3.Azərbaycanda İran hakimiyyətinin bərpa edilməsi. Nadirin hakimiyyətinə qarşı üsyanlar.
Nadir xan əski türk ənənələrinə uyğun olaraq 1736-cı ilin fevral ayında Muğanda böyük bir qurultay çağırdı. Bir aydan çox davam edən qurultayda Azərbaycan Səfəvi imperatorluğunun bütün bölgələrindən dəvət edilmiş nümayəndələrə Səfəvi sülaləsinin gələcək taleyi ilə bağlı öz fikrini açıq şəkildə bildirmək imkanı verilmişdi. 26 fevral 1736-cı ildə Nadir xan Əfşarın tərəfdarlarının üstünlüyü ilə keçən qurultayda III Abbasm taxtdan düşürülməsi və Nadir xanın şah elan edilməsi haqqında qərar verildi. Beləliklə, Azərbaycan dövlətində Əfşarlar sülaləsinin hakimiyyət dövrü başladı. Nadir şah taxta çıxandan sonra Səfəvilərin dövründə mövcud olan Şirvan, Qarabağ, Təbriz və Çuxur - Səəd bəylərbəyiliklərini bir inzibati vahiddə birləşdirərək bütün Azərbaycanın, habelə Gürcüstan və Dağıstanın idarəsini qardaşı İbrahim xana tapşırdı. Qacar soyundan olub, Gəncə - Qarabağ bəylərbəyiliyini idarə edən Ziyadoğlu soyu Nadir xanı deyil, Səfəviləri qanuni şah kimi tanıdığına görə Nadir şah onların hüquq və səlahiyyətlərini azaltdı. O, 1744-cü ildə Qazax və Borçalı mahallarını Gürcüstan valisi Səfi xanın idarəsinə verdi, Qarabağdakı 5 xristian məlikliyini isə birbaşa şah idarəçiliyinə tabe etdi. Ziyadoğluların əsas dayağı olan Cavanşir, Otuziki, Kəbirli mahallarının əhalisini isə Xorasana sürgünə göndərdi.
Nadir şahın vergi siyasəti ənənəvi vergi və mükəlləfiyyətlərin vaxtlı-vaxtında xəzinəyə yığılmasına yönəlmişdi. Onun dövründə ayrı-ayrı bölgələrin əhalisinə müəyyən vergi güzəştləri edilsə də, ümumən imperatorluq üzrə vergi yükü ildən-ilə artırdı. Bu ilk növbədə Nadir şahın 1739-cu il Mərkəzi Asiya və Hindistana yürüş edən böyük ordusunun ehtiyaclarının ödənilməsi ilə bağlı idi. Nadir şaha qədər çərik adlanan qoşun yalnız maldarlıqla məşğul olan elatlardan toplanırdı. İndi isə şahın əmri ilə çərik mükəlləfiyyəti oturaq əkinçiliklə məşğul olan rəiyyətə də aid edilmişdi. Hər rəiyyət ailəsindən bir nəfər kişi orduya göndərilməli idi. Bu addım rəiyyəti dövlətdən narazı salmaqla yanaşı, əkinçilik təsərrüfatına böyük ziyan vururdu. Nadir şah Hindistan yürüşündən çox böyük qənimətlə qayıtsa da, imperatorluğun maliyyə vəziyyəti düzəlmədi. Çünki Nadir şah əldə etdiyi bütün sərvəti büdcəyə daxil etmədi, özünün şəxsi mülkiyyətinə keçirtdi.
Maraqlıdır ki, 1736 - 1739-cu illərdə Nadir şahın fərmanı ilə qeyri- müsəlmanlardan alman cizyə vergisi ləğv edilmişdi. Nadir şah bütün türk və müsəlman dünyasında mövcud olan məzhəb ayrılığına son qoymaq üçün çox ciddi addımlar atmağa başlamışdı. Nadir şahın 1736-cı ildə Osmanlı dövləti ilə sülh danışıqlarında şiəliyin daha mülayim Cəfəri məzhəbinin sünnülüyün beşinci qolu kimi tanınması və Kəbədə bu məzhəb üçün də yer ayrılması təklifi Osmanlı din xadimlərinin yığıncağında qəbul edilmədi. Türklük kimliyini daha üstün tutan, sarayda, divanda, hətta elçilərlə türkcə danışan Nadir şahın əsas məqsədi Azərbaycan, Mərkəzi Asiya və Osmanlı türklərini eyni məzhəb altında birləşdirərək Qərbi Avropa ölkələrinin Hind okeanı və İran körfəzinə, Rusiyanın isə Xəzər bölgəsinə doğru işğalçılıq yürüşlərinə qarşı Türk xalqlarının birliyinə nail olmaqdan ibarət idi. Nadir şah 1743-cü ildə Nəcəfdə keçirilən qurultayda Əfşarlar imperatorluğunda yaşayan əhalinin Cəfəri məzhəbinə keçməsi haqqında qərar çıxararaq təsdiq üçün Osmanlı dövlətinə göndərmişdi. Lakin Osmanlının ali din xadimi beşinci məzhəbin tanınmasını şəriət qanunlarına uyğun hesab etməmişdi. Beləliklə, nə Osmanlılar, nə də Türküstan (Mərkəzi Asiya) xanları məzhəb ayrılığını yox etmək üçün Nadir şahın atdığı mütərəqqi addımları müdafiə etmədilər.
Nadir şah xarici dövlətlərin hərbi təcavüz təhlükəsinin qarşısını almaq üçün İran körfəzində və Xəzər dənizində hərbi donanma yaratmağa təşəbbüs göstərmişdi. Hələ 1734 - 1735-ci illərdə Nadir xan İran körfəzində hərbi donanma yaradılması işini admiral rütbəsi verdiyi Lətif xana tapşırmışdı. Ona ingilis və hollandlardan hərbi gəmilər satın almaq səlahiyyəti vermişdi. Ölkəmizdə hərbi gəmilər düzəldilməsi üçün ağac materialının az və dəniz sahillərindən uzaqda olması bu işi çox çətinə salmışdı. Nadir şah 1743-cü ildə ingilis kapitanı Con Eltonu dövlətin gəmiqayırma idarəsinin baş rəisi vəzifəsinə təyin edərək ona admiral rütbəsi vermişdi. Con Elton Xəzər dənizində gəmilərin inşasına başlamışdı.
Nadir şahın hakimiyyətinə qarşı üsyan və çıxışlar. Nadir şah Əfşarın hakimiyyəti dövründə müharibə xərclərinin artması şəraitində vergilərin çoxluğu, məmurların özbaşınalığı və rəiyyətin hərbi işə cəlb edilməsi Azərbaycanın ayrı-ayrı bölgələrində narazılıq və üsyanlara səbəb olmuşdu. 1738- ci ildə Car və Tala bölgələrində baş vermiş üsyanı yatırmaq üçün 30 minlik ordu ilə yola çıxan Azərbaycanın hakimi və şahın qardaşı İbrahim xan uğursuzluğa düçar olaraq öldürüldü. Apardığı qoşundan isə 7 - 8 min nəfəri güclə canını qurtara bildi. Nadir şahın göndərdiyi qoşunlar yalnız 1741 -ci ildə üsyanı yatırdı, üsyançılara divan tutuldu və onların bütün yurd yerləri talan edildi.
1743-cü ildə Şirvanda Nadirin vergi siyasətindən narazılıq üsyana səbəb oldu. Üsyana özünü Şah Hüseynin oğlu kimi qələmə verən Sam Mirzə başçılıq edirdi. O, ətrafına 20 mindən çox silahlı qüvvə toplaya bilmişdi. Lakin üsyan hökumət qüvvələri tərəfindən amansızlıqla yatırıldı. Həmin il Şirvanda II yalançı Sam Mirzənin başçılıq etdiyi üsyan da Nadir şahın qüvvələri tərəfindən yatırıldı və üsyançılara amansızlıqla divan tutuldu.
1743-cü ildə Azərbaycanın şimalında Nadir şaha qarşı genişlənmiş xalq hərəkatında Şəkidə baş vermiş üsyan xüsusilə fərqlənir. Nadir şahın Şəki vilayətini idarə etmək üçün təyin etdiyi məlik Nəcəf əhaliyə qarşı amansız davranışı və özbaşınalığı ilə seçilirdi. Hər il vergiləri artırır, bir hissəsini özünə götürür və əhalini var - yoxdan çıxarırdı. Nadir şah ali zümrə və əhali içərisində böyük nüfuza malik Hacı Çələbini Şəki vilayəti üzrə vəkil təyin etmişdi. Şahın fərmanına görə məlik Nəcəf vəkilin razılığı olmadan əhali üzərinə vergi qoya bilməzdi. Hacı Çələbi məlik Nəcəfin qanunsuz işlərinin qarşısını almağa cəhd göstərəndə, məliyin şikayəti ilə şah hər ikisini yanma çağırmış və Hacı Çələbinin asılmasını əmr etmişdi. Boynunda kəndir Hacı Çələbi məliyin bütün qanunsuz işlərini qorxmadan bir nəfəsə Nadir şaha bildirmişdi: “... Şahdan bir qulluq gəlsə, məlik dörd - beş qulluq da onun üstünə qoyub rəiyyətə həvalə eylər. Mən deyirəm ki, şah məni vəkil edibdir. Qoymaram ki, şahın rəiyyətini əbəs yerə xərab eləyəsən. Məlik bu səbəbdən xilaf yerə ərz eylər. Rəiyyət padşahın ixtiyarındadır.” Nadir şah Hacı Çələbinin cəsarətinə heyrətlənib demişdi: “Mənim hüzurumda bir kimsənin həddi yoxdur ki, nəfəs çəkə. Şəkili Çələbi nə cürət sahibi varmış ki, boğazında kəndir cürət eləyib bu ərzləri mənə elədi. Heç sözündə yanılmadı. Əlbəttə, bundan bir xəta əmələ gələcək. Mənim zənnim xəta olmaz.”
Hacı Çələbi 1743-cü ildə bütün tərəfdarlarını ətrafına toplayıb üsyan qaldırdı, məlik Nəcəfi devirərək öldürdü və Şəki vilayətini müstəqil xanlıq elan etdi. 1744-1746-cı illərdə Hacı Çələbi “Gələsən - Görəsən” qalasında müdafiəyə çəkildi. Nadir şahın qalanı almaq üçün təşkil etdiyi iki yürüş boşa çıxdı, iki ildən çox davam edən üzücü savaşdan sonra Hacı Çələbi Nadir şahın hakimiyyətini tanıdığını bildirdi. 1747-ci ildə Nadir şahın sui - qəsd nəticəsində öldürülməsi ilə onun qurduğu nəhəng imperatorluq dağıldı və Azərbaycan çox çətin və mürəkkəb siyasi dağınıqlıq dövrünə daxil oldu.
XVIII əsr Azərbaycan mədəniyyəti.Bu dövrdə təhsil və elm sahəsində müəyyən irəliləyişlər baş vermişdi. Azərbaycanın təhsil müəssisələri tamamilə din xadimlərinin nəzarəti altında idi. Qazaxda Molla Vəli Vidadinin, Şuşada Molla Pənah Vaqif və İbrahim xanın açdırdığı məktəblərdə şagirdlər ibtidai təhsil alırdılar. Xanlıqların hamısında şagirdlərə orta təhsil verən mədrəsələr fəaliyyət göstərirdi.
Fəlsəfə, tarix, riyaziyyat, astronomiya və coğrafiya sahəsində yeni əsərlər yaranmışdı. Tarixçi Əbdürrəzaq Dünbuli (1762 - 1828) bu dövrdəyaradıcılığına başlamışdı. Səyyah və coğrafiyaşünas Hacı Zeynalabdin Şirvaninin coğrafiya elminin inkişafında böyük xidmətləri olmuşdu. Ərdəbildəki Şeyx Səfi kitabxanası öz əvvəlki şöhrətini qoruyub saxlamışdı. Bir müddət sonra, 1828-ci ildə Ərdəbili işğal edən ruslar bu kitabxanadan 166 adda nadir əlyazmanı qarət etmişdilər. Həmin əlyazmalar Sankt - Peterburq şəhərindəki imperator kitabxanasına göndərilmişdi.
XVIIIəsr ədəbiyyatımızın ən görkəmli nümayəndələri Arif Təbrizi, Arif Şirvani, Ağaməsih Şirvani idi. Lakin ədəbiyyatımızın zirvəsində Molla Vəli Vidadi və Molla Pənah Vaqif dayanırdı. “Kəlilə və Dimnə” əsəri XVIII əsrdə dilimizə tərcümə edilmişdir.
XVIIIəsrdə Azərbaycan incəsənəti də inkişaf etməkdə idi. Təsviri sənət daha çox dekorativ səciyyə daşıyırdı. Divar rəsmlərinin başlıca xüsusiyyətləri ən parlaq şəkildə Şəki xan sarayında əksini tapmışdı. Xanlıqların mərkəzi şəhərlərində memarlıq - tikinti işləri genişlənmişdi.
Bu dövrdə Azərbaycan incəsənətinin ən mühüm sahələrindən biri dədekorativ - tətbiqi sənət idi. O dövrün memarlıq abidələrindən 1763-cü ildətikilmiş Şəki xan sarayını (memarı usta Abbasqulu olmuşdur), İrəvandakı “Göy məscid”i (1764), İrəvandakı Sərdar sarayını (baş memarı usta MirzəCəfər olmuşdur) və 1791 -ci ildə həmin sarayda tikilmiş Güzgülü salonu vəyay imarətini, Şamaxıda XVIII əsrin sonu - XIX əsrin əvvəllərinə aid Yeddi Günbəz türbəsi kompleksini (memarı ustad Tağı) xüsusi qeyd etmək lazımdır. İrəvandakı Göy məscid, Sərdar sarayının Güzgülü salonu və yay imarəti erməni vandallan tərəfindən dağıdılaraq məhv edilmişdir.