İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


Müharibədən sonra Azərbaycanda sosial-iqtisadi, siyasi və mədəni inkişaf



Yüklə 436,25 Kb.
səhifə102/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   98   99   100   101   102   103   104   105   ...   109
tarix

2.Müharibədən sonra Azərbaycanda sosial-iqtisadi, siyasi və mədəni inkişaf.

Respublikada totalitar siyasi rejimin daha da güclənməsi. SSRİ-nin qələbədən özünün diktatura tipli avtoritar hakimiyyətink daha da möhkəmləndirmək üçün istifadə etməyə başladı. Şəxsiyyətə pərəstişin daha da gücləndiyi bir şəraitdə "dahi rəhbər" obrazı yaradılan Stalinin şəxsiyyəti artıq böyük bir bütə çevrilmişdi. Sovet hökuməti müharibənin dəhşətlərini yaşamış və böyük qurbanlar vermiş SSRİ xalqlarının qayğısına qalmaq və onun çox ağır sosial-iqtisadi problemlərini həll etmək əvəzinə, bütün ölkədə cəza tədbirlərini daha da gücləndirmişdi.

Azərbaycanın Stalinə şəxsi sədaqəti ilə seçilən rəhbəri M.C.Bağırov respublikanı yenə köhnə və sərt metodlarla idarə edir və bu zaman azərbaycanlılara nifrətlə yanaşan və qəti düşmən münasibət bəsləyən qeyri - azərbaycanlı kadrlara daha çox arxalanırdı.

Xalqımızın ən qabaqcıl nümayəndələrindən biri olub, "Türkiyənin cəsusu" adlandırılan akademik Məmməd Arif Dadaşzadə, yazıçı Mirzə İbrahimov, Mikayıl Vəliyev, filosof Heydər Hüseynov, şair Səməd Vurğun, bəstəkar Üzeyir Hacıbəyov və başqaları təqib və təzyiqlərə məruz qalırdılar.

Azərbaycan alimləri mövcud rejimin ideologiyasından azacıq kənara çıxan istənilən fikrinə görə dərhal həbs və sürgün edilir, repressiyalara məruz qalır, onların əsərləri isə qadağan olunurdu. Akademik Heydər Hüseynov 1949-cu ildə çap edilmiş əsərində Şimali Qafqazda Şeyx Şamil hərəkatını düzgün olaraq çarizmin müstəmləkə siyasətinə qarşı azadlıq mübarizəsi kimi qiymətləndirdiyinə görə təqiblərə məruz qalmış, bu əsərə görə ona verilmiş "Stalin mükafatı" geri alınmışdı. M.C.Bağırov Şeyx Şamili heç bir əsas göstərmədən "ingilis cəsusu" adlandırmış və akademik H.Hüseynovu çox gülməli şəkildə Şamilin ardıcılı olmaqda təqsirləndirmişdi. H.Hüseynov bütün bu haqsızlıqlara dözməyərək intihar etmişdi.

Hakim ideologiyanın tarix elmi üzərində təzyiqi daha da güclənmişdi. Azərbaycan xalqının soykökü məsələsi qəsdən təhrif olunur, Şimali Azərbaycanın Rusiyaya könüllü birləşməsi haqqında qeyri - elmi və uydurma fikirlər irəli sürülür, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi tamamilə saxtalaşdırılırdı. Azərbaycan türklərinin ana abidəsi olan "Kitabi Dədə Qorqud” mürtəce xan - bəy eposu damğası vurulmuşdu. Abbasqulu ağa Bakıxanov , Mirzə Kazım bəy kimi görkəmli alimlərimiz istismarçı zümrələri müdafiə etməkdə günahlandırılırdılar.

Mövcud quruluşa nifrətlə yanaşan bir qrup vətənpərvər gənc tərəfindən 1947-ci ildə yaradılmış "İldırım" təşkilatı Azərbaycanın sovet rejiminin əsarətindən xilas edilməsini özünün əsas vəzifəsi kimi irəli sürmüşdü. Həmin təşkilatın 8 nəfər fəal üzvü dərhal həbs edilərək Sibirə sürgünə göndərilmişdi.

Konstitusiyada əhaliyə sözdə verilmiş "demokratik" hüquqların çoxu demək olar ki, təmin edilmirdi. "Xalq hakimiyyəti" orqanlarına seçkilər formal şəkildə və ciddi inzibati nəzarət altında keçirilirdi.

1950 - 1960-cı illərdə respublikada ictimai - siyasi həyat.

Sovet dövlətinin başçısı İ.V.Stalin 1953-cü il martın 5-də vəfat etdi. 1953-cü ilin sentyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə gətirilmiş N.S.Xruşşov SSRİ-yə rəhbərlik etməyə başladı. N.S.Xruşşov Stalinin şəxsiyyətinə pərəstişi kəskin şəkildə tənqid etməklə, özünə siyasi nüfuz qazanmağa çalışır, Sovet dövlətinin, Kommmunist Partiyasının və sosializm quruculuğunun bütün günah və qüsurlarını şəxsiyyətə pərəstişin nəticəsi kimi göstərərək mövcud quruluşu təmizə çıxarmağa çalışırdı.

SSRİ-də siyasi rəhbərliyin dəyişməsi dərhal Azərbaycan SSR-də də özünü göstərdi. Azərbaycanın rəhbəri M.C.Bağırov vəzifədən uzaqlaşdırılaraq həbs olundu. O, 1956-cı ildə SSRİ Ali Məhkəməsinin qərarı ilə repressiya dövründə törətdiyi cinayətlərə görə ən yaxın əlaltıları ilə birlikdə ölüm cəzasına məhkum edildi. Məhkəmə prosesində M.C.Bağırovun əlaltısı erməni Xoren Qriqoryanın 1937-ci ildə Bakıdan atasına yazdığı məktub hamını şoka salmışdı. Məktubda o, 100 nəfər azərbaycanlını güllələdiyini və 500 nəfərin isə növbə gözlədiyini bildirirdi. M.C.Bağırov Markaryan, Sumbatov, Qriqoryan kimi erməni cəlladları ilə azərbaycanlıları kütləvi şəkildə məhv etməsini əvvəlcə gülünc şəkildə özünün səhvi hesab etsə də, sonda bu işdə günahının çox böyük olduğunu etiraf etmiş və məhkəmədə belə söyləmişdi: ’’Xalq qarşısında günahlarım o qədər böyükdür ki, məni güllələmək və asmaq azdır, məni şaqqalamaq və parça - parça etmək lazımdır.’’

1937-1938-ci illərdə həyata keçirilən böyük terrorun əsas icraçılarından biri olan erməni Y.Sumbatov - Topuridze istintaq zamanı ağlını itirdiyinə görə məhkəməyə çıxarılmamışdı. Cinayətkar dəstənin digər üzvləri X.Qriqoryan, R.Markaryan, T.Borşev isə güllələnmə cəzasına məhkum edilmişdilər.



1954-cü ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə İmam Mustafayev (1910 - 1997) seçildi. İ.Mustafayev Zaqatala qəzasının Qax kəndində anadan olmuşdur. O, bir görkəmli elm xadimi kimi 1950-ci ildə Azərbaycan EA-nın akademiki adını almışdı. 1930 - 1950-ci illərdə respublikanın dövlət və hökumət orqanlarında müxtəlif yüksək vəzifələrdə çalışmışdı. İmam Mustafayevin respublikaya rəhbərlik etdiyi 1954 - 1959-cu illər tariximizdə Azərbaycanın ictimai-siyasi həyatında milli oyanışın başladığı yeni bir mərhələ hesab olunur. İmam Mustafayev Azərbaycana Sovet İttifaqında ictimai - siyasi həyatın mülayimləşdiyi, sovet rejiminin liberallaşdığı və cəmiyyətin müxtəlif təbəqələri içərisində partiya və dövlətə inam yaratmaq üçün müəyyən islahatların keçirildiyi şəraitdə rəhbərlik etmişdir. 1956-cı ildə Stalinin şəxsiyyətinə pərəstiş rəsmən tənqid olunmuş və bütün ölkədə humanist bəraətvermə prosesi başlamışdı. Bunun nəticəsində 100 minlərlə azərbaycanlının üzərindən qurama "xalq düşməni" adı götürülmüş və 1956-cı ilin ortalarından yüzlərlə partiya, dövlət, ədəbiyyat və incəsənət xadiminə bəraət verilmişdi. Bəraət alanların içərisində Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli kimi vətənpərvər şair və yazıçılarımız da var idi. Yüzlərlə kitab, o cümlədən "Kitabi Dədə Qorqud" dastanı, A.A.Bakıxanovun, akademik Heydər Hüseynovun əsərləri üzərindən qadağalar götürülmüşdü. Ancaq 1920 - 1930-cu illərdə Sovet rejiminə qarşı istiqlal mübarizəsi apardığına görə həbs olunmuş siyasi məhbuslar və xaricə getməyə məcbur olmuş siyasi mühacirlər bəraətvermə prosesindən kənarda qalmışdı. Türkçülük ideologiyasını və türk xalqlarının birliyi ideyasını yayan yüzlərlə əsər üzərindən isə qadağa götürülmədi.

SSRİ rəhbərliyi yeni şəraitdə müttəfiq respublikaların qanunverici və digər dövlət orqanlarının hüquqlarını müəyyən qədər genişləndirməyə başlamışdı. 1956-cı ilin mayında məhkəmə quruculuğu, mülki və cinayət məcəllələrinin qəbulu müttəfiq respublikaların səlahiyyətinə verilmişdi. İmam Mustafayev yaranmış əlverişli imkanlardan Azərbaycanın xeyrinə istifada edərək respublikamızın sənaye və kənd təsərrüfatını inkişaf etdirmək üçün çox mühüm addımlar atmışdı. Yeni sənaye müəssisələrinin açılması ilə rayonlardan və kəndlərdən gənclərin işləmək üçün Bakıya axını xeyli güclənmişdi. Nəticədə "beynəlmiləl" şəhər olan Bakıda azərbaycanlıların say üstünlüyü təmin olunmuşdu. Kənd təsərrüfatının, xüsusilə əhalini əsas ərzaq məhsulları ilə təmin edən sahələrinə diqqət artırılmışdı. Azərbaycan dilinin rəsmi dövlət sənədlərində və kargüzarlıqda işlədilməməsi respublika rəhbərliyini çox ciddi şəkildə düşündürməyə başlamışdı. Azərbaycan dilinin statusu məsələsi, hətta Mirzə İbrahimovun rəhbərlik etdiyi Azərbaycan SSR Ali Sovetinin sessiyasında xüsusi müzakirəyə çıxarılmış və nəticədə Azərbaycanın qüvvədə olan 1937-ci il Konstitusiyasına Respublikanın dövlət dilinin Azərbaycan dili olması haqqında maddə əlavə edilmişdi. Bu addım Moskvanı bərk qorxutmuş və SSRİ-nin rəhbəri N.Xruşşov bu "yeniliyi" Azərbaycanda millətçilik təmayülü kimi qiymətləndirmişdi. Nəticədə M.İbrahimov Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsindən uzaqlaşdırılmış, yeni maddə Konstitusiyadan çıxarılaraq rəsmi sənədləşdirmə və kargüzarlıq işlərinin ana dilimizdə aparılması prosesi dayandırılmışdı. Azərbaycanda milli oyanışın başlaması Moskvada rus şovinistləri tərəfindən kəskin etirazla qarşılanmış və mərkəzdən respublikaya xüsusi yoxlama komissiyası göndərilmişdi. Bu komissiyanın yalan üzərində qurulmuş "dəlilləri" əsasında 1959-cu ildə İmam Mustafayev millətçilikdə günahlandırılmış və respublika rəhbərliyindən uzaqlaşdırılmışdı. Moskvanın tövsiyəsi ilə Vəli Axundov Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə gətirilmişdi. Vəli Axundov (1916 - 1986) Bakıda anadan olmuşdu. Tibb elmi sahəsində Azərbaycan SSR EA-nın akademiki idi. Respublikaya rəhbər təyin edilənədək dövlət və hökumət orqanlarında yüksək vəzifələr tutmuşdu. Özünün ziyalılığı və xarakterinin mülayimliyi ilə seçilən Vəli Axundovun respublikaya rəhbərliyi (1959 - 1969) SSRİ miqyasında 60-cı illərdə çox mürəkkəb ictimai - siyasi proseslərin getdiyi dövrə təsadüf etmişdi. N.Xruşşovun uğursuz islahatları, xüsusilə təsərrüfat orqanlarına partiya nəzarətinin zəiflədilməsi sahəsindəki addımları Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyi daxilində kəskin narazılıqla qarşılanmışdı. 1964-cü ildə həmin narazı qüvvələr Xruşşovu hakimiyyətdən salaraq L.İ.Brejnevi Sovet dövlətinin başçısı vəzifəsinə gətirmişdilər. Sovet İttifaqı Kommunist Partiyasının avtoritar idarəetmə rejimini daha da gücləndirdiyi və mülayimləşmə dövründə respublikalara verilən bir çox səlahiyyətlərin geri alındığı bir şəraitdə Vəli Axundov respublikada Moskvanın qoyduğu tələblərə cavab verən siyasət yeritmək iqtidarında deyildi. V.Axundovun "müstəmləkə bitkisi" sayılan və qul əməyi kimi ağır zəhmət tələb edən, əhalinin sağlamlığına və təbiətə böyük ziyan vuran pambıq əkinlərinin respublikada daha da genişləndirilməsi haqqında SSRİ-nin rəhbəri L.İ.Brejnevin 1965-ci il tarixli göstərişinə qarşı çıxması vəziyyəti daha da mürəkkəbləşdirmişdi.

1964- cü ildə Moskvanın təzyiqləri altında Şimali Azərbaycanın guya Rusiyaya könüllü birləşməsi respublikamızda təntənə ilə qeyd olundu. Tarixin bu şəkildə saxtalaşdırılmasına qarşı çıxan tarixçi alimlərimiz Ziya Bünyadov, Mahmud İsmayılov, Süleyman Əliyarov tənqid və təqiblərə məruz qaldılar. 1962-ci ildə Xudu Məmmədov, Oqtay Rəfıli, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı kimi bir qrup vətənpərvər ziyalılar və vəzifəli şəxslər tərəfindən gizli şəkildə yaradılmış "Milli Azərbaycan Qərargahı" respublikada rəhbər vəzifələrə azərbaycanlı kadrların təyin edilməsinə və Azərbaycanın büdcəsinin Moskvada deyil, Bakıda müəyyənləşdirilməsinə nail olmaq uğrunda mübarizə aparırdı. 60-cı illərin ortalarında Kommunist Partiyasının respublika həyatının bütün sahələrinə ciddi nəzarətinin gücləndiyi bir şəraitdə ayrı- ayrı dövlət xadimləri və ziyalılarımız milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və dirçəldilməsinə diqqət yetirməyə başlamışdılar. Bu sahədə 1966 - 1967-ci illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyən Şıxəli Qurbanovun və onun həmfikirlərinin böyük xidməti olmuşdur. Onların səyi ilə 1967-ci ildə respublikamızda ilk dəfə olaraq Şərqdə yeni ilin gəlişinin rəmzi olan Novruz bayramı ’’Bahar bayramı" adı ilə rəsmən qeyd olunmuşdu.

SSRİ-nin rəhbəri L.İ.Brejnevin bütövlükdə respublika iqtisadiyyatının, xüsusilə kənd təsərrüfatının inkişaf sürətindən narazı qalması 1969-cu ilin iyul ayında Vəli Axundovun Azərbaycan KP MK-nın birinci katibi vəzifəsindən azad edilməsi ilə nəticələndi. Sovet İttifaqı KP MK-nın tövsiyəsi ilə həmin vəzifəyə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyev seçildi.

Bu dövrdə bütövlükdə təhsil sahəsində bir sıra yeniliklər baş vermişdi. 1945-ci ildə orta məktəblərdə buraxılış imtahanları tətbiq edilmiş və məktəbi əla qiymət lərlə bitirənlərə qızıl və gümüş medalların verliməsinə başlanmışdı. Azərbaycan SSR-də 1949-cu ildən icbari 7 illik, 1959-cu ildən icbari 8 illik, 1966- ci ildən isə icbari 10 illik təhsilə keçilmişdi. Respublikamızda ali təhsil şəbəkəsi də genişlənmişdi. 1945-ci ildə Bakıda Teatr İnstitutu, 1948-ci ildə Xarici Dillər Pedaqoji İnstitutu, 1950-ci ildə Politexnik İnstitutu, 1952-ci ildə Rus dili və Ədəbiyyatı İnstitutunun açılması ilə respublikada ali təhsil ocaqlarının sayı 20-yə çatmışdı.

1945 - 1960-cı illərdə Azərbaycan elminin müxtəlif sahələrində böyük uğurlar qazanılmışdı. Qürurla söyləyə bilərik ki, bu dövrdə görkəmli Azərbaycan alimləri tərəfindən yeni elmi məktəblər yaradılmışdı. Bu elmi məktəblərə neft - kimya sahəsində V.Məmmədəliyev astronomiyada N.İbrahimov, riyaziyyatda Z.Xəlilov və Ə.Hüseynov, aqronomiyada İ.Mustafayev və H.Əliyev, genetikada F.Məlikov, dilçilikdə Ə.Dəmirçizadə və M.Şirəliyev ədəbiyyatşünaslıqda M.Dadaşzadə, tarixdə Z.Bünyadov kimi tanınmış alimlər başçılıq edirdilər.

Müharibədən sonrakı dövr Azərbaycan ədəbiyyatında şair Səməd Vurğunun yaradıcılığı xüsusi yer tutur. Ədəbiyyatımızın inkişafında mühüm rol oynamış şairlər S.Rüstəm, R.Rza, B.Vahabzadə, yazıçılar M.Ordubadi, M.İbrahımov, İ.Əfəndiyev, S.Rəhman çətin sosializm realizmi çərçivəsində də öz bədii yaradıcılıqlarında vətənpərvərlik ideyalarını tərənnüm edirdilər.

Ötən əsrin 50 - 60-cı illəri sözün əsl mənasında Azərbaycan incəsənətinin çiçəklənməsi dövrü hesab olunur. Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun yaratdığı “Sevil" operası, Qara Qarayevin "Yeddi gözəl" və "İldırımlı yollarla" baletləri ilə milli musiqimiz xeyli zənginləşmişdi. F.Əmirovun yaratdığı yeni simfonik muğam janrı respublikanın musiqi həyatında böyük hadisə kimi qarşılandı. Bəstəkarın "Şur" simfonik muğamının ardınca məşhur dirijor Niyazi "Rast", Süleyman Ələsgərov isə "Bayatı Şiraz" simfonik muğamlarını yazdılar. Böyük müğənnimiz Rəşid Behbudov bütün Sovet İttifaqında tanınırdı. Xalq musiqisinin gözəl ifaçıları olan Xan Şuşinski, Sara Qədimova, Şövkət Ələkbərova və başqaları böyük şöhrət qazanmışdılar. 1945 - 1960-cı illərdə Azərbaycan teatrı səhnəsində klassik dramaturgiyanın ən gözəl nümunələri ilə yanaşı, o dövrün yazıçı - dramaturqlarının əsərləri də tamaşaya qoyulurdu. Teatr sənətinin böyük uğurlar qazanmasında rol oynamış rejissorlardan Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, aktyorlardan Ələsgər Ələkbərov, Mərziyyə Davudova, Hökümə Qurbanova, Rza Əfqanlı, Ağasadıq Gəraybəyli, Möhsün Sənanı və başqaları xalqımıza əvəzsiz xidmət göstərirdilər.

1945-ci ildə çəkilmiş "Arşın mal alan" filmi ilə Azərbaycan kinosu dünya ekranına çıxdı. Nəinki SSRİ-də, hətta bütün dünyada çox böyük uğurla nümayiş etdirilən bu film Dövlət mükafatına layiq görülmüşdü. Kino sənətinin inkişafında "O olmasın, bu olsun" (1956), "Uzaq sahillərdə", "Ögey ana" (1959) filmlərinin rolu böyük olmuşdur.

Rəssamlardan Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyovun yaratdığı rəsmlər, heykəltəraşlardan Fuad Əbdürrəhmanov (Nizami və Azad qadın heykəlləri), Cəlal Qaryağdı (Sabirin və N.Nərimanovun heykəlləri), Tokay Məmmədov (Üzeyir Hacıbəyovun heykəli), Ömər Eldarovun (Natəvanın heykəli) Bakıda və digər şəhərlərdə qurub ucaltdıqları abidələr ilə Azərbaycan incəsənəti xeyli zənginləşmişdi. 1940 - 1960-cı illəri cəsarətlə Azərbaycan rəssamlığının və heykəltəraşlığının inkişafında yeni mərhələ hesab etmək olar.

Azərbaycan SSR 1970 - 1980-ci illərdə Respublikanın ictimai - siyasi həyatı.

1970 - 1980-ci illərdə respublikanın ictimai - siyasi, iqtisadi və mədəni həyatında baş vermiş bütün dəyişikliklər 1969-cu il iyulun 14-dən 1982- ci ilin noyabr ayınadək Azərbaycanı idarə etmiş Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, 1941-ci ildən həyatını bağladığı dövlət təhlükəsizlik orqanlarında uzun müddət çalışmış və vəzifə pillələrində sürətlə irəliləyərək, 1967-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin edilmişdi. H.Ə.Əliyev işdən ayrılmadan Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini də bitirmişdir. Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndə respublikada ictimai - siyasi və iqtisadi vəziyyət kifayət qədər mürəkkəb idi. Bir tərəfdən respublikanın iqtisadi inkişafı ləng gedirdi və xalq təsərrüfatının əsas sahələri üzrə iqtisadi göstəricilər xeyli aşağı idi. Heydər Əliyev respublikada öz fəaliyyətinə idarəetmə orqanlarında ciddi kadr dəyişiklikləri ilə başladı. Partiya, təsərrüfat və sovet orqanlarında qanunu pozan, nüfuzunu itirən və işinin öhdəsindən gələ bilməyən bütün kadrlar dərhal yeniləri ilə əvəz olundu. Nazirlər Şurasının sədri təyin edilən A.İbrahimov, Ali Sovetin Rəyasət Heyətinin Sədri təyin edilən Q.Xəlilov kimi vicdanlı və dürüst şəxslərin dövlət və hökumət orqanlarında vəzifəyə gətirilməsi bütövlükdə hakimiyyətin nüfuzunun artmasına səbəb oldu. Sovet dövlətinin əsl xalq hakimiyyəti olmasına inanan Heydər Əliyev fəhlə, kəndli və ziyalıların nümayəndələri ilə bütün görüşlərində onları dinləmək bacarığı ilə hamını heyrətə gətirirdi.

Əhalinin getdikcə artan tələbatının ödənilməsində ciddi problemlərin olduğu bir şəraitdə mənzillərin, minik avtomobillərinin və digər az tapılan malların bölüşdürülməsində ədalət prinsipinə ciddi əməl olunması sadə adamlarda dövlətə inamı artırmışdı. 70-ci illərin əvvəllərindən Respublikanın həyatının müxtəlif sahələrini yüksək ixtisaslı kadrlarla təmin etmək üçün SSRİ-nin Moskva, Leninqrad və digər şəhərlərinin ali məktəblərinə müsabiqədən kənar qaydada təhsil almaq üçün hər il min nəfər azərbaycanlı gənc göndərilirdi.

Heydər Əliyev SSRİ tərkibində Azərbaycanın bir müttəfiq respublika kimi hüquqlarının pozulmasına yönələn bütün cəhdlərin qarşısmı alırdı. 1977-ci il SSRİ Konstitusiyası hazırlanarkən Ermənistan rəhbərliyinin qaldırdığı Dağlıq Qarabağın statusuna yenidən baxılması məsələsi onun SSRİ rəh-bərliyi qarşısında nümayiş etdirdiyi barışmaz və qəti mövqe nəticəsində gündəlikdən çıxarılmışdı. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində azərbaycanlıların yaşadığı kənd və rayonların acınacaqlı sosial - iqtisadi vəziyyəti ilə yerində tanış olan H.Əliyev xüsusilə, Şuşa şəhərinin inkişaf etdirilməsi ilə bağlı bir sıra mühüm tədbirlər həyata keçirmişdi. 1979-cu ildə Bakı - Yevlax - Xankəndi dəmir yolunun istifadəyə verilməsi Dağlıq Qarabağı respublikanın digər bölgələri ilə daha sıx şəkildə bağlamaq məqsədi güdürdü. 1978- cı ilin aprel ayında Azərbaycan SSR-nin yeni Konstitusiyası qəbul edilərkən onun mətninə respublikamızda Azərbaycan dilinin dövlət dili olması haqqında aynca 73-cü maddə daxil edilmişdi.

Keçən əsrin 70 – 80- ci illərində Azərbaycanın iqtisadi və mədəni sahədə böyük nailiyyətlər qazanması Moskvanın ən yüksək siyasi rəhbərliyində respublikanın və onun rəhbərinin nüfuzunu xeyli yüksəltmişdi. Artıq SSRİ- nin ali rəhbərliyi onun fikri ilə hesablaşırdı. Heydər Əliyevin respublika rəhbəri kimi məqsədyönlü fəaliyyətinin əsas yekunu 1982-ci ilin noyabr ayında onun SSRİ-nin ən ali rəhbər orqanı olan Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilməsi və bunun ardınca SSRİ-nin Ali İcra orqanı olan Nazirlər Şurasının sədrinin birinci müavini təyin edilməsi oldu. Dünyanın iki super dövlətindən biri olan SSRİ- nin ali rəhbərliyində belə yüksək vəzifəyə o dövrdə yalnız xüsusi işgüzarlığı və şəxsi keyfiyyətləri olan kadrlar gətirilirdi.




Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin