İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


Fakultənin Elmi –Metodik şurasında təsdiq olunmuşdur



Yüklə 436,25 Kb.
səhifə101/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   97   98   99   100   101   102   103   104   ...   109
tarix

Fakultənin Elmi –Metodik şurasında təsdiq olunmuşdur.

Protokol №8, 14.02.2018

Bakı-2018

1.Azərbaycanın II Dünya müharibəsində iştirakı.

Müharibənin başlanması və Azerbaycanda hərbi səfərbərlik. 1939 - 1945-ci illər bəşər tarixinə çox dəhşətli İkinci dünya müharibəsi dövrü kimi daxil olmuşdur. Dünyanı yenidən bölmək, yeni xammal və satış bazarları əldə etmək, ən mühüm strateji məntəqələri ələ keçirmək məqsədi güdən bu müharibə Hitler Almaniyasının 1939-cu il sentyabrın 1-də Polşa üzərinə hücumu ilə başladı. Ancaq "Dünya inqilabı" arzusu ilə yaşayan SSRI, "qarışmamaq” siyasəti yeridən Qərbi Avropa dövlətləri, Avropada baş verən hadisələrə “bitərəf münasibətini” qoruyub saxlayan ABŞ, Sakit okean hövzəsində imperialist siyasət yeridən Yaponiya qanlı savaşın başlanmasında Almaniyadan az rol oynamadılar. Almaniya İngiltərəni çıxmaqla, demək olar ki, bütün Qərbi Avropanı ələ keçirdiyi 1938 -1941-ci illərdə SSRİ də boş dayanmayaraq, Finlyandiyanı məğlubiyyətə uğratmış, Şərqi Avropanın bir çox ərazilərini, Baltikyanı torpaqları və s. ələ keçirmişdi. Sakit okean hövzəsində və Çində təcavüzkar siyasət yeridən Yaponiya isə Uzaq Şərq bölgələri uğrunda SSRİ ilə müharibə aparırdı.

Müharibə başlayanda Azərbaycan müstəqil dövlət olmayıb, SSRİ-nin tərkibində idi. Buna görə də Azərbaycanın bütün iqtisadi, maddi və insan resursları sovet dövlətinin mənafeyinə uyğun olaraq səfərbər edilmişdi. SSRİ-nin 1938 -1939-cu illərdə Uzaq Şərqdə Xasan gölü və Xalxin - qol rayonlarında yaponlara qarşı apardığı hərbi əməliyyatlarda 77-ci piyada diviziyasının azərbaycanlılardan ibarət divizyonları da iştirak etmişdi. 1941-ci il iyunun 22-də Hitler Almaniyasının müharibə elan etmədən SSRİ üzərinə hücumu ilə sovet xalqları üçün Böyük vətən müharibəsi başladı. Bu zaman Azərbaycan SSR Sovet İttifaqının əsas neft bazası və ikinci pambıq plantasiyası hesab olunurdu.

Azərbaycan öz geostrateji mövqeyinə və təbii sərvətlərinə görə Hitler Almaniyasının işğalçılıq planlarında mühüm yer tuturdu. Hitler müharibənin taleyində həlledici rol oynaya biləcək Bakı neftinin ələ keçirilməsini müharibədə özünün əsas vəzifələrindən biri hesab edirdi. Heç də təsadüfi deyil ki, Hitlerin ad günündə SSRİ-nin xəritəsi formasında hazırlanmış nəhəng tortdan yalnız Bakı şəhərinin adı yazılmış hissəsi kəsilərək ona təqdim olunmuşdu. Bakının və Abşeronun mühüm sənaye və digər strateji əhəmiyyətli obyektlərinin hərbi və iqtisadi xəritəsi Almaniyada çox dəqiqliklə hazırlanmışdı. Gələcəkdə Bakıda neft istehsalına nəzarət işi Almaniyanın "Kontinental Neft Cəmiyyətinə" tapşırılmışdı. Hitler tərəfindən, hətta Azərbaycandakı bütün iri sənaye müəssisələrinə "ali irqin nümayəndəsi olan" alman rəhbərlər də təyin olunmuşdu. Hitlerin Azərbaycanla bağlı planlarında ona müstəqillik verilməsi nəzərdə tutulmamışdı, Rozenberq planına görə Azərbaycan mərkəzi Tiflisdə yerləşəcək Qafqaz Reyxskomissarlığına tabe edilməli idi. Eyni zamanda Şimali və Cənubi Azərbaycan inzibati baxımdan türk xalqları yaşayan digər ərazilərlə birlikdə Almaniyadan asılı olacaq "Böyük Türküstan" dövlətinin tərkibinə daxil edilməli idi.

SSRİ ilə Almaniya arasında müharibə başlayandan bir qədər sonra, 1941-ci il iyunun 30-da ölkədə bütün hakimiyyət İ.V.Stalinin rəhbərliyi altında qurulan Dövlət Müdafiə Komitəsinin əlində cəmləşdirildi. Fars körfəzindən başlayıb, SSRİ-nin cənub sərhədlərinin, İrandan və onun tərkibindəki Cənubi Azərbaycandan keçən əsas nəqliyyat yolunun təhlükəsizliyini təmin etmək üçün Sovet ordusu 1941-ci il avqustun 25-də İranın şimalına yeridildi. Hələ 1920-ci ildə yaradılmış 77-ci Azərbaycan diviziyası da bu ordunun tərkibində idi.

Sovet rəhbərliyi müharibə başlayan kimi bütün müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda hərbi səfərbərlik elan etdi. Ümumiyyətlə, 1941 -1945-ci illərdə Azərbaycandan Sovet ordusu sıralarına 700 min nəfərə qədər adam cəlb olunmuşdu ki, bunun da 11 min nəfərdən çoxu qadın idi. 1941-ci ildə Azərbaycan SSR-də 3 milyon 300 min nəfərin yaşadığı nəzərə almarsa, ölkəmizin əhalisinin 20%-dən çoxu Böyük Vətən müharibəsinə müharibəsinə cəlb olunmuşdu. Azərbaycanda 1941-ci ildə 402 və 223-cü, 1942-ci ildə isə 416-cı və 271-ci diviziyalar təşkil edilmişdi. Bu hərbi birləşmələrin içərisində yalnız Taqanroq diviziyası tamamilə azərbaycanlılardan ibarət idi. Krımda gedən qanlı döyüşlərdə şəxsi heyətinin böyük hissəsini itirmiş 77-ci Azərbacan diviziyası 1942-ci ildə respublikada yenidən təşkil olunmuşdu. Almaniyanin hərbi planlarında xüsusi yer tutan Bakı şəhərinin müdafiəsi üçün şəxsi heyəti 172 min nəfərdən çox olan 3 xalq qoşunu, cəsus və təxribatçılara qarşı mübarizə aparmaq üçün isə 12 min nəfərdən çox döyüşçüsü olan Qırıcı alay yaradılmışdı. Bu alay savaş dövründə 32 min alman əsgərini məhv etmişdi.

Azərbaycanın bütün iqtisadiyyatı, elmi və mədəniyyət sahələri arxa cəbhə elan olunaraq müharibədə qələbənin qazanılması vəzifəsinə tabe edilmişdi. 1941-ci il iyunun 26-dan bütün sənaye müəssisələrində məzuniyyətlər ləğv edilmiş, iş günü 11 saata qaldırılmış, işdən özbaşına çıxıb getməyə görə 5 - 8 il həbs cəzası müəyyən olunmuşdu. 1941 -ci ildə ərzaq, 1942-ci ildə isə sənaye mallarının satışı üzrə kartoçka sistemi tətbiq edilmişdi. Orduya cəlb olunan kişi işçilərin yeri isə qadınlar və yeniyetmələrin işə götürülməsi yolu ilə doldurulurdu. Azərbaycan SSR-də bütün həyat "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarının tələbinə uyğunlaşdırılmışdı. SSRİ-nin Hitler Almaniyası ilə savaşda qələbə qazanmasının əsas səbəblərindən biri və ən mühümü heç şübhəsiz Bakı nefti olmuşdur. Gündə 18-20 saat çalışan Azərbaycan neftçilərinin fədakar əməyi nəticəsində 1941-ci ildə Sovetlər dövründə Bakının tarixində rekord miqdarda - 23,5 milyon ton neft çıxarılmışdı. Ümumiyyətlə, 1941 - 1945-ci illər arasında SSRİ sənayesinin, nəqliyyatının və hərbi texnikasının, (aviasiya, tank, zirehli maşınlar və s.) istifadə etdiyi 110 milyon ton neftin 75 milyon tonu Bakının payına düşür. Məşhur kimyaçı - alim Yusif Məmmədəliyevin rəhbərliyi altında Bakıda yüksək oktanlı benzin istehsal edilməsinə başlanmışdı və SSRİ üzrə bütün təyyarə benzinin 85 - 90%-i Bakıdan göndərilirdi.

Müharibə dövründə Bakı SSRİ-nin əsas cəbbəxanalarından birinə çevrilmişdi. Bakının sənaye müəssisələrində məşhur "Katyuşa" adlandırılan reaktiv artilleriya döyüş maşını, pulemyotlar və hərbi təyyarələr üçün hissələr istehsal edilirdi. Bakıda ümumilikdə 130 növ silah və sursat istehsal olunurdu. Döyüş bölgələrində və arxa cəbhədə Azərbaycandan 6500 tibb işçisi xidmət edirdi və 20 min nəfərdən çox azərbaycanlı yaralılar üçün könüllü olaraq qan vermişdi.

Azərbaycanın kənd əhalisi yarıtox, çox zaman ac - susuz vəziyyətdə çalışaraq cəbhədəki əsgərlərin çörəklə təmin olunmasında Sovet dövlətinə əvəzsiz xidmət göstərmişdi. Azərbaycanda strateji məhsul olan pambıq bitkisinin əkini xeyli genişləndirilmişdi. Müharibə nəticəsində həyat səviyyəsi olduqca aşağı düşən və ağır şəraitdə yaşayan azərbaycanlılar qələbə naminə heç nəyini əsirgəməmişdir. Azərbaycanlılar müharibə fonduna 15,5 kq qızıl, 952,5 kq gümüş, 295 milyon manat pul təhvil vermiş və cəbhəyə 135 vaqon isti paltar göndərmişdilər.

Böyük Britaniya ABŞ və Kanadadan İran körfəzi vasitəsilə SSRİ-yə göndərilən strateji və hərbi təyinatlı yüklərin əsas nəqliyyat dəhlizi Cənubi və Şimali Azərbaycandan keçirdi. Həmin ölkələrin müharibə dövründə SSRİ-yə göndərdiyi 400 min avtomobil, 2,6 milyon ton neft və neft məhsulları, 9,6 min top, 10,8 min tank, 18,7 min təyyarə məhz Azərbaycan dəmir yolları vasitəsilə təyinat yerinə çatdırılmışdı. Şimaldan (ilin əksər fəsillərində donmuş limanlar), qərbdən (Sovet - Almaniya cəbhəsi) və şərqdən (militarist Yaponiya) bütün yolları bağlı olan SSRİ-nin bu nəqliyyat dəhlizi və Azərbaycan nefti olmadan müharibədə qələbəni qazanması qətiyyən mümkün olmazdı.

Azərbaycan elmi və mədəniyyəti də müharibəyə səfərbər olunmuşdu. Böyük kimyaçı alimimiz Yusif Məmmədəliyevin başçılığı altında bir qrup alim 28 gün laboratoriyadan çıxmayaraq neft - kimya elmində böyük hadisə sayılan yüksək oktanlı aviasiya benzini almışdı. Azərbaycan alimləri çox mühüm hərbi təyinatlı xlorlu metal və toluolun alınması, təyyarə, tank və hərbi maşınlar üçün sürtgü yağlarının alınması texnologiyasını hazırlayaraq istehsala tətbiq etmişdilər.

