İnformasiya sistemləri və verilənlər bazaları


Verilənlər bazasının funksiyaları



Yüklə 193,16 Kb.
səhifə4/7
tarix15.06.2023
ölçüsü193,16 Kb.
#130999
1   2   3   4   5   6   7
Verilənlər və informasiya mühəndisliyi

Verilənlər bazasının funksiyaları
Verilən modeldən asılı olmayaraq, verilənlər VB-də əlaqələndirilmiş şəklində saxlanır. Odur ki, verilənlər bazasının əsas funksiyası VB-nin fayllarını aralarındakı əlaqələri nəzərə almaqla təşkil etmək, VB-də lazımi düzəlişləri (verilənlərin əlavə edilməsi, dəyişdirilməsi və silinməsi) və sorğulara görə verilənlərə müraciəti təmin etməkdir. Bu əsas funksiyalardan əlavə müasir VBİS-də sorğuya görə seçilən verilənlərin emalı da (onlar üzərində hesab və məntiq əməliyyatlarının aparılması) nəzərə alınır.
Verilənlərə müraciətin VBİS tərəfindən idarə olunması aşağıdakı kimi aparılır:

  1. Müəyyən dildən (məsələn SQL dilindən) istifadə etməklə istifadəçi öz sorğusunu sistemə daxil edir.

  2. VBİS sorğunu qəbul edərək onu təhlil edir.

  3. VBİS tərəfindən həmin sorğuya uyğun xarici sxem, onun konseptual sxemdə əksi (xarici-konseptual), konseptual sxem, konseptual sxemin daxili sxemdə əksi araşdırılıb, tələb olunan verilənlərin daxili strukturları təyin olunur.

  4. VBİS saxlanan verilənlər üzərində tələb olunan əməliyyatları aparır.

VBİS verilənlərin bütün səviyyələrdə (xarici, konseptual, daxili və uyğun əksolunmalar) təyinini və bu təyinlərin uyğun formalara çevrilməsini təyin etməlidir. Bunun üçün onun tərkibində linqvistik vasitələr (verilənlərin təsvir dilləri) və linqvistik prosessor olmalıdır. Yəni VBİS verilənlərin təsvir dillərinin morfologiyası və sintaksisini “başa düşməlidir”.
VBİS verilənlərin seçilməsi, dəyişdirilməsi, yeniləşdirilməsi və silinməsi əməliyyatlarını təmin etməlidir. Bunun üçün o verilənlərin emalı dilinə və prosessora malik olmalıdır. Həmin prosessor həm reqlamentli (planlaşdırılmış), həm də təsadüfi (planlaşdırılmamış) sorğuların emalını təmin etməlidir.
VBİS istifadəçilərin sorğularını nəzarətdə saxlamalı, verilənlərin təhlükəsizliyini və tamlığını təmin etməlidir. Verilənlərin bərpasına və təhlükəsizliyinə nəzarət də VBİS-in funksiyalarına daxildir.
VBİS-in vacib tərkib hissələrindən biri də verilənlər lüğətidir. Burada “verilənlər haqqında verilənlər” (“metaverilənlər”), o cümlədən, hər səviyyəyə uyğun sxemlərin (xarici, konseptual, daxili) təsviri, sxemlərin bir-birində əksləri, standart sorğular, həmin sorğularla onları emal edən proqramlar arasında əlaqələr, sorğulara uyğun hesabat formaları, istifadəçilər, verilənlərin alınma mənbələri, sistemə qoşulan terminallar və s. haqqında məlumat saxlanır. Metaverilənlər bazasının idarə olunması, yəni onun yaradılması, verilənlərin seçilməsi və dəyişikliklər aparılması üçün də ayrıca proqram təminatı hazırlanır. Verilənlər lüğətinə bəzən direktoriya və ya kataloq da deyilir.
Bəzi hallarda, istifadəçilər sistemdən uzaq məsafədə olanda, sorğular VB-yə kommunikasiya məlumatı formasında ötürülür. İstifadəçilərə cavablar da VBİS-dən birbaşa və ya əməliyyat məntəqəsi vasitəsilə bu cür məlumat formasında çatdırılır. Bu prosesin idarə olunması “verilənlərin ötürülməsi dispetçeri” adlanan proqram kompleksi vasitəsilə aparılır. Adətən bu proqram kompleksi VBİS-dən ayrı yaradılır və özünün hüquqi əsaslarına malik olur. Bu cür sistemlərə paylanmış verilənlər bazaları sistemləri deyilir. Bu tip sistemlər son illərdə geniş yayılan klient-server arxitekturası ilə qurulur.
Beləliklə, VBİS-in əsas vəzifəsi VB ilə istifadəçi arasında interfeysin təmin edilməsidir. İstifadəçi interfeysi istifadəçinin sistemlə əlaqəsini təmin edir. Yəni istifadəçi interfeysi xarici səviyyəni əhatə edir. Lakin əksər hallarda xarici təsvir konseptual təsvirin bir hissəsi kimi özünü göstərir. VBİS- digər funksiyaları isə konseptual və daxili səviyyələrdə VB-nin reallaşdırılmasından ibarətdir.

Yüklə 193,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin