İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


S.C.Pişəvəri başda olmaqla Milli Hökumətin yaradılması və fəaliyyəti



Yüklə 436,25 Kb.
səhifə105/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   101   102   103   104   105   106   107   108   109
tarix

S.C.Pişəvəri başda olmaqla Milli Hökumətin yaradılması və fəaliyyəti.

Vaxtilə Səttarxan və Şeyx Məhəmməd Xiyabani kimi böyük tarixi şəxsiyyətlərin fədakar mübarizəsi ilə bütün dünyanı heyrətə salmış Azərbavcan xalqı üçüncü mühüm hadisənin- 21 Azər hərəkatının astanasında idi. Bu hərəkatın lideri Seyid Cəfər Pişəvəri vaxtilə Xiyabanınin başçılıq etdiyi milli - azadlıq hərəkatının (1917 - 1920) görkəmli xadimlərindən biri olmaqla, bütün ömrünü şah rejiminə qarşı mücadilədə keçirtmişdi. S.C.Pişəvəri hərəkatın genişləndiyi həmin noyabr günlərində yazırdı: ”Biz öz haqqımızı öz millətimizin gücü ilə əldə etməliyik. Bu haqqı almaq üçün qurban verməyə hazır olmayan bir millət azad yaşamağa layiq deyildir”.

1945-ci il noyabrın 21-də Təbrizdə xalqın tanınmış xadimlərinin təmsil olunduğu Azərbaycan Xalq Konqresi çağrıldı. Konqres özünü Müəssislər Məclisi elan edərək ümum seçkilər yolu ilə Azərbaycan Milli Məclisinin təşkili və Milli Hökumətin yaradılması tələblərini irəli sürdü. 1945-ci il noyabrın 27-dən dekabrın 1-dək Cənubi Azərbaycanın hər yerində seçkilər keçirildi və nəticədə Milli Məclis formalaşdırıldı. Dekabrın 12-də (21 Azər günü) çağrılmış Milli Məclis tərəfindən S.C. Pişəvərinin başçılığı ilə Milli Hökumət təşkil edildi. Milli Hökumət on nazirlikdən, Ali Məhkəmə və Baş Prokurorluqdan ibarət idi. Bütün Cənubi Azərbaycana nəzarət edən Milli Hökumət muxtar statuslu hakimiyyət orqanı idi. Birinci mərhələdə İranın təkibindən ayrılaraq müstəqil dövlət yaratmaq məqsədi qarşıya qoyulmadığından Baş nazir S.C.Pişəvəri hökumətin tərkibində xarici işlər naziri vəzifəsini nəzərdə tutmamışdı. Ancaq milli - azadlıq hərəkatının gələcəkdə dərinləşməsi prosesində Cənubi Azərbaycanın İrandan ayrılaraq müstəqil dövlətə çevrilməsi və yaxud Sovet Azərbaycanı ilə birləşdirilməsi perspektivi Moskvada SSRİ (İ.Stalin ) və Bakıda Azərbaycan rəhbərliyində (M.C.Bağırov) 1945-ci ildə artıq müzakirə mövzusuna çevrilmişdi. Moskva Cənubi Azərbaycana Monqolustan Xalq Respublikası nümunəsində idarəetmə forması təklif edirdi. Seyid Cəfər Pişəvərinin hazırladığı "Azərbaycan Xalqının Tələbləri” adlı sənəddə isə inqilabi hərəkatın son məqsədi haqqında belə yazılmışdı: "Biz İrandan tamamilə ayrılıb demokratik əsasda Öz müstəqil dövlətimizi - Azərbaycan Milli Demokratik Respublikasını qurmalıyıq". Sonrakı mərhələdə hər iki - Cənubi və Şimali Azərbaycanın birləşməsi məsələsi Seyid Cəfər Pişəvəri və M.C.Bağırov arasında aparılan müzakirələrdə dəfələrlə vurğulanmışdı. İran Tudə (Xalq) Partiyasının liderlərindən biri, sovet cəsusu olan erməni əsilli Ərdəşir Ovanesyan milli hökumət haqqında yazırdı: "Azərbaycandakı hərəkat M.C.Bağırovun və S.C.Pişəvərinin şəxsi planları və diktəsi əsasında baş vermişdir. Bağırov istəyirdi ki, beş milyonluq Cənubi Azərbaycanla üç milyonluq Şimali Azərbaycanı birləşdirib, onu Ukraynaya qarşı qoysun və özü ağalıq etsin. Mən əvvəldən bu hərəkata qarşı çıxdığım üçün onlar mənim başımı yemək istəyirdilər. Ancaq buna nail ola bilmədilər".

Cənubi Azərbaycandakı proseslərin 1945-ci ilin sonları - 1946-cı ilin əvvəllərindən müstəqillik istiqamətinə yönəlməsi iranın bundan bərk qorxu keçirən siyasi dairələrində də audın surətdə dərk edilirdi.

1945-ci il dekabrın 12-də təşkil edilmiş Milli Hökumətin əsas sosial bazasını və milli dayağını Azərbaycan türkləri təşkil edirdi. Bu hökumətin mürtəce İran rejiminin qəsd və müdaxiləsindən müdafiə olunması və təhlükəsiz fəaliyyət göstərməsinin təminatçısı isə yeni yaradılmış Milli Ordu hissələri və bölgədəki Sovet qoşunları idi. Milli Hökumətin nəzarətindən kənarda qalan yeganə yaşayış məntəqəsi Rizaiyyə (Urmiya) şəhəri idi.

1945- ci il dekabrın 21-də Azərbaycan Milli Məclisinin sesiyası "Xalq qoşunu haqqında" qanun qəbul etdi. Bu qanuna görə 20 yaşına çatmış vətəndaşlar il yarım müddətinə xalq qoşununda hərbi xidmətə çağrılmalı idilər. Qanun Azərbaycan hökumətinə İranın daxilindən və hətta xaricdən silah almaq səlahiyyəti vermişdi. Xalq Qoşunu Nazirliyinə Məclisin təsdiq etdiyi büdcəyə uyğun olaraq ordunun zəruri silah - sursatla təmin edilməsi və döyüş qabiliyyətinin müasir səviyyəyə qaldırılması qəti şəkildə tapşırılmışdı. Milli Hökumət Vətənin azadlığı uğrunda canını qurban vermiş və ya yaralanaraq əmək qabiliyyətini itirmiş döyüşçülərin ailələrinin təmin olunmasını öz üzərinə götürmüşdü. 3 ay müddətinə hərbi - səhra məhkəmələrinin yaradılması, amnistiya və vergilər haqqında qanunlar da qəbul edilmişdi.

Milli Hökumətin maarif naziri Məhəmməd Biriya 1945-ci il dekabrın 23-də Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin Azərhaycan dilində aparılması, I – IV sinifIərdə tədris edilən bütün dərsliklərin Azərbaycanda nəşr olunması haqqında 1 saylı tarixi əmrini imzaladı.

1946-cı il yanvar ayının 6-sı Cənubi Azərbaycan Milli hərəkatının ən əlamətdar tarixi günlərindən biri oldu. Həmin gün Milli Hökumət Azərbaycan dilinin rəsmən dövlət dili elan edilməsi, bütün dövlət, hökumət idarələrində, orduda, müəssisə və təşkilatlarda, məktəb və mədəni maarif müəssisələrində dilin icbari şəkildə işlədilməsi haqqında on bənddən ibarət tarixi qərarını qəbul etdi. Elə həmin gün baş nazir Pişəvəri Təbrizdə Azərbaycan Dövlət Universitetinin açılması haqqında çox böyük əhəmiyyət daşıyan qərarını da imzaladı. Ciddi hazırlıq işləri aparıldıqdan sonra 1946-cı il iyun ayının 12-də Təbrizdə Azərbaycan Dövlət Universiteti rəsmən açıldı. Universitetin açılması Milli Hökumətin xalqımız qarşısında çox böyük tarixi xidməti idi. 1946-cı il yanvarın 29-da Təbrizdə Ali İncəsənət və Rəssamlıq məktəbi fəaliyyət göstərməyə başladı.

Milli Hökumət 1946-cı il yanvarın 6-da 3 yaşından 14 yaşınadək olan sahibsiz uşaqların Təbrizdə və digər şəhərlərdə açılacaq tərbiyə evlərinə cəlb edilməsi haqqında qərar qəbul etdi. Məclis yanvar ayında Rza şah Pəhləvinin heykəlinin Təbrizin Gülüstan bağından götürülərək yerində Səttarxanın heykəlinin, Ərk qalasının yanında isə Bağırxan heykəlinin ucaldılması, Məhəmməd Rza şahın şəkillərinin isə bütün Cənubi Azərbaycandan yığışdırılması haqqında qərarlar qəbul etdi.

Milli Hökumət qarşısında duran birinci dərəcəli və ümdə vəzifələrdən biri də Cənubi Azərbaycanda yeni və demokratik idarə orqanlarının yaradılması idi. 1946-cı il yanvar ayının 8-də Milli Məclis vilayət, mahal və bölük əncümənlərinə (şuralara) və bələdiyyələrə seçki haqqında qanun qəbul etdi. Bu qanuna görə 20 yaşına çatmış bütün vətəndaşlar seçkilərdə iştirak edə, 25 - 70 yaşlı vətəndaşlar isə əncümənlərə nümayəndə seçilə bilərdilər. Qanunda qadınlara da kişilərlə bərabər seçki hüququ verilməsi nəzərdə tutulmuşdu. 1946-cı il yanvar ayının 14-dən 18-nə qədər Cənubi Azərbaycanın 213 şəhər və qəsəbəsində bələdiyyə əncümənlərinə 6 min nəfərə yaxın üzv seçildi. 1946-cı il fevral ayınadək Cənubi Azərbaycanda 10 vilayət, 21 mahal və 151 bölük əncüməninə seçkilər başa çatdırıldı. Ümumilikdə 1946-cı ildə bütün əncümənlərə xalq tərəfmdən 39 min nəfər nümayəndə seçilmişdi. Bu qədər vətəndaşın seçkili orqanlarda təmsil olunaraq dövlətin idarəsində iştirak etməsi Şərq ölkələri üçün ilk hadisə idi.

1946-cı il fevral ayının 16-da Milli Məclis tərəfindən qəbul edilən və Cənubi Azərbaycanda torpaq islahatının keçirilməsini nəzərdə tutan iki qanun qəbul edildi. Bu qanunlara görə dövlət (xalisə) torpaqları və sular kəndlilər arasında heç bir əvəzi ödənmədən bölünməli, Azərbaycanın azadlığına və Milli Hökumətə qarşı mübarizə aparanların əkin yerləri, otlaqları, su və bağları müsadirə edilərək kəndlilərə verilməli idi. Milli Hökumətin rəhbərliyi altında keçirilən torpaq islahatının ilkin mərhələsində 260 min hektar əkinə yararlı torpaq sahəsi kəndlilər arasında bölüşdürülmüşdü. Milli Hökumətin fəaliyyəti dövründə ümumilikdə 500 min hektar torpaq sahəsi kəndlilərin ixtiyarına verilmişdi.

Sovet rəhbərliyinin razılığı əsasında qısa vaxt ərzində Bakı ilə Təbriz arasında hökumət telefon rabitəsi işə düşmüşdü. Azərbaycan SSR-in rəhbəri M .C. Bağırovun qətiyyətli addımları və Şimali Azərbaycandan göndərilən mütəxəssislərin yaxından köməkliyi ilə bir ay yarım ərzində Təbrizdə güclü ötürücü qurğularla təmin olunan radio verilişləri stansiyasının və studiyasının tikintisi başa çatdırıldı. 1946-cı il aprel ayının 7-də Təbriz radiostansiyasının ilk verilişi efirə çıxdı.

1946-cı il mayın 12-də Milli Məclis tərəfindən verilmiş “Əmək haqqında qanun“a görə Cənubi Azərbaycanda 8 saatlıq iş günü tətbiq edildi. fəhlələrə həmkarlar təşkilatları vasitəsilə müəssisələrin fəaliyyətinə nəzarət etmək hüququ verildi.

Milli Hökumət ordu quruculuğuna xüsusi əhəmiyyət verirdi. 1946- cı ilin fevral ayının əvvəllərindən Milli Ordu hissələrinin yaradılması prosesi rəsmən başladı. Azərbaycanın Milli Ordusunun qurulmasında və silah - sursatla təmim edilməsində böyük rolu oldu. M.C.Bağırovun təşəbbüsü ilə Cənubi Azərbaycana 104 azərbaycanlı zabit göndərilmişdi. Onların içərisində Sovet İttifaqı qəhrəmanları: kapitan Səlahəddin Kazımov və mayor Xıdır Mustafayev, habelə general Tərlan Əliyarbəyov kimi tanınmış hərbçilər də var idi. Həmin zabitlər Milli Ordunun qurulması ilə yanaşı, mürtəce qüvvələrə qarşı hərbi əməliyyatlarda da iştirak etmişdilər. Sovet Azərbaycanından göndərilən zabitlərin köməyi ilə Cənubi Azərbaycanda qısa müddətdə 17 min nəfərdən ibarət nizami Milli Ordu hissələri yaradılmışdı. Zabit kadrları hazırlamaq üçün Hərbi məktəb açılmış və bir qrup gənc hərbi təhsil almaq üçün Sovet Azərbaycanına göndərilmişdi.

Milli Hökumətin başçısı S.C.Pişəvəri yaxın gələcəkdə tam müstəqil dövlətə çevirmək istədiyi Cənubi Azərbaycanın Konstitusiyasını qəbul etməyə tələsməsə də, Milli dövlətin gerbi haqqında düşünməyə başlamışdı. S.C.Pişəvəri Dövlət gerbini belə təsvir edirdi: od, yaxud məşəl, açıq kitab va mavi fonda iki çarpaz qılınc. Bu vətənpərvər dövlət xadimi milli hökumətin pul nişanı kimi manatın dövriyyəyə buraxılması məsələsini də qaldırmışdı. Ancaq onur bu arzuları gerçəkliyə çevrilmədi.

1946-cı ilin fevralında İranın baş naziri təyin edilən və Azərbaycan türklərinə dərin nifrəti ilə tanınan mürtəce ruhlu Qəvam əs - Səltənə Sovet qoşunlarının İrandan çıxarılması məsələsinin BMT-nin Təhlükəsizlik Şurasında müzakirə edilməsinə nail oldu. SSRİ-dən qətiyyətlə öz qoşunlarını İrandan çıxmağı tələb edən, Azərbaycan məsələsində ABŞ və Böyük Britaniyadan hərtərəfli şəkildə yardım alan baş nazir, Qavam 1946-cı ilin fevralında Moskvada Stalinlə danışıqlar apararaq istəyinə nail oldu. İki dövlət arasında Sovet qoşunlarının çıxarılması əvəzində SSRİ-yə İranın şimalında neftin axtarışı və çıxarılması haqqında konsessiya verilməsi haqqında müqavilə bağlandı. ABŞ prezidenti Trumenin müttəfiqlərin İrana geri qayıdacağı, bölgəyə və İran körfəzinə ABŞ hərbi qüvvələrinin yeridiləcəyi ilə bağlı hədə - qorxu dolu təhdidləri qarşısında SSRİ-nin dövlət başçısı İ.Stalin sovet qoşunlarının İrandan çıxarılması haqqında göstəriş verməyə məcbur oldu. Stalinin bu addımına nə S.C.Pişəvərinin, nə də Sovet Azərbaycanının rəhbəri M.C.Bağırovun qəti etirazları diqqətə alınmadı. Nəticədə 1946-cı il mayın 8-də İrandan və Cənubi Azərbaycandan sovet qoşunlarının çıxarılması prosesi başa çatdı.

Sovet dövlətinin təziqi altında Cənubi Azərbaycanın Milli Hökuməti İranın mərkəzi hökuməti ilə danışıqlara başlamağa məcbur oldu və 1946-cı il iyunun 13-də tərəflər arasında on beş maddədən ibarət saziş bağlandı. Bu sazişlə Milli Hökumət Tehran hökumətinə böyük güzəştə gedərək bundan sonra Azərbaycan Əyalət Əncüməni adlandırılmasına razılıq verdi, (maddə 3) Azərbaycanın gəlirlərinin 75%-i öz yerli ehtiyaclarına sərf olunmalı, 25%-i isə ümumdövlət ehtiyacları üçün mərkəzə - Tehran hökumətinə verilməli idi. (maddə 5) Könüllü fədai dəstələri jandarm dəstələrinə çevrilməli idi, (maddə7) Kəndlilər arasında bölüşdürülmüş torpaqlar onların ixtiyarında saxlanılırdı, (maddə 8) İranın 3-cü və 4-cü ostanları (vilayətləri) Azərbaycan əyalətinə daxil edilirdi, (maddə 10) Tehran hökuməti bütün əhalisi azərbaycanlılardan ibarət olan Zəncanın Azərbaycan əyalətinə daxil edilməsinə qətiyyən razılıq vermədi. Orta və ali məktəblərdə dərslər fars və Azərbaycan dillərində aparılmalı (maddə 12), ibtidai məktəblərin 5-ci sinfinədək dərslər ana dilində keçirilməli idi. (maddə 13)

Saziş bağlanandan sonra Tehran hökuməti Cənubi Azərbaycandakı milli azadlıq hərəkatını qan içərisində boğmaq üçün hazırlıqlara başladı. 1946-cı ilin oktyabr ayında Tehran hökuməti Cənubi Azərbaycanla sərhəd bölgələrinə 20 min nəfərdən ibarət hərbi qüvvə cəmləşdirdi və bu istiqamətdə əlavə qüvvələrin gətirilməsinə başlandı. İran hökumətinin başçısı Qəvam əs - Səltənə qayda - qanun yaratmaq və guya seçkilərə nəzarəti təmin etmək bəhanəsilə 1946-cı il dekabr ayının 4-də böyük ordu hissələri ilə Cənubi Azərbaycana hücuma başladı. İranın Baş Hərbi Qərargahı Cənubi Azərbaycanı tamamilə işğal etmək üçün xüsusi əməliyyat planı hazırlamış və bu planın həyata keçirilməsinə 40 mindən çox hərbi qüvvə cəlb etmişdi. İran ordusu tank, top, minaatanlarla və təyyarələrlə silahlanmışdı. Qüvvələrin qeyri -bərabər olmasına baxmayaraq, 1946-cı il dekabrın 7-8-də Azərbaycan Xalq Qoşunları və fədai dəstələri Zəncan - Miyanə cəbhəsində və Marağa yaxınlığında İran ordusunun hücumunun qarşısını almışdılar. Ancaq sayca çox olub, silah -sursat və hərbi texnika baxımından da Azərbaycan Milli Ordusundan qat - qat üstün olan İran ordusu sürətlə irəliləyərək dekabrın 14-də Təbrizi ələ keçirdi. Artıq dekabrın 20-də İran ordusu Cənubi Azərbaycanı tamamilə nəzarət altına ala bildi. Cənubi Azərbaycanda fövqəladə vəziyyət elan edildi, komendant saatı qoyularaq tam işğal rejimi yaradıldı. Bundan sonra düşmən Cənubi Azərbaycanda xalqa divan tutmağa başladı. Öz qəddarlığı ilə ad çıxarmış fars polkovniki Zəngənə Təbrizin hərbi qubernatoru təyin edilmişdi. Vaxtilə onun böyük amansızlıqla demokratların körpə uşaqlarını təndirə ataraq lavaş bişirtdirməsi heç kimin yadından çıxmamışdı. Onun əmri ilə Təbrizdə həbs olunanları yerləşdirmək üçün həbsxanalarda boş yer tapılmırdı. Bir neçə günün ərzində güllələnən demokratların sayı üç min nəfəri keçmişdi. Həbsxanada ağlasığmaz cəzalara məruz qalan demokratlar özləri tələb edirdilər ki, onları dərhal güllələsinlər. Azərbaycan Əylət Əncüməninin sədri Şəbüstəri, baş vali Cavidi, Azərbaycan prokuroru Firudin İbrahimi həbs edilmişdi. Milli ordunun generalı Kəbirinin edam kürsüsündə özünü necə məğrur aparması prosesdə iştirak edən İranın baş nazirinin müavini Pirniyanı belə heyrətə salmışdı. Azərbaycanın qəhrəman oğulları edam kötüyü qarşısında ölümü Milli Himni oxumaqla qarşılayırdılar.

Azərbaycan Milli Hökumətinin ana dilində buraxdığı bütün dərsliklər fars vandalları tərəfindən tonqallara tökülüb yandırıldı. Məktəblərdə Azərbaycan dilində tədris qadağan edildi. Azərbaycan Universiteti, Milli Teatr, Filarmoniya və muzeylər bağlandı. Azərbaycan dilində mətbuata qadağa qoyuldu. İran hakimiyyət orqanlarının cəza və terror əməliyyatları nəticəsində minlərlə azadlıq mücahidi həbs edildi və qətlə yetirildi. 8 min soydaşımız İranın cənub bölgələrinə sürgünə göndərildi və onlar orada aclıq və susuzluqdan məhv oIdular.

Mir Cəfər Bağırovun təkidli tələblərindən sonra SSRİ-nin rəhbəri İ.Stalin dekabrın 12-də Sovet - İran sərhədində toplaşmış demokratlara və onların ailələrinə sərhədləri keçərək Sovet Azərbaycanına gəlməyə icazə verdi. 1946-cı il dekabrın 12-dən 19-a qədər 5784 nəfər demokrat Sovet Azərbaycanına keçə bildi.

Milli azadlıq hərəkatının lideri S.C.Pişəvəri də sovetlərə mühacirət edənlərin arasında idi. Hərəkat kimi onun da taleyi faciə ilə bitdi. S.C.Pişəvəri 1947-ci ildə Sovet Azərbaycanında çox müəmmalı şəkildə avtomobil qəzası nəticəsində əbədiyyətə qovuşdu.

Beləliklə, Cənubi Azərbaycamla 1941 - 1946-cı illər milli azadlıq hərəkatı məğlubiyyətə uğradı. Hərəkatın məğlub olmasının əsas səbəbləri daha çox xarici amillərlə bağlı idi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası "Cənubi Azərbaycan məsələsi"nin həlli zamanı özünün təməl prinsiplərinə zidd olan mövqedən çıxış etdi. Bu nüfuzlu beynəlxalq təşkilat fars əsarətindən qurtulmağa çalışan mübariz xalqın milli-haqlarını müdafiə etmək əvəzinə, şovinist Tehran hökumətinin xeyrinə qərarlar qəbul etdi. Dünyanın böyük dövlətləri olan ABŞ və Böyük Britaniya axıradək İranı müdafiə etdilər. ABŞ və Böyük Britaniyanın təzyiqləri qarşısında geri çəkilən Sovet İttifaqı isə Cənubi Azərbaycanı özünün neft maraqlarına qurban verdi.

1978 - 1979-cu illərdə baş vermiş və şah rejiminin devrilməsi ilə nəticələnən İran inqilabının qələbə qazanması üçün 25 min şəhid vermiş Cənubi Azərbaycan türklərinin hal-hazırdqİran İslam Respublikasında heç bir milli hüquq və azadlıqları təmin olunmamışdı.

1978-1979-cu illərdə 2500-illik monarxiyanın və orta Şərqdə Amerikanın möhkəmlənmiş istehkamını dagıdan İran inqilabı İkinci Dünya müharibəsindən sonra baş verən ən güclü Ümumiran Xalq inqilabı idi. Şahın həyata kecirdiyi islahatlar hərəkatın qarşısını ala bilmədi. İnqilabın hərəkətverici qüvvələri müxtəlif təbəqələrdən idi.

Burjuaziya və ziyalılar monarxiyanın saxlanması ilə cəmiyyətdə stabillik tərəfdarı idilər. Ruhanilər onlara tərəfdar olan fəhlələr, ziyalılar, tələbələr, şagirdlər isə şah reyiminə qarşı çıxırdılar.

İran inqilabı xarakterinə görə Xalq inqilabı idi. İran inqilabının başqa ölkələrdə olan inqilablardan fərqləndirən cəhət onun ideologiyasının və təşkilatının əsasını islami şiə təriqətinin təmsil olunması idi. Ruhanilər “Bizim yeganə partiyamız- Allah partiyasıdır” şüarını irəli sürürdülər. İran inqilabında mübarizənin daha bir forması silahsız adamların əlisilahlı jandarmların üzərinə birbaşa getmələri idi.

İnqilabda ruhanilərin əsas qüvvə kimi rol oynamasına səbəb isə Qərb həyatının ölkədə kor-koranə tətbiq edilməsi idi. İnqilab başlanandan qələbəyə qədər olan hadisələri 3 mərhələyə bölmək olar:

1-ci mərhələ. Qum şəhərində 1978-ci il 9 yanvarda xalqın dinc nümayişinin şah qoşunları tərəfindən dağıdılması oldu. Bu zaman bir nəfər öldürüldü, nümayişçilərə qarşı cəza tədbirlərinə cavab olaraq 1978-ci il fevralın 18-19-da Təbrizdə 100 min nəfərə yaxın nümayişçilərin iştirak etdiyi hərəkat oldu. Bu zaman yüzlərlə iştirakçı öldürüldü. 1978-ci ilin sentyabrında nümayişçilər şaha ölüm şüarı ilə çıxış etdilər, şah hərəkatın qarşısını almaq üçün Tehranda, Təbrizdə və başqa 9 şəhərdə hərbi vəziyyət elan edildi. Sentyabrın 8-də ruhanilərin rəhbərliyi ilə nümayiş oldu. Nümayişçılərə qarşı silah istifadə olundu və dörd min adam öldürüldü. Bu hadisə İran tarixinə “qara cümə kimi” daxil olmuşdur. Bu hadisələrdən sonra inqilabın 2-ci mərhələsi başlayır ki, bu mərhələdə mübarizəyə sənayedə çalışan fəhlələr də qoşuldular. Şah hakimiyyətdə dəyişiklik etdi, lakin hərəkatın qarşısını ala bilmədi. 1979- cu ilin 16 yanvarında inqilabın 3-cü mərhələsi başladı. Beləki ABŞ-ın təhriki ilə şah ölkəni tərk etdi. Fransada siyasi sığınacak tapmış Xomeyni 1979-cu ilin fevralın 1-də vətənə qayıtdı. Fevralın 10-da xalqa müraciət etdi, aparılan danışıqlar nəticəsində fevralın 11-də ordu kazarmalara qayıtdi. Bu isə inqilabın qələbəsi idi. Xomeyni Parisdə olarkən İran ərazisində yaşayan xalqlara o cümlədən azə rbaycanlılara özünüidarə hüquqları verəcəyini bildirmişdir. İran inqilabının mərkəzlərindən biri olan Təbriz əhalisi hərəkatta fəal iştirak etmiş, 25 min şəhid vermişdir. Təəssüflər olsun ki, İranda hakimiyyətə gələnlər azərbaycanlılara qarşı məhdudiyyətlər qoyurdular. İran inqilabının baş verməsi və qələbə ilə nəticələnməsində üç başlıca cəhəti nəzərə almaq lazımdır:

1.Şahın ölkəni dünya sənayesinin inkişaf etmiş güclü dövlətə çevirmək siyasətinin iflasa ugraması ;

2.İran inqilabının Xalq inqilabı olması;

3.Ruhanilərin inqilabda əsas rol oynaması;.


Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin