirmək, biliklər zəminində formalaşdırmaq zərurəti doğurmuşdu. Bu biliklər pedaqoji istiqamət almışdı. Pedaqoji biliklərin sistemə salınması, ümumiləşdirilməsi pedaqoji nəzəriyyənin, pedaqogika elminin yaranmasına və inkişaf etməsinə gətirib çıxarmışdı. Pedaqogika insan və onun tərbiyəsi haqqında elm adlandırılmışdı. Pedaqogikanın bir elm kimi formalaşmasında çex pedaqoqu Yan Amos Komenskinin böyük xidməti olmuşdur. Başqa elmlər kimi, pedaqogika elminin də obyekti və predmeti vardır. Pedaqogika elminin obyekti insandır. Psixologiya insan psixikası ilə bağlı prosesləri, hadisələri, sosiologiya insanın davranışının ümumi qanunauyğunluqlarını, etika insanlar arasında qarşılıqlı əxlaqi münasibətlərin tənzim edilməsini, anatomiya insanın bədən quruluşunu, onun funksiyalarını, estetika insanların gözəlliyə münasibətini, onların hissi qabiliyyətini və s. öyrənir. Pedaqogika isə insanın, ana bətnindən başlamış dünyaya gəldiyi, böyüyüb boya-başa çatdığı müddət ərzində tərbiyəsi istiqamətini, onun məzmun və mahiyyətini öyrənir. Tərbiyənin mənşəyini və mahiyyətini müəyyənləşdirmək, təlim-tərbiyənin, təhsilin qanun və qanunauyğunluqlarını aydınlaşdırmaq da pedaqogikanın öhdəsinə düşür. Pedaqogika elminin mövzusu ilə bağlı pedaqoqlarm fikirləri birmənalı deyildir. Bir qisim pedaqoqlar onun təlim-tərbiyə məsələlərini öyrəndiyini, digər bir qisim böyüyən nəslin tərbiyəsi haqda elm olduğunu, üçüncü bir qisim isə şəxsiyyətin formalaşmasına göstərilən bütün məqsədyönlü və mütəşəkkil təsirlərin pedaqoji prosesə aid olduğunu göstərirlər. Bütün bu qeyd olunanlara əsaslanaraq pedaqogikaya verilən təriflərə nəzər salaq: -Pedaqogika böyüyən nəslin tərbiyəsindən bəhs edən elmdir; -Pedaqogika uşaqların təlim-tərbiyə məsələlərindən bəhs edən elmdir; -Pedaqogika-uşaqların tərbiyə, təhsil və təliminin məqsədi, məzmunu, qanunauyğunluqları və səmərəli yollarından bəhs edən elmə deyilir; -Təsirin məqsədə yönəlmiş xüsusi və mütəşəkkil sistemi vasitəsilə böyüməkdə olan nəslin və yaşlı adamların tərbiyəsindən bəhs edən elmə pedaqogika deyilir və s.
Sivilizasiyanın meydana gəlməsi ilə yanaşı, o da zəruri gerçəkliyə çevrilmiş və tarixi dövrlərin tələblərinə müvafiq olaraq inkişaf edib təkmilləşmişdir. İnsan tərbiyəsinin ilk addımları sivilizasiyanın ən qədim mərhələsi olan ibtidai icma dövründən başlamışdır. İnsanların birgə əməyinə əsaslanan icma şəklində yaşadıqları bu dövrdə tərbiyə də ictimai xarakter daşıyırdı. İcma quruluşunun ana ağalığı (madərşahlıq) dövründə uşaqların tərbiyəsi ilə qadınlar məşğul olurdu. Onlar 7-9 yaşa qədər qız və oğlanları birlikdə tərbiyə edirdilər. Sonra isə onları cinsə görə iki yerə bölürdülər. Oğlanların tərbiyəsi ilə kişilər, qızların tərbiyəsi ilə isə yenə qadınlar məşğul olurdular. Oğlanlara ov etmək, balıq tutmaq, əmək alətləri qayırmaq, qızlara isə ev işləri görmək öyrədilirdi. İbtidai icma dövrünün müəyyən inkişaf mərhələsində baş verən ilk ictimai əmək bölgüsü-əkinçiliyin maldarlıqdan ayrılması, onların müstəqil təsərrüfat sahəsinə çevrilməsi ilə tərbiyənin də məzmun və mahiyyəti dəyişmiş oldu, cinsə görə tərbiyə daha da inkişaf etdi. Bu ata ağalığı (padərşahlıq) dövründə daha da inkişaf etmişdi. İkinci böyük ictimai əmək bölgüsündən sonra, yəni sənətkarlıq digər təsərrüfat sahələrindən (əkinçilik və maldarlıq) ayrıldıqdan sonra uşaqların tərbiyəsi genişləndi.