5. Əmək prosesinin sadə momentləri. Məhsuldar qüvvələr və istehsal münasibətləri.
İstehsal prosesində məhsulun yaradılması üçün resursların (əməyin, istehsal vasitələrinin,
texnologiyaların, torpağın) istifadəsi baş verir. İstehsal prosesində resurslar istehsal amilləri,
yaxud məhsulun yaradılması amilləri kimi çıxış edir.
Əmək prosesinin əsas elementləri bunlardır: əmək, əmək cisimləri və əmək vasitələri.
Əməyin ümumi məzmunu insanların onlardan səy, iradə və enerji məsrəfləri tələb edən
şüurlu, məqsədəuyğun istimai fəaliyyətindən ibarətdir.
Əmək insanın öz iş qüvvəsinin cəmiyyətə xas olan müxtəlif tələbatlarını ödəmək məqsədilə
təbiətin formalarının dəyişdirilməsinin məqsədəuyğun sərfidir.
Əməyin özü və əmək qabiliyyəti yalnız insana xasdır, lakin bunlar müxtəlif
anlayışlardır və onları qarışdırmaq olmaz. Hər bir insan iş qüvvəsinə malikdir. Lakin o həmin
qüvvədən istifadə etməzsə, onda əmək prosesi baş verməz.
İş qüvvəsi insanın məhsul hazırlanması və ya maddi nemətlər istehsalı üçün istifadə olunan
fiziki və mənəvi qabiliyyətlərinin xüsusi məcmusudur.
Əmək cisimləri insanın əməyi yönəldilən şeylərdir və məhz bu da gələcək hazır məhsulun
maddi əsasını təşkil edir. Əmək cisimləri ya təbiətin özü tərəfindən verilir (məsələn: filiz yatağı),
yaxud əvvəlki əməyin məhsulu, yəni xammal kimi olur. Sonuncu özündə əsas xammalı
(bilavasitə istehsal vasitələrinin hazırlandığı cisimlər) və yardımçı materialları (məhsulun
hazırlanmasında istifadə olunan şeylər, məsələn, tikiş sənayesində bunlar rənglər, saplar və s.
ola bilər) ehtiva edir.
Elmi-texniki tərəqqi nəticəsində insan əvvəlcədən verilmiş xassələri olan və təbiətdə
mövcud olmayan əmək cisimləri hazırlayır. Təbiət, torpaq, yerətrafı məkan da daxil olmaqla
geniş mənada bütövlükdə bizi əhatə edən aləm ümumi əmək cismini təşkil edirlər. Xammalın
istehsalda rolu artır, lakin əmək cisimlərinin ilkin əsası yenə də torpaqdır.
Təbiiət maddəsinin hazır məhsula çevrilməsi üçün o bir və ya bir neçə mərhələdə emal
olunmalı, yarımfabrikata çevrilməlidir. Hazır məhsuldan (əməyin bitkin, istehlaka hazır nəticəsi)
fərqli olaraq, yarımfabrikat istifadəyə yararlı hazır məhsul olmaq üçün hələ emal olunmalı olan
əmək məhsuludur.
12
Əmək vasitələri insanın özü ilə əmək cismi arasında yerləşdiyi əşya və ya əşyalar
kompleksi; hazır məhsulu yaradarkən insanın əmək cisiminə təsir etdiyi şeylər; əmək vasitələri
istehsalın inkişaf səviyyəsinin ən mühüm göstəriciləridir.
Maddi əmək vasitələri təbii (torpaq, dəyənək, daş və s., əhliləşdirilmiş ev heyvanları, üzvi
gübrələr, həmçinin işçinin bədən üzvləri) və texnikiyə (yəni insan tərəfindən süni yaradılanlar)
bölünürlər.
Texniki əmək vasitələrinə əmək vasitələri – müxtəlif maşınlar, mexanizmlər, qurgular,
alətlər, mühərriklər, ötürücü qurgular daxildir. Maşın istehsalı şəraitində mexaniki əmək
vasitələri üç tərkib hissədən: işçi maşın, mühərrik, ötürücü qurğudan ibarət maşın sisteminə
çevrilmişlər. Elmi-texniki inqilab (ETİ) maşın sisteminə dördüncü hissəni – maşın sisteminin
idarə edilməsi üzrə zehni əmək vəzifəsini yerinə yetirən idarəedici qurğunu əlavə etdi. Get-gedə
kibernetik adlandırılan texnika tətbiq olunur ki, onun bütün başqa maşınlardan əsas fərqi
ondadır ki, o, enerjini (fiziki maşınlar kimi) və ya maddəni (kimyəvi kimi) deyil,
informasiyanı emal edir. Robototexnika geniş yayılır. İstehsalın kompyuterləşməsi və
avtomatlaşdırılması insanın rolunu dəyişir.: o tədricən bilavasitə istehsal prosesindən çıxış və
onunla yanaşı dayanır.
Vəhdətdə götürülən əmək vasitələri və əmək cisimləri istehsal vasitələrini təşkil edir.
İstehsalın bütün mövcud amillərinin qarşılıqlı təsiri nəticəsində məhsulun yaradılması
texnologiya ilə, yəni informasiya imkanlarını daxil etməklə məhsul istehsalı üsulları və istehsalın
idarə edilməsinin xüsusi sistemini nəzərdə tutan istehsalın təşkili ilə vasitəlidir.
İstehsalın nəticə etibarilə səmərəliliyi resursların keyfiyyətindən, onların kombinasiyası və
istehsalın təşkili formalarından asılıdır. İstehsalın nəticə etibarilə səmərəliliyi nöqteyi-
nəzərindən resurslar məhsuldar qüvvələr kimi səciyyələnir.
Məhsuldar qüvvələr - məhsul istehsalının yaradılması və artırılmasının cəmiyyətin mövcud
resurslarında olan imkanlarıdır. Məhsuldar qüvvələrin inkişafı – məhsul və sərvətin daimi
artmasının əsasıdır.
Həyat fəaliyyəti prosesində insanlar arasında iqtisadi, siyasi, hüquqi, sosial, etik münasibətlər
yaranır ki, bunlar da cəmiyyətin sistemli qarşılıqlı əlaqələrini əks etdirirlər. İstehsal
münasibətlərə maddi nemət və xidmətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı ilə bağlı
münasibətlər daxildir.
Məhsuldar qüvvələr ictimai istehsalın aparıcı tərəfidir. Məhsuldar qüvvələrin hər bir inkişaf
mərhələsinə (marksizmə görə) onların sosial-iqtisadi hərəkət formaları kimi çıxış edən müəyyən
istehsal münasibətləri müvafiqdir.
İstehsal və ya iqtisadi münasibətlər cəmiyyətin iqtisadi təşkilinin əsasını əmələ gətirirlər,
məhsuldar qüvvələr ilə birlikdə isə sistemlərin spesifik forma və növlərini müəyyənləşdirirlər.
Dostları ilə paylaş: |