Kompüter virusları. Kompüter virusları təxminən 1980-ci illərin əvvəllərində meydana çıxmışdır. «Kompüter virusu» termini 1984-cü ildə ABŞ-da keçirilən informasiya təhlükəsizliyi üzrə 7-ci konfransda Fred Koen tərəfindən işlədilmişdi. Kompüter viruslarının ümumi qəbul edilmiş tərifi yoxdur. Biz aşağıdakı tərifdən istifadə edəcəyik.
Kompüter virusu – elə proqramdır ki, özünü təxminən bioloji virus kimi aparır: çoxalır, maskalanır və ziyanlı təsirlər göstərir (əməliyyatlar yerinə yetirir).
Virusları aşağıdakı əlamətlərə görə təsnif etmək olar:
yaşayış mühitinə görə: fayl virusları (com, exe, bat, doc virusları), yükləmə virusları, makro viruslar;
yaşayış mühitini yoluxdurma üsuluna görə: rezident və qeyri-rezident;
əməliyyat sisteminə görə: MS-DOS virusları, Windows virusları, *NIX virusları və s.;
virus alqoritminin xüsusiyyətlərinə görə: «tələbə» virusları, kompanyon-viruslar, «soxulcanlar» (worm), «stels»-viruslar («görünməz» viruslar), «polimorf»-viruslar (özüşifrlənən viruslar), şəbəkə virusları və s.
Virusların yaradılması. Hər gün 10-15 yeni növ virus meydana çıxır. Virusların miqdarı həndəsi silsilə üzrə artır. Bunu statistika və real həyat təsdiq edir. 1990-cı ildə təxminən 500 virus, 1992-ci ildə - 3 000, 1994-cü ildə - 5 000, 1996 – 9 000, 1999 – 30 000, 2001 – 50 000, 2004-cü ildə 112 000-dən çox virus məlum idi.
Kompüter viruslarının sayının artması ilk növbədə onunla bağlıdır ki, proqramlaşdırmanı bir qədər öyrəndikdən sonra istənilən şəxs virus yaza bilər. Bu işdə ona leqal və qeyri-leqal ədəbiyyat, virusların yazılması üçün xüsusi proqram təminatı kömək edə bilər. Hətta müxtəlif mutasiya generatorlarımövcuddur ki, birinci kurs tələbəsinin yaratdığı sadə virusdan onun köməyi ilə mürəkkəb virus yaratmaq olar.
Virusların yayılması. Şəbəkə və kommunikasiya texnologiyalarında hər bir yenilik virusların yaradılması və yayılması üçün yeni imkanlar, yollar açır. Yaxın vaxtlara kimi viruslar disketlər və digər daşıyıcılar vasitəsi ilə yayılırdı, İnternet viruslar üçün geniş magistral açdı. Kompüter virusları Internetdə bioloci virusların real dünyada yayıdmasından daha sürətlə yayılır. 2003-cü ildə Slammer "soxulcanı" 10 dəqiqə ərzində 75 min kompüter yoluxdurmuşdu.
1999-cu ildə ilk dəfə dünya miqyasında virus epidemiyası yaranmışdı. Melissa virusu on minlərlə kompüteri yoluxdurmuş və 80 milyon dollar ziyan vurmuşdu. Bu insidentdən sonra dünyada antivirus proqramlara böyük tələb yarandı. 2000-ci ilin mayında Melissanın rekordunu bir neçə saat ərzində milyonlarla kompüteri yoluxdurmuş I Love You! virusu təzələdi.
Praktik olaraq virusla "yoluxdurmaq" mümkün olmayan fayl növü qalmamışdır. Artıq mobil telefonları və proqram təminatından istifadə edən dizər qurğuları yoluxduran viruslar da sürətlə yayılır.
Virus müəllifləri təkcə texnoloci zəifliklərdən deyil, "psixoloci" zəifliklərdən də istifadə edirlər. Tədqiqatlar göstərmişdir ki, Anna Kournikova, Sean Connery, Julia Roberts, Elvis Presley Lives, Explicit Hot Porn kimi viruslardan əziyyət çəkmiş hər beşinci İnternet istifadəçisi edilmiş xəbərdarlıqlara baxmayaraq həmin adlı qoşma faylları açmışdılar.