Azərbaycanda özəlləşdirmə iki model əsasında aparılmışdır: çeklərin əhaliyə pulsuz verilməsi və dövlət müəssisələrinin özəlləşdirilməsinin pullu hərraclarda satılması yolu ilə həyata keçirilmişdir. Azərbaycanda özəlləşdirmənin xüsusiyyət-lərindən biri onun kənd təsərrüfatından başlanmasıdır.
Özəlləşdirmənin başlandığı dövrdən indiyədək 50 minə yaxın dövlət müəssisə və obyekti özəlləşdirilmişdir. Özəlləşdirmə prosesində orta və iri dövlət müəssisələrinin çevrilməsi nəticəsində 1600-ə yaxın səhmdar cəmiyyəti yaradılmış və sonradan özəlləşdirilmişdir.
Özəlləşdirmənin başlandığı dövrdən etibarən müəssisə və obyektlərin özəlləşdirilməsindən təxminən 600 mln. manat dövlət büdcəsinə daxil olmuşdur ki, bu da müvafiq qaydada ölkənin müəyyən sosial-iqtisadi problemlərinin həllinə yönəldilmişdir.
Özəlləşdirmə prosesində 100-ə yaxın dövlət müəssisə və obyekti investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş bu da müəssisələrin və cəlb edilmiş investorların fəaliyyəti üçün əlverişli şərait yaratmışdır. İnvestisiya müsabiqələrinin qalibləri tərəfindən həmin müəssisələrdə istehsal fəaliyyətinin bərpası, iş yerlərinin açılması yeni texnologiyaların və idarəetmə təcrübəsinin tətbiqi məqsədilə 550 mln. ABŞ dolları məbləğində vəsaitin investisiya şəklində qoyulmuşdur.
Artıq qeyd etmək olar ki, geniş miqyaslı özəlləşdirmə tədbirlərinin həyata keçirilməsi prosesinin məntiqi nəticəsi olaraq müəssisələrin əmək kollektivləri üzvləri və digər vətəndaşlar işlədikləri müəssisələrin habelə maraq doğuran başqa müəssisələrin mülkiyyətçilərinə və səhmdarlarına çevrilmişlər. Hazırda 120 mindən çox səhmdar müxtəlif səhmdar cəmiyyətlərin səhmlərinə malikdirlər onların kooperativ idarəolunması prosesində iştirak edir, cəmiyyətlərin fəaliyyətinin nəticələrindən asılı olaraq müəyyən gəlirlər əldə edirlər.
Özəlləşdirmə prosesində diqqət veriləsi əh mühüm məsələlərdən biri özəlləşdirilmiş müəssisələrin fəaliyyətinin dəstəklənməsi, restrukturizasiyası və sağlamlaşdırılması məsələləridir. Bu sahədəki tədbirlər həmin müəssisələrə vergi, kredit, gömrük və digər bu kimi güzəştlərin edilməsini bazarın və istehsalçıların qorunması məsələlərini əhatə edir. Aparılan təhlillər göstərir ki, özəlləşdirmənin ilk illərində çoxlu sayda özəlləşdirilmiş müəssisələrin fəaliyyətinin lazımi səviyyədə dəstəklənməməsi səbəbindən istehsalın bərpası, iş yerlərinin açılması və onların səmərəli fəaliyyəti təmin olunmamışdır. Əsasən emal və istehsal yönümlü müəssisələrdə konserv, şərabçılıq, quşçuluq, yeyinti, yüngül sənaye müəssisələrində yeni mülkiyyətçilər lazımi iqtisadi nəticələri əldə etməmişdir. Burada özəlləşmiş müəssisələrin dövriyyə vəsaitlərinin olmaması özəlləşdirilənə qədər yığılıb qalmış kreditor borclar, yerli istehsalçıların mənafelərinin qorunmaması kimi problemlər onların fəaliyyətinə ciddi əngəl yaratmışdır.