Azərbaycanın görkəmli geoloq alimləri Mirəli Qaşqay və Şamil Əzizbəyovun rəhbərliyi altında oda davamlı gil və fosforit kimi strateji xammal yataqları aşkar edilmişdi. Professor Mustafa Topçubaşovun rəhbərliyi altında hərbi cərrahiyədə yeni üsullar işləyib hazırlanaraq minlərlə yaralı döyüşçü həyata qaytarılmışdı. 1945-ci il martın 23-də SSRİ EA-nın Azərbaycan filialı əsasında Azərbaycan SSR Elmlər Akademiyası yaradılmış və onun ilk prezidenti Mirəsədulla Mirqasımov təyin olunmuşdu. Azərbaycanın şair və yazıçılarının əksəriyyəti, xüsusilə 1942-ci ildə Qafqaz uğrunda qanlı döyüşlər getdiyi bir vaxtda, ön cəbhədə ən təhlükəli yerlərdə əsgərlərimizin yanında idilər. Şair və yazıçılardan Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Rəsul Rza, Mehdi Hüseyn, bəstəkarlardan Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, rəssamlardan Əzim Əzimzadə, Maral Rəhmanzadə, heykəltaraşlardan Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı və başqaları bütün yaradıcılıqlarını müharibə mövzusuna həsr etmişdilər. Müsəlman din xadimlərinin də müharibəyə səfərbərlik işlərinə fəal şəkildə qoşulması nəzərə alınaraq SSRİ Ali Sovetinin 1944-cü il 14 aprel tarixli qərarı ilə Zaqafqaziya Müsəlmanlarının Ruhani idarəsi yaradılmışdı.

Azərbaycan döyüşçüləri müharibə cəbhələrində, partizan hərəkatı və Avropa müqavimət hərəkatında.

Sovet ordu birləşmələrinin bir çox rus zabit kadrlarının Azərbaycanlı əsgərlərə inamsızlığına və milli ayrı - seçkilik münasibətinə baxmayaraq, on minlərlə azərbaycanlı əsgər SSRİ-nin döyüş cəbhələrində alman faşistlərinə qarşı qəhrəmanlıqla vuruşurdu.

Müharibə başlayanda Brest qalasının alman hücumlarından qorunmasında igidliklə vuruşaraq düşmənə böyük təlafat verən qəhrəman əsgərlər arasında 44 nəfər azərbaycanlımız da var idi. Azərbaycanlı təyyarəçi Hüseynbala Əliyev 1941-ci ilin iyulun 17-də Leninqrad uğrunda gedən qeyri - bərabər döyüşdə almanların 6 hərbi təyyarəsini vurmuş, ölümcül yaralansa da, öz təyyarəsini sağ – salamat yerə endirmişdi.

1941-ci ilin dekabr ayında Moskva uğrunda gedən döyüşlərdə İsrafil Məmmədov kiçik bir dəstə ilə hitlerçilərin bir batalyonunun hücumunun qarşısını almış və şəxsən özü 700 faşisti məhv etmişdi. Bu fövqəladə şücaətinə görə İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adını almış ilk azərbaycanlı oldu. Moskva uğrunda gedən qanlı döyüşlərdə Həzi Aslanov, Müseyib Allahverdiyev və İdris Vəliyev qeyri - adi qəhrəmanlıq göstərmişdilər.

55-ci xüsusi tank alayının" komandiri podpolkovnik Həzi Aslanov 1942-ci il noyabr - 1943-cü il fevral aylarında baş vermiş məşhur Stalinqrad vuruşmasında mahir hərbi sərkərdə olduğunu bir daha sübut etmişdi. Onun tank alayı düşmənin 49 tankını, 14 minamyot batareyasını, 3 piyada rotasını məhv etmiş, 144 nəfər alman hərbiçisini əsir götürmüşdü. 1942-ci ilin dekabrın 31 -də Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi. Ümumiyyətlə, Sovet ordusu Stalinqrad vuruşmasında Hitler Almaniyasına sarsıdıcı zərbə vurmuşdu. Hitlerin ən çox inandığı feldmarşal Paülyüs başda olmaqla 24 general, həddindən çox sayda - 330 min nəfər əsgər və zabit əsir alınmış və bu qələbə nəticəsində müharibənin gedişində əsaslı dönüş baş vermişdi. Maraqlıdır ki, Paüjvüstin əsir alınmasında yaxından iştirak edən azərbaycanlı kəşfiyyatçılar Əli Kərimov və Həmzə Sadıqov bu zaman göstərdikləri igidliyə görə Qırmızı Ulduz ordeninə layiq görülmüşdülər.

