4. Heyvandarlıq sahəsi üzrə subsidiyaların verilməsi 4.1. Heyvan subsidiyası hər bir sağlam buzova görə 100 (yüz) manat məbləğində müəyyən edilir.
4.2. Arı subsidiyası arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə hər təqvim ilində 10 (on) manat məbləğində müəyyən edilir və 2023-cü ilədək verilir.
4.3. Barama subsidiyası barama istehsalçısı olan fermerlərə istehsal edilib tədarükçüyə təhvil verilən yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 6 (altı) manat məbləğində verilir.[24] 4.4. Heyvandarlıq sahəsi üzrə müəyyən edilən subsidiyanın alınması ilə bağlı aşağıdakı şərtlər müəyyən edilir:
4.4.1. süni mayalanmanı bu istiqamətdə ixtisasartırma və ya kadrların yenidənhazırlanma təhsilini müvəffəqiyyətlə başa vurmuş, xüsusi sertifikat və diplom almış və SİS-də qeydiyyatdan keçmiş mütəxəssislərin həyata keçirməsi;
4.4.2. bu məqsədlə yaradılmış süni mayalanma mərkəzlərində istehsal olunmuş, habelə SİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxslər tərəfindən ölkəyə idxal olunan heyvan toxumundan istifadə edilməsi;
4.4.3. süni mayalandırılan və süni mayalanma nəticəsində doğulan heyvanın, habelə arı ailələrinin identikləşdirilməsi və ona dair məlumatları DAİM-in SİS-ə daxil etməsi;
4.4.4. barama subsidiyası ilə bağlı fermerlərin yaş baramanı tədarükçüyə təhvil verməsi barədə sənədlərin və tədarükçülərin fermerlərdən tədarük etdikləri yaş baramanın miqdarına dair məlumatların hər il iyun ayının 30-dək SİS-ə daxil edilməsi.
4.5. Süni mayalanma xidməti mütəxəssis ilə heyvan sahibi arasında qarşılıqlı razılaşma əsasında ödənişli qaydada həyata keçirilir.
4.6. Heyvandarlıq sahəsi üzrə subsidiya ödənişi bu Qaydanın 4.4-cü bəndində müəyyən edilən şərtlərə uyğun məlumatlar Nazirliyin təsdiq etdiyi reqlamentlərə əsasən SİS-də təsdiqləndikdən sonra 15 (on beş) iş günündən gec olmayaraq həyata keçirilir.
5. Monitorinq və qiymətləndirmə 5.1. Subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən aşağıdakı ardıcıllıqla monitorinqlər aparılır: [25] 5.1.1. çarpaz – elektron bəyannamə məlumatlarının SİS-də olan digər məlumatlarla üzləşdirilməsi;
5.1.2. yerüstü müşahidə – peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi;
5.1.3. yerində müşahidə – seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə, yaxud heyvandarlıq təsərrüfatlarında DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi.
5.2. Bəyan edilmiş əkin sahəsinə və çoxillik əkmələrə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən çox olduqda əkin subsidiyası aşağıdakı qaydada verilir:
5.2.1. fərq 5 faizdən çox olmadıqda, subsidiya monitorinq nəticəsində müəyyən edilmiş sahəyə görə verilir;
5.2.2. fərq 5 faizdən çox, 20 faizdən az olduqda, veriləcək subsidiyanın məbləği 30 faiz azaldılır;
5.2.3. fərq 20–50 faiz olduqda, cari il ərzində həmin fermerə subsidiya ödənilmir;
5.2.4. fərq 50 faizdən çox olduqda, cari il və sonrakı il ərzində həmin fermerə subsidiya ödənilmir.
5.3. Arı ailələrinin bəyan edilmiş sayına görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən çox olduqda, arı subsidiyası aşağıdakı qaydada verilir:
5.3.1. fərq 10 faizdən çox olmadıqda, subsidiya monitorinq nəticəsində müəyyən edilmiş arı ailələrinin sayına görə verilir;
5.3.2. fərq 10–30 faiz olduqda, cari il ərzində arıçıya subsidiya ödənilmir;
5.3.3. fərq 30 faizdən çox olduqda, arıçıya cari il və sonrakı il ərzində subsidiya ödənilmir.
5.4. Monitorinq nəticəsində fermerin bəyannaməsində göstəriləndən fərqli hallar müəyyən edildikdə, fermerə bununla əlaqədar SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş təqdim edildikdən sonra fermer 15 (on beş) gün müddətində bildirişə etiraz etmədikdə, ona münasibətdə, müvafiq olaraq, bu Qaydanın 5.2-ci və 5.3-cü bəndlərinin tələbləri tətbiq edilir. Bildirişə etiraz fermerin iştirakı ilə DAİM-in mütəxəssisi tərəfindən yerində müşahidə aparmaqla qiymətləndirilir, nəticə aktlaşdırılaraq SİS-ə daxil edilir. Agentlik nəticəyə uyğun olaraq yekun qərar qəbul edir və fermerə bu barədə məlumat verir.
5.5. Fermerin cari ildə istifadə etdiyi subsidiyanın məbləği monitorinq əsasında bu Qaydanın 5.2–5.3-cü bəndlərinə uyğun olaraq müəyyən edilmiş məbləğdən artıq olarsa, həmin vəsaiti fermer Agentliyə geri qaytarır. Bu vəsait geri qaytarılmadıqda, növbəti illərdə ödəniləcək subsidiyaların məbləği həmin vəsaitin məbləği qədər azaldılır.
5.6. Agentlik subsidiyalarla bağlı göstərilən xidmətlərin kənd təsərrüfatı məhsullarının istehsalına təsirinə dair qiymətləndirmələrin aparılmasını təmin edir.
5.7. Agentlik subsidiya mexanizminin tətbiqinə dair apardığı monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq ildə bir dəfə mövcud vəziyyət barədə hesabatını və təkmilləşdirici təkliflərini, o cümlədən növbəti il üçün kvota və bitkilər üzrə əmsalları Nazirliyə və Şuraya təqdim edir.