Qədim dövrlərdə iqtisadi həyatda baş vermiş mühüm keyfiyyət dəyişikliklərindən biri ictimai əmək bölgüsüdür. İctimai əmək bölgüsü cəmiyyətin iqtisadi münasibətlərində, bu münasibətlərin inkisafında xüsusi rola malikdir. İctimai əmək bölgüsü cəmiyyət üzvlərinin müəyyən məhsul üzrə ixtisaslaşmasıdır. Cəmiyyət üzlərinin müəyyən hissəsi əkinçi, digərləri maldar, başqaları balıqçı, bənna, dərzi və s.
İbtidai icma cəmiyyətinin ilk mərhələsində insanlar təbiətin hazır verdiyi məhsulları mənimsəməklə öz mövcudluqlarını qoruyub saxlamışlar.Lakin zaman keçdikcə onların şüuru inkisaf etmiş və bununla əlaqədar olaraq əkinçiliklə məşğul olmaq qaydalarını və vəhşi heyvanların əhliləşdirilməsini də öyrənmişlər.
Cəmiyyətin inkişafının müəyyən mərhələsində maldarlığın əkinçilikdən ayrılması prosesi baş vermişdir. İnsanlar əkinçiliyi və heyvandarlığı öyrəndikdən sonra yerli səraitlə əlaqədar olaraq icmaların biri əkinçiliklə, digəri maldarlıqla ixtisaslaşmağa başladı.Əkinçiliyin maldarlıqdan ayrılması prosesi birinci böyük ictimai əmək bölgüsü adlanır.
Məhsuldar qüvvələrin inkişafı ilə bağlı olaraq sonralar ayrı-ayrı şəxslər və ya icmalar daha çox sənətkarlıqla məşğul olmağa başlayırlar.Sənətkarlığın əkinçilik və maldarlıqdan ayrılması ikinci böyük ictimai əmək bölgüsü adlanır. İbtidai icma quruluşunun dağılması dövründə isə üçüncü böyük ictimai əmək bölgüsü baş vermişdir və tacirlər təbəqəsi meyadana gəlmişdir. Nəticədə məhsulları bir yerdən başqa yerə aparan tacirlər məhsuldar qüvvələrin inkisafında böyük rol oynamışlar.
Məhsuldar qüvvələrin inkişafı ilə əlaqədar ictimai əmək bölgüsünün dərininə və eninə inkişafı daimi bir prosesdir. Bu prosesi ilk dəfə izah edən A.Smit olmuşdur. O, ”Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında traktat” əsərində ictimai əmək bölgüsünün elmi izahını vermişdir. Bu traktat 1776-ci ildə Londonda çap olunmuşdur.
İctimai əmək bölgüsünün müxtəlif formaları vardır ki, bunlardan biri də ümumi ictimai əmək bölgüsüdür. Bu o deməkdir ki, cəmiyyət üzvləri bir-birindən fərqlənən müxtəlif sahələrdə məşğul olmalıdılar. Bununla yanaşı xüsusi ictimai əmək bölgüsü də mövcuddur. Xüsusi ictimai əmək bölgüsü iqtisadiyyatın bu müxtəlif sahələri daxilində müvcud olan ixtisaslaşmadır.Buna misal olaraq sənayenin iki yarımsahəyə: hasilat və emala ayrılmasını göstərmək olar.
Fərdi ictimai əmək bölgüsü isə müxtəlif təsərrüfat subyektleri daxilində baş verən əmək bölgüsüdür. Hər bir firmada məhsul istehsalı bir çox əməliyyatlar əhatə edir ve işçilər də bu əməliyyatlar üzrə ixtisaslaşırlar.
İctimai əmək bölgüsü əhatə dairəsinə görə yerli, regional, milli və beynəlxalq formalara ayrılır. Yerli ictimai əmək bölgüsü rayon, kənd daxili təsərrüfatların müəyyən məhsul istehsalı üzrə ixtisaslaşmasıdır. Region daxili ictimai əmək bölgüsü regiona daxil olan müxtəlif rayonların müəyyən məhsul istehsalı üzrə ixtisaslaşmasıdır. Ölkənin ayrı-ayrı regionlarının, iqtisadi rayonların müəyyən məhsul və xidmətlər istehsalı üzrə ixtisaslaşması milli ictmai əmək bölgüsünün mahiyətini təşkil edir. Beynəlxalq ictimai əmək bölgüsü dedikdə isə dünyanın müxtəlif ölkələrinin bu və ya digər məhsul istehsalı üzrə ixtisaslaşması nəzərdə tutulur.İctimai əmək bölgüsü ölkənin təbii, əmək və digər resurslarından daha əlverişli istifadə etməyə imkan verir.