Hitler Almaniyasının bütün Qafqazı, Azərbaycanı və xüsusi strateji əhəmiyyətli Bakı şəhərini zəbt etməlk üçün hazırladığı "Edelvevs" adlı xüsusi plana uyğun olaraq bu bölgədə döyüşlər 1942-ci ilin iyulunda başlamışdı. "Edelveys" planında Bakı şəhərinin 1942-ci il sentyabrın 25-də ələ keçirilməsi nəzərdə tutulmuşdu. SSRİ-nın müharibədəki müttəfiqləri ABŞ və İngiltərənin Cənubi Qafqazla bağlı hazırladıqları "Vilvet" planında isə Sovet qoşunlarının Qafqazdan çıxarılaraq Stalinqradın müdafiəsinə aparılması və bölgənin daha etibarlı müdafiəsi üçün amerikan - ingilis qoşunlarının burada yerləşdirilməsi nəzərdə tutulmuşdu. Bu planın baş tutması Cənubi Qafqazın SSRİ-dən ayrılması demək idi. Sovet rəhbərliyi təbii ki, Qafqaza xüsusi diqqət yetirirdi və bölgənin itirilməsi onu Bakı və Qroznı kimi əsas yanacaq məntəqələrindən məhrum edərdi. Bu isə SSRİ-nin sonu demək olardı. Maraqlıdır ki, 1942-ci ilin yayında Hitler elan etmişdi ki, Almaniya Bakı və Qroznı neftini ələ keçirməsə, müharibəni davam etdirə bilməyəcəkdir. Bütün bunları nəzərə alan Stalinin və köçürmə məsələləri üzrə Dövlət Komitəsinin sədri A.Mikoyanın səyləri ilə Bakı üçün təhlükə yaranarsa, şəhərin minalanaraq məhv edilməsini nəzərdə tutan xüsusi plan da hazırlanmışdı. Hələ üstəlik, guya Azərbaycan əhalisinin almanlarla əməkdaşlıq edə biləcəyi ehtimalı əsas götürülərək azərbaycanlıların Bakıdan Mərkəzi Asiyaya və Qazaxıstana köçürülməsi planı da tərtib edilmişdi. Azərbaycanın o vaxtki rəhbəri M.C.Bağırovun belə bir köçürmə tədbirinin Respublikada neft və pambıq kimi hərbi-strateji məhsulların istehsalını azaldacağı və orduda döyüşən azərbaycanlı əsgərlərə mənfi təsir göstərə biləcəyi ilə bağlı gətirdiyi dəlillər bu planın pozulmasında müəyyən rol oynasa da, əslində Qafqaz və Stalinqrad uğrunda gedən döyüşlərdə qazanılan qələbələr bu dəhşətli planın həyata keçirilməsinin qarşısını almışdı.

Sovet rəhbərliyi alman təhlükəsi qarşısında 1942-ci ilin sentyabrın 9- da Zaqafqaziya respublikalarında hərbi vəziyyət elan etmişdi. Qafqaz uğrunda gedən döyüşlərdə(66 mindən çox azərbaycanlı vuruşurdu. Azərbaycanın 77-ci, 223-cü, 402-cı, 202-ci, 271-ci və 416-cı milli diviziyaları və böyük hissəsi soydaşlarımızdan ibarət olan 227-ci diviziya Qafqaz uğrunda beş ay davam edən döyüş əməliyyatlarında qəhrəmanlıqla vuruşmuş, Taman yarımadasının, Kerç, Novorosiysk, Mozdok, Stavropol və başqa şəhərlərin azad edilməsində həlledici rol oynamışdılar. Qafqaz və Krım uğrunda döyüşlərdə Azərbaycan oğullarının da göstərdiyi hərbi rəşadət və qəhrəmanliq nəticəsində Azərbaycan faşist Almaniyasının əsarəti altına düşmək təhlükəsindən xilas olmuşdu. Qafqaz bölgəsinin düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənmiş Qafur Məmmədov, İdris Süleymanov SSRİ-nin ən ali mükafatı olan Sovet ittifaqı Qəhrəmanı adına layiq görülmüşdülər.

Azərbaycanın 77-ci Simferopol diviziyası Qafqazla yanaşı, Krım və Ukraynanın alman işğalçılarından təmizlənməsində tarixi xidmət göstərmişdi. Bu diviziyanın döyüşçüləri düşmənin 26 min nəfərdən çox əsgər və zabitini məhv etmişdi. Azərbaycanın 416-cı Taqanroq atıcı diviziyası 1942 - 1945-ci illərdə Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçmiş və 1945- ci il mayin 2-də Berlinin Brandenburq darvazasına qələbə bayrağını sancmışdı. Diviziyanın qələbə bayrağını Berlinə sancan Yusif Sadıqovla birlikdə 8 döyüşçüsü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Ümumiyyətlə, 416-cı diviziya 27 ay fasiləsiz olaraq döyüşərək Sovet İttifaqının 7900 kv. km. ərazisini düşməndən azad etmiş və Almaniyanın 22 mindən artıq canlı qüvvəsini məhv etmişdi. Ukraynanın alman faşistlərindən təmizlənməsində iştirak edən 223-cü Azərbaycan diviziyası eyni zamanda Bolqarıstan, Macarıstan, Rumınıya və Yuqoslaviyanın alman əsarətindən xilas edilməsində böyük hərbi rəşadət göstərmişdi. Yuqoslaviyanın pavtaxtı Belqradı azad etdiyinə görə “Belqrad" diviziyası adlandırılan bu hərbi birləşmə 8200 kv.km. ərazini almanlardan azad edərək, düşmənin 45 mindən çox əsgər və zabitini məhv etmiş və 44 min nəfərə yaxınını isə əsir almışdı. Diviziyanın qəhrəman döyüşçüləri almanların 28 təyyarəsini, 113 tank və döyüş maşınını, 860 səhra topunu və minaatan qurğusunu məhv etmişdi. Diviziyanın 20 nəfər azərbaycanlı döyüşçüsünə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi. Görkəmli tarixçi - alimimiz Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun da bir zabit kimi sıralarında vuruşduğu 271-ci Azərbaycan diviziyası ("Qorlovka") Polşa və Çexoslavakiyanın azad edilməsində xüsusilə fərqlənmişdi. Şəxsi heyətinin 70%-i azərbaycanlı olan 227-ci atıcı diviziya SSRİ- nin sərhədlərinin bərpa olunması ilə nəticələnən Yassı - Kişinyoy əməliyyatında, həmçinin Macarıstan və Çexoslavakiyanın azad edilməsində iştirak etmişdi. Ümumiyyətlə, Ukraynanın azad edilməsi uğrunda döyüşlərdə Azərbaycanın 20 igid oğlu Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Sovet ordu hissələrinin Dnepr çayını maneəsiz keçməsinin təmin edilməsində fövqəladə igidlik göstərərək Sovet İttifaqı Qəhrəmanı adını almış Səlahəddin Kazımov, Məlik Məhərrəmov və Məmməd Məhərrəmovda onların arasında idi.

Müharibənin gedişində igid təyyarəçimiz, Adil Quliyev düşmənin 18 təyyarəsini məhv etdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.

Azərbaycanlı döyüşçülər SSRİ-nin və Avropanın işğal olunmuş ərazilərində partizan və müqavimət hərəkatında alman faşistlərinə qarşı qəhrəmanlıqla vuruşurdular. Belorusıyada Ələkbər Əliyevin başçılıq etdiyi partizan dəstəsi 1942-ci ildə almanların 11 qatarını, 1 tankını, 3 təyyarəsini məhv etmiş və Almaniyaya zorla aparılan 400 sovet vətəndaşını azad etmişdi. Bu dəstə Almaniya Baş Komandanlığı üçün çox bövük strateji əhəmiyyəti olub, Berlini döyüşən cəbhə bölgəsi ilə birləşdirən əsas rabitə xəttini 28 dəfə kəsmişdi.

1942 - 1944-cü illərdə Krımda Azərbaycan partizan dəstəsi yeddi ay faşistlərlə mübarizə apararaq düşmənin çoxlu sayda canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdi. Minlərlə azərbaycanlı partizan Polşada, 500 nəfər döyüşçümüz isə Çexoslavakiyada almanlara qarşı qəhrəmanlıqla vuruşmuşdu.

İtaliya və Yuqoslaviyada alman faşistlərinə qarşı partizan hərəkatında "Mıxaylo" ləqəbli əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin kəşfiyyat qrupu hövük şöhrət qazanmışdı. 1944-cü ildə Mehdi Hüseynzadənin rəhbərliyi altında keçirilən xüsusi əməliyyat nəticəsində Triest şəhərindəki ticarət bankından 5 milyon italyan lirəsi götürülərək ərzaq və silah sarıdan korluq çəkən partizanlara verilmişdi. Alman faşistləri Hitlerin ad gününü bayram etdiyi vaxt Mehdi Hüseynzadə hərbi təyyarə meydanını təyyarələrlə birlikdə göyə sovurmuşdu. Mehdi Hüseynzadənin qeyri - adi qəhrəmanlığı nəticəsində almanların bir zabit yeməkxanası, kinoteatrı, bir faşist kazarması, hərbi sursat anbarı partladılmış və min nəfərədək alman faşisti məhv edilmişdi. 1944-cü ildə almanların keçirdiyi xüsusi əməliyyat nəticəsində həlak olan Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı 1957-ci il aprelin 11 də verilmişdi.

Şimali İtaliyada 300-dən çox azərbaycanlı döyüşçü faşistlərə qarşı qəhrəmanlıqla vuruşurdu. İtaliyanın faşist diktatoru Mussolinini həbs edən partizanların arasında Azərbaycanın qəhrəman oğlu Vilayət Hüseynov da var idi.

1943 - 1945-ci illərdə Fransız xalqının sevimli lideri Şarl de Qollun rəhbərlik etdiyi Fransa antifaşist müqavimət hərəkatında 2 min nəfərə yaxın azərbaycanlı iştirak edirdi. Azərbaycanın igid oğlu Əhmədiyyə Cəbrayılov (təxəllüsü “Armed Mişel») bu hərəkatda fəal iştirakına və şəxsi şücaətinə görə Fransanın Milli Qəhrəmanı adına layiq görülmüş və hərbi paradda əsgərə generaldan irəlidə addımlamaq kimi çox şərəfli hüquq verən hərbi medalla təltif olunmuşdu.

Azərbaycan mühacirəti müharibə illərində Milli legionların yaradılması.



Hitler Almaniyası ilə müharibəyə səfərbər olmuş azərbaycanlı zabit və döyüşçülərin bir hissəsi Vətənimizi istila etmiş bolşevik Rusiyasına nifrət etdiklərindən qəsdən əsir düşüb, alman əsgərləri ilə birlikdə Sovet rejiminə qarşı mübarizə aparmaq və Azərbaycanın istiqlaliyyətini bu yolla bərpa etmək niyyətində idilər. Bolşevik istilasından sonra vətəndən kənarda - mühacirətdə yaşamağa məcbur olan siyasi mühacirlərin bir hissəsi müharibə dövründə azərbaycanlı hərbi əsirlərdən milli legionlann yaradılması və ən əsası Hitler Almaniyasının Azərbaycanın müstəqilliyini tanıması istiqamətində fəaliyyətə başlamışdılar. Azərbaycanın mühacirətdə olan bir çox nüfuzlu şəxsləri, o cümlədən Məmməd Əmin Rəsulzadə Berlinə dəvət edilmişdi. Siyasi mühacirlər hərbi əsirlər içərisindən azərbaycanlıların tapılaraq ölümdən xilas edilməsində böyük rol oynamışdılar. Belələrinin sayı isə 150 min nəfərdən çox idi. Müharibədə azərbaycanlı hərbi əsirlərdən ibarət olub, Almaniyanın tərəfində vuruşacaq Milli legionların yaradılmasında vətənpərvər zabit Əbdürrəhim bəy Fətəlibəyli - Düdənginskinin xüsusi rolu olmuşdur. 1940-cı ildə Moskva Hərbi Akademiyasını bitirərək Sovet ordusunda mayor rütbəsinədək yüksəlmiş Ə.Fətəlibəyli Baltik sahilləri uğrunda aparılan döyüşlərin birində almanlara əsir düşmüşdü. O, 1941-ci ilin noyabrında Hitlerə məktub yazaraq Azərbaycan legionlarının yaradılmasının zəruriliyi fikrini bildirmişdi. Ə.Fətəlibəyli onun və digər azərbaycanlıların Hitler Almaniyası ilə nəyə görə əməkdaşlıq yolu tutduğunu belə izah edirdi: "Biz atalarımızın ənənələrini tapdalayıb, xalqımızı kölə halına salan, Hitlerlə Polşanı bölən, Baltik ölkələrinin müstəqilliyini əlindən alan, Finlandiyanı darmadağın edən böyük Rusiya uğrunda savaşa bilməzdik. Ona görə də almanların tərəfinə keçərək bolşevizmin kölə etdiyi digər xalqlarla birlikdə Vətənin azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qoşulmuşduq." 1942-ci ildə yaradılan Azərbaycan legionları vuruşa - vuruşa Kubana və Şimali Qafqaza qədər gəlib çıxmışdılar. Azərbaycanlı legionerlərin döyüş qəhrəmanlığını qiymətləndirmək üçün "Azərbaycan istiqlaliyyəti", "Boz qurd" ordenləri də təsis edilmişdi. Azərbaycanın siyasi mühacirətinin rəhbəri M.Ə.Rəsulzadə Hitler hakimiyyətinin bütün ali idarəetmə orqanlarının rəhbərləri ilə Azərbaycanın müstəqilliyinin Almaniya tərəfindən tanınması məsələsi ilə bağlı uzun - uzadı danışıqlar aparmışdı. Danışıqların bir nəticə vermədiyini görən M.Ə.Rəsulzadə 1942-ci ilin sonlarında Almaniyanı tərk etmişdi. Ə.Fətəlibəyli isə fəaliyyətini davam etdirərək 1943-cü ilin payızında Berlində Mühacir Azərbaycan Parlamenti və Azərbaycan Hökuməti yaradılmasına nail olmuşdu. Almaniyanın rəsmən tanıdığı "Mühacir Azərbaycan Hökuməti" 1944-cü ilin qışınadək fəaliyyət göstərmişdi. Azərbaycan Milli Legionu isə Fransanın cənubunda almanlarla birlikdə müttəfiqlərə qarşı döyüşlərdə iştirak etmişdi. Ancaq 1945-ci ildə müharibədə almanların məğlubiyyətə uğraması ilə həmin Milli Legion dağılmışdı. Ə.Fətəlibəyli bolşevizmə qarşı mübarizə məqsədilə ABŞ-ın yaratdığı “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının başçısı kimi fəaliyyətə başlamış, Vətənini və Azərbaycanın istiqlalını canından artıq sevən bu parlaq şəxsiyyət 1954-cü ildə sovet cəsusu tərəfindən xaincəsinə öldürülmüşdü.

1945-ci il mayın 8-də Hitler Almaniyasının Berlində qeyd - şərtsiz təslim aktını imzalaması ilə Avropada müharibə başa çatdı və 1945-ci il may ayının 9-u tarixə Qələbə bayramı kimi daxil oldu.

SSRİ və ABŞ-ın iştirakı ilə Yaponiyaya qarşı hərbi əməliyyatlar uğurla nəticələndi. 1945-ci il sentyabrın 2-də Yaponiyanın təslim olması ilə İkinci dünya müharibəsi başa çatdı. İkinci dünya müharibəsi bəşəriyyətə böyük fəlakətlər gətirdi. Müharibədə iştirak edən ölkələrdə çox böyük sayda - 60 milyon nəfərə yaxın insan həlak olmuşdu ki, bunun da 27 milyon nəfərdən çoxu Sovet İttifaqının payına düşür. Azərbaycandan cəbhəyə getmiş 700 min nəfərə yaxın döyüşçüdən 400 min nəfəri həlak olmuşdu. Geri qayıdanların isə yarıya qədəri ya şikəst, ya da əlil idi. Azərbaycandan 121 nəfər döyüşçü müharibədə göstərdiyi hərbi rəşadətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü ki, bunun da 43 nəfəri azərbaycanlı idi. 30 nəfər azərbaycanlı “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə, 170 mindən çox əsgər və zabit isə müxtəlif orden və medallarla təltif olunmuşdu. Bütün bunlar belə nəticəyə gəlməyə imkan verir ki, Azərbaycan xalqı dünya xalqlarını əsarət altına almağa çalışan faşist Almaniyası üzərində tarixi qələbə qazanılmasında çox böyük rol oynamışdır. Azərbaycan SSR-in bu müharibədə insan itkisi dünyanın ən nəhəng dövlətlərindən biri olan ABŞ-ın itkisindən (cəmi 300 min nəfər) də çox idi.


Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin