8.
Xərclərin minimallaşdırılması. Sübut edilmişdir ki, VB konsepsiyası ilə
qurulan İS faylların fərdi emalı ilə qurulan sistemlərdən təxminən 1,5 dəfə ucuz başa
gəlir.
Istifadəçilərin İS ilə əlaqə yaratması üçün 3 cür dildən istifadə olunur: sorğu dili,
menyu dili və təbii dil. Sorğu dilində istifadəçinin informasiya tələbi təbii dilə yaxın, lakin
ciddi formal qaydalarla qurulan dildə ifadə olunur. Bir çox hallarda bu dildə verilənlər
üzərində əməliyyat aparmaq üçün vasitələr də nəzərə alınır. Son illər sorğu dillərinin
standartlaşdırılması sahəsində işlər görülür. Bu iş beynəlxalq miqyasda geniş tətbiq tapan
SQL dilinin əsasında aparılır. 1999-cu ildə bu dilin təkmilləşdirilmiş variantı SQLS
relyasiya modelli verilənlər bazaları əsasında qurulmuş İS-də standart dil kimi qəbul
olunmuşdur. Sorğu dilinin imkanları geniş olduğundan, ondan həm reqlamentli, həm də
ixtiyari sorğuları ifadə etmək üçün istifadə oluna bilər. lakin bu dildə işləmək
istifadəçilərdən xüsusi hazırlıq tələb olunur.
Hazırlıqsız istifadəçilər üçün İS ilə ən əlverişli ünsiyyət vasitəsi menyu dilidir.
Əvvəlcədən planlaşdırılmış sorğular menyuya salınır və sistem həmin sorğuların emalı
üçün hazırlanır. Istifadəçi yuxarı səviyyədən başlayaraq sonuncu səviyyəyədək seçmə
prinsipi ilə informasiya tələbini sistemə çatdırır. Menyu dili istifadəçilər üçün sadə və
əlverişli olmasına baxmayaraq, ixtiyari sorğuların emalı üçün yaramır. Belə hallarda
menyu dili təbii dilin elementləri ilə zənginləşdirilir.
Təbii dil İS ilə ünsiyyət üçün ideal vasitədir. Lakin təbii dilin mürəkkəbliyi, eyni
fikirlərin müxtəlif ifadə üsulları, vahid terminologiyanın olması və s. onun
reallaşdırılmasını xeyli çətinləşdirir və bu səbəbdən də indiyənədək İS-də ünsiyyət
vasitəsi kimi təbii dildən istifadə olunması problemi həll olunmamışdır. Intellektual
interfeysin yaradılmasını nəzərdə tutan bu sahədə geniş elmi – tədqiqat işləri aparılır və
bu günkü mahiyyət ondan ibarətdir ki, təbii dilin mövzu sahəsinə uyğun
məhdudlaşdırılmış variantdan istifadə olunur.