İqtisadiyyat Nazirliyi Gəncə-Qazax regional bölməsi, aparıcı məsləhətçi



Yüklə 126,55 Kb.
səhifə28/39
tarix26.06.2023
ölçüsü126,55 Kb.
#135280
1   ...   24   25   26   27   28   29   30   31   ...   39
İqtisadiyyat Nazirliyi Gəncə-Qazax aparıcı (1)

1. Ölkə əhəmiyyətli tədbirlər.
2. Bakı şəhərinin rayon və qəsəbələri üzrə tədbirlər.
3. Ölkənin iqtisadi rayonları üzrə tədbirlər:
3.1. Abşeron iqtisadi rayonu (Abşeron, Xızı rayonları, Sumqayıt şəhəri);
3.2. Aran iqtisadi rayonu (Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonları, Şirvan, Mingəçevir, Yevlax şəhərləri);
3.3. Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonları);
3.4. Gəncə-Qazax iqtisadi rayonu (Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonları, Gəncə və Naftalan şəhərləri);
3.5. Quba-Xaçmaz iqtisadi rayonu (Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonları); [1]
3.6. Lənkəran iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, Lənkəran rayonları);
3.7. Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli, Şərur rayonları);
3.8. Kəlbəcər-Laçın iqtisadi rayonu [1] (Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonları);
3.9. Şəki-Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonları);
3.10. Yuxarı Qarabağ iqtisadi rayonu 1 (Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonları, Xankəndi şəhəri).
Dövlət Proqramının icraçıları müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarıdır. Onun icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilir.
1. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” və “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın icrasının əsas yekunları
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nın uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilmiş, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin yüksəlməsində mühüm rol oynamışdır. Ötən beş ildə Ümumi Daxili Məhsulun (ÜDM) real həcmi 2,6 dəfə artaraq 38 milyard manata çatmış, ÜDM-in adambaşına düşən nominal həcmi 5 dəfə artaraq 4440 manat təşkil etmişdir. Qeyri-neft sektoru 1,8 dəfə artmış, 2008-ci ilin yekunlarına görə ÜDM-də qeyri-dövlət sektorunun payı 84,5 faiz təşkil etmişdir. Qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi son beş ildə 6,2 dəfə artmış və ümumi investisiyaların strukturunda onun xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə çatmışdır. Ölkə sənayesində 2,5 dəfə, kənd təsərrüfatında isə 25,2 faiz artım olmuşdur.
İqtisadiyyatın sürətli inkişafı ilə yanaşı, son illər əhalinin rifahını səciyyələndirən göstəricilərdə də yüksək artım dinamikası müşahidə edilmiş, 2003-cü illə müqayisədə 2008-ci ildə əhalinin gəlirləri 4 dəfə artmışdır. Bu dövrdə muzdla işləyənlərin orta aylıq əmək haqqı 3,5 dəfə artaraq inflyasiya səviyyəsini 1,7 dəfə üstələmiş və 268 manata çatmışdır. 2008-ci ilin sentyabrından minimum əmək haqqının və pensiyanın minimum məbləğinin həddi 75 manata çatdırılmışdır. 2003-cü ildə ölkə əhalisinin təxminən 45 faizi yoxsulluq şəraitində yaşayırdısa, 2008-ci ilin sonuna bu kateqoriyaya əhalinin yalnız 13,2 faizi aid olunur.
Azərbaycanda həyata keçirilən çevik iqtisadi siyasət dövlət büdcəsinə, onun gəlir və xərclərinin dinamikasına və strukturuna öz təsirini göstərmişdir. Aparılan uğurlu islahatlar və ardıcıl iqtisadi siyasət nəticəsində dövlət büdcəsinin gəlir və xərclərinin ÜDM-ə nisbəti ilbəil dəyişmişdir. Büdcə-vergi siyasəti, əsasən, makroiqtisadi sabitliyin möhkəmləndirilməsinə, iqtisadi inkişafın sürətlənməsinə, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına və büdcə kəsirinin minimuma endirilməsinə yönəldilmişdir. Həyata keçirilən çevik büdcə-vergi siyasəti nəticəsində dövlətin iqtisadi qüdrətinin daha da artırılması, regionların, qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, istehsal və infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmiş, dövlət büdcəsi sosial və investisiya yönümlü, inkişaf və quruculuq büdcəsinə çevrilmiş, iqtisadi islahatların və dövlət proqramlarının maliyyələşmə mənbəyi kimi çıxış etmişdir.
Ölkə iqtisadiyyatının inkişafına bütün maliyyə mənbələri hesabına əsas kapitala qoyulmuş investisiyanın həcmi son beş ildə 33,5 milyard manat təşkil etmiş, bunun 53,2 faizi daxili, 46,8 faizi isə xarici investisiyalar olmuşdur. 2008-ci ildə istifadə edilmiş investisiyanın həcmi 2003-cü il səviyyəsini 3 dəfə üstələmiş, adambaşına düşən investisiyanın həcmi 2003-cü illə müqayisədə 605,8 manat çox olmuşdur. 2003-cü ildə ümumi investisiyaların həcmində daxili investisiyaların payı 24,8 faiz olduğu halda, 2008-ci ildə bu göstərici 78,6 faiz təşkil etmişdir.
Ötən beş il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 766 mindən çox yeni, o cümlədən 547,5 min daimi iş yeri açılmışdır. Ölkədə 27,5 mindən çox yeni müəssisə yaradılmışdır ki, bunun da 40 faizə qədəri regionlarda fəaliyyət göstərir. Yeni yaradılmış müəssisələrin 88 faizdən çoxunu xüsusi mülkiyyətli müəssisələr təşkil edir.
Azərbaycan Respublikasında investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, qeyri-neft sektorunun inkişafının və yeni iş yerlərinin yaradılmasının sürətləndirilməsi məqsədilə fiziki şəxslərin gəlirlərindən tutulan vergilərin dərəcələrinin maksimum həddi 35 faizə, mənfəət vergisinin dərəcəsi və sosial sığorta ayırmaları 22 faiz səviyyəsinə endirilmiş, vergilərin ümumi sayı 9-dək azaldılmış, kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilmişdir. Ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü surətdə dəyişdirilmiş, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı xeyli dərəcədə azaldılmış, lisenziyaların müddəti isə uzadılmışdır. Yeni lisenziyalaşdırma sisteminin tətbiqi azad rəqabətin inkişafını, istehsal olunan məhsulun, göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsinə təkan vermişdir. Bununla yanaşı, ölkədə ixrac rüsumları ləğv edilmiş, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirilmişdir.
Dövlət Proqramının icrası dövründə sahibkarlığa dövlət dəstəyinin mühüm istiqamətlərindən biri də sahibkarların güzəştli kreditlərlə təmin edilməsi mexanizmi olmuşdur. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və bu sahəyə dövlət qayğısının artırılması məqsədilə 2004-2008-ci illər ərzində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi nəzdində fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına ölkə üzrə 6991 sahibkarlıq subyektinə 323,4 milyon manat kredit verilmişdir.
Ötən müddət ərzində sahibkarların maliyyə mənbələrinə çıxışının sadələşdirilməsi məqsədilə ölkənin müxtəlif bölgələrində 567 filial və 99 bank şöbəsi fəaliyyət göstərmişdir. Bank filiallarının 47 faizi, bank şöbələrinin isə 57 faizi regionların payına düşür. Müntəzəm olaraq təşkil edilmiş biznes forumları yerli və müxtəlif ölkələrdən olan iş adamlarını, eləcə də rəsmi dairələri bir araya gətirməklə, sahibkarlar arasında maarifləndirmə işinin təşkili və onların məlumat əldə etmə imkanlarının genişləndirilməsinə, ölkə regionlarının mövcud təbii və əmək resurslarından səmərəli istifadə edilməsi, habelə xarici investisiyaların cəlb edilməsi prosesinin dəstəklənməsinə müsbət təsir göstərmişdir. Sahibkarlıq fəaliyyətinin inkişafının daha da sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ”Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” 25 oktyabr 2007-ci il tarixli 2458 nömrəli Sərəncamı qəbul edilmişdir. Sərəncama əsasən ölkədə biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə “bir pəncərə” prinsipinin tətbiqi nəzərdə tutulmuşdur.
Sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində ölkədə aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmişdir. 2008-ci ildə açıqlanan Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu “Doing Business” hesabatında Azərbaycan biznes mühitinin təkmilləşdirilməsi sahəsində dünya üzrə Ən İslahatçı Ölkə elan edilmişdir.
Azərbaycan Respublikasında əhalinin zəruri ərzaq məhsulları ilə təmin edilməsi məqsədilə aqrar bölmədə aparılan köklü islahatlar bu sahənin daha sürətlə inkişafına əlverişli zəmin yaratmışdır. Dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına və emal müəssisələrinə geniş texniki və maliyyə dəstəyi aqrar bölmənin inkişafında mühüm rol oynayır. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi kənd təsərrüfatı istehsalına güclü təkan vermişdir. 2003-cü illə müqayisədə 2008-ci ildə taxıl istehsalı 21,4 faiz, kartof - 40,1 faiz, tərəvəz - 17,4 faiz, bostan məhsulları - 14,3 faiz, meyvə və giləmeyvə - 24,6 faiz, üzüm - 78,1 faiz artmışdır. Bu müddət ərzində diri çəkidə ət istehsalı 30,6 faiz, süd istehsalı 18,3 faiz, yumurta istehsalı 47,9 faiz, yun istehsalı isə 22,3 faiz artmış, kənd təsərrüfatının ümumi məhsulu isə 25,2 faiz artmışdır.
Ölkədə aparılan aqrar siyasətin tərkib hissəsi kimi lizinq münasibətlərinin inkişafı məqsədilə “Aqrolizinq” ASC yaradılmış və ötən müddət ərzində Səhmdar Cəmiyyətinin nəzdində müxtəlif bölgələrdə fəaliyyət göstərən Aqroservis filialları tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına sifarişlər əsasında 20 növ aqrotexniki xidmət göstərilmişdir. Fəaliyyətə başladığı 2005-ci ildən ötən dövr ərzində “Aqrolizinq” ASC tərəfindən 7299 ədəd kənd təsərrüfatı texnikası, 27 dəst texnoloji avadanlıq, 236,9 min ton mineral gübrə, 7 adda 294,3 ton pestisid gətirilmişdir.
Dövlət Proqramı çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir. Məhz ölkə iqtisadiyyatına geniş miqyaslı investisiya qoyuluşu uzunmüddətli perspektivdə qeyri-neft sektorunda yüksək iqtisadi artım tempinin dayanıqlığını təmin edəcəkdir.
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında yanacaq-enerji kompleksinin müstəsna rolu vardır. Regionun lider ölkəsi kimi, Azərbaycan artıq təkcə özünün deyil, bütövlükdə bölgənin Avropaya, eləcə də onun enerji təhlükəsizliyi sisteminə qoşulmasına çalışır. Vaxtilə Rusiya və İrandan qaz idxal edən Azərbaycan Respublikası son 5 ildə qaz ixrac edən ölkəyə çevrilmişdir. Bu müddət ərzində ölkənin inkişafında mühüm rolu olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşası, şimal-cənub və şərq-qərb nəqliyyat dəhlizlərinin yaradılması kimi möhtəşəm layihələrin başa çatdırılması, Bakı-Tbilisi-Qars dəmir yolunun inşasına başlanılması ölkənin regional əhəmiyyətini artırmaqla yanaşı, bölgələrdə yaşayan əhalinin infrastruktura və bazarlara çıxış imkanlarını yaxşılaşdıraraq sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün əsaslı zəmin yaratmışdır.
Ölkənin regionlarında yeni elektrik stansiyalarının tikintisi əhalinin elektrik enerjisinə olan tələbatını təmin etməklə, energetika sisteminin dayanıqlığında mühüm rol oynayır. Ötən 5 il ərzində ölkədə 9 elektrik stansiyası tikilmişdir ki, bunun 7-si regionlarda fəaliyyət göstərir. Astara, Şəki, Xaçmaz rayonlarında modul tipli elektrik stansiyalarının, Naxçıvan Muxtar Respublikasında 3 elektrik stansiyasının, Sumqayıt şəhərində yeni istilik elektrik stansiyasının tikintisi başa çatdırılmış və istifadəyə verilmişdir. Bundan başqa, Şirvan şəhərində, Dəvəçi, Quba və Füzuli rayonlarında yeni elektrik stansiyaları tikilməkdədir. Paytaxt əhalisinin elektrik enerjisinə olan tələbatını tam təmin etmək məqsədilə Bakı şəhərində 110 MVt-lıq və Qaradağ rayonunda 300 MVt-lıq “Səngəçal” modul tipli elektrik stansiyaları tikilib istifadəyə verilmişdir. “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin müstəqil fəaliyyəti bərpa edilmişdir. [2]
Təbii qazla təchizatın yaxşılaşdırılması sahəsində görülmüş işlərin nəticəsi olaraq 13 illik fasilədən sonra Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi bərpa olunmuş, Lerik, Yardımlı rayonları və Füzuli rayonunun Horadiz şəhəri ilk dəfə, habelə Ağcabədi, Beyləqan rayonları, Ağdam rayonunun Quzanlı qəsəbəsi və s. rayonlar təbii qazla təmin edilmişdir. Hazırda regionların, xüsusilə də kənd və qəsəbələrin qazlaşdırılması sahəsində işlər davam etdirilir.
2004-2008-ci illərdə regionlarda istilik sisteminin yenidən qurulması ilə əlaqədar 75 yeni qazanxana tikilmiş və 72 qazanxana əsaslı təmir olunmuşdur. Mərkəzləşmiş qaydada istiliklə təmin edilməsi nəzərdə tutulan obyektlərin istilik təminatını yaxşılaşdırmaq məqsədilə ötən dövr ərzində Bakı şəhərində onlarla qazanxana tikilib istifadəyə verilmiş, əhalinin qaz təchizatını yaxşılaşdırmaq üçün Sabunçu, Binəqədi, Suraxanı, Səbail, Qaradağ, Nizami, Xətai, Əzizbəyov rayonlarının qəsəbələrində yeni qaz xətləri çəkilmiş, mövcud qaz kəmərlərində əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.
Ötən müddət ərzində su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi məqsədilə dövlət investisiya xərcləri hesabına, eyni zamanda beynəlxalq maliyyə təşkilatlarını cəlb etməklə müvafiq layihələr, o cümlədən Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi, Gəncə, Şəki, Ağdaş və Göyçay şəhərlərinin, habelə ölkədəki kiçik şəhərlərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər davam etdirilmişdir.
Əhalinin su təminatının yaxşılaşdırılması üçün Oğuz-Qəbələ-Bakı su kəmərinin inşası böyük əhəmiyyətə malikdir. Su kəməri istifadəyə verildikdən sonra Oğuz və Qəbələ ərazisindəki yeraltı su mənbələri hesabına Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində su nəql ediləcək və əhali yüksək keyfiyyətli su ilə təmin olunacaqdır. Taxtakörpü su anbarının və su elektrik stansiyasının inşası Bakı, Sumqayıt şəhərlərinin, ümumən Abşeron yarımadasının içməli su, suvarma suyu və texniki su ilə təminatını 2 dəfə yaxşılaşdıracaq, bu obyektlərin istifadəyə verilməsi nəticəsində ildə 15 milyon manatlıq elektrik enerjisinə qənaət olunacaqdır.
Ölkənin dinamik sosial-iqtisadi inkişafı zəruri infrastrukturun, o cümlədən etibarlı nəqliyyat sisteminin inkişaf etdirilməsini labüd etmişdir. Nəqliyyat sisteminin inkişaf etdirilməsində başlıca vəzifə əhalinin nəqliyyat xidmətlərinə artan tələbini ödəməklə həyat səviyyəsinin yüksəldilməsi və dayanıqlı iqtisadi artıma xidmət etmək üçün əlverişli nəqliyyat siyasətinin həyata keçirilməsindən ibarətdir. Odur ki, 5 il ərzində regionlarda 1000 km-dən çox magistral yol çəkilmiş və ya əsaslı təmir edilmiş, 600 km respublika əhəmiyyətli və 2700 km yerli əhəmiyyətli yollarda təmir işləri aparılmış, 69 yeni körpü tikilmiş, 34 körpü təmir edilmişdir.
Son beş il ərzində Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala şəhərlərində müasir standartlara uyğun yeni hava limanları tikilərək istifadəyə verilmişdir.
Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi və sərnişindaşıma xidmətinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə ölkəyə iri və orta tutumlu avtobuslar gətirilərək istismara buraxılmışdır. Eyni zamanda, Bakı şəhərinin sərnişin nəqliyyatında hərəkətin tənzimlənməsinin və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması nəzərdə tutulmuşdur. Bu sistemin tətbiqi ilə Bakı şəhəri üzrə sərnişin daşınmasında və avtomobil nəqliyyatı vasitələrinin hərəkətində yaranmış problemlərin aradan qaldırılmasına və sərnişindaşıma marşrutlarının optimallaşdırılmasına nail olunacaqdır.
Ötən müddət ərzində Bakı şəhərində bir sıra yol qovşağı və piyada keçidi istifadəyə verilmiş, ümumi uzunluğu 43,9 km olan Xırdalan dairəvi-Binəqədi-Balaxanı avtomobil yolu təmir olunmuşdur. Ölkənin 3 magistral yolunu birləşdirən, uzunluğu 21,5 km olan “Bakı dairəvi yolu”nun, “Əzizbəyov” metro stansiyası dairəsindən Heydər Əliyev Hava Limanına qədər ( 14 km ) avtomobil yolunun və 6 zolaqlı Zığ-Binə, habelə Bilgəh-Pirşağı avtomobil yolunun tikintisi ölkə paytaxtının nəqliyyat sisteminin yaxşılaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Paytaxt sakinlərinin rahat və təhlükəsiz daşınmasında müstəsna rol oynayan metro nəqliyyatı sahəsində bir sıra işlər aparılmış, o cümlədən “Nəsimi” stansiyası inşa olunmuş, “İçərişəhər” və “28 may” stansiyaları yenidən qurulmuşdur, “Azadlıq prospekti” stansiyasının inşası isə artıq tamamlanmaq üzrədir.
Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması və çirkli suların dənizə axıdılmasının qarşısının alınması məqsədilə Hövsan aerasiya stansiyasının genişləndirilməsi və 2 saylı Zığ nasos stansiyasının yenidən qurulması layihəsi həyata keçirilməkdədir. Bibiheybət və Sabunçu rayonu ərazisində neftlə çirklənmiş 100 hektara yaxın sahə rekultivasiya edilmiş, lay suları axıdılan açıq kanalların 1200 metrlik hissəsi qapalı dəmir-beton kanalla əvəz edilmişdir. Buzovna qəsəbəsində gücü 10 min kubmetr/gün olan bioloji təmizləyici qurğular kompleksi istifadəyə verilmişdir. 
Son dövrdə əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüş, Almaniya, Rusiya və Yaponiya istehsalı olan ixtisaslaşdırılmış maşınlar Bakıya gətirilmişdir. Yeni texnika və texnologiyanın tətbiqi ilə məişət tullantılarının mütəmadi olaraq yığılması və emal edilməsi təmin ediləcəkdir. Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 2008-ci il 6 avqust tarixli Sərəncamı isə bu sahədə köklü islahatların aparılmasında böyük əhəmiyyət kəsb edir. Sərəncamda qeyd olunan məqsədlərə nail olmaq üçün “Təmiz Şəhər” ASC-nin yaradılması, Balaxanıda bərk məişət tullantılarının yandırılması zavodunun inşası və Dünya Bankının “Bərk məişət tullantılarının kompleks idarəçiliyi” layihələrinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Müasir dövrdə ölkədə əlverişli biznes mühitinin formalaşmasında və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında rabitə xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Ötən müddət ərzində regionlarda rabitə xidmətlərinin səviyyəsinin yüksəldilməsi məqsədilə müasir tipli avtomat telefon stansiyaları tikilmiş və yenidən qurulmuş, yeni poçt binaları istifadəyə verilmişdir.
Dövlət Proqramı çərçivəsində sosial təminat sahəsində əlillərin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması və əlillər üçün bərpa mərkəzlərinin yaradılması ilə bağlı zəruri tədbirlər həyata keçirilmişdir. Bu müddət ərzində regionlarda əlillər və şəhid ailələri üçün 33 yaşayış binası, əlillər üçün 7 bərpa mərkəzi inşa edilmişdir.
Azərbaycan Respublikasında təhsil ocaqlarının tikintisinə, onların maddi-texniki bazasının müasir tələblərə uyğun qurulmasına xüsusi diqqət yetirilir. Dövlət Proqramının qəbulundan ötən beş il ərzində 1600 yeni təhsil müəssisəsi və ayrı-ayrı təhsil müəssisələri üçün əlavə korpuslar tikilib istifadəyə verilmişdir. Regionlarda 636 yeni məktəb tikilmiş, 192 məktəb əsaslı təmir olunmuş, ayrı-ayrı məktəblərdə 243 yeni sinif otağı tikilib istifadəyə verilmişdir. Yalnız Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ötən müddətdə 238 məktəb binası tikilmiş, 39 təhsil müəssisəsi, o cümlədən 28 internat məktəbi əsaslı təmir olunmuş, 8 uşaq bağçası bərpa edilmiş, müasir avadanlıqlarla təmin olunmuşdur.
Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən olaraq daim dövlətin diqqət mərkəzindədir. Son illər iqtisadiyyatın yüksək inkişafı səhiyyə sahəsinə də öz təsirini göstərmiş və bu sahədə aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm işlər görülmüş, o cümlədən tibb müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Ötən müddət ərzində ölkədə onlarla xəstəxana, poliklinika və diaqnostika mərkəzi tikilərək əhalinin istifadəsinə verilmiş, səhiyyə müəssisələri müasir tibbi ləvazimat və avadanlıqlarla təchiz edilmişdir. Lənkəran, Qazax, Zaqatala, Bərdə, Qəbələ rayonlarında, Gəncə, Naxçıvan və Şirvan şəhərlərində yeni müasir müalicə-diaqnostika mərkəzləri fəaliyyətə başlamış, Sumqayıtda “Real-Med” diaqnostika sağlamlıq mərkəzi, Xaçmazda “N-KAY M Klinik” özəl klinikası, Sabirabadda “Muğan” klinikası, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda Mərkəzi xəstəxana, Babək rayonunda “Duzdağ” Fizioterapeya mərkəzi və s. səhiyyə obyektləri tikilib istifadəyə verilmişdir.
Bakının Xocasən, Əhmədli və Bülbülə qəsəbələrində poliklinikalar, Buzovnada Vərəm Əleyhinə Dispanser üçün 125 çarpayılıq yeni korpus inşa edilmişdir. 2008-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan bütün müalicə-profilaktika müəssisələrində pullu xidmət ləğv edilmişdir ki, bu da insanların sağlamlığının qorunması sahəsində çox mühüm və əhəmiyyətli addım olmuşdur.

Yüklə 126,55 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin