İqtiadiyyatda inhisarçılığı əhatəliyi baxımında aşağıdakı kimi qruplaşdırmaq olar:
İstehsal inhisarçılığı: müəyyən növ məhsul istehsalının əsas hissəsinin məhdud miqdarda istehsalçının əlində cəmləşməsidir. İstehsal inhisarçılığı müəyyən məhsul istehsalçılarının birləşməsi, yaxud da müvafiq məhsulu istehsal edən müəssisədə kapitalın öz- özünə artması yolu ilə yaranır. İstehsalda inhisarlar müxtəlif formalarda fəaliyyət göstərirlər. Bu formalar aşağıdakılardır.
Kartel- eyni bir istehsal sahəsinin bir sıra müəssisəsinin elə birləşməsidir ki, onun iştirakçıları istehsal vasitələri və istehsal olunmuş məhsul üzərində öz mülkiyyətini saxlayır. Kartelin iştirakçıları öz məhsullarını bazarda özləri reallaşdırırlar. İstehsal edilmiş ümumi məhsulda kartel üzvünün payı, satış qiymətləri, bazarın bölgüsü, mənfəətin bölüşdürülməsi və s. kartel sazişi ola bilər.
Sindikat- yekcins əmtəələr istehsal edən müəssisələrin elə birliyidir ki, burada istehsal vasitələri sindikat iştirakçılarının öz mülkiyyətində qalır, istehsal olunmuş məhsul isə sindikatın mülkiyyəti olur və yaradılmış xüsusi idarə tərəfindən reallaşdırılır. Karteldən fərali olaraq, sindikat ayrı- ayrı müəssisələrin bazarla əlaqəsini kəsir. Sindikatlar yekcins əmtəələrin kütləvi istehsal olunduğu sahələrdə yaranırlar.
Trest- sindikata nisbətən daha yüksək inhisar formasıdır ki, burada istehsal vasitələri üzərində mövcud sahibkarlar qrupunun birgə mülkiyyəti yaranır. Trestin təşkili zamanı müəssisənin sahibləri istehsal vasitələri, habelə texnologiya və digər istehsal amilləri üzərində öz mülkiyyətini birliyə verir. Onlar verdikləri kapitalın miqdarına görə trestin səhmlərini alırlar və bununla da trestin idarə edilməsi və mənfəətindən gəlir götürmək hüququnu əldə etmiş olurlar. Trestlərdə yekcins məhsullar buraxan müəssisələrin birləşməsi məcburi deyildir.
Konsorsium- son zamanlar inhisarın daha geniş yayılmış formasıdır. Irimiqyaslı layihələrin həyata keçirilməsi üçün yaranır. O, maliyyə, ticarət, texniki və ya başqa səbəblər üzündən bir neçə iştirakçıların gücünü birləşdirməyi tələb edir. Konsorsium iştirakçıları həm şəxsi, həm dövlət təşkilatları, həmçinin dövlətlər ola bilər. Konsorsium iştirakçıları öz müstəqilliyini saxlayırlar.
Təbii inhisarçılıq- istehsal miqyasının artırılmasının böyük həcmdə qənaətə səbəb olduğu hallarda mümkündür. Təbii inhisarçılıq təsərrüfat subyektləri arasında rəqabətin mümkün olmadığı hallarda yaranır.
Texnoloji inhisarçılıq- inhisarın obyekti bu və ya digər məhsulun hazırlanması üsul olduğu halda yaranan inhisarçılıqdır. Texnoloji inhisarçı kimi ETT-nin müəyyən istiqamətində liderliyi ələ keçirmiş müəssisələr çıxış edirlər. Texnologiyada liderlik edənlər son nəticədə öz məhsullarının rəqabətliyini təmin edirlər.
İstehlakçı inhisarçılığı və ya monopsoniya- bu halda bazarda 1 alıcı çoxlu sayda satıcı olur. İstehlakçı inhisarçılığının da mənfi nəticələri var. Belə ki, iri istehlakçı tərəfindən satın alınan məhsulların qiymətlərinin süni surətdə aşağı salınması nəticəsində yüksək mənfəət götürmək, müqabil tərəfə əlverişsiz müqavilə şərtlərini qəbul etdirmək üçün əlverişli şərait yaranır.
Təşkilati inhisarçılıq: İnhisarçılığın bu forması istehlakçı birliklərinin formalaşdırılması yolu ilə yaranır. Istehsalçıların müxtəlif sahə, sahələrarası, yaxud regional təşkilat strukturlarını yaratmaqla inhisarçı meyllərinin miqyaslarını əhəmiyyətli dərəcədə genişləndirmək mümkün olur.
İdarəetmə inhisarçılığı- inhisarçılığın bu forması inzibati amirlik sisteminin xarakterik xüsusiyyəti idi. Burada inhisarçı şəklində dövlət çıxış edirdi.