8. Avadanlıqların alınması üçün güzəştli kreditlərin şərtləri 8.1. Avadanlıqların girov qoyulması yolu ilə mövcud avadanlıqlarını yeniləmək və ya yeni avadanlıqlar əldə etmək istəyən sahibkarlıq subyektlərinə Fondun güzəştli kreditləri bu Qaydaya uyğun olaraq aşağıdakı şərtlərlə verilir:
8.1.1. kredit 5 000 manatdan az, 3 000 000 manatdan çox olmamalı;
8.1.2. kreditin müddəti 5 (beş) ildən çox olmamalı;
8.1.3. Fondun illik faiz dərəcəsi 2 (iki) faizdən, müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsi isə 7 (yeddi) faizdən artıq olmamaq şərtilə, ümumilikdə kreditin illik faiz dərəcəsi 9 (doqquz) faizdən artıq olmamalı;
8.1.4. güzəşt müddəti avadanlığın quraşdırılması üçün tələb olunan vaxt nəzərə alınmaqla, 12 (on iki) aydan çox olmamalı;
8.1.5. kreditlərin təminatı kimi alınan avadanlıqlar müvəkkil kredit təşkilatının xeyrinə yüklü edilməli və Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməli;
8.1.6. kreditlər yalnız yeni avadanlıqların alınması üçün verilməli;
8.1.7. sahibkarlıq subyekti avadanlığın qiymətləndirilməsi nəticəsində müəyyən edilən satış dəyərinin minimum 20 faizi (yerli istehsal məhsulu olan avadanlıqlar üçün isə 10 faizi) həcmində müvəkkil kredit təşkilatına ilkin ödəniş etməli;
8.1.8. kredit vəsaiti sahibkarlıq subyektinin ilkin ödəniş məbləği ilə birlikdə satıcının bank hesabına köçürülməlidir.
8.2. Sahibkarlıq subyekti ilə satıcı arasında avadanlıqların alınmasına dair bağlanılmış müqavilənin şərtlərindən asılı olaraq, kredit tam və ya mərhələli şəkildə ayrılır.
9. Sahibkarlıq subyektlərinin krediti geri qaytarması 9.1. Sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə faiz borclarını müqavilə şərtlərinə uyğun olaraq hər ay ödəməlidirlər. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan etibarən bərabər hissələrə bölünməklə ödənilir. Sahibkarlıq subyektlərinin vaxtından əvvəl ödədikləri faizləri və ya əsas borcu müvəkkil kredit təşkilatı 3 (üç) iş günündən gec olmayaraq Fondun hesabına köçürməlidir. Müvəkkil kredit təşkilatları həmin vəsaitin Fondun hesabına köçürülməsini gecikdirdikdə, onlar bu Qaydanın 3.7-ci bəndinə uyğun olaraq cərimə ödəməlidirlər. Gecikdirmə 30 (otuz) iş günündən çox olarsa, Fondun Müşahidə Şurası müvəkkil kredit təşkilatına yeni vəsait ayrılmasını dayandıra və ya onu müvəkkil kredit təşkilatlan sırasından çıxara bilər.
9.2. Fond sahibkarlıq subyektlərinin əsas borcu və faizləri müvəkkil kredit təşkilatına ödəməsi tarixi ilə müvəkkil kredit təşkilatı tərəfindən Fonda köçürülməsi tarixinin üzləşməsini apara və ya bunun üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edə bilər. Belə müraciət daxil olduğu təqdirdə, Azərbaycan Respublikasının Mərkəzi Bankı yoxlama zamanı müvəkkil kredit təşkilatı tərəfindən Fonda köçürmələrdə uyğunsuzluq aşkar etdikdə, bu barədə Fonda məlumat verir.
9.3. Sahibkarlıq subyektlərinin krediti geri qaytarmaması və ya gecikdirməsi müvəkkil kredit təşkilatını Fond qarşısındakı öhdəliklərdən azad etmir.
9.4. Müvəkkil kredit təşkilatının lisenziyası ləğv olunduqda, eləcə də məcburi ləğv və ya iflas prosesi zamanı güzəştli kreditlərin qaytarılmasını bu Qaydanın 9.1-ci bəndinə uyğun olaraq bu məqsədlə təyin edilmiş səlahiyyətli orqan (ləğvedici) həyata keçirməlidir.