Iqtisadi fikrin ilk nəzəri istiqamətləri



Yüklə 28,12 Kb.
tarix07.11.2019
ölçüsü28,12 Kb.
#29536
iq ilk

Iqtisadi fikrin ilk nəzəri istiqamətləri

İlk iqtisadi fikirlər hələ iqtisadi nəzəriyyə yaranana qədər, xeyli qədimdə insanların təsərrüfat fəaliyyəti ilə bağlı baxışlarda özünü göstərir. Aydındır ki, o dövrdə sistemləşdirilmiş iqtisadi təlimlər mövcud ola bilməzdi. Lakin ayrı-ayrı mütəfəkkirlərin əsərlərinə müəyyən iqtisadi anlayışlar, bəsit iqtisadi fikirlərə rast olunur. Bu baxımdan qədim şərqdə eramızdan əvvəl IV-III əsrlərdə Hindistan və Çində müxtəlif ictimai elmlərə aid əsərlərdə bəzi iqtisadi fikirlər maraq doğurur. O zaman hökmüdarlara dövlətin idarə edilməsi haqqında tövsiyyələr şəklində yazılmış əsərlərdə var-dövlətin toplanması, xəzinə və vergi, istehsal və ticarət haqqında baxışlar ilk iqtisadi fikirlərə aid edilə bilər.



İqtisadi fikir sonrakı inkişafını Qədim Yunanıstan və Romada görkəmli filosofların Ksenefont, Aristotel, Platon, Katonun əsərlərində görmək olar. Bu əsərlərdə mübadilə, ticarət, qiymət, təsərrüfatın təşkili haqqında dəyərli fikirlər əks olunmuşdur.İqtisadi nəzəriyyənin bir elm kimi formalaşmasına qədər orta əsrlərdə qədim Şərqin görkəmli filosları İbn Sina, İbn Xaldun və başqalarının əsərləri xüsusilə qeyd edilməlidir. Həm Avropada, həm də şərqdə dini təlimlərdə, müqəddəs kitablarda mövcud olan iqtisadi deyimlərdə iqtisadi fikirlərin inkişafında mühüm rol oynamışdır.XV-XVII əsrlərdə Avropada kapitalizmin yaranması ilə təsərrüfatda baş verən yeniliklər o zamanın iqtisadi fikrinin inkişafına təkan verdi. İqtisadi biliklərin sistemləşdirilməsinə təşəbbüs göstərən merkantilist və fizokratlar məktəblərinin yaranması və inkişafı sonralar klassik siyasiiqtisadın nümayəndələri A.Smit və D.Rikardonun əsərlərində iqtisad elminin formalaşmasına səbəb oldu.

İqtisadi təlimlər tarixinin öyrənilməsi, bir qayda olaraq Qədim dünyada meydana gəlmiş iqtisadi görüşlərin, fikirlərin öyrənilməsi və mənimsənilməsi ilə başlanır. Bu da təsadüfi deyil. Çünki bəşəriyyətin tarixi təkamülü, insan cəmiyyətinin təşəkkülü, ilkin olaraq qədim dünyada meydana gəlmişdir. Minilliklər ərzində formalaşmış təbiət və cəmiyyət haqqındakı düşüncələr, baxışlar, görüşlər, fikirlər şifahi yollarla nəsildən-nəslə keçmiş və müxtəlif səpkili əfsanələr, rəvayətlər, eposlar, poeziyalar kimi ayrı-ayrı xalqların maddi və mənəvi mədəniyyətlərinə çevrilmişdir. Belə bir tarixi inkişaf prosesi, elmi dünyagörüşlərin formalaşması, ən qabarıq şəkildə özünü Qədim Şərqdə, Qədim Asiyada, Antik dövrün ən parlaq nümunələri olan Yunanıstanda və Qədim Romada əks etdirmişdir.
İctimai əmək bölgüsünün meydana gəlməsi, istehsal vasitələrinin təsərrüfat həyatında müəyyənedici rola malik olması, qul əməyinin mənimsənilməsi prosesi ictimai inkişafın iki yolunu müəyyən etdi. Bunların biri cəmiyyətin həyatında ictimai əməyin təşkilinin üstün rola malik olması ilə, ikincisi isə, müxtəlif ailələrin istehsal vasitələrinə və qullara görə mülkiyyətlərinin inkişafı ilə əlaqədardır. Məhz bununla əlaqədar olaraq tarixdə iqtisadi inkişafın, o cümlədən "siniflərin" meydana gəlməsinin iki üsulu fərqləndirilir. Bunlardan birini Asiya istehsal üsulu, digərini isə antik istehsal üsulu kimi fərqləndirirlər. Bununla əlaqədar olaraq  bəzi hallarda Qədim dünya dedikdə, Şərq və Asiya ölkələri, Antik dünya dedikdə isə Qədim Yunanıstan və Qədim Roma nəzərdə tutulur. Lakin bir ümumi cəhət vardır ki, ictimai inkişafda, təsərrüfatçılığın təşkilində, siniflərin əmələ gəlməsində, dövlətin idarə olunmasında, insanların istehsal vasitələrinə və əməyinə görə davranış və fəaliyyət qaydalarının  müəyyənləşdirilməsində nəticə etibari ilə eyni iqtisadi fikirlər söylənilmişdir. Məhz bununla əlaqədar olaraq, qədim dünya dedikdə, istər-istəməz uzaq keçmişdə mövcud olmuş olduqca dəyərli fikirləri, mövcud dövrü dolğun əks etdirən elmi mülahizələri vəhdət şəklində şərh etmək ehtiyacı əmələ gəlir. Ona görə də Antik dövrün iqtisadi fikirlərini, analoji olaraq Qədim dövrün fikirləri kimi də qəbul etmək olar.
Qədim dünyanın iqtisadi fikrində təsərrüfat fəaliyyətinin gedişatı və dərk olunması görkəmli elm xadimlərinin ya iqtisadi görüşlərində, ya da xalqın əfsanəvi - poetik və mənəvi mədəniyyətində öz əksini tapmışdır.
İqtisadi fikir haqqında danışarkən, bir qayda olaraq, bütün dünya ölkələrində qəbul olunmuş ümumi bir  cəhət vardır ki, o da Qədim Şərqdə mövcud olmuş iqtisadi görüşlərin, fikirlərin öyrənilməsinə xüsusi diqqətin yetirilməsidir. Qədim Şərqin tarixi inkişafının bütün mərhələlərində iqtisadi fikirlərdə əsas yeri dövlət təsərrüfatının təşkili və idarə edilməsi problemi tutmuşdur.Natural təsərrüfata əsaslanan dövlət mülkiyyəti bir tərəfdən hakim "mərbəd" mülkiyyətinin formalaşmasına, digər tərəfdən əmtəə təsərrüfatının aparılması həddinin müəyyənləşdirilməsinə yönəldilmişdir.
Qədim Şərqdə iqtisadi fikir hakim natural - quldarlıq təsərrüfatının müdafiə olunmasına yönəldilərək, bu mövqedən əmtəə - pul münasibətlərinə əsaslandırılırdı. Məhz bununla əlaqədar olaraq şeylərin dəyərlərinə görə mübadilə olunması ideyası meydana gəlmişdir.
Göstərmək lazımdır ki, Qədim Şərqin iqtisadi fikri haqqında danışarkən, bura birinci növbədə Qədim Misirdə meydana gəlmiş, yayılmış və inkişaf etmiş iqtisadi fikri xüsusi qeyd etmək lazımdır. Bəşəriyyətin meydana gəlməsi, inkişafı, insan cəmiyyətinin ilkin beşiyi hesab olunan Misir, bu gün də öz ehramları, məbədləri, yeraltı sarayları, qəbir evləri ilə və s. möcüzələri ilə zəngin olan bir ölkə kimi dünyanın müxtəlif səpkili elmi-tədqiqatların daima diqqət mərkəzindədir.
Qədim Misirdə iqtisadi fikirlərin formalaşması, əsasən dövlətin mərkəzləşmiş idarəetmə sahəsindəki məqsədlərinin həyata keçirilməsi ilə bağlıdır.
Burada ictimai işlər, hərbi və maliyyə idarəçiliyi xüsusi yer tuturdu. Belə mərkəzləşdirilmiş idarəçilik sistemi xeyli savadlı adamların olmasını tələb edirdi. Ona görə də belə adamların hazırlanması da mərkəzləşdirilmiş formada həyata keçirilirdi. Çox hallarda bu günə gəlib çatmış yazılı mənbələrdə dövlət və təsərrüfat idarəçiliyinin həyata keçirilməsi, o dövrlərdə hakim olmuş dini ehkamların yerinə yetirilməsi "Nəsihətlər" vasitəsi ilə şərh edilirdi. Belə "Nəsihətlər" bizim eradan əvvəlki, III-II minilliyinə qədərki ilkin, Qədim, Orta, Yeni hökmdarlıq dövrləri üçün xarakterik idi. Belə "Nəsihətlər" sırasına "Heraklopol" hökmdarının oğlu Merikara "Nəsihətlər"ini, "İnsarın kəlamları", "Nefertinin peyğəmbərliyi", "Çobanın nağılları", "Axtoyanın Duaufanın oğluna, öz oğlu Piokiyə nəsihətləri" və s. aid etmək olar.
Qədim Misirdə iqtisadi resursların, əsasən əmək və torpaq resurslarının ciddi uçotu aparılırdı. Nil çayı vadisi boyunca, torpaq sahələrinin kadastrı aparılmış, ən məhsuldar sol sahil boyunca olan sahələr dövlət torpaqları adlandırılmışdır.
Dövlət başçısı hesab olunan Fironlar siyasi, dini hökmranlığı yerinə yetirməklə, başlıca iqtisadi funksiyaları da yerinə yetirirdilər. Məhz ona görə də onlar yer üzündə Günəş (Ra) allahının oğlu və varisi hesab olunurdular. Firon xalqın və məmurların yalnız bəndəliyi ilə kifayətlənmir, bəzən özünə mehrablar ucaldır və özünün təsviri qarşısında ətirli maddələr yandırırdı.

Qədim Misirin iqtisadi fikir tarixindən bəhs edərkən bir qayda olaraq, bizim eradan XIII əsr əvvəl yazılmış "İpuserin kəlamları"na xüsusi diqqət yetirilir. İpuser cəmiyyətin dəyişilməsinin ilkin keçid dövrünü göstərmişdir. Olduqca dərin və düşündürücü   şəkildə baş verəcək diyişiklikləri   şərh edərək göstərirdi ki, mövcud mərkəzləşdirilmiş idarə sistemi çox az adamın mənafeyinə xidmət edir. Ona görə də o hesab edir ki, Misirin taxılı hamının neməti olmalıdır. Bunun üçün müxtəlif deklarasiyalar, məhkəmə qanunları məhv edilməlidir.
İluserin kəlamlarında əsas diqqət, ciddi reqlamentləşdirilmiş təsərrüfatın pozulmasına verilir.
Göstərilir ki, nəzarətin zəifləməsi bir tərəfdən istehsalçıların, xüsusən sənətkarların boş dayanmasına, digər tərəfdən yazanların, qeydiyyat aparanların fəaliyyətsizliyinə gətirib çıxarır. Bu da xalqın məhvinə səbəb olur.
İşləməyən sənətkarları o, ölkənin düşmənləri adlandırır. O şəxslər ki, taxıl əkməyib, onlar məhsul alırlar. Bu barədə heç bir məlumat verilmir. Bu da xalqın qəzəbinə səbəb olur. Xüsusən cəmiyyətin kübar hissəsinin mərkəzləşdirilmiş hakimiyyət nümayəndələrinə qarşı çıxmasına səbəb olur. Kübarların Misirin xarici düşmənləri ilə ittifaqa girməsi mərkəzi dövlət idarəçiliyini dağıda bilmişdir. Lakin "İluserin kəlamları"nda, eləcə də "Nefertinin peyğəmbərliyi"ndə göstərilir ki, heç cür vahid Misir dövlətini dağıtmaq olmaz. Vahid Misir dövləti, ölkədə qayda-qanunun, inzibati qulluqçulların sabit gəlir əldə etmək təlimatçısı kimi göstərilirdi. "İluserin kəlamları"nda "xeyirxah paytaxtın düşmənlərinin" məhv olunması çağırışları vardı. O, ölkədə dini kahinlərin rolunun möhkəmləndirilməsinə və bərpa olunmasına, ölkənin hərbi gücünün artırılmasına diqqətin verilməsini qeyd edirdi.
Ona görə də mərkəzləşdirmə ideyası "İluserin kəlamları"nda əsas yer tuturdu ki, bu da onun dövlət məmurları arasında çox məşhurlaşdırılmasına səbəb olmuşdur. Qədim Misirdə iqtisadi fikrin əmələ gəlməsi əsasən, mərkəzləşdirilmiş dövlət idarəçiliyi ilə bağlı olsa da, lakin quldarlıq quruluşunun ümumi qanunauyğunluqlarından irəli gələn bir sıra xüsusiyyətləri də əhatə edirdi. Xüsusən dövlət idarəçiliyində yüksək vəzifə tutan əyanların təsərrüfatı ilə bağlı iqtisadi məsələlər də irəli sürülmüşdür.
Bir tərəfdən qulların əyan təsərrüfatında istifadə olunması qaydaları, digər tərəfdən orada çalışan işçilərin ağaların anbarlarından pay almaq hüququ müəyyənləşdirilmişdir. Bu da ölkə ərazisində mərkəzləşmiş təsərrüfat idarəçiliyinin prinsipi olmaqla həm əyan mülkiyyətinin formalaşmasına, həm də Misir taxılının hər kəsin əsas nemətinə çevrilməsinə səbəb olurdu. Dövlət idarəçiliyində tutduğu vəzifədən asılı olaraq əmələ gələn əyan təsərrüfatı, onların rifahının əsasını təşkil etməklə, şəxsi təsərrüfata malik olmalarını aradan qaldırmadı. Beləliklə, Qədim Misirdə mülkiyyətin formalaşması əsasən əyan təsərrüfatı ilə bağlı olmuşdur. Əyan mülkiyyətinə həm sərəncamlarında olan şəxsi vasitələr, həm də qulluq vəzifəsindən asılı olaraq mənimsədiyi predmetlər daxil idi. Beləliklə, xüsusi mülkiyyət və dövlət mülkiyyəti çərçivəsində əmələ gəlməklə, onların qarşılıqlı fəaliyyət göstərməsinə səbəb olurdu.
Qədim Misirdə dövlət və xüsusi mülkiyyətin formalaşmasına birmənalı baxmaq olmaz. Yəni elə hesab etmək olmaz ki, dövlət mülkiyyəti əsasında əmələ gələn xüsusi mülkiyyət inkişaf etdikcə, tədricən dövlət mülkiyyətinin azalmasına və ya dağılmasına səbəb olurdu. Düzdür, mərkəzi hakimiyyətin zəiflədiyi dövrlərdə xüsusi mülkiyyətin həddi artırdı. Lakin hər yeni mərkəzi hakimiyyətin güclənməsi, çox hallarda əyanların xüsusi mülkiyyətlərinin hesabına baş verirdi.
Yüklə 28,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin