İqtisadi hadisələrin tədqiqi nəticəsində onların mahiyyətinin açılmasına səbəb olur. Bu da real iqtisadi gerçəkliyi az-çox dərəcədə dolğun əks etdirən anlayışların formalaşmasına səbəb olur. İqtisadi həyatın ümumi və mühüm tərəflərini əks etdirən məntiqi anlayışlar iqtisadi kateqoriyalar adlanır. İqtisadi kateqoriya, iqtisadi hadisə və proseslərin elmi adıdır. Məsələn, biz gündəlik fəaliyyətimizdə paltar geyir, yemək yeyir və sair. Bütün bunlar iqtisad elmində istehlak adlanır. İnsanlar gündəlik fəaliyyətində çoxlu miqdarda iqtisadi kateqoriya ilə qarşılaşar. Bunlara pul, qiymət, kredit, tələb, təklif, bazar, mənfəət, istehsal, əmtəə və s. göstərmək olar. İqtisadi hadisələrinin tədqiqi bəzi hallarda bu və ya digər iqtisadi qanunun kəsb edilməsinə səbəb olur.
Təbiətdə və ictimai həyatın digər sahələrində olduğu kimi iqtisadiyyatında da ilk nəzərdən görünən hərcmərclik və təsadüflər silsiləsi arxasından inkişafın zəruriliyi, qanunauyğunluğu özünə yol açır. Hər bir cəmiyyətdə iqtisadi prosesləri onlara xas olan daxili qanunlar, iqtisadi qanunlar idarə edir.
Iqtisadi kateqoriyalar-iqtisadi hadisə və proseslərin ümumi cəhətlərini ifadə edən və obyektiv xarakter daşıyan ümumi anlayışlardır. Bunlara mülkiyyət, istehsal, bölgü, mübadilə, istehlak, əmtəə, dəyər, maliyyə, kredit, əmək bölgüsü və s. misal göstərmək olar. Beləliklə, iqtisadi qanunlarla iqtisadi kateqoriyalar arasında qarşılıqlı əlaqə vardır. Iqtisadi kateqoriyalar – obyektiv iqtisadi qanunların məzmununu təşkil edən sabit səbəb – nəticə əlaqələrini aş-kara çıxarmağa, hadisə və proseslərin zahiri görünüşü arxa-sında onların əsl məzmununu müəyyən etməyə imkan verir.
İqtisadi qanunlar
İqtisadi qanun iqtisadi hadisələrin, proseslərin, mahiyyətidir. İqtisadi qanun iqtisadi hadisə və proseslərə daxilən xas olan mühüm, zəruri, təkrarlanan səbəb və əlaqələrini özündə əks etdirir. İqtisadi qanunlar da təbiət qanunları kimi obyektiv xarakter daşıyır. Belə ki, onların fəaliyyəti insanların onları istəyib- istəməmələrindən asılı deyildir. İnsanlar iqtisadi qanunları dəyişə, ləğv edə bilməzlər. İnsanlar öz fəaliyyətlərini iqtisadi qanunların tələblərinə müvafiq qursalar daha böyük nailiyyətlər əldə edə bilərlər.
İqtisadiyyatda üç qrup iqtisadi qanunlar fəaliyyət göstərir.
Ümumi iqtisadi qanunlar – bunlar bəşəriyyətin inkişafının bütün mərhələlərində fəaliyyət göstərirlər. Onlar ictimai istehsalın inkişaf prosesini əks etdirir. Bunlara tələbatın artması, əmək məhsuldarlığın yüksəlməsi, ictimai əmək bölgüsü qanunları aiddir.
Bu qanunlar aşağıdakı xüsusiyyətlərə malikdir. Onlar:
1) Ən ümumi iqtisadi əlaqələri və münasibətləri səciyyələndirir;
2) Həmişə iqtisadi tərəqqi qanunları kimi çıxış edir. Spesifik iqtisadi qanunlar isə bu xüsusiyyətlərə malik deyildirlər. Məsələn, feodalizmin formalaşdığı və inkişaf etdiyi dövrdə feodal rentası qanunu cəmiyyətin inkişafına təkan vermiş, ictimai tərəqqi qanunu olmuşdur. Lakin kapitalizm cəmiyyəti meydana gəlib formalaşdıqdan sonra həmin qanun ictimai tərəqqini ləngitmişdir;
3) Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq ümumi iqtisadi qanunlar nəinki tarix səhnəsindən çıxır, əksinə yenə də qalmaqda davam edir, rolları daha da artır.
Bir qrup iqtisadi qanunlar da vardır ki, onları nə spesifik, nə də ümumi qanunlara aid etmək olmaz. Bunlara dəyər qanunu, pul tədavülü qanunu və s. misal göstərmək olar. Onlar cəmiyyətin inkişafının, tərəqqinin doğurduğu iqtisadi münasibətləri ifadə edirlər
Əmtəə istehsalının qanunları - bunlar məhsul və xidmətlərin əmtəə xarakteri daşıdığı cəmiyyətlərdə fəaliyyət göstərirlər. Dəyər qanunu, pul tədavülü qanunu, yığım qanunu bu qəbildəndirlər.
Spesifik xüsüsi qanunlar – bunlar tarixən müəyyən təsərrüfatçılıq formalarının inkişaf qanunlarıdır. Bunlara dövrün əsas iqtisadi qanunu, dövrün bölgü qanunu aiddir. Cəmiyyətin inkişafı, əmək bölgüsünün dərinləşməsi, mülkiyyət formalarının və təsərrüfatçılıq metodlarının təkmilləşdirilməsi ilə əlaqədar olaraq iqtisadi mənafelərin strukturu və həyata keçirilməsi mexanizmi də mürəkkəbləşir. Məsələn, ibtidai cəmiyyətdə əməyə sövqedici səbəb acından ölmək təhlükəsi, adət və ənənələr, nüfuz, quldarlıq və feodalizmdə isə başlıca olaraq qeyri-iqtisadi məcburiyyət olmuşdur. Kapitalizm, iqtisadi məcburiyyətin, adamların məna-felərinə iqtisadi təsiretmənin xüsusi, olduqca çevik və səmərəli sistemini yaratmışdır. Məsələn, rəqabət mübarizəsində məğlub olmaq və müflisləşmək təhlükəsi sahibkarları istehsalı təkmilləşdirməyə, onu ən yeni və yüksək məhsuldarlıqlı avadanlıqlarla təchiz etməyə məcbur edir.