İsgəndər Etibar. Sən dənizsən, gülüm



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə2/14
tarix31.01.2017
ölçüsü0,72 Mb.
#6969
1   2   3   4   5   6   7   8   9   ...   14

NADANLIQ
75 illik ömrüm 
qarşımda varaq-varaqdı,
Qalın kitab kimi.
Ağlım başımda bir yaraqdı;
Bəzən elə olur ki,
Mən mənə yad görünürəm.
Doğrudan nə ağırmış;
Hamının görmədiyini görmək,
Hamının bilmədiyini bilmək.
Nə yaxşıdır naşını
Qandırınca, ölmək.
Yandım Nəsiminin halına.
Öldüm nadanın söz gülləsindən,
Dedilər: – vaxtı imiş,
belə yazılıb alnına.
20
İsgəndər Etibar

Qınama Nəsimini,
Nəsimi dövründəkiləri
İsgəndər,
Qına, qına dövrəndəkiləri.
07.10.2011
İSTƏYİRƏM
Qərb harınlayıb,
Gədaları qarınlayıb.
Gödənləri yatsın deyə, 
Hay-küyləri batsın deyə,
Haqq! – deyib çığırıram,
Eli haqqa çağırıram!
Buna gülən naşıdır,
Amerika – hiylələrin 
Qızıl taclı başıdır.
Fransa, Almaniya, 
İngiltərə quyruqdu,
Qalanlar buyruqdular.
Ay insanlar, əzin başı,
Dibdən kəsin quyruqları,
Quyruqları itirin,
yuxuları bitirin,
Bəşəri ağ günlərə,
Azadlığa yetirin!
Şərqdə ara vurana,
Hiylə-kələk qurana,
Çəkilib yan durana 
Tüpürmək istəyirəm,
Namərdləri, nankoru,
Ürək dolu dərdləri
Türk oğlu Nazim kimi
Süpürmək istəyirəm!..
21
Sən dənizsən, gülüm

ELƏ MƏN DƏ DÜNYAYAM
Bir gözüm Günəşdi,
bir gözüm Aydı,
Ürəyim oxumdu,
fırlanıram başına.
Hüceyrələr ulduzlarımdı,
Səpələnib içimdə,
Hərəsi bir biçimdə.
Damarlarım çaylardı,
Gah düz axar, gah burular.
Çaylarımdı suvaran,
Çəmən məni, bağ məni.
Yar görəndə çaylarım
Aşıb-daşır, çağlayır.
Yaxşı, yaman insanla
Eldə könül bağlayır.
21.09.2011
YOL
Aparan yol,
Gətirən yol,
Sevinc çəmənli,
Kədər bağçalı,
Sirr dolu, arzu dolu
boxçalı yol.
Boyu ölçüyə gəlməz,
Yaşı hesaba gəlməz.
Qollu-budaqlıdır
Danışdırsan, 
22
İsgəndər Etibar

Danışır...
dilli-dodaqlıdır.
Budaqlanır yol-yol,
cığır-cığır,
Dərəyə enir, dağa çıxır.
Budaгları yarpaqlanır
şəhər-şəhər, kənd-kənd.
Yaрpaqları çəmən-çəmən,
Tala-tala,
Dəniz-dəniz.
Oxqay! – deyir
dənizində çimənlər.
Görüşdürür, ayırır,
Yollar ömür yolunu.
Bu yollarda yolu 
yarımçıq qalan var,
Yoluna 
qızıl quşlar qonan var,
Yollarda yolunu itirən var,
Ömrünü bitirən var,
Yollarda aparan var,
gətirən var.
Yollar üfüqdən üfüqə uzanandı,
Yollar da ömür kimi
gah itirən, gah qazanandı.
Yollar da ekvatordu,
Dolanır Yer şarının belinə.
Kütlə sürü-sürü, naxır-naxır,
Ariflər tək-təkdi yollarda.
Hər gün məni alır belinə
Yollar ağır yük kimi.
Hər gün insanlar bitir belində 
bir yeriyən tük kimi.
23
Sən dənizsən, gülüm

Cığır cığıra qarışıb,
ləpirləpirə,
Ləpir var ki, bənzəyir
körpə qəbirə.
Cığır var, cığırı örtüb,
Cığır var, həyadan pörtüb.
Vay cığırı itənin halına…
28.09.2011_VAXTDAN_GÜCLÜ_NƏ_VAR_Kİ'>28.09.2011
VAXTDAN GÜCLÜ NƏ VAR Kİ
Saatın taqqıltısı –
Vaxtın ayaq səsidi.
Vaxt dəli bir heyvərə,
vaxt sərsəridi.
Vaxt məni əzir,
sarsıdır,
Vaxt məni bəsləyirdi.
Vaxt xəbisi, acgözü
Pişik siçan oynadan kimi
oynadırdı.
Həmişə acgözləri 
Qazan kimi qaynadırdı.
Nadanları qudurdub,
Dahilərlə 
bir masada oturdub.
Yarıac, yarıtox 
Qış günü, əynində
Yayda geyilən köynək,
Başında bəşərin dərdi.
24
İsgəndər Etibar

Ürəyində
yaralı sevincdən qalan göynək
gəzir dahilər.
Vaxtdan güclü nə var ki;
Şəhərləri çəkir,
Qatarları zəncirləyib
dəli kimi bağırda-bağırda
Aparır,
Dağların başını dibindən qoparır.
Vaxt axır kükrəyən yel kimi,
Evlər dağıdan,
Min illik çinarı yıxan sel kimi.
Vaxt alıb aparır,
Heç kimin xəbəri yox ki,
sevincli anlarda belə,
Ömür aparır,
Dünəni bу gündən,
Gəncliyi candan,
Coşqunluğu qandan,
Atanı oğuldan,
oğulu anadan aparır,
Məni məndən qoparır...
Vaxtdan oğurladığım 
bu şeiri verdim sənə, 
Keçən vaxtı hayladım,
Dönüb geri baxmadı.
Bəlkə, utandı;
Arifi nadanla aparmağından,
Məndən ömür qoparmağından.
Qışqırdım: – hey…y…
– Hara gedirsən?
25
Sən dənizsən, gülüm

Səs gəldi hər tərяfdən
– Gedir gedər-gəlməzə!
Bu dünya qovhaqovdu,
Hərə bir cürə ovdu
Vaxtın cəsus əlində.
28.09.2011
AXŞAMÇAĞI
Kainat günəş adlı 
gözünü bağladı,
Hava bozardı.
Kövrələn buludların 
gözü nəmləndi.
Küləklər odlu köynəyini soyundu,
Sərinlik geyindi.
Elə bil təbiət keyidi.
Sükut çökdü araya –
axşam sükutu.
Get-gedə ağırlaşırdı hava,
Anasız quzu kimi
fağırlaşırdı hava.
Elə bu an, 
Açıldı dünyanın Ay gözü;
Göydən Yerə yağdı
Ayın həlim, səbirli,
təmkinli sözü.
Süfrələdik çəməni,
Səslədik Ay nurunda,
Ay səsində çiməni.
Yatmışlar xəbərsiz idilər
26
İsgəndər Etibar

Aylı süfrəmizdən, 
Gecədən gündüzə olan 
səfərimizdən.
29.09.2011_O_DÜNYA'>29.09.2011
HANI O GÜNLƏR
Ay acığım gələnlər,
Hər işimə gülənlər,
Gəlin, görüm sizləri
Tamarzıyam acınıza.
Hardasan, ay yaxşı adam,
Ömrün naxışı adam.
Gəl, naxışla günümü,
Gəl, bağışla,
bir təbəssüm işıг ver,
Günəşlənsin,
Genişlənsin otağım.
Gülüş, sevinc püskürsün
çoxdan susan dodağım.
Gəl, ey kəndli, şəhərli,
Gəl, ey dili zəhərli,
Gəl, səninlə açım səhəri.
Hərəniz bir rəngisiz,
bəzəyisiz həyatın.
Ey tikanlar, qanqallar,
bitin, boy atın,
Güllər yorar gözümü,
İtirərəm özümü.
27
Sən dənizsən, gülüm

Ay Alabaş, 
Səni görməyim də, 
Üstümə hürməyin də
səadət imiş,
bilməmişəm.
Dünya düşər gözümdən,
Həyat kar olar, kor olar.
Dolanın dövrəmdə,
Dolanın ilanlar, 
Sizsiz qədri bilinməz 
göyərçinlərin, qartalların.
Demirəm: ey zəhlə tökən 
milçəklər, cır arılar,
ölün, qurtarın.
Mızıldayın, vızıldayın,
Sükut məni boğmasın.                                             
05.09.2011
ANAM VARDI
Anam vardı:
İndi qutu qəbirdi,
Daş səbirdi.
Dünya boyda sevincini,
Kədərini gizlədib.
Ha dururam qəsdimə,
Ha yаğıram üstünə,
Qımıldanmır.
Əti tökülüb,
Sümükləri bir ocaq
odun kimidi.
28
İsgəndər Etibar

Anamla gübrələnmiş torpaq
Onun külüdü.
Anam vardı:
Səhərlərə çağlardı,
Nadir! – deyib ağlardı,
Mənə könül bağlardı.
Səadətdi, öləndə
Bir ürəkdən ağlayan 
Anan ola,
Göz yaşının selində
Eldən qəbrə gedəsən.
30.09.2011_MİLYON_GECƏLƏRDƏN_BİRİ'>30.09.2011_GECƏ_GƏLİR'>30.09.2011
GECƏ GƏLİR
Bayaq saat beş idi,
İndi saat altıdır –
yaxınlaşırıq axşama,
Külək qulağıma yağdırır
Həzin bir oxşama.
Sızdırır sümüklərimə,
Sevgisini itirən,
Az qala ömrünü bitirən,
Qaragözlü bir qızın sızıltısını.
Haray çəkib oxumaq istəyən,
oxuya bilməyən
Bir Məcnun mızıltısını.
Az qalıb axşamın qəribliyinə.
Baxma bu dünyanın qədimliyinə,
Çox işləri körpədi,
29
Sən dənizsən, gülüm

Bu günü sabaha körpüdü.
Hava axır sel kimi;
Kimimizi qoparır, aparır,
Kimimizi yalayıb keçir.
Kiminə də hələlik! – deyir.
Gəlir axşam qəribliyi;
Hava
Toy paltarını soyunub,
Matəm libası geyinir,
Gələn gecə
Qarı kimi deyinir…
Bu gecə 
Yenicə doğmalaşırdıq.
Mənim bu günümdə,
Əlimdən qaçdı bir günüm də.
30.09.2011
MİLYON GECƏLƏRDƏN BİRİ
Axşam olur 
hava qaralır,
Adamlar işdən ayrılır,
Süfrə mahnısı çalır,
Süfrələrdə qaşıqlar,
Uşaqlar nağıllanır,
Ballanır, noğullanır,
Batır yuxu dənizində.
Ana düşünür,
Ata üşünür,
30
İsgəndər Etibar

borcları yada düşür.
Pəncərədən baxıram:
Asfalt yollar boyunca,
Axan ulduzlar kimi
Axır rəng-rəng maşınlar.
Ulduzlar geri dönməz,
Bu maşınlar dönəcək.
Daha səhərdir deyə,
işıqları sönəcək.
Həyat da bir təkərdi, –
fırlanır öz oxunda.
Bu təkərdə fırlanır
uzaqlar da, yaxın da.
07.09.2011
TƏBİƏTİN BİR ANI
Külək əsir,
Gül üşüyür,
Çiçək çiçəkdən küsür,
Könlüm çəmənlə
salamı kəsir.
Qara buludlar 
qaraldır göy üzünü,
Torpaq tutub kökündən,
Ağac göyü süpürür.
Bulud çıxıb özündən,
Yağışlayır özünü.
Boz buludlar lal keçir,
Hələ demir sözünü.
06.09.2011
31
Sən dənizsən, gülüm

MƏN
Mən də qoca şir balasıyam:
Məni böyüməyə qoymurlar,
Nadanı, nadanlığı 
döyməyə qoymurlar.
Mən böyüyəcəm,
Böyüyüncə döyüləcəm,
söyüləcəm,
Şir olacam bir gün,
Şirlik edəcəm;
Düz yolumu 
Düz gedəcəm,
Köhnə nadanlar itəcək,
Təzə nadanlar bitəcək.
Mən, şir qalacam!
29.09.2011
O DÜNYA
Üzüldüm Günəşdən,
üzüldüm Aydan,
Ulduzlar əlimi buraxdı birdən.
Torpaq məndən ötrü 
darıxdı birdən.
Cəhənnəm, yoxsa ki, 
Cənnət açdı qapısın,
Yer qəbir cibini açdı ki,
qapsın.
Allahım hər işi atdı, unutdu,
O mənim əlimi qaçaraq tutdu.
32
İsgəndər Etibar

Qayıtdım dostların yanına bir də,
Qarışdım ellərin qanına bir də,
Məni alqışladı Günəş də, Ay da.
Yarımçıq işlərim tamamlanacaq,
Yeni əməllərə yollar açacam.
Sonra bu dünyadan 
qalib uçacam,
O dünyayа, qapını özüm açacam.
29.09.2011
YUXUM
Yatmaq istəyirəm,
Ruhum dənizlənir.
Mən bu dənizdə gəmi,
Beynim kapitan!
Əmr gəlir:
hüceyrələrim
Ləpə-ləpə dincəlir,
Bütün bədənim incəlir.
Ürəyim mоtor kimi döyünür,
Bütün cismim öyünür,
əl çalır ürəyimə.
Damarlarım çağlayır –
Baharda Araz kimi.
Canımdakı ağrılar
Buxarlanır ocaq üstə su kimi,
Yuxum dərinləşir –
Dənizlər, okeanlar kimi.
Beton, daş kimiyəm
bu dənizdə, okeanda….
33
Sən dənizsən, gülüm

Bir də oyanıram
Səhər nəğməsini oxuyanda.
Gələn səhərin işığı,
Bu günü toxuyanda.
30.09.2011
SƏNDƏ, MƏNDƏ
İlk eşqimiz bir ocaгdı,
Yanır, küsüb səndə, məndə.
Söndürməyib aylar, illər,
Yolu kəsib səndə, məndə.
Xəyallarda xəlvət-xəlvət,
Öpüşürük, sözsüz, əlbət.
İllər keçir, bu məhəbbət
Vermir nəsil səndə, məndə.
Barışmışıq qismət ilə,
Yaşamışıq ismət ilə.
Qocalmışıq həsrət ilə,
Diş dil kəsir səndə, məndə.
Keçdiyimiz yol otlanıb,
Ömür minib, vaxt atlanıb,
Diş tökülüb, bel qatlanıb,
Vaxt tələsir səndə, məndə.
Sən anasan, mən atayam,
Sən bu taysan, mən o tayam,
Tənha, yalqız bir adayam,
Külək əsir səndə, məndə.
05.10.2011
34
İsgəndər Etibar

GÖZƏLLİK
Naqəfil bir gözəl gördü,
Həyat arxasınca süründü.
İtdi ağlı, huşu,
Bilmədi yazı, qışı.
Saldı cibindən, itirdi
Bir-bir neçə dahini.
Biz də pərişan-pərişan 
Dedik: – ömrü bitirdi!
Ayılanda gec idi;
Axtardı itiyini.
O da itirib başını,
Azmışdı düz yolunu.
Həyat da mənim kimi
Gözəlliyə aldanır!
Ah, gözəllik, gözəllik!
07.10.2011_AYRILIQ'>07.10.2011
AYRILIQ
Ayrılığı atdım oda,
Mənim kimi yandı o da.
Nə doğmaya, nə də yada
Mən qıymaram ayrılığı.
Onun bəmi, hər zili də,
Bir anı da neçə ildi.
Nədən belə acı dildi?
Dost saymaram ayrılığı.
07.10.2011
35
Sən dənizsən, gülüm

ANA ÖPÜŞÜ
Uşaq durduğu yerdən,
Yıxıldı yerə birdən.
Əzildi üzü, başı,
Sıyrıldı qara qaşı.
Gəldi təcili yardım,
Dərman qoydu, bağladı,
Ağrılar azalmadı,
Uşaq elə ağladı.
Ana basıb bağrına,
Tumarladı balanı,
Öpdü qanlı yaranı.
Öpdü, öpdü doyunca,
Dodağı yorulunca.
Yara nə tez sağaldı?
Uşaq güldü, çağladı.
Bilmir həkim, loğman da
Ən gözəl dərman imiş
Anaların öpüşü.
30.08.2011
***
Elə söz eşidirəm,
Əlim qalır üzümdə,
Mat qalıram özüm də.
Dilim də topuq vurur,
Tüklərim biz-biz olur,
Nə deyim beləsinə?
Söyümmü dədəsinə?
Düşünürəm baxdım,
Özünə, dədəsinə;
36
İsgəndər Etibar

Az günahı varsa da
Böyütməkdə gədəni,
Yenə də nadandılar,
Söydürənlər dədəni.
09.10.2011
***
Hələ saat altıdır…
Hava necə də qaralıb.
Sanki dünya daralıb.
Gecə yaman tələsir.
İşıq bahadır, baha,
Tapılmaz bir daha.
Versələr də, dünyanı,
Qayıtmaz bircə an da.
Gözlə, bu gecə bitsin,
Qaranlıq Yerdən itsin,
Təmənnasız, minnətsiz
Səhər işıq gətirsin.
08.10.2011
***
Poeziya qananlar üçündür,
Eşq oduna yananlar üçündür.
***
Adilik ilhamın yoxluğundandır,
Dahilik ilhamın çoxluğundandır.
30.08.2011
***
Şair;
Uşaq kimi ağlayır,
37
Sən dənizsən, gülüm

Pələng kimi bağırır.
Haqq boğulur! Köməyə
Yeri, Göyü çağırır.
17.09.2011
***
Ədalətin yolu bağlı,
Həqiqətin qolu bağlı,
Yarımçıqlar dolmayır,
Hələ qalıb yolu, bağlı.
17.09.2011
***
7 İYUL 2011-Cİ İL
Birdən,
Göyün fərqi olmadı yerdən;
Damarım qan fışqırdı,
Dilim ağzımda qışqırdı.
Qırıldı ömrümün
sinir telləri,
Daha çalınmaz, 
nəğmələri, harayı
eldən-elə salınmaz.
İllərdən,
Dillərdən yorulmuşam,
Dərddən, qəmdən, sevincdən,
Sözdən yoğrulmuşam,
Bir şaqqa cəmdək kimi 
Yerimdən qopardılar, 
apardılar...
38
İsgəndər Etibar

Xəlbirləyib – ələyib,
Gördülər ki, hələ, hələ,
Bir də, bir də çalınaram.
Var olsun həkimlər – 
Ömrə hakimlər!
Həkim Kamilə gəldi,
Kəmənd edib elmini,
Cilovladı ölümü,
Həyatladı əlimi,
Çaldı sinirlərimi,
Bərk yapışım deyə həyatdan,
Dinlədi ahəngini.
Dedi: – hay salmaq olar,
Bu sinirdə çalmaq olar.
“Koroğlu”nu, “Cəngi”ni.
At belinə çıxmaq olar,
Bir də basıb üzəngini.
Gəldi Sevda, Aynur xanım,
Sığal çəkib yoxladılar
necə işləyir qanım.
Həyəcana köklənib, 
kövrəlib,
Gözləri yekəlib, 
dodaqları titrəyir,
Vaxtsız yatıb, vaxtsız durur,
Ürəkləri coşqun vurur;
Cahangirim, Etibarım, Elnurum.
Həkimlərə yalvarır.
– Kəsin, kəsin!
Kəsin ölümün yolunu!...
15.10.2011
39
Sən dənizsən, gülüm

ÖLÜMLƏ DÖYÜŞ
Hava isti olsa da
Üşüyürəm,
Töyşüyürəm.
Balıqçı torundakı 
balıq kimi çırpınıram.
Ölümün polad kimi sərt
Divarlarına çırpılıram.
Ölüm açıb ağzını 
dəli əjdaha kimi,
durub qəsdimə, 
gəlir üstümə.
Həkimlər əl qoyub 
baxır istimə,
hərarətim qırxı keçib.
Duyğularım, hislərim
Məndən köçüb.
Heç bilmirəm mən adlı
İnsan göydə, yerdədir?
Dirəndim saman çöpünə,
Arada tül pərdədi.
Yarım yoxdu,
Yarıcanla döyüşdüm...
Ölüm aldadır məni:
Gözəl mənzərələrlə,
Nazlı gözəllərlə,
Quş ağzındakı südlə,
Uyuram, aldanıram, 
birdən ayılıram, 
Yenə bayılıram.
Yaxından səslər gəlir, 
40
İsgəndər Etibar

həyəcanlı, boğunuq.  
Dağ çayları kimi sızıltılı, 
qərib mahnısı kimi mızıltılı.
Yerdəyəmmi, göydəyəmmi? 
Bilmirəm.
Hərdən sayыqlayıram, 
hərdən dinmirəm. 
Ölümlə döyüş uzun çəkir...
Çırpınıb çıxıram 
əjdahanın ağzından,
Bu döyüş çəkir
bir gecə azından.
Qalib sərkərdə kimi
Salamlayıram səhəri,
Sevinir dövrəmdəkilər,
Pəncərədən seyr edirəm şəhəri,
Şirindi yaşamaq,
İki qıçla, bir qıçla
Tək əllə də.
ŞAMAXI GÖZƏLİ
Gözəlliyin tacısan,
Ay Şamaxı gözəli.
Qızqalama bacısan,
Ay Şamaxı gözəli.
Xaqani qismətisən,
Nəsimi həsrətisən,
Şirvanın ismətisən,
Ay Şamaxı gözəli.
41
Sən dənizsən, gülüm

Hər gözün bir çiçəkdi,
Yanağın çiyələkdi.
Ay, Günəş sənə çəkdi,
Ay Şamaxı gözəli.
Gözünə gözüm düşdü,
Gəl, – dedim, sözüm düşdü.
Ömrümə izin düşdü,
Ay Şamaxı gözəli.
Dədəgünəş qızısan,
Bu dağların yazısan,
Alnımdakı yazısan,
Ay Şamaxı gözəli.
Çox illər adlamısan,
Çox şair odlamısan.
Vəfasız olmamısan,
Ay Şamaxı gözəli.
Gözlərin qızılgüldü,
Sən baxdın, qızıl güldü.
Sənli gün – qızıl gündü,
Ay Şamaxı gözəli.
Çağlamaz çağlar günüm,
İsgəndər ağlar, gülüm.
Gəl, sevinim, gəl, gülüm,
Ay Şamaxı gözəli.
19.10.2011
42
İsgəndər Etibar

OYANAN XATİRƏLƏR
Şamaxı!..
Gəlib gördüm uşaqlar,
Uşaqlığı bitirib.
Gənclər,
gəncliyini itirib.
Təzə cavandı hər yan.
Mən onlara yad, 
onlar mənə yad.
Ürək olmur şad,
İçimdə baş qaldırır
Bir dəli fəryad.
Dostlar, tanışlar,
Həftədə bir, ildə bir,
Yaralı alma kimi
Saraldılar, düşdülər
Bir ömrün budağından,
Ağladılar doğmalar
Ölümün bu dağından.
İndi, payızlamış meyvədi,
Tək - bir heyvalar kimi
Sayrışırlar yaşıdlar.
Çiçəklənir, boy atır,
Pöhrələnən yaşıllar.
Şamaxı, 17.10.2011
BEYNİM
Təhlükəni bildirən,
Məni ağladan, güldürən,
Beynim!
43
Sən dənizsən, gülüm

Onsuz açılmaz eynim.
Həmişə sığallanmaq istəyən,
cilalanmaq istəyən,
Döyüşə girmək üçün
silahlanmaq istəyən,
Məni yaşadan,
Məni mənə daşıdan,
Allahdı beynim!
11.10.2011
ŞEİRİM
Özümü ilhamlamasam,
Sözü,
ilhamla mayalamasam,
gəlin kimi həyalamasam, 
Elə vermərəm.
Şeirim – 
beynimdən süzülən balımdı,
hər sözüm,
Ömrümün yanağında xalımdı.
Seviləcək, mütləq seviləcək,
Sevənlərin, 
dərdi-qəmi silinəcək,
Mütləq silinəcək.
Fikri oyatmasa başda,
Sevgi yaratmasa daşda,
Üz çevir o sözdən.
Əsrin zəlzələsi, 
vəlvələsi qopanda
İsidər insanı şeirim.
44
İsgəndər Etibar

Nadanın çoxluğundan,
Ədalət yoxluğundan, 
şeirim kölgədədi. 
İnanıram ellərə...
25.10.2011
BU GECƏ
Bu gecə
Səni unutmaq üçün
Bir neçə dərman atdım,
Başımı nərdlə qatdım,
Beynim sənsizləmədi.
Beynimin sənli aynasını 
sındırmaq istədim,
sınmadı. 
Beynim usanmadı.
Beynim kainat qədər genişlənir,
Aylanır, Günəşlənir.
Səni gəzdirir 
bəzəkli maşınlarda.
Çiçək dolu çəməndə,
Sakit, ləpəli dənizlərdə qərq edir. 
Gizlədir, tapıram.
Dəli, coşqun ləpələrin 
əlindən alıram.
Səni yenə də, 
Yenə də qoynuma salıram.
Bilirəm, sən yatmısan,
Dərin yuxuya batmısan.
Bəs necə oyaqsan məndə?
45
Sən dənizsən, gülüm

Beynimdə nə gəzirsən?
Niyə yuxumu
ayaqlayıb əzirsən?
Mən sənə dünyanın
ən şirin neməti
məhəbbət vermişəm.
Niyə yaxşılığa yamanlıq edirsən?
Çiçəklənən ümidlərimi 
güman edirsən?
Niyə?                               
29.10.2011
HƏYAT DAVAM EDİR
Mən yoxam, sən yoxsan, o yoxdu,
Dünya öz işindədir.
Gülən gülür, ağlayan ağlayır,
Yatan yatır, çağlayan çağlayır.
Maşınlar yolları yığır,
Maşınlar yolları açır təkərlərində.
Ağaclar yarpaqlayır,
Daşlar daşlığını edir,
Yaxşı, yaman
Başlar başlığını edir.
Hökm deyil ki, 
hər başda dahilik bitsin. 
Hər başda tük bitirsə, həyat davam edir. 
Həyat davam edir; ölümlə-itimlə.
Həyat davam edir;
səhrada qanqalda, 
lalədə bitimlə.
46
İsgəndər Etibar

Hərəkət var, dönüş var.
Həyat davam edir; 
milçəklərin uçuşunda.
Qarışqa qaçışında,
Bal arısı bal daşıyır,
tısbağalar qınında yaşayır.
Gözlə görünməyən,
dağ boyda adamı əyən 
mikroblar, canda gəzir,
Zərrə-zərrə hüceyrələri 
parçalayır, əzir.
Həyat davam edir; 
Qəbirdəki ölünün parçalanmasında,
Yolların haçalanmasında,
Fikirlərin döyüşündə,
Mal-qaranın örüşündə,
Anaların duasında, 
nadanların söyüşündə.
Dırnaqların ucunda, 
həyatın toxunda, acında.
Həyat davam edir;
Oyunları ilə, 
keçiləri, qoyunları ilə. 
Həyat davam edir, davam edəcək,
Sənli, mənli, onlu, 
onsuz dünyada.
30.10.2011
MƏN YERİYƏN BİR HEYKƏLƏM
Mən yeriyən bir heykələm;
Qulağıma səs çiləmə,
Səpələmə söz sinəmə,
47
Sən dənizsən, gülüm

Söz cücərməz.
Əllərimə toxunma ki,
Üşüyərsən.
Güc eləmə qaldırasan,
Töyşüyərsən.
Mən yeriyən bir heykələm;
Fikrim məndə qovrulur hey...y...
Arzu məndən qovulur hey...y...
Yel gizlənpaç oynayır hey...y...
Gecə-gündüz ciblərimdə
Danışmıram, lalam, karam,
Düşünürəm hamıdan çox.
Gəncliyimə söykənib mən,
Dağ atıla bilmirəm, yox.
Eşq-məhəbbət yarışına,
Mən qatıla bilmirəm, yox.
Mən yeriyən bir heykələm;
Sözün dəyirmanıyam,
Çay ilhamım boşalınca,
Həndir-hamar, çala-çuxur.
Xam sözləri üyüdürəm,
Söz dənliyim boşalınca.
Mən yeriyən bir heykələm;
Baltalasan, çəkicləsən,
Eynimə də almaram mən.
Bircə kəlmə yalan desən,
Çilik-çilik olaram mən.
17.11.2011
48
İsgəndər Etibar

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin