Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması QAYDASI 1. Ümumi müddəalar 1.1. Bu Qayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və şərtlərini müəyyən edir.
1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti;
1.2.2. “Subsidiya” informasiya sistemi (bundan sonra – SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (bundan sonra – EKTİS) altsistemi; [3] 1.2.3. Aqrar Subsidiya Şurası (bundan sonra – Şura) – bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaradılan və aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərar qəbul edən kollegial orqan;
1.2.4. baza məbləği – bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə edilən sabit maliyyə vəsaiti;
1.2.5. kənd təsərrüfatı istehsal vasitələri – mineral gübrə, biohumus, sertifikatlı toxum, ting və pestisid;
1.2.6. fermer – kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxs;
1.2.7. tədarükçü – kənd təsərrüfatı məhsullarının tədarükünü həyata keçirən və SİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxs;
1.2.8. təchizatçı – kənd təsərrüfatı istehsal vasitələrinin, habelə müasir suvarma sistemlərinin və dirəklərin satışını həyata keçirən və SİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxs; [4] 1.2.9. əkin subsidiyası – fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiya; [5] 1.2.10. məhsul subsidiyası – tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə verilən subsidiya; [6] 1.2.11. toxum subsidiyası – ölkədə istehsal edilən, sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin satışına görə verilən subsidiya;
1.2.12. heyvan subsidiyası – yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma və ya embrion köçürməsi yolu ilə alınan hər bir sağlam buzova görə verilən subsidiya;
1.2.13. arı subsidiyası – hər arı ailəsinə (pətəyə) görə verilən subsidiya;
1.2.14. barama subsidiyası – ölkədə istehsal edilib tədarükçülərə təhvil verilən yaş baramanın hər kiloqramına görə verilən subsidiya;
1.2.15. kvota – hər bir bitki üzrə subsidiya veriləcək toxum və tingin Şura tərəfindən müəyyən edilən miqdarı (kiloqram və ədəd);
1.2.16. sertifikatlı toxum və ting – “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində qeydiyyata alınmış, sort və səpin keyfiyyətləri barədə uyğunluq sertifikatı olan toxum və tinglər;
1.2.17. vahid əkin sahəsi ‒ fermerlərin istifadəsində olan və onlar tərəfindən seçilmiş vahid bitkinin becərilməsinə qərar verilən qonşu əkin yerləri. [7] 1.3. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.