İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


Azərbaycanda sosial-iqtisadi və mədəni inkişaf. Kütləvi represialar



Yüklə 436,25 Kb.
səhifə99/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   95   96   97   98   99   100   101   102   ...   109
tarix

3.Azərbaycanda sosial-iqtisadi və mədəni inkişaf. Kütləvi represialar

Yeni iqtisadi siyasətin həyata keçirilməsi və onun xüsusiyyətləri.

1920-ci il aprel çevrilişi ərəfəsində Azərbaycanm iqtisadiyyatı ağır vəziyyətdə idi. Birinci Dünya müharibəsi, 1918-1920-ci illərin hərbi-siyasi hadisələri nəticəsində ölkədə yaradılmış qeyri-sabit siyasi vəziyyət, S.Şaumyanın başçılıq etdiyi Bakı Kommunasınm səriştəsiz, xalqa zidd fəaliyyəti, erməni millətçilərinin aramsız hücumları, bolşeviklərin rəhbərliyi ilə keçirilən tətillər iqtisadiyyatı iflic vəziyyətinə salmışdı.

1917-1920-ci illərdə Azərbaycan neft sənayesi ağır itkilərə məruz qalmış, neft hasilatı azalmışdı.

Qəzalarda da iqtisadi vəziyyət çox ağır idi. Gədəbəy mis, Zəylik zəy, Tovuz sement, bir çox pambıqtəmizləmə zavodları dayanmışdı. Şəkidəki 69 ipəksarıyan fabrikdən cəmi üçü işləyirdi.

Kənd təsərrüfatı da bərbad hala salınmışdı. Əkin sahələri 2 dəfə azalmışdı. Qaramalın sayı 30 faiz, davarların sayı 2 dəfədən çox azalmışdı. Yoxsul kəndlilərin xeyli hissəsi evsiz qalmış, dilənçi vəziyyətinə düşmüşdü.

Azərbaycanda yeni iqtisadi siyasətin həyata keçirilməsinin xüsusıyyətləri iqtisadi gerilikdən, milli proletariatın azlıq təşkil etməsindən, yerli partiya və sovet orqanlarında milli kadrların çatışmamasından, Bakı fəhlələri ilə Azərbaycan kəndliləri arasında rabitənin zəif olmasından və s. ibarət idi.

1921-ci ilin mart aymda keçirilmiş RK(b)P-nin X qurultayında yeni iqtisadi siyasət planını qəbul etdi. Bu plana əsasən vətəndaş müharibəsi dövründə tətbiq edilən ərzaq sapalağı məhsul vergisi ilə əvəz edildi.

Azərbaycan kəndliləri ağır vəziyyətdə olduqlarına görə respublikada ərzaq vergisinin tətbiq edilməsi 1922-ci ilə qədər təxirə salındı.

Azərbaycanda yeni iqtisadi siyasətin yerli şəraitə uyğun tətbiq edilməsinin bir sıra’ xüsusiyyətləri var idi. 1922-ci il martın 5-də Azərbaycan SSR MİK-nin üçüncü sessiyası respublikada kənd təsərrüfatı məhsulu vergisi haqqında qanun verdi. Həmin qanuna əsasən Azərbaycan SSR-də məhsul vergisi RSFSR-də olduğundan fərqli idi. Orada məhsul vergisi torpaq sahəsinə görə təyin olunurdu. Azərbaycanda isə bu vergi ancaq əkin sahələrinə görə müəyyən edilmişdi. Məhsul vergisi Sovet Rusiyasma nisbətən respublikamızda miqdar etibarılə xeyli az müəyyən edilmişdi.

1925-ci ildə əkin sahələrinin həcmi müharibədən əvvəlki səviyyəyə çatdırıldı. Kənddə ortababların xüsusi çəkisi yoxsul təbəqələrin hesabına xeyli artdı. Sovet siyasətinin nəticəsi olaraq qolçomaqların sıxışdırılması prosesi sürətləndi. 1925-ci ildə Azərbaycan kəndlilərinin 3 faizini təşkil edən qolçomaqlar pambıq və buğda məhsullarınm 12-13 faizini verirdilər.

Yeni iqtisadi siyasətin tətbiqi sənaye sahəsindəki çətinliklərin də aradan qaldırılmasına kömək etdi.

Yeni iqtisadi siyasət tətbiq edilən dövrdə neft sənayesinə xüsusi diqqət yetirilirdi. 1921-ci ilin aprel ayında RK(b) P MK Azərbaycan Neft Komitəsinə müəyyən təsərrüfat müstəqilliyi vermək və onun xarici ölkələrlə ticarət əlaqələrini genişləndirmək göstərişi vermişdi. 1921-ci ilin sentyabr ayında Azərbaycan Neft Komitəsi “Azneff’ adlı müstəqil trestə çevrildi.

Yeni iqtisadi siyasət illərində Respublika iqtisadiyyatının idarə edilməsində də ciddi dəyişikliklər edildi. Azərbaycan Xalq Təsərrüfatı Şurası yenidən quruldu. 1921-ci il oktyabrın 21-də Azərbaycan Dövlət Bankı yaradıldı.

Həyata keçirilən tədbirlər nəticəsində respublika iqtisadiyyatında nisbi sabitlik yaratmaq mümkün oldu.

20-ci illərdə sosializm quruculuğu planının ən mühüm tərkib hissəsi ölkədə sosialistcəsinə sənayeləşdirməni həyata keçirməkdən ibarət idi. Düşmən dövlətlər əhatəsində olan ölkənin maddi-texniki bazasını möhkəmləndirmək, sənayeni yenidən qurmaq. müdafıə qabiliyyətini gücləndirmək üçün çoxlu kapital qoyuluşu, xammal, ixtisaslı mütəxəssislər tələb olunurdu. Xarici olkələrdən kapital almaq mümkün deyildi.

ÜİK (b) P-nın 1925-ci ilin dekabrında keçirilən XIV qurultayı iqtisadiyyatın yenidən qurulması, sosializm quruculuğu sürətini artırmağın başlıca şərti kimi sosialist sənayeləşdirməsi xəttini müəyyənləşdirdi. Qurultay SSRİ-ni maşın və avadanlıq idxal edən ölkədən onu istehsal edən ölkəyə çevirmək vəzifəsini qarşıya qoydu.

Sosializmin maddi bazası olan ağır sənayeni, o cümlədən neft sənayesini əsaslı surətdə yenidən qurmaq və inkişaf etdirmək üçün planlar hazırlandı.

Sənayeləşdirmənin ilk illərində Azərbaycanm digər regionlarmda da sənaye obyektlərinin tikilməsinə başlandı. 1928-ci ildə Gəncədə əyirici toxuculuq kombinatı və pambıq təmizləmə zavodu tikilib istifadəyə verildi. Zəylikdə zəy zavodu yenidən quruldu.

1933-1937-ci illəri əhatə edən ikinci beşillik planda da əsas ağırlıq mərkəzi neft sənayesinin və elektrikləşmənin üzərində qurulmuşdu. Bu illərdə “Azneft”in idarə aparatı ixtisar edildi.

Azərbaycanda yeni sənaye mərkəzləri yaradıldı. Neftçala yod-brom zavodu, Ramam yod zavodu işə salındı. 409 km uzunluğu olan Ələt-Culfa dəmiryolu xəttinin çəkilişi başa çatdırıldı.

Azərbaycanm sənayeləşdirilməsinin özünəməxsusluğu ondan ibarət idi ki, burada onun əsas və aparıcı sahəsi tarixən yaranmış və inkişaf etmiş neft sənayesi idi. Azərbaycan nefti SSRİ-nin valyuta fondunun yaranmasında mühüm əhəmiyyətə malik idi.

SSRİ hökumətinin 1929-cu il avqust tarixli qərarı ilə ümumittifaq əhəmiyyətli müəssisələr SSRİ orqanlarınm sərəncamına verildi. Bununla da Azərbaycanm bir çox sənaye müəssisələri, xüsusilə də neft maşınqayırması sənayesi müəssisələri Azərbaycanın nəzarətindən çıxarılıb ittifaq orqanlarına tabe edildi, onun müstəqilliyi və hüquqları xeyli azaldıldı.

Beləliklə, sənayeləşdirmə xəttinin həyata keçirilməsi nəticəsində Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilmişdi.

Azərbaycanda kollektiv təsərrüfatlara keçid prosesi sovet rejiminin qurulduğu dövrdə 20- ci illərin əvvəllərindən başlamışdı. Əvvəlcə torpağı elliklə becərmək şirkətləri (tozlar), sonra artellər, kommunalar, sovxozlar yaradılmağa başladı.

1927-ci ilin dekabr ayında keçirilən ÜİK (b) P XV qurultayında kənd təsərrüfatını kollektivləşdirmək xəttini irəli sürüldü.

Sənayeləşdirmənin həyata keçirilməsi üçün tələb olunan böyük kapital qoyuluşunun əsas ağırlığı iri, varlı kəndli təsərrüfatlarının üzərinə qoyulurdu. Kənddə inzibati-amirlik metodlarından geniş istifadə edilir, məhsulun artığını dövlətin müəyyən etdiyi qiymətə təhvil verməkdən imtina edənlərə qarşı ağır cəza tədbirləri görülür, çörək ticarəti qadağan edilir, artıq taxıl zorla müsadirə olunurdu.

Mərkəzi orqanların səriştəsiz fəaliyyəti, inzibati amirlik iş üsulunun bərqərar olması nəticəsində ilk günlərdən kollektivləşmənin gedişində ciddi səhvlərə və əyintilərə yol verilmişdi.

Ümumittifaq miqyasında həyata keçirilən kollektivləşmə prosesi Azərbaycanda çox ləng gedir və daha ağır nəticələrə səbəb olurdu. Əvvəla, tarix boyu tək təsərrüfatçılığın, nisbi iqtisadi müstəqilliyin mövcud olduğu Azərbaycanda kolxozların tətbiqi çox böyük çətinliklər doğururdu.

Kollektivləşmənin ən dəhşətli faciələrindən biri varlı kəndlilərə və qolçomaqlara divan tutulması oldu. Sovet höküməti 1929-cu ilədək qolçomaqları məhdudlaşdırmaq və sıxışdırmaq siyasəti yeridirdi: onların üzərinə yüksək vergilər qoyulur, artıq taxılları zorla müsadirə edilir, muzdlu əməkdən istifadə etmək, torpağım və texnikasım icarəyə vermək hüququ məhdudlaşdırılırdı. Azərbaycanda qolçomaqlar bütün kəndlilərin 3 faizini təşkil etdiyi halda, bir çox rayonlarda “qolçomaq” elan edilmiş kəndli təsərrüfatlarının miqdarı 10-15 faizə çatmışdı. Seçki hüququndan məhrum edilənlərin sayı bütün kəndlilərin 15-20 faizini təşkil edirdi. 100 minə qədər adam Sibirə və Qazaxıstana sürgün edilmişdi.

1930-cu ildə Nuxa-Zaqatala və Naxçıvanda, Şəmkirin Bitdili kəndində, Xızı dairəsinin Ağdərə kəndində və s. yerlərdə sovet və partiya orqanlarına qarşı güclü kəndli üsyanları baş verdi. Hökümət üsyançılara qarşı hərbi hissələr yeritdi, xalqa amansız divan tutdu.

Zorakılıqla tətbiq edilən kollektivləşmə xətti əhalinin böyük əksəriyyətini təşkil edən kəndlilərə çox baha başa gəldi. Hətta yoxsul və ortabab kəndlilər qolçomaqlar siyahısına daxil edilərək amansız təqiblərə məruz qaldılar.

Beləliklə, SSRİ-nin bütün regionlarında olduğu kimi, Azərbaycanda da zorakılıq və inzibatçılıq əzablı və ağrılı həyata keçirilən kollektivləşmə siyasəti nəticəsində kolxoz quruluşu yaradıldı.

Sovet hakimiyyəti Azərbaycanda yeni ibtidai, orta və ali təhsil sisteminin yaradılmasına xüsusi diqqət yetirirdi. 1923 –cü ildə Azərbaycan XKS yanında “ Savadsızlıq mübarizə” adı altında Xüsusi Komitə yaradılmışdı. Azərbaycan XKS 1930-cu il avqustun 29-da “1930/31-ci tədris ilinin ümumi ibtidai təhsilinin tətbiq edilməsi haqqında” qərar qəbul etdi. Sovet təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən biri də ali və orta ixtisas məktəblərində sovet ziyalı və mütəxəssis kadrlarını yetişdirməkdən ibarət idi. Hökümət Qərbi Avropada, Şərq ölkələrində, hətta Rusiyanın özündə vaxtılə ali təhsil almış milli kadrlara qətiyyən etibar etmirdi.

Sovet hakimiyyəti Azərbaycanda ali təhsil sisteminin yaradılmasına 1920-ci illərin əvvəllərində başlamışdı. 1921-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutu, Azərbaycan Politexnik İnstitutu, Şərqdə ilk Konservatoriya və Ali Rəssamlıq məktəbi, 1923-cu ildə Gəncədə Kənd Təsərrüfatı İnstitutu açılmışdı. Lakin hələ Cümhuriyyət dövründə 1919-cu ildə açılmış Bakı dövlət Universiteti müxtəlif İnstitutlara bölündüyündən 1930-cu ildə bağlanmışdı. Universitetin fakültələri əsasında Azərbaycan Tibb İnstitutu və başqa İnstitutlar yaradılmışdı. Bakı Dövlət Universiteti 1934-cü ildən Azərbaycan Dövlət Universiteti kimi yenidən fəaliyyətə başlamışdır.

Azərbaycanda sovet hakimiyyəti qurulandan bir qədər sonra 1920-ci ilin noyabrında ərəb əlifbasının dəyişdirilməsi məsələsinin ortaya atılması ilk növbədə Azərbaycanı Müsəlman və Şərq dünyasından ayırmaq və xalqımızı bu dildə min ildən çox müddət ərzində yaratdığı çox zəngin mədəni irsdən məhrum etmək məqsədi güdürdü. 1922-ci ildə əlifba islahatının keçirilməsi ilə bağlı Xüsusi Komissiya da yaradılmışdı. 1926-cı il fevral ayının 26-da martın 5-dək Bakıda keçirilən I Ümumittifaq Türkoloji qurultayında latın əlifbasına keçirilməsi türk xalqları içərisində savadsızlığı ləğv etməyin və yeni sosialist mədəniyyətini mənimsəməyin əsas yollarından biri kimi qiymətləndirilmişdir.

1929-cu il yanvarın 1-dən Respublika yeni latın əlifbasına keçildiyi rəsmən elan olundu.

Sovet Azərbaycanı yeni əlifbaya keçər – keçməz, 1936-cı ilin ortalarında SSRİ rəhbərliyi əhalisi türk – müsəlman olan sovet respublikalarında latın əlifbasından “kril – rus” əlifbasına keçilməsi uğrunda kampaniyaya başladı. Azərbaycan SSR Ali Soveti 1939-cu ilin iyulunda latın əlifbasının rus – kiril əlifbası ilə əvəz edilməsi haqqında qanun vermiş və bu qanun 1941-ci il yanvarın 1-dən qüvvəyə minmişdi.

1921-ci ildə yaradılmış Konservatoriyaya azərbaycanlıların cəlb edilməsində Azərbaycan peşəkar musiqinin banisi, dahi bəstəkarımız Üzeyir Hacıbəyov xüsusi rolu olmuşdur. 1927-ci ildə Ü. Hacıbəyov və M.Maqomayev” Azərbaycan türk xalq mahnıları” məcmuəsini nəşr etdirmişdilər.

Azərbaycan incəsənətin rəssamlıq sahəsində yeni qrafik sənətinin yaranması və inkişafında Əzim Əzimzadənin xidmətləri böyük olmuşdur. 1922-ci ildə N.Nərimanovun təşəbbüsü ilə Bakıda böyük şairimiz M.Ə.Sabirə heykəl ucaldılmışdı.

Fövqəladə tədbirlərin adi iş normasına çevrilməsi icra və inzibati orqanların funksiyalarınm artırılmasına səbəb oldu. İ.V.Stalin səhvsiz, müdrik, cəsarətli bir rəhbər kimi təbliğ olunmağa başlandı, sosializm quruculuğunda, dövlətə rəhbərlikdə onun rolu şişirdilirdi.

1934-cü il dekabrın 1-də Leninqradda S.M.Kirovun öldürülməsindən sonra SSRİ MİK Rəyasət Heyəti terror aktı ilə əlaqədar bu cür təhqiqat işlərinə 10 gün ərzində prokuror və vəkil olmadan baxılması, şikayət etməyə icazə verilməməsi haqqında qərar qəbul etdi.

30-cu illərdə sosialistcəsinə yenidənqurmanm başlıca nəticəsi olaraq Azərbaycanda da Stalin modelli totalitar sosializm cəmiyyəti quruldu.

Azərbaycan XDİK-da rəhbər vəzifələr tutan Sumbatov- Topuridze, Yemelyanov, Markaryan, Qriqoryan, Borşev, Malyan, Koqan və digər qeyri millətlərin, xüsusilə ermənilərin nümayəndələri minlərlə dinc, günahsız azərbaycanlıların məhv edilməsində və Sibirə sürgün edilməsində xüsusi qəddarlıq göstərirdilər. Bir çox qocaman kommunistlərə, milli azadlıq və milli demokratik hərəkatın fəal iştirakçılarına, elm, maarif və mədəniyyət xadimlərinə divan tutdular.

Azərbaycan K(b)P MK-nın katibləri Ə.Qarayev. R.Axundov, M.Nərimanov, Zaqafqaziya Federasiyası XKS-nin sədri Q.Musabəyov, Azərbaycan MİK-nin sədri S.M.Əfəndiyev, Azərbaycan XKS-nin sədri H.Rəhmanov, XKS-nin sədr müaviini D.Bunyadzadə, xalq komissarları H.Sultanov, Ä.Sultanova, Q.Cuvarlinski və başqaları amansız repressiyanm qurbanları oldular.

Irəli sürülən saxta ittihamlar ağır işgəncələr verməklə, cismani cəzalar vasitəsi ilə zorla “müttəhimlərin” boynuna qoyulurdu.

Repressiya illərində nəinki minlərlə günahsız insanlar cəza tədbirlərinə məruz qalırdı, bəzən bütöv bir nəsli, hətta bütöv kəndləri xarici dövlətlərə casusluqda, əksinqilabçılıqda, pantürkizmdə və s. ittiham edərək, doğma yurdlarından sürgün edirdilər.

Həmin illərdə Gürcüstanda və Ermənistanda yaşayan azərbaycanlılara qarşı da repressiyalar həyata keçirildi. 1937-ci ilin payızında Mikoyan, Ejov və Beriyanm məsləhəti ilə Ermənistanın Türkiyə ilə həmsərhəd rayonlarında yaşayan azərbaycanlılar öz ata-baba yurdlarını tərk etməyə məcbur edildilər.

Azərbaycan xalqının əsl faciəsi 1937-ci ildən başladı, 1938-1940-cı və sonrakı illərdə daha amansız xarakter aldı. Repressiya illərində 80 mindən çox adam cəza tədbirlərinin qurbanı olmuşdu. Onlardan 29 min nəfəri Kommunist Partiyasınm üzvü olan qabaqcıl ziyalılar idi.

30-cu illərdə 100 minlərlə adam “kulak” adı ilə Sibirin və Qaxazıstanm buzlaq çöllərinə sürgün edildilər. Bunun nəticəsində Qazaxıstan çöllərində və Sibir düzənliklərində xüsusi “kulak arxipelaqları” yaradılmışdı.



Